Məhkəmə qərarları › İş №e-2-1(112)-8308/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8308/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8308/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil , Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 113 BTK-nın 5907 nömrəli bağ sahəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair plan ölçünün tərtib edilməsini xahiş etmişdir. Cavadeh xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, faktiki olaraq göstərilən sahə ilə məhkəmə prosesi zamanı göstərilən sahə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən faktiki sahənin bir hissəsi sxematik xəritəyə əsasən “5906” saylı torpaq sahəsinin ərazisinə düşür. Lakin məhkəmə qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan sahə “5906” saylı torpaq sahəsinin şimalında yerləşir. Bu səbəbdən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 113BTK-nın 5907 saylı bağ sahəsi (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 113BTK-nın 5907 saylı bağ sahəsi (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən torpaq sahəsində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan ölçünün tərtib edilməsi ilə bağlı hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan əsasız olaraq formal mülahizələr istinad edərək, heç bir sənəd sübut təqdim etmədən iddiaçının plan ölçünün tərtib edilməsi tələbini təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, faktiki olaraq göstərilən sahə ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3476/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş koordinatların hüdudları daxilində yerləşən sahə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən faktiki sahənin bir hissəsi sxematik xəritəyə əsasən “5906” saylı torpaq sahəsinin ərazisinə düşür. Lakin məhkəmə qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan sahə “5906” saylı torpaq sahəsinin şimalında yerləşir. Bu səbəbdən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki: Bağlar Təsərrüfatı İdarəsinin 34 nömrəli Orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 5907 nömrəli bağ X4 ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3476/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin koodinatlarının müəyyən edilməklə, X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-430/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1069/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-430/2022 nömrəli qərarı qismən – “Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməklə iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 113 BTK-nın 5907 nömrəli bağ sahəsi (Yeni qaydalarla: AZ 1097, Bakı şəhəri, ünvan 1 X3 xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 113 BTK-nın 5907 nömrəli bağ sahəsini (Yeni qaydalarla: AZ 1097, Bakı şəhəri, ünvan 1 Bayramov X2. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 113 BTK-nın 5907 nömrəli bağ sahəsi (Yeni qaydalarla: AZ 1097, Bakı şəhəri, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 113 BTK-nın 5907 nömrəli bağ sahəsinə (Yeni qaydalarla: AZ 1097, Bakı şəhəri, ünvan 1 dair plan-ölçü sənədinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları mülkiyyət hüququnun dövlət qeydiyyatına alınma əsaslarından biri qismində çıxış edir ki, cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3476/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının icrasını təmin etmiş, Bağlar Təsərrüfatı İdarəsinin 34 nömrəli orderinə və onun verilməsinə əsas olmuş Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına Bakı şəhər Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin koodinatlarının müəyyən edilməklə, X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarışın verilməsini təmin etmiş, daha sonra mülki əqd əsasında həmin torpaq sahəsi iddiaçının adına özəlləşdirilmişdir. Adıçəkilən Qanunun: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 3.1. Mərzçəkmə işləri aşağıdakı mərhələlər üzrə aparılır: 3.1.1. hazırlıq işləri; 3.1.2. texniki layihə; 3.1.3. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mərzçəkmə işləri aparılması barədə məlumatlandırılması; 3.1.4. torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması; 3.1.5. mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması; 3.1.6. torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması; 3.1.7. mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi. 5.3. Fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. 5.4. Torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi torpaq sahəsinə müvafiq texniki sənədlərin hazırlanması cavabdehin vəzifəsidir və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi ilə yanaşı həmin texniki sənədlərin dövlət rüsumu və xidmət haqqı ödənilmək şərti ilə şəxsə təqdim edilməsi zəruridir. Cavabdeh isə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını həyata keçirərək çıxarış təqdim etsə də, mərzçəkmə qaydalarını müfəssəl tənzimləyən yuxarıda qeyd olunan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan texniki sənədlərin verilməsini həyata keçirməmişdir. Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, mülkiyyət hüququna dair qeyd və onu təsdiq edən çıxarış qüvvədədir həmin sənədə uyğun texniki sənədlərin tərtib edilməsi və iddiaçıya təqdim edilməsi də zəruridir. Əks halda həmin torpaq sahəsinə sərəncam verilməsinə yönələn hər hansı hərəkətlərin edilməsi mümkün olmazdır ki, mülkiyyət hüququnun mühüm tərkib hissəsi olan sərəncam vermə hüququnun realizəsindən əks halda söhbət gedə bilməz. Məhkəmə xüsusi ilə bir məqama toxunmağı zəruri hesab edir ki, cavabdeh eyni imtina əsası ilə Bağlar Təsərrüfatı İdarəsinin 34 nömrəli orderinə və onun verilməsinə əsas olmuş Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən ayrılmış Bakı şəhər Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsi üzərində X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Lakin inzibati məhkəmə icraatı zamanı cavabdehin irəli sürdüyü bu dəlilə münasibət bildirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-430/2022 nömrəli qərarında göstərmişdir ki, “...Bundan başqa cavabdehin apelyasiya şikayətinin digər dəlillərinə (elektron baza və sxematik xəritəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin bir hissəsi gediş-gəliş yoluna çevrilməsi və digər hissəsinin isə iki ayrı-ayrı vətəndaşlar tərəfindən mişar daşı ilə hasara alınması və şərq hissəsindəki torpaq sahsəində bağ evi inşa edildiyi) münasibətdə Kollegiya qeyd edir: Cavabdeh tərəfindən qeyd edilən uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə uyğun olaraq cavabdeh inzibati orqanın vəzifələrinə aid olduğundan iddiaçının hüquqlarının təmin olunmasından imtina üçün əsas deyildir. Buna baxmayaraq, işin obyektiv, hərtərəfli araşdırılması məqsədilə Məhkəmə kollegiyası tərəfindən mütəxəssisin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinə baxış keçirilmiş, baxış zamanı mütəxəssis Kollegiyanın suallarına cavab olaraq, “mübahisəli ərazidən kiminsə qeyri-qanuni yol açdığını, bu sahənin yol üçün nəzərdə tutulmadığını, həmçinin ərazinin iki qonşu tərəfindən tutulduğunu” bildirmişdir. Bundan başqa baxış zamanı qonşulardan birinin – X6 şəxsiyyəti müəyyənləşdirilmiş, digər qonşunun şəxəsiyyəti isə qeyri-müəyyən qalmışdır. Məhkəmə iclasına dəvət olunan 3-cü şəxs X9 iclas zamanı izahatında mübahisəli torpağı 2012-ci ildən bələdiyyə vasitəsi ilə aldığını və orada ev tikib yaşadığını bildirmişdir. Bundan sonra Məhkəmə kollegiyası tərəfindən Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin, iki ayrı-ayrı vətəndaşlar tərəfindən mişar daşı ilə hasara alınmış, şərq hissəsindəki üçünçü şəxs Mehtiyev Ruslan tərəfindən inşa edildiyi müəyyən edilmiş bağ evinə aid torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 10/2658 saylı məktubu ilə, tədqiq olunan torpaq sahəsinə dair mütəxəssislərin müvafiq rəyinin, tədqiq olunan sahənin koordinatlarının və baza məlumatlarının təqdim olunması üçün məhkəməyə vəsatət ünvanlanmışdır. Daha sonra ekspertizanın keçirilməsini təmin etmək məqsədilə mütəxəssis rəyinin təqdim edilməsi üçün müvafiq dövlət orqanına müraciət olunmuş, təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: İddiaçının iddia etdiyi ərazinin bir hissəsi dalan (gediş-gəliş yolu kimi istifadə olunur) və digər şəxslərin iki ayrı hasara alınmış torpaq sahələridir. İddia olunan olunan torpaq sahəsində digər şəxsə aid birmərtəbəli yaşayış evi var, həmin şəxs əraziyə daxil olub ölçü işlərinin aparılmasına icazə vermədiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Həmçinin rəydə qeyd olunmuşdur ki, torpaq sahəsinin üzərində mövcud olan tikilinin qeydiyyatı barədə vahid elektron kadastr bazada məlumat aşkar edilməmişdir. Göründüyü kimi, həmin ərazidə yaşayan şəxs tərəfindən mütəxəssisin əraziyə daxil olub ölçü işlərinin aparılmasına icazə verilmədiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamış və ekspert vəsatəti təmin oluna bilməmişdir. Əlavə olaraq Kollegiya xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, məhkəmə iclası zamanı üçüncü şəxs Mehtiyev Ruslan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, sonuncunun mübahisəli əraziyə dair hərhansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Təqdim edilən sənədlərdə Sabunçu rayonunun Nardaran bələdiyyəsinin 21 saylı 20 noyabr 2014-cü il tarixli iclas protokolundan çıxarışın mövcud olduğu görünür. Həmin çıxarışda qeyd edilmişdir: - X1 uzun illər istifadəsində olan heç bir hüquqtəsdiqedici sənədləri olmayan Nardaran qəsəbəsinin inzibati ərazisində yerləşən Bağ massivində 1200 kvadratmetr torpaq sahəsi uçota alınsın. Kollegiya yuxarda qeyd olunan protokoldan çıxarışa münasibətdə bildirir ki, həmin sənəd üçüncü şəxs tərəfindən mübahisəli əraziyə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməklə bağlı hər hansı hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni zamanda qeyd olunan həmin bələdiyyə sənədindən də görünür ki, üçüncü şəxs X6 mübahisəli əraziyə dair hər hans hüquqtəsdiqedici sənədləri mövcud deyil. Göründüyü kimi iddiaçıya münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində göstərilən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar mövcud olmadığından və iddiaçının tələbi əsaslı olduğundan Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddianın təmin edilməsində haqlı olmuşdur.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının satın aldığı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, həmin torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasının əvvəlki mülkiyətçi S.Fərcullayevanın mülkiyyət hüququnun qeydə alınmasına mane olmadığını bildirmişdir. Həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Beləliklə nə qədər ki, mülkiyyət hüququna dair qeyd qüvvədədir həmin qeydə uyğun texniki sənədlər də tərtib edilməlidir. Həmin qeyd cavabdeh tərəfindən ləğv edilmədiyindən texniki sənədlərin verilməsindən imtina sərəncam hüququnun, beləliklə də mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Uyğunsuzluğun mövcudluğu müəyyən edilsə də cavabdeh nəzərə almamışdır ki, cavabdeh həmin uyğunsuzluğu müəyyən etməklə kifayətlənməməli, həmin uyğunsuzluğun aradan qaldırılmasına yönələn hərəkətlər etməklə, uyğunsuzluğun aradan qaldırılmaqla texniki sənədləri təqdim etməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3476/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə koordinatları müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestində qeydə alınmış və çıxarış verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 113 BTK-nın 5907 nömrəli bağ sahəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə plan və ölçü sənədinin tərtib edilərək İddiaçı verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar