Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8263/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********749000 nömrəli, xx.xx.2024-cü il tarixli, **********675600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********683900 nömrəli, xx.xx.2024-cü il tarixli qərarların qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 3-21- 2-3/2-68163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarların qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şəxsi hesab vərəqəsi və tələbin icraya yönəldilməsinə dair xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********749000 nömrəli, xx.xx.2024-cü il tarixli, **********675600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********683900 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlar ilə ona 403178,57 əsas, 147356,56 manat faiz, ümumilikdə 550.535,13 manat vergi borcu hesablanmışdır. Rəsmi olaraq ona təqdim edilməmiş bu qərarları tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesablamalar düzgün aparılmamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı heç bir sübut və əsas olmadan qanunsuz vergi borcunun hesablanması barədə qərarlar qəbul etmişdir. Hesab edir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********749000 nömrəli, xx.xx.2024-cü il tarixli, **********675600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********683900 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə məhkəməyə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-358845/2025 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdehin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, çoxtərəfli razılaşma çərçivəsində vergitutma məqsədləri üçün müxtəlif dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin həmin dövlətlərin hesabat verən maliyyə institutlarındakı hesabat verilməli hesablarının qalığı və həmin hesablar üzrə gəlirləri barədə məlumatların toplanması və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsi həyata keçirilir. Razılaşma çərçivəsində 2020-2022-ci hesabat illəri üzrə Azərbaycan Respublikasının rezidentləri tərəfindən xaricdə açılmış maliyyə hesabları barədə xarici ölkələrin vergi orqanlarından daxil olmuş məlumatlar Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi tərəfindən emal edilmiş, xaricdə gəlir əldə etmiş şəxslər identifikasiya edilmiş və Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinə uyğun olaraq onların vergi məqsədləri üçün rezidentliyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verməlidirlər. Belə ki, beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlara əsasən xaricdə açılmış hesab üzrə maliyyə aktivlərinin təqdim edilməsindən, dividend və faiz gəlirlər əldə etmiş X2 (VÖEN: **********) həmin hesab üzrə çıxarışların və digər bank sənədlərinin əldə edilməsi məqsədilə Gernsi vergi orqanlarına sorğu göndərilmişdir. Bununla bağlı, cavab məktubu ilə daxil olmuş müvafiq sənədlərə əsasən X2 (VÖEN: **********) 2020-2022-ci illər üzrə dividend və faiz (o cümlədən təsisçisi olduğu BƏƏ-nin vergi ödəyicisi olan X5 FZE şirkəti tərəfindən ödənilmiş dividend), maliyyə aktivlərinin təqdim edilməsindən və digər qeyri-sahibkarlıq fəaliyyətindən ümumi gəliri 2901308,89 manat təşkil etmişdir. Eyni zamanda, xərclərinin 19144,38 manat olmaqla, vergiyə cəlb olunan gəlirinin 2882164,51 manat təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 99.3-cü maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin xaricdə əldə etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid olduğundan, Məcəllənin 101.2.-ci maddəsinin müddəalarına əsasən X2 gəlir vergisinin məbləği 403503,03 manat təşkil edir. Beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlara əsasən 2020-2022-ci illər üzrə dividend və faiz (o cümlədən təsisçisi olduğu BƏƏ-nin vergi ödəyicisi olan X5 FZE şirkəti tərəfindən ödənilmiş dividend), maliyyə aktivlərinin təqdim edilməsindən və digər qeyri-sahibkarlıq fəaliyyətindən vergi ödəyicisinin 2020-ci il üzrə 2632023,84 manat gəlirlərinin, 10279,02 manat xərclərinin, 2021-ci il üzrə 150665,87 manat gəlirlərinin, 7347,42 manat xərclərinin, 2022-ci il üzrə 118619,18 manat gəlirlərinin, 1517,95 manat xərclərinin olmasına baxmayaraq tərəfindən müvafiq dövrlər üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir ki, bu hal kənarlaşmaya səbəb olmuşdur. Vergi ödəyicisinə Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********541900 nömrəli məktub göndərilmiş müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə vergi ödəyicisi İddiaçı (VÖEN: **********) 2020-ci il üzrə 367044.28 manat, 2021-ci il üzrə 20064.58 manat və 2022-ci il üzrə 16394.17 manat gəlir vergisi məbləğlərinin hesablanması təmin edilmişdir. Vergi Məcəlləsi 127-ci maddə- Xarici ölkədə ödənilən verginin nəzərə alınması: 127.1. Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. 127.2. Bu Məcəllənin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmus məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayısla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Məhkəmə hazırki iddia tələbinin mümkünlüyü ilə bağlı bildirir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticə törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. Hazırkı iş üzrə də mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarların elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Belə ki, 2-1(102)-462/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati akt olan cavabdehin 21 yanvar 2021-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir. vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Cünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4- cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bununla yanaşı, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Göründüyü kimi istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərarlar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Belə ki, müddətin bərpası o zaman mümkündür ki, müddət ötürülmüş sayılsın. Hazırkı halda isə müddət ümumiyyətlə ötürülməmişdir. İddia mümkündür.
FAKTİKİ HALLAR VƏ SÜBUTLAR
İş materiallarında olan:
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında məktubu”nda göstərilmişdir ki, “... vergi ödəyicisinin adı: İddiaçı; Ünvan: AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 134, mənzil 25; Vergi növü: Gəlir vergisi; Vergi dövrü: 2020-ci il, 2021-ci il, 2022-ci il. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlara əsasən 2020-2022-ci illər üzrə dividend və faiz (o cümlədən təsisçisi olduğu BƏƏ-nin vergi ödəyicisi olan X5 FZE şirkəti tərəfindən ödənilmiş dividend), maliyyə aktivlərinin təqdim edilməsindən və digər qeyri-sahibkarlıq fəaliyyətindən 2020-ci il üzrə 2.632.023,84 manat gəlirlərinizin, 10.279,02 manat xərclərinizin, 2021-ci il üzrə 150.665,87 manat gəlirlərinizin, 7.347,42 manat xərclərinizin, 2022-ci il üzrə 118.619,18 manat gəlirlərinizin, 1.517,95 manat xərclərinizin olmasına baxmayaraq tərəfinizdən müvafiq dövrlər üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir ki, bu hal kənarlaşmaya səbəb olmuşdur. Müəyyən olunmuş kənarlaşma ilə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin, müvafiq dövr üzrə bank çıxarışlarının (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə) və dəqiqləşdirilmiş vergi bəyannaməsinin 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilməsi Sizə bildirilir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.”
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68157/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, 2020-ci il gəlir vergisi üzrə: - Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 367.044,28 manat; - Qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik – 0.00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - Vergi Məcəlləsinin müddəlarına əsasən ona gəlir verg bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən gəli vergisi hesablanmışdır.
“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68220/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, 2021-ci il gəlir vergisi üzrə: - Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 20.309,45 manat; - Qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik – 523.345,97 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - Vergi Məcəlləsinin müddəlarına əsasən ona gəlir verg bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən gəli vergisi hesablanmışdır.
“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68163/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, 2022-ci il gəlir vergisi üzrə: - Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 16.394,17 manat; - Qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik – 501.035, 19 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - Vergi Məcəlləsinin müddəlarına əsasən ona gəlir verg bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən gəli vergisi hesablanmışdır.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2024-cü il tarixli, **********705000 №-li Qərarında göstərilmişdir ki, İddiaçı şikayətində kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirərək, 2020-ci, 2021-ci və 2022-ci illər üçün gəlir vergisi bəyannamələri üzrə hesablanmış vergi məbləğlərinin azaldılmasını xahiş etmişdir. Daha sonra vergi ödəyicisi xx.xx.2024-cü il tarixli **********637200 nömrəli məktubla Dövlət Vergi Xidmətinə müraciət edərək xx.xx.2024-cü il tarixli inzibati şikayətinin baxılmamış saxlanılmasını xahiş etdiyindən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati şikayətinin baxılmamış saxlanılması qərara alınmışdır.
İddiaçıya ünvanlanmış “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-262386/2025 №-li Qərarından müəyyən olunur ki, tərəfindən 403.178,57 əsas, 147.356,56 manat faiz, 0, manat maliyyə sanksiya olmaqla ümumilikdə 550.535,13 manat vergi, faiz və maliyyə sanksiya qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-ci il tarixli **********749000 nömrəli, xx.xx.2024-ci il tarixli **********675600 nömrəli, xx.xx.2024ci il tarixli **********683900 nömrəli qərarların xx.xx.2025-ci il tarixindən icraya yönəldilməsi qərara alımışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Konstitusiyası ... Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ... Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ... Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. ... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. ... Maddə 85.4 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ... Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. ... Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-68163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə bildirir ki, cavabdeh beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlara əsaslaraq 2020-2022-ci illər üzrə dividend və faiz (o cümlədən təsisçisi olduğu BƏƏ-nin vergi ödəyicisi olan X5 FZE şirkəti tərəfindən ödənilmiş dividend), maliyyə aktivlərinin təqdim edilməsindən və digər qeyri-sahibkarlıq fəaliyyətindən vergi ödəyicisinin 2020-ci il üzrə 2.632.023,84 manat gəlirlərinin, 10.279,02 manat xərclərinin, 2021-ci il üzrə 150.665,87 manat gəlirlərinin, 7.347,42 manat xərclərinin, 2022-ci il üzrə 118.619,18 manat gəlirlərinin, 1.517,95 manat xərclərinin olmasına baxmayaraq tərəfindən müvafiq dövrlər üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməməsini əsas götürərək, bu halın kənarlaşmaya səbəb olduğunu bildirmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda, kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. İş materiallarından görünür ki, vergi orqanı tərəfindən vergi öhdəliklərinin hesablanmasına əsas kimi xarici ölkədən qarşılıqlı məlumat mübadiləsi çərçivəsində təqdim edilmiş məlumatlara istinad olunmuşdur. Lakin cavabdeh tərəf bu məlumatların vergi orqanına konkret olaraq hansı tarixdə təqdim edildiyini sübut etməmişdir. Halbuki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri baxımından, kamera yoxlamasının müddəti məlumatın daxilolma tarixindən hesablanmalı və həmin tarix dəqiq sübut edilməlidir. Halbuki, istinad olunan normanın təfsiri baxımından yoxlama müddətinin axımı müvafiq məlumatın daxil olduğu tarixdən hesablanmalıdır. Sübutetmə yükü prinsiplərinə əsasən, bu məlumatların daxilolma tarixini sübut etmək və bununla da yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində aparıldığını təsdiqləmək vergi orqanının üzərinə düşür. Cavabdeh isə yalnız ümumi şəkildə beynəlxalq məlumat mübadiəli çərçivəsində daxil olmuş məlumatları təhlil etdiyini bildirmiş, lakin təqdimetmə tarixini təsdiq edən heç bir sənəd və ya sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına zidd davranaraq, həmin norma ilə müəyyən olunmuş 30 iş günü ərzində kamera vergi yoxlamasının aparıldığını sübut edə bilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh 2020-2022-ci illər üzrə gəlir vergisi hesablayarkən, iddiaçının dividend və faiz, maliyyə aktivlərinin təqdim edilməsindən digər qeyri-sahibkarlıq fəaliyyətindən 2020-ci il üzrə 2.632.023,84 manat gəlirlərinin, 10.279,02 manat xərclərinin, 2021-ci il üzrə 150.665,87 manat gəlirlərinin, 7.347,42 manat xərclərinin, 2022-ci il üzrə 118.619,18 manat gəlirlərinin, 1.517,95 manat xərclərinin olmasına əsaslanmışdır. Lakin məhkəmə araşdırması zamanı təqdim edilmiş bank sənədləri və digər maliyyə materialları sübut etmişdir ki, 2020-ci il üzrə qeydə alınmış əsas tranzaksiyalar kreditlərin geri qaytarılması ilə bağlı olmuşdur. Bu isə vergi qanunvericiliyi baxımından gəlir kimi tanına bilməz, çünki real mənfəət və ya sahibkarlıq fəaliyyəti nəticəsində formalaşan gəlir aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirilən qərarların qəbul edildiyi dövrdə gəlir əldə etməsi müəyyən olunmur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar əsassız olduğundan ləğv edilməlidir. Oxşar mövqeyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında öz əksini tapmışdır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 3-21-2-3/2- 68163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-68220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev