Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8309/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil İmadəddin qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı pulun və qızıl zinət əşyalarının mərhuma məxsus olma faktının müəyyən edilməsi və ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin X5 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış 32800 manat məbləğində pulun, ümumilikdə 3588 manat dəyərində olan qızıl-zinət əşyalarının X4na məxsus olması faktının tanınması və həmin əmlakların X12 vərəsəsi olan ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bacısı X13 07 aprel 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında üzərinə neft məhsulu tökərək özünü yandıraraq intihara cəhd etmiş, həmin zaman X9 Babayeva kömək etmək məqsədi ilə yanğını söndürən zaman özü də bədən xəsarəti almış, hər ikisi 08 aprel 2024-cü il tarixdə, saat 00:30 radələrində X17 yanıq şöbəsinə yanıq xəsarətləri ilə yerləşdirilmişdirlər. Toplanmış materiala əsasən X2 özünü öldürmə həddinə çatdırılması nəticəsində intihara cəhd etməsi ehtimalı olduğundan fakta görə 08 aprel 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 11 aprel 2024-cü il tarixdə, saat 04:35-də X3 Tibb Mərkəzinin yanıq şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Belə ki, İdris Səfərov ilə mərhum Tutu Babayeva sonuncunun mənzilində faktiki olaraq birgə ərarvad kimi yaşamışlar. Lakin onların arasında rəsmi nikah olmamışdır. 04 iyun 2024-cü il tarixdə X1 Tibb Mərkəzinin yanıq şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. X7 intihar etməsi faktında istintaq edilən cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə 08 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. X4 uzun illər "xxxx" MMC-də stansiya növbətçisi işləmişdir. O, əvvəllər heç vaxt ailə qurmamışdır. Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu 369 saylı ailəlik qəsəbənin MKİS-i tərəfindən ona Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 30/97, bina 6-da yerləşən 25 nömrəli mənzil verilmişdir. Həmin mənzildə faktiki olaraq 05 yanvar 2020-ci il tarixdə ailə qurduğu İdris Səfərov ilə yaşamışdır. X22 iddiaçının bacısından əvvəl ailəsi olmuş, həmin nikahından 2 (iki) övladı olmuşdur. İdris Səfərovun övladları iddiaçının bacısıgillə birgə yaşamamışdır. X19 həmişə işləyib, öz maaşını yığıb saxlamışdır, özünə zərurət olanda qızıl-zinət əşyaları da almışdır. Son vaxtlar iddiaçının bacısı ilə əri arasında münasibətlər yaxşı olmamışdır. Bunun əsas səbəbi X22 spirtli içki qəbul etməsi, içəndə Tutu Qəhrəmanovanı təhqir etməsi və s. hallar olmuşdur. X20 intihara cəhd edərək özünü yandırmasının səbəbi də 07 aprel 2024-cü il tarixdə X22 yenə də içkili olması, həyətdə səs-küy salaraq uca səslə danışması, bundan sonra Tutu Babayevanı nalayiq sözlərlə təhqir etməyə başlaması olmuşdur. X19 vəfat etməzdən əvvəl məhz iddiaçıya yaşadığı evdə 32800 manat pul və qızıl-zinət əşyalarının olmasını bildirərək, xəstəxana xərclərinə və ya digər xərclərə ehtiyac olduqda istifadə etməyini bildirmişdir. Lakin, iddiaçı bütün xəstəxana və dəfn xərclərini öz şəxsi vəsaiti hesabına ödəmişdir. Həqiqətən də, hadisə yerinin baxışı zamanı aşkar olunmuş 32800 manat pul, ümumilikdə 3588 manat dəyərində olan zinət əşyaları aşkar edilmiş, maddi sübut qismində tanınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun X5 kassasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli, ********* saylı məktubuna əsasən maddi sübut qismində tanınmış 32800 AZN, ümumilikdə 3588 manat dəyərində olan zinət əşyalarına sərəncam verilməsi ilə bağlı mübahisələrin həlli üçün mülki qaydada aidiyyəti üzrə instansiya məhkəmələrinə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan əlavə, işin bütün halları istintaqı aparılan cinayət işində öz əksini tapmışdır. Belə ki, məhrum Tutu Qəhrəmanova qonşuları, qohumları tərəfindən müsbət xarakterizə olunmuş, onun zəhmətkeş qadın olduğu ifadələrlə öz təsdiqini tapmışdır. Bakı şəhəri 32 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2024-cü il tarixli, X-4078 saylı məktubdan da görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 qalmış mirasın qəbulu ilə əlaqədar vərəsəsi Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olan İddiaçı və digər qardaşı, ünvan 2 ünvanında qeydiyyatda olan X8 ərizələrinə əsasən vərəsəlik işi açılmışdır. X2 digər bacı və qardaşları İddiaçı xeyrinə miras paydan notarial qaydada ərizə təqdim etməklə imtina etmişlər. Ona görə də, Azərbaycan Respublikasının Baş Prokurorluğunun X5 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış 32800 manat məbləğində pulun, ümumilikdə 3588 manat dəyərində olan zinət əşyalarının X2 vərəsəsi kimi ona verilməlidir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçı tərəfin diqqədinə çatdırıldı. İddiaçı və vəkili izah edilənlərin onlara aydın olduğunu bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İş materiallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbi cinayət işinin istintaqı ilə bağlı maddi sübut kimi cavabdehin X5 kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış 32800 manat məbləğində pulun, ümumilikdə 3588 manat dəyərində olan qızılzinət əşyalarının verilməsi ilə bağlıdır. İddiaçı tələbində həmin əşyaların X4na məxsus olması faktının tanınmasını xahiş etmişdir ki, bu barədə tələbə ümumiyyətlə inzibati məhkəmətə deyil, müvafiq rayon şəhər məhkəsində baxıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. İddiaçının bu barədə irəli sürdüyü tələbin əsaslılığı, yolverilənləyi isə mülki mühakimə icraatı qaydasında müəyyən edilməlidir. Həmin əşyaların iddiaçıya verilməsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin Maddə 128. Maddi sübutlar 128.1. Öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. 128.2. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Maddə 129. Maddi sübutların və digər əşyaların saxlanılması 129.1. Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. 129.2. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir: 129.2.1. qiymətli metallar və daşlar, mirvari, onlardan hazırlanan zərgərlik əşyaları; 129.2.2. milli və ya xarici valyuta ilə nağd pullar, çeklər, sənədli qiymətli kağızlar və lotereya biletləri. 129.3. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin sənədli qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materiallarında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir. 129.4. Maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər. 129.5. Maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır. Maddə 132. Cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə qəbul edilən qərarlar 132.1. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. 132.2. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Sadalanan normalardan göründüyü kimi, qiymətli metallar və daşlar, mirvari, onlardan hazırlanan zərgərlik əşyaları, həmçinin milli və ya xarici valyuta ilə nağd pullar cinayət təqibi üzrə icraat zamanı baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir. Cinayət təqibi üzrə icraat başa çatdıqda məhkəmə maddi sübutlar barədə müvafiq qərar qəbul edir. Həmçinin maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır. Məhkəmə yuxarıda adıçəkilən normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının hazırki tələbi ilə bağlı aparılan araşdırma “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan 3.2.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə cinayətprosessual fəaliyyət olmaqla inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. Yəni hazırkı iş üzrə cavabdeh qismində göstərilən orqanla iddiaçı arasında yaranan münasibət inzibati hüquq münasibəti deyil və deməli, tərəflər arasında inzibati mübahisə yoxdur. Həmçinin həmin əşyalara hüquqla bağlı mübahisənin həlli də, mülki mühakimə icraatı qaydasında baxılmalı və həll edilməli məsələdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü nəzərə alaraq izah edir ki, iddiaçının hazırkı tələblə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8309/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8309/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver