Məhkəmə qərarları › İş №e-2-1(112)-8297/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8297/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8297/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ” pensiyadan tutulmaların cavabdehə qadağan edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmək pensiyasından tutulmalar ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsini və xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər cavabdeh tərəfindən iddiaçının əmək pensiyasından tutulmuş 2237.25 manat məbləğin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə anadan olmuşdur. İddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 57 yaşının tamam olduğu tarixdən sonrakı müddət üçün əmək pensiyası məbəğinin birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-4067/2020 saylı is üzrə xx.xx.2020-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilmiş, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 57 yaşının tamam olduğu (xx.xx.2019-cu il) tarixdən sonrakı müddət üçün əmək pensiyası məbləğinin birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh orqan apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)- 1737/2020 saylı is üzra xx.xx.2020-ci il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4067/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli Qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh tərəf kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-344/2021 saylı is üzrə xx.xx.2021-ci iİ larixli Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1737/2020 saylı iş üzrə xx.xx.2020ci il tarixli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixində əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, cavabdeh orqan müraciətə xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-14-159532/2023 nömrəli məktubla cavab vermişdir. Məktubda qeyd olunmuşdur ki, “araşdırma nəticəsində xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində sizə 8569,03 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənildiyi və əlillik dərəcənizin xx.xx.2020-ci il tarixdə təyin edildiyi tarixdən etibarsız hesab edildiyi aşkar edilib. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya əsassız ödənilmiş 8569,03 manat pul vəsaitindən, ödənilməli olan 1411,58 manat pul vəsaiti çıxılaraq artıq ödənilmiş 7439,77 manat pul vəsaiti müəyyən edilib. Həmin artıq ödənilmiş 7439,77 manat pul vəsaiti cari ilin may ayından etibarən hər ay 89,49 manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Sizə artıq ödənilmiş pul vəsaiti ikili sosial ödəniş nəticəsində yarandığı üçün əmək pensiyanızın müraciətinizdə qeyd etdiyiniz qaydada yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil”. İnzibati orqanın bu hərəkətləri tamamilə qanunsuzdur və vətəndaşın hüquqlarını kobud surətdə pozur. Hesab edir ki, aşağıda göstərilən qanunvericilik normalarına əsasən, pensiya məbləğindən əsassız və qanunsuz olaraq tutulmaların aparılmasının qarşısı alınmalı və müvəkkilinin pozulmuş hüquqları bərpa edilməlidir. İlk öncə bildirmək istəyir ki, inzibati orqan inzibati icraatı qüvvədə olan qanunvericilik normalarına zidd olaraq və heç bir araşdırma olmadan aparmışdır. Cavabdeh daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamışdır. Artıq 4 ildir ki, iddiaçı pensiya ödənişini almaqda davam edir. Bu müddət ərzində onun pensiya ödənişi dayandırılmamış, hər hansı tutulmalar olmamışdır. İnzibati orqanın aşkar etdiyi nöqsan həqiqi olsa da belə, bu vətəndaşın təqsiri ucbatından baş verməmiş, vətəndaşa məhkəmə qərarı ilə yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuş və ona təyin edilmiş pensiyanı almışdır. Hazırda vətəndaşdan inzibati icraatın qanuna uyğun olmayan şəkildə aparılması nəticəsində, özdə 4 il sonra pensiya ödənişlərindən tutulmaların aparılması tamamilə absurd və qanunsuzdur. İnzibati icraatın düzgün aparılmaması vətəndaşın hüquqlarını pozmuş, onun mənafeyinə xələl gəlmişdir. Bu səbəbdən hesab edir ki, inzibati orqanın hərəkətləri qanunsuz olduğundan dayandırılmalı və tutulmaların aparıldığı tarixdən əmək pensiyası bərpa edilməlidir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-344/2021 nömrəli Qərarı əsasında 2 aprel 2021 -ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 57 yaşının tamam olduğu 27 sentyabr 2019-cu il tarixdən hesablanıb. Keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 10289,32 manat pensiya məbləği hesablanıb. Həmin pensiya məbləğinin 1143,26 manat hissəsi 2021-ci ilin aprel və may aylarında, qalan 9146,06 manat hissəsi isə 2021 -ci ilin iyun ayında pensiyasının (635,77 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülüb. Pensiya hüququnun yarandığı 27 sentyabr 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 114531,30 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada hesablanaraq 489,45 manat (114531,30:234 ay (64 il 6 ay-57 il=90 ay+144 ay) məbləğində müəyyən edilib (xx.xx.2022-ci il tarixədək indeksləşdirilməklə 657,39 manat)). İş materillarından məlum olduğu kimi iddiaçının xx.xx.2022-ci il tarixdə işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 19537,12 manat sığorta kapitalı 3 fevral 2023-cü il tarixli müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 184 (65 il—59 il 4 ay=68 ay+(144 ay-28 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))) aya bölünməklə (19537,12:184=106,18 manat) əmək pensiyasının (657,39 manat) üzərinə əlavə edilərək (106,18+657,39=763,57 manat) pensiya məbləği xx.xx.2022-ci il tarixdən 657,39 manatdan 763,57 manata arrtırılıb. Həmçinin keçmiş müddət üçün ödənilməli olan 1411,58 manat pul vəsaiti hesablanıb. İnzibati orqanın təşəbbüsü ilə iddiaçı barəsində başlanılmış inzibati icraatın gedişində Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2018-xx.xx.2019- cu il tarixləri arasındakı dövr ərzində ona 8569,03 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənildiyi və əlillik dərəcəsinin xx.xx.2020ci il tarixdə təyin edildiyi tarixdən etibarsız hesab edildiyi aşkar edilib. Beləliklə, 1.11.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona əsassız ödənilmiş 8569,03 manat pul vəsaitindən, ödənilməli olan 1411,58 manat pul vəsaiti çıxılaraq artıq ödənilmiş 7439,77 manat pul vəsaiti müəyyən edilib. Həmin artıq ödənilmiş 7439,77 manat pul vəsaiti cari ilin may ayından etibarən hər ay 89,49 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən əmək pensiyası 780,23 manat, 29.1 -ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 894,93 manat olmuşdur. artıq ödəmə müyyən edilib, o isə bununla razı olmadığını, inzibati orqan tərəfindən ona rəsmi məlumat verilmədiyini iddia edir. Bildirirlər ki, iddiaçının əmək pensiyası xx.xx.2023cü il tarixli - 3-17-1/3-3-5583/2023 nömrəli qərarla yenidən hesablanaraq indeksləşdirilmə ilə əlaqədar 894,93 manat olmuş, keçmiş dövr üzrə isə artıq ödəmə müəyyən edilmişdir. İşin faktiki hallarından da müəyyən olunduğu kimi 8569,03 manat məbləğində artıqödəmə müəyyən edildiyi xx.xx.2023-cü il tarixdən hazıradək iddiaçının əmək pensiyasından 1968,78 manat (xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) tutulma aparılmış, əvəzləşdirilmədən (7439,77 manat) və tutulmadan sonrakı artıqödənilməli məbləğ isə 5470.99 manat müəyyən edilmişdir. Bundan əlavə olaraq, yuxarıda qeyd olunmuş artıqödənilmiş pul vəsaiti barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-159532/2023 nömrəli məktubla iddiaçıya məlumat verilsə də, o, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Hazırda hesab edirlər ki, sözügedən, artıq ödənilmiş 5470.99 manat məbləğində pensiya təyinatı iddiaçının ona hüququ çatmadığından digər vətəndaşların pensiya təminatına münasibətdə ədalətsizdir və hüquqa uyğun deyildir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin əvvəlki iclaslarında iddianın məzmuna uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya Azərbaycan Respubılikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 344/2021 nömrəli Qərarına əsasən 2 aprel 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materialalrından həmçinin müəyyən edilir ki, cavabdeh iddiaçının pensiyasından tutulmalar aparır. Cavabdeh bunun onunla əsaslandırır ki, İnzibati orqanın təşəbbüsü ilə iddiaçı barəsində başlanılmış inzibati icraatın gedişində Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2018-xx.xx.2019- cu il tarixləri arasındakı dövr ərzində ona 8569,03 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənildiyi və əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdə təyin edildiyi tarixdən etibarsız hesab edildiyi aşkar edilib. Beləliklə, 1.11.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona əsassız ödənilmiş 8569,03 manat pul vəsaitindən, ödənilməli olan 1411,58 manat pul vəsaiti çıxılaraq artıq ödənilmiş 7439,77 manat pul vəsaiti müəyyən edilib. Həmin artıq ödənilmiş 7439,77 manat pul vəsaiti cari ilin may ayından etibarən hər ay 89,49 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı, onun pensiyasından tutulmaların aparılması ilə hərəkətləri qanunsuz hesab edilməsinə və tutulmuş məbləğlərin ona geri qaytarılmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Baxılan işdə etimad hüququnu istisna edən Qanunu 67-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasını yenidən hesablaması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali X1 2-1(102)-2923/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2- 1(102)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli; 2-1(102)-1507/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)- 8/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur”. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından tutulmalar ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin. xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər İddiaçı əmək pensiyasından tutulmuş 2237.25 manat məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar