Məhkəmə qərarları › İş №e-2-1(112)-8266/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8266/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8266/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.2005-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək 80 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.2005-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək 80 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası DİN-nin verdiyi 022693 saylı vəsiqəyə əsasən iddiaçıya müharıbə veteranı adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərin kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55000 manat məbləğində müavinət təyin edilmişdir. Lakin nəzərdə tutulmuş müavinət xx.xx.2019-cu ilədək iddiaçıya ödənilməmişdir. xx.xx.2024-cü ildə ərizə ilə müraciət edərək ödəniməmiş müavinətin ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü ildə təqdim edilmiş cavab məktubunda göstərilir ki, qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Başqa sözlə müavinətin ödənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərin kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55000 manat məbləğində müavinət təyin edilməsi barədə xx.xx.2005-ci il tarixli 257 nömrıli Fərmanında ödənilməmiş qalan müavinətlərin ödənilməməsinə dair müddəa yoxdur. Bu səbəbdən də cavabdehin qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsinin qanunvericilikdə nəzərdə tutulmasina dair imtinası qanunsuzdur. İmtina hər hansı qanun norması ilə əsaslandırılmayaraq ümumi sözlərdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərin kommunal və digər xidmətlərin ödənilməsini nəzərdə tutduğu üçün müavinət bir qayda olaraq istisnasız olaraq veteran adı almış şəxslərin hamısına ödənilməli idi. Azərbaycan Ərizəni imzalayan şəxs haqqında məlumat: Respublikası Konstitusiyası vətəndaşların qanun qarşısında bərabərliyini nəzərdə tutur və ayrı seçkiliyi qadağan edir. Göründüyü kimi, cavabdeh yuxarıda göstərilən fərmanın müddəalarının icrasını qanusuz olaraq təmin etməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, veteran vəsiqəsinin, yəni veteran adını almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Müharibə veteranları nəzərdə tutulan aylıq müavinətlər 2019-cu ilin aprel ayından təqaüdlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin təqdim edildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. İddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki dövrə görə müavinətin ödənilməsi barədə tələbi əsaslı sayıla bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İş üzrə icraat materiallarından göründüyü kimi, İddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.2001-ci il tarixdə almışdır. Analoji iş üzrə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illərə görə (2006-2019-cu illər) hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-ci il tarixli, 2-1(116)-304/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək iddiaçı X3 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-328/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə yeni qərar ilə iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsin cavabdehə ilkin müraciəti zəruri şərtdir və şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Təyinatın aparılması üçün isə iddiaçı tərəfindən müvafiq müraciət daxil olmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanun 2006-cı il 1 yanvar tarixdə qüvvəyə mindiyindən həmin tarixdən sonra yaranan münasibətlərə şamil edilir ki, bu da sözügedən müddəanın iddiaçı X3 münasibətdə tətbiq edilməsini istisna edir. Ona görə ki, iddiaçıya veteran vəsiqəsi Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl xx.xx.2001-ci il tarixdə verilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki dövr (həmçinin üç il) üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən qeyd edilir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Bu mövqeyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünün geriyə şamil edilməsi üçün qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə bildirmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq qüdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının (və ya qanuni nümayəndəsi) iştirakı olmadan baxmışdır Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü

5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar.

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 022693 nömrəli, xx.xx.2000-ci il tarixdə verilmiş vəsiqədən görünür ki, iddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2022-ci il tarixli, 024-2583-1222 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2019-cu il tarixdə təyin edilmiş Prezident təqaüdünün keçmiş dövrə müavinətin təyin edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının nümayəndəsinə ünvanladığı 28 fevral 2024-cü il tarixli, 3-17-1/2-V-47533/2024 saylı “Sosial müavinətin ötən dövr üzrə ödənilməsinin mümkün olmaması haqqında” cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmiş, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2019-cu il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. Odur ki, sözügedən müavinət növü ləğv edildiyi üçün qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli, 3-17-1/2-V- 47533/2024 nömrəli Sosial müavinətin ötən dövr üzrə ödənilməsinin mümkün olmaması haqqında cavab məktubunu iddiaçının nümayəndəsi aktın bağlandığı tarixdə əldə etmişdir. İ-134 nömrəli “Azərbaycan Respublikası Fəxri Adının Vəsiqəsi”nə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1864 nömrəli Sərəncamı ilə, İddiaçı “Əməkdar Mühəndis” adı verilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş İddiaçı təqaüd işində olan xx.xx.2023-cü il tarixli, 3-17-1/1-V-57034/2023 nömrəli qərardan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixli ərizəsi əsasında müharibə veteranlarına Prezident təqaüdü xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixə olan dövr üzrə ödənilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2018-ci il tarixli, 169 nömrəli “Müavinət təyinatı üzrə ” Qərardan görünür ki, iddiaçıya “Əməkdar mühəndis” fəxri adının verilməsinə görə müavinət təyin edilmiş və xx.xx.2011-ci il tarixdən ödənilmişdir.

Tətbiq edilən hüquq

9. «Veteranlar haqqında» Аzərbаycаn Rеspublikаsının Qаnununa əsasən:

Maddə 3. Müharibə veteranları aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

10. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;

9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;

11. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanına əsasən:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin.

12.“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 17 mart 2014-cü il tarixə olan redaksiyasına əsasən:

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin:1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə. Qeyd: “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cü il 640 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin ləğv edilməsi qərara alınmışdır.

13. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2019cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına əsasən:

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;

Göründüyü kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.2000-ci il tarixdə müharibə veteranı vəsiqəsini aldığından, 11 iyul 2005-ci il tarixdən müharibə veteranlar üçün müəyyən edilmiş müavinət almaq hüquqa malik olsa da, müavinətin ödənilməsini həyata keçirilməsi üçün müvafiq səlahiyyətli orqana müraciət etməmişdir. İddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi zaman (xx.xx.2024-cü il tarixdə) keçmiş dövrlər üzrə tələb etdiyi müavinətin ödənilməsinə dair norma ləğv edilmişdir. Halhazırda müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Belə ki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Maddə 11. Qanunçuluq prinsipi 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

Məhkəmənin mövqeyi

Məhkəmə hesab edir ki, belə olah halda cavabdeh tərəfindən iddiaçının sosial təminat hüquqları pozulmamışdır və iddiaçının iddia tələbinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir.

15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.2005-ci il tarixdən başlatyaraq xx.xx.2019-cu il tarixədək 80 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ 18.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar