Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8327/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyanın dayandırılması və ya ləğv edilməsi barədə qərarının ləğv edilməsi və ona təyin edilmiş pensiyanın bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1380/2025 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1379/2025 saylı qərarlarının ləğv edilməsi və pensiyanın dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdiriməsinə dair ərizə qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 04 avqust 1954-cü il təvəllüdlü İddiaçı 02 avqust 1976-cı il-15 sentyabr 1980-cı il və 10 noyabr 1982-ci il -10 oktyabr 1987-ci il tarixləri arasındakı dövrlər ərzində Qazaxıstan Respublikasında “Sayak” sahə geoloji kəşfiyyat partiyasında geoloq, böyük geoloq, 23 oktyabr 1987-ci il tarixindən 04 iyun 2013-cü il tarixləri arasındakı dövr ərzində “Salyan Oil” LTD (Salyanneft NQÇİ-də) 1 nömrəli Neft və qazçıxarma sexində, geologiya şöbəsində operator və baş geoloq vəzifələrində işləmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubda İddiaçı xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə işlədiyi operator vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş ”Güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bölməsinə uyğun olduğunu əsas gətirmişdirlər. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin dəyişdirilməsi cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Belə ki, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə yoxlamalar apararaq iddiaçının əmək pensiyasını yenidən hesablamış və nəticədə İddiaçı ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi barədə qərar qəbul etmişdir. Yoxlamanın keçirilməsi üçün əsas kimi yalnız Nazirlər Kabinetinin müvafiq qərarı göstərilmişdir. Lakin iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri aşağıda göstərilənlərə əsasən hesab edilir ki, cavabdeh inzibati orqanın hərəkətləri eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Vaxtilə İddiaçı pensiya təyin olunarkən təqdim etdiyi sənədlərdə onun xx.xx.1976-xx.xx.1980-cı il və xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində Qazaxıstan Respublikasında “Sayak” sahə geoloji kəşfiyyat partiyasında geoloq, böyük geoloq, xx.xx.1987-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “Salyan Oil” LTD (Salyanneft NQÇİ-də) 1 №-li Neft və qazçıxarma sexində, geologiya şöbəsində operator və baş geoloq vəzifələrində işlədiyi və xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində hərbi xidmətdə olduğu qeyd edilib. Araşdırma zamanı, İddiaçı “Salyan Oil” LTD-də baş geoloq vəzifəsində işlədiyi istehsalat sahəsinin əmək şəraiti ağır və zərərli sahəyə aid olmadığı, yalnız xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.2-ci bölməsinə uyğun olduğu müəyyən edilib. Bu fakt “Salyan Oil” LTD-nin xx.xx.2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 1 il 8 gün (xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı 4 avqust 2006-cı il tarixindən Fondun Salyan rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında İddiaçı mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 14 yanvar 2025-ci il tarixində məktub göndərilməklə 23 yanvar 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Nəticədə, iddiaçıya ətraflı məlumat verilməklə adıçəkilən şəxsin mülahizələri dinlənilməsinə dair 23 yanvar 2025-ci ildə birgə akt tərtib olunub. Daha sonra, pensiya hüquqununa yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində İddiaçı vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar cavabdeh tərəfindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə ümumilikdə 62605,16 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmişdur. Məlumat üçün bildirilir ki, İddiaçı ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilib. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə cavabdehin etirazına dair yazılı münasibət (mülahizə) təqdim etmişdir. Bildirmişdir ki, inzibati məhkəmə icraatı zamanı iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, xx.xx.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək, ali təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla iddiaçının 30 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Eyni zamanda, hazırkı iş materiallarına əlavə edilmiş Karaqanda vilayəti Mədəniyyət, Arxiv və Sənədləşmə İdarəsi "xxxx" Kommunal Dövlət Müəssisəsinin xx.xx.2025-ci il tarixli А-1253ЖТ arxiv arayışının məzmunundan və iddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən etmək olar ki, iddiaçı xx.xx.1976-xx.xx.1980-ci il və xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində geoloq və baş geoloq vəzifələrində çalışmışdır. Beləliklə, iddiaçının ümumilikdə 9 il, 1 ay, 13 gün iş stajı dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Dağ-Mədən işləri bölməsinin (İ) Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda, drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndində (1) geoloqlar (1010100q- 20589), sahə geoloqları (1010100q-20591), baş geoloqlar (1010100q- 20677), hidrogeoloqlar (1010100q-20601) vəzifələrinə aiddir. Belə ki, hazırkı iş materiallarına əlavə edilmiş internet informasiya portalının çıxarışından görünür ki, 1976cı il tarixdə “X2 Ekspedisiyası’nın tərkibinə daxil olmuş “X3 Partiyası” Qazaxıstan Respublikasında dağ-mədən işləri, yəni faydalı qazıntı yataqlarının (mis, fliz və qızıl) axtarışlarını həyata keçirirdi. Məlum olduğu kimi, geoloq faydalı qazıntı yataqlarının aşkar olunması və dəyərləndirilməsini həyata keçirən, həmçinin yer təkinin digər xüsusiyyətlərini öyrənən mütəxəssisdir. Ekspedisiya şəraitində iş məhdud sayda üzvü olan kollektivin tərkibində görülür, bu da geoloqdan digər insanlara qarşı dözümlülük, birgə yaşamaq qabiliyyəti, çöl şəraiti ilə əlaqədar müxtəlif məişət çatışmazlıqlarına real yanaşmaq qabiliyyətinə malik olmağı tələb edir. Bu da bir daha onu sübut edir ki, sözügedən vəzifə sahibləri ağır iş şəraitində əmək funksiyalarını həyata keçirirlər. Əlavə olaraq bildirilir ki, iddiaçı xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cu il və xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər ərzində hazırkı “Salyan OİL” şirkətində neft və qaz hasilatı sexində operator, elmi-tədqiqat və istehsalat işləri üzrə geoloq vəzifələrində çalışmışdır. Beləliklə, iddiaçı ümumilikdə 7 il 3 ay 10 gün dövr ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Qazma, neftin, qazın və qazın kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şiştin emalı” bölməsinin (********) quyularda geofiziki tədqiqatlar aparan mədən-geofıziki partyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları (2130100b-17541) altbölməsi üzrə geoloq olaraq əmək funksiyalarını həyata keçirmişdir. Yuxarıda qeyd olunan işin hallarından müəyyən etmək olar ki, xx.xx.1976 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində iddiaçının ümumilikdə 16 il 4 ay 23 gün güzəştli şərtlərlə iş stajı mövcud olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -DSMF-nin Salyan rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2007-ci il tarixli, 101 nömrəli qərarının surətindən görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1379/2025 nömrəli qərarının surətindən görünür ki, DSMF-in Salyan rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmişdir. -Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1380/2025 nömrəli qərarına əsasən, iddiaçıya xx.xx.2006-cı ildən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (1944,28 manat) cavabdeh tərəfindən aparılmış xidməti araşdırma səbəbindən dayandırılmışdır. -X4 Sistemindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən İddiaçı sonuncu 1944,28 AZN məbləğində ödəniş xx.xx.2024-cü il tarixdə olmuşdur. -xx.xx.1976-cı il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus EТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə qədər və xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilə qədər Qazaxıstan Respublikasının “Sayak” sahə geoloji kəşfiyyat partiyasında geoloq, böyük geoloq, xx.xx.1987-ci ildən xx.xx.2013-cü ilədək “Salyanneft” Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft qazçıxarma sexində (xx.xx.1999-cu il tarixli əmrlə İdarənin adı dəyişdirilərək "xxxx" Şirkəti olmuşdur) operator, geoloq, geologiya işləri üzrə rəis müavini və baş geoloqun köməkçisi vəzifələrində işləmişdir. -Cavabdeh tərəfindən istinad edilmiş, "xxxx" Şirkətinin xx.xx.2024-cü il tarixli, aktının surətindən görünür ki, yoxlama zamanı müəyyən olunmuşdur ki, xx.xx.1999-cu il tarixədək “Salyanneft” NQÇİ kimi fəaliyyət göstərmiş "xxxx" Şirkəti sənayenin neft və qaz çıxarma sahəsinə aid olmaqla, quruda neft və qaz hasilatı üzrə işləri yerinə yetirir. İddiaçı Əbdüləhəd oğlu xx.xx.1987-ci ildən xx.xx.2012-ci ilədək həmin müəssisənin 1 №-li neft və qaz çıxarma sexində, xx.xx.2012-ci-xx.xx.2013-cü illər ərzində İdarənin geologiya şöbəsində “baş geoloq” vəzifəsində işləmişdir. Bu istehsalat sahəsi əmək şəraiti ağır və zərərli hesab edildiyindən bu sahədə çalışan əməkdaşların əsas məzuniyyətinə və əmək haqqında qanunvericilikdə nəzərdə tutulmuş əlavələr hesablanır. İşlədiyi geoloq peşəsi istehsalat-texniki xüsusiyyətlərinə görə, Siyahıda nəzərdə tutulmuş “mədən geofizik (quyularda tədqiqat aparan) dəstələrin mütəxəssisləri” ilə eyni deyil. İşin faktiki hallarından və iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilir ki, iddiaçı hazırda ona 52 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən hesablanmaqla xx.xx.2007-ci il tarixli qərarla təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. (AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). İş üzrə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi sənədlərdə onun xx.xx.1976-xx.xx.1980-cı il və xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində Qazaxıstan Respublikasında “Sayak” sahə geoloji kəşfiyyat partiyasında geoloq, böyük geoloq, xx.xx.1987-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “Salyan Oil” LTD (Salyanneft NQÇİ-də) 1 №-li Neft və qazçıxarma sexində, geologiya şöbəsində operator və baş geoloq vəzifələrində işlədiyi və xx.xx.1980xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində hərbi xidmətdə olduğu qeyd edilib. Araşdırma zamanı, İddiaçı “Salyan Oil” LTD-də baş geoloq vəzifəsində işlədiyi istehsalat sahəsinin əmək şəraiti ağır və zərərli sahəyə aid olmadığı, yalnız xx.xx.1987-xx.xx.1988ci il tarixləri arasındakı dövr ərzində işlədiyi operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.2-ci bölməsinə uyğun olduğu müəyyən edilib. Bu fakt “Salyan Oil” LTD-nin xx.xx.2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 1 il 8 gün (xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı 4 avqust 2006cı il tarixindən Fondun Salyan rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Göstərilən əsaslardan çıxış edərək cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2025-ci il tarixli qərarlarla dayandırılmış və ləğv edilmişdir. Məhkəmə cavabdehin bu qənaəti ilə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçıya xx.xx.2007-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 19 il sonra, yəni xx.xx.2025-ci il tarixdə iddiaçının əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Analoji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından (★★★) qeyd olunmuşdur ki: “50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. 51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. 52. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 avqust 2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. 53. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin etməyə səbəb olan hal kimi qəbul etdiyi məsələ elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, habelə məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1380/2025 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1379/2025 saylı qərarları ləğv edilməli, iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1380/2025 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1379/2025 saylı qərarları ləğv edilsin. İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixindən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8327/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8327/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver