Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8297/2023 17.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb olunmaqla) «torpaq sahəsinə hüququnun iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən “1013B” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli 28 dekabr 2022ci il tarixli müraciətinə cavabdeh tərəfindən baxılmış və hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması barədə bildiriş verilmişdir. Bildirişdə qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşməsi, elektron kadastr məlumatlarına əsasən ərazinin böyük hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsi mılum olmuşdur, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və X1 sxemində qeyd olunmamışdır və torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, təqdim olunmuş order, orderin arxiv arayışı və ölüm haqqında şəhadətnamə arasında hüquq sahibinin soyadına dair uyğunsuzluq mövcuddur. Belə ki, orderdə “X9”, arxiv arayışında “X14”, ölüm haqqında şəhadətnamədə isə “X15” kimi göstərilmişdir. Qeyd olunanlarla yanaşı, sözügedən əmlakla bağlı vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Göstərilən halla bağlı Yasamal Rayon qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması üçün Yasamal Rayon Məhkəməsinə xüsusi icraat qaydasında müraciət olunacaqdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə ünvanlanmış sorğuya və 12 saylı Notariat Kontorunun məlumatına əsasən Hüseynqulu Cəfər oğlunun vəfatından sonra 22 avqust 1991-ci il tarixli 115/91 nömrəli vərəsəlik işi açılmış, 28 aprel 1993-cü il tarixdə vərəsəlik haqqında şəhadətnamə İddiaçı adına verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəslərinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Bu baxımdan daşınmaz əmlak üzərində hüquqların həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi xahiş olunur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2-ci maddəsinə, İPM-in 2.2.3, 8, 34, 35, 68, 73-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2, 8, 11, 12, 15, 23-cü maddələrinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən “1013B” saylı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən “1013B” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli 28 dekabr 2022ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşir. Həmçinin elektron kadastr məlumatlarına əsasən ərazinin bir hissəsi digər fiziki şəxsin (X5) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və X1 sxemində qeyd olunmamış və torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Təqdim olunmuş order, orderin arxiv arayışı və ölüm haqqında şəhadətnamə arasında hüquq sahibinin soyadına dair uyğunsuzluq mövcuddur. Belə ki, orderdə “X9”, arxiv arayışında “X14”, ölüm haqqında şəhadətnamədə isə “X15” kimi göstərilmişdir. Qeyd olunanlarla yanaşı, sözügedən əmlakla bağlı vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 6 fevral 2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 22.2, 23-cü maddələrinə, «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «torpaq sahəsinə hüququnun iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişlər, üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək də daxildir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderləri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə Bakı ŞİH X4 və X6 qəsəbəsindəki 4 saylı BTK tərəfindən verilmiş 36 saylı orderlə iddiaçının atası X10 istifadəsinə Mərdəkan qəsəbəsində 1013B saylı bağ sahəsi ayrılmışdır. X13 8 fevral 1991-ci il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. İddiaçı bağ sahəsinə hüquqla bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin inzibati orqan məsələnin həllindən 6 fevral 2023-cü il tarixli məktubla imtina etmişdir. İdarə imtinasını onunla əsaslandırmışdır ki, 1) göstərilən torpaq sahəsi digər sahələrlə ümumi hasar daxilində yerləşir, 2) elektron kadastr məlumatlarına əsasən ərazinin bir hissəsi digər fiziki şəxsin (X5) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, 3) torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və X1 sxemində qeyd olunmamışdır, 4) torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 5) təqdim olunmuş order, orderin arxiv arayışı və ölüm haqqında şəhadətnamə arasında hüquq sahibinin soyadına dair uyğunsuzluq mövcuddur, yəni orderdə “X9”, arxiv arayışında “X14”, ölüm haqqında şəhadətnamədə isə “X15” kimi göstərilmiş, 6) sözügedən əmlakla bağlı vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. İddiaçı hazırda inzibati orqanın imtinasını mübahisələndirir. Məhkəmə inzibati mübahisə üzrə tərəflərin dəlillərinə münasibətdə aşağıdakıları diqqətə çəkir: - Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1013B salı bağ sahəsinin (4 saylı BTK) hazırkı İddiaçı mərhum atası X10 istifadəsinə verilməsi barədə Bakı Şəhər XDS İK X4 və İstismarı Birliyinin 4 saylı BTK tərəfindən verilmiş 36 saylı order həmin bağ sahəsinin adıçəkilən şəxsin qanuni istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin order ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum atası X13 həmin bağın qanuni istifadəçisi olmuşdur; - cavabdehin “bağ sahənin ayrılması barədə orderdə, arxiv arayışında və ölüm haqqında şəhadətnamədə mərhum X10 adı və soyadının ziddiyyətli əks olunması” dəlili ilə bağlı qeyd olunmalıdır ki, bu xüsusatlar formal mülahizə qismində qiymətləndirilir. Müvafiq sahə üzrə inzibati praktikada şəxslərin adı və soyadının qismən fərqli yazılması hallarına rast gəlinsə də, bütün hallarda məsələlərin həlli “hüquqi əhəmiyyəti olan faktların təsdiqi” ilə şərtləndirilmir və belə zərurət yaranmır. Bu xüsusat üzrə müvafiq məsələnin həllindən imtina edilməsi «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinin tələblərinə ziddir. Belə halda bağ sahəsinə hər hansı şəxsin iddiasının olmaması, habelə iddiaçının müvafiq müraciəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən “iddianın yolverilməzliyinə görə” iddia ərizəsinin qaytarılması barədə 2(004)-2565/2023 saylı 28 aprel 2023-cü il tarixli qərardadının qəbul olunduğu da nəzərə alınmalıdır. Belə hal hüququn mərhuma məxsus olması barədə arayışın verilməsindən imtina üçün əsas deyil; - İmtinada göstərilən digər dəlilərlə bağlı qeyd olunmalıdır ki, bağ sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmaması, bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nə və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə birbaşa inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərindədir. Bu uyğunsuzluğa istinadən cavabdeh inzibati orqan iddiaçının atasına məxsus olmasını iddia etdiyi torpaq sahəsinin digər fiziki şəxs X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini də dəlil kimi təqdim edir. Lakin nəzərə alınmalıdır ki, X5 notarial qaydada təsdiqlənmiş ərizəsində ona məxsus bağla hazırkı iddianın obyekti olan bağ sahəsinin faktiki olaraq ayrı-ayrı olmasını bəyan etmiş və üçüncü şəxs kimi iddianın təmin olunmasına etiraz etrməmişdir. - bağ sahəsinin digər bağla ümumi hasar daxilində yerləşməsi də ona hüququn qeydiyyatı və ya mərhuma məxsus olması barədə arayış verilməsinə hə\r hansı maneə deyil; - hazırkı İddiaçı müraciəti əsasında mərhum X10 miras əmlaklarına vərəsəlik işi açılması və iddiaının vərəsələrin dairəsinə daxil olması işdə olan Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/277 nömrəli 2002-ci ilin yanvar tarixli məktubunda təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 4 saylı BTK, 1013B saylı bağ sahəsinə hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 4 saylı BTK, 1013B saylı bağ sahəsinə hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-8297/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8297/2023
17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver