Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8269/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyadan tutulmuş ödənişlərin qaytarılması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qanunsuz olaraq pensiyasından tutulmaların aparılmasının dayandırılması, məhkəmə qərarı qanuni qüvvəsini alanadək cavabdeh tərəfindən qanunsuz olaraq əvəzləşdirmə yolu ilə pensiyasından hər ay tutulan 820,75 manat pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən iddiaçı barəsində verilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-113-3-3765/2024 saylı qərarın ləğv edilməsi, iddiaçı barəsində 50 yaşdan, yəni xx.xx.2008-ci ildən təyin edilmiş pensiyanın bərpa edilməsi, xx.xx.2008-ci ildən təyin edilmiş (50 yaş üzrə) pensiya məbləği üzrə ödənilməmiş fərqin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən gözəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, ona gözəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmiş və son 3 il üzrə iddiaçıya 25266,95 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar, yəni həmin pul vəsaitinin büdcəyə bərpa edilməsi üçün iddiaçının yazılı razılığı tələb olunmuşdur. xx.xx.2024-cü ildə iddiaçının iştirakı ilə akt tərtib olunmuş və o, sözügedən məbləğin ondan geri tutulmasından imtina edərək öz razılığını bildirməmişdir. Akta müvafiq qeydlər apararaq həmin davranışın hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğunu, pensiyasının azaldılmasını qanuna uyğun olmadığını bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh orqan 2024-cü ilin mart ayından 1501,87 manat olan iddiaçının pensiyasını 681,12 manata qədər azaltmış, yəni cavabdeh qanunsuz və əsassız olaraq onun razılığı olmadan, hər hansı məhkəmə qərarı olmadan iddiaçının pensiyasından 820,75 manat tutmuşdur. Cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya artıq hesablanıb ödənilmiş pul vəsaitinin onun razılığı alınmadan və məhkəmə qərarı olmadan hazırda pensiyasından tutulması qanun pozuntusu olmaqla, onun mülkiyyət hüququnu ciddi şəkildə pozur. Mərkəzi Filialın məktubundan aydın olur ki, iddiaçıya artıq ödənilən pul vəsaiti Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının səhv hesablama aparması ilə əlaqədar olmaqla, qanunsuzluğa onlar tərəfindən yol verilmişdir. İddiaçı tərəfindən hər hansı bir qanunsuzluğa yol verilməsi aşkar edilməmişdir. İddiaçı qeyd edir ki, 16 ildir ki, o, qanunamüvafiq qaydada pensiya alır və bu günədək hər hansı dövlət orqanı tərəfindən pensiyasının təyin olunmasının qanunsuzluğu barədə ona məlumat verilməmişdir. İddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67 və 67.8-ci maddəsinə istinad edərək dövlət orqanının pensiya təminatı barədə verdiyi qərara güvəndiyini, etimad göstərdiyi bildirmişdir. Yəni bir vətəndaş olaraq onda dövlət orqanının verdiyi qərarın legitimsizliyinə, qanunsuzluğuna dair hər hansı şübhənin, gümanın ola bilmədiyini, bugünədək də pensiya idarəsindən bu barədə ona hər hansı məlumatın verilmədiyini bildrmişdir. Həmçinin bu barədə qanunvericiliyin tələblərinə əməl olnmasına nəzarət də məhz dövlət orqanının səlahiyyətindədir. Əgər dövlət orqanının səhvi nəticəsində hər hansı qərar qəbul edilmişdirsə, bunun nəticələri iddiaçının hesabına aradan qaldırıla bilməz. Bu həmin dövlət orqanının hesabına aradan qaldırılmalıdır. Hazırda cavabdeh dövlət orqanı olaraq əvvəllər yol verdiyi səhvlərin nəticələrini iddiaçının hesabına aradan qaldırmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Bildirilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir). Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında" Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1 -dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 nömrəli siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 nömrəli siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüwədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrıayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası cavabdeh tərəfindən aşağıdakı qaydada hesablanıb: İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 30 il 2 ay 25 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 35,70 manat (30,24 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 55,31 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2754,72 manat sığorta kapitalına uyğun 19,13 manat (2754,72:144) və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010cu il tarixinə 149,44 manat (55,31+19,13+75,00) (indeksləşdirilərək xx.xx.2011-ci il tarixinə 163,69 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, xx.xx.2011-ci il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 34695,58 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (1804,98 : 134 ay (144 ay-10 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=13,47 manat) həmin tarixdən yenidən hesablanaraq 163,69 manatdan 177,16 manata (163,69+13,47) (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 245,25 manat) artırılıb. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bundan başqa, iddiaçının əmək pensiyası yenidən hesablandığı gündən sonra 6 il və daha çox işlədiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14675,22 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (14675,22 : 114 ay (63 il 6 ay - 60 il =42 ay+(144 ay-72 ay))=128,73 manat) xx.xx.2018-ci il tarixli müraciətinə əsasən xx.xx.2018-ci il tarixindən yenidən hesablanaraq 245,25 manatdan 373,98 manata (245,25+128,73) (indeksləşdirilərək 01,03.2024-cü il tarixinə 681,12 manat) artırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə 11 mart 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının pensiyasının yenidən hesablanması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə 12 mart 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya 25266,95 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 25266,95 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Bildiririk ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Pensiya işinə əlavə edilmiş AR Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 24 iyul 2008-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-3765/2024 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasının məbləği 681,12 manat (əvvəlki pensiya məbləği 1501,87 manat) müəyyən edilmişdir. Qərarın 9-cu bəndində aşağıdakı qeyd aparılmışdır: 50 yaşdan 52 yaşa yenidən hesablandı. Eyni zamanda xx.xx.2011-ci il tarixə işdən çıxması və xx.xx.2018-ci il tarixinə 6 illik hesablandı, artıqvermə 39.1, müraciət tarixi xx.xx.2024. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, pensiya qurumu tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Sonradan cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən sığorta kapitalına uyğun təyin edilməli olduğunu əsas götürərək xx.xx.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yenidən hesablamış və artıq ödənilmiş pensiya məbləği hesablamışdır. İddiaçı hazırda həmin qərarı və onun nəticələrini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. (AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). Hazırkı işin hallarına əsasən iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən təyin edilmişdir. Cavabdeh iddiaçının ümumi və güzəştli iş stajını mübahisələndirməmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçıya 52 yaşdan pensiya təyin edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan 01 avqust 2000-ci il tarixdən etibarən pensiya yaşının kişilər üçün 52 yaşdan müəyyən edilməli olmasına istinad edir və iddiaçının 50 yaşının tamam olduğu dövrün məhz həmin tarixdən sonra olmasını əsas gətirərək pensiyanın 52 yaşdan təyin edilməli olmasını qanunauyğun hesab edir. Halbuki, yuxarıda istinad edilən müddəanın tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Belə olan halda iddiaçı xx.xx.1997-ci il tarixə qədər 20 il ümumi, 10 il güzəştli iş stajı topladığından ona əsaslı olaraq “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələblərinə əsasən 50 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq hesablanma aparılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi cavabdeh özü tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 16 il sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən hesablanma barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-113-3-3765/2024 saylı qərar ləğv edilməli, iddiaçı barəsində 50 yaşdan, yəni xx.xx.2008-ci ildən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2008-ci ildən təyin edilmiş (50 yaşdan) pensiya məbləği üzrə ödənilməmiş fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-113- 3-3765/2024 saylı qərarı ləğv edilsin. İddiaçı 50 yaşdan, yəni xx.xx.2008-ci ildən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2008-ci ildən təyin edilmiş (50 yaşdan) pensiya məbləği üzrə ödənilməmiş fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8269/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8269/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver