Məhkəmə qərarları › İş №e-2-1(112)-8328/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8328/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8328/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “İsmayılbəyli və Partnyorları” vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X2 (Ağdam rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1873-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaşa görə əmək pensiyası hüququnun 01 iyul 2013-cü il tarixdən yarandığı nəzərə alınaraq ümumi əmək stajı ilə yanaşı təhsildən əvvəlki iş stajı, təhsil və internatura müddəti nəzərə alınmaqla hesablanmış əmək pensiyasının həmin tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1873-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaşa görə əmək pensiyası hüququnun 01 iyul 2013-cü il tarixdən yarandığı nəzərə alınaraq ümumi əmək stajı ilə yanaşı təhsildən əvvəlki iş stajı, təhsil və internatura müddəti nəzərə alınmaqla hesablanmış əmək pensiyasının həmin tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1950-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1966-cı ildə orta məktəbi qurtardıqdan sonra başlamışdır. Belə ki, 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işləmiş, istehsalatda işlədiyi dövrdə Azərbaycan Dövlət Tibb institutuna daxil olmuş və 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi institutda pediatriya ixtisası üzrə təhsil almışdır. Beləliklə, instituta daxil olduqda artıq əmək kitabçası var idi. İnstitutu bitirdikdən sonra 03 avqust 1973-cü ildə 26 Bakı Komissarı adına 1 nömrəli X4 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsinə qəbul olunmuş və 22 iyul 1974-cü ilədək orada internatura keçmişdir. 22 iyul 1974-cü ildə internatura müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Dəmir Yolunun HSX-nin sərəncamına göndərilmiş və 06 mart 1975ci ildən 06 iyul 1976-cı ilə qədər Azərbaycan Dəmir Yolu Biləcəri Stansiyasının həkim sahəsində həkim pediatr, 06 iyul 1976-cı ildən 02 yanvar 1985-ci ilədək uşaqlar üzrə həkim-otolarinqoloq, 02 yanvar 1985-ci ildən 02 yanvar 1990-cı ilədək böyüklər üçün poliklinikanın həkim-otolarinqoloqu, 02 yanvar 1990-cı ildən 03 avqust 1990-cı ilədək 0.5 vahid həkim- otolarinqoloq vəzifəsində saxlanılmaqla 0.5 vahid cərrahiyyə şöbəsində şöbə müdiri, 03 avqust 1990-cı ildən 02 iyun 1992-ci ilədək 1.0 vahid həkim-otolarinqoloq, 02 iyun 1992-ci ildən 02 iyun 1998-ci ilədək Azərbaycan Dəmir Yolunun X1 baş həkimi, 01 fevral 2000-ci ildən 07 iyul 2002-ci ilədək Yol PEM-in X8 Xidmət Şöbəsində həkiminspektor, 07 iyul 2002-ci ildən 01 avqust 2002-ci ilədək X5 həkim-inspektor, 01 avqust 2002-ci ildən 04 fevral 2003-cü ilədək 0.5 vahid həkim-statist, 04 fevral 2003-cü ildən 14 iyun 2011-ci ilədək 1.0 vahid həkim-statist vəzifələrində çalışmışdır. 02 sentyabr 2013-cü ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan 29 yanvar 2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək 2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə istinad etməklə 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illərin və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövrün də ümumi iş stajına daxil edilərək pensiyanın yenidən hesablanmasını istəmişdir. Müraciətinə cavab verilmədiyi üçün 16 fevral 2021-ci il tarixli təkrar ərizə ilə müraciət edərək, eyni zamanda yaşa görə əmək pensiyası hüququn 01 iyul 2013-cü il tarixdən yarandığı üçün təhsil aldığı illərə görə əmək pensiyasının həmin tarixdən hesablanmasını istəmişdir. Bundan sonra müraciətinə cavabdeh 05 mart 2021-ci il tarixində sms vasitəsilə qısa olaraq bildirib ki: “xx.xx.2006-cı il tarixədək təhsil illəriniz nəzərə alınmaqla sizə 35 il 11 ay sığorta stajına uyğun olaraq 306,68 manat pensiya təyin edilmişdir. Keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyanıza əlavə edilərək ödəniləcəkdir". SMS cavabda təhsil aldığı dövrlərin iş stajına daxil edildiyi bildirilsə də, konkret olaraq hansı müddətin nəzərə alındığı, həmin dövrlərə görə əmək pensiyasının hansı tarixdən hesablandığı qeyd edilməmişdir. Təhsil aldığı müddətin pensiyanın hesablanması zamanı staj kimi nəzərə alındığı bildirilsə də, bunu təsdiq edən sübut ona təqdim edilməmişdir. Eləcə də hesablanmış əmək pensiyasının məbləği onu qane etmədiyi üçün 27 aprel 2021-ci ildə rəsmi ərizə ilə müraciət edərək hesablanmış əmək pensiyası barədə məlumatın təqdim edilməsini istəmişdir. Müraciətinə cavabdeh tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli, **********3 nömrəli məktubda bildirilib ki: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Araşdırma məlumatına əsasən bildiririk ki, müraciətinizə və təqdim etdiyiniz sənədlərə əsasən xx.xx.2006-cı ilədək əyani təhsil aldığınız müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajınız və fərdi hesabınızın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra toplanmış 3010,78 manat pensiya kapitalınız nəzərə alınmaqla pensiyanız həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Əmək pensiyanızın yenidən hesablanması zamanı keçmiş dövr üzrə yaranmış fərq məbləği 2021-ci ilin aprel və may aylarında aylıq pensiya məbləği ilə birlikdə müvafiq kart hesabınıza köçürülmüşdür". Göründüyü kimi, ona yenə də ali təhsil aldığı dövrlərin iş stajına daxil edildiyi bildirilsə də, konkret hansı müddətin ümumi staja daxil edildiyi, həmin dövrlərə görə əmək pensiyasının hansı tarixdən hesablandığı qeyd edilməyib. Yenə də ali təhsil aldığı müddətin pensiyanın hesablanması zamanı staj kimi nəzərə alınması barədə ona sübut təqdim edilməmişdir. Pensiya hesablanarkən hansı illərin (həm təhsil, həm də iş stajı) nəzərə alındığı, pensiyanın necə hesablandığı ona məlum deyildir. Yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması barədə məlumatın təqdim edilməsi barədə müraciətinə isə baxılmamışdır. Cavabdehin hər iki cavabda bildirdiklərini əsassız hesab edir. xx.xx.2006-cı ilədək əyani təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajın müəyyən edilməsi mümkün deyildir. Çünki onun iş stajı məhz təhsil və internatura illəri daxil edilmədən o qədərdir. Təhsil aldığı dövrlər, internatura keçdiyi müddət və əmək kitabçasında qeyd edilmiş iş stajı nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixədək 41 ildən artıq ümumi iş stajı vardır. Əgər 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmış olsaydı, o zaman aldığı pensiyanın məbləği əhəmiyyətli dərəcədə artmış olardı ki, bu da baş verməmiş, əksinə, yenidən hesablamadan sonra pensiyanın məbləği çox cüzi - 17 manat (?) artırılaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan sosial təminat hüququnu pozmuşdur. Yaşa görə əmək pensiyası düzgün hesablanmalı, pensiyaya çıxdığı müddətdən yaranmış pensiya fərqi ona ödənilməlidir. Belə ki, onun yaşa görə əmək pensiyası hüququ 01 iyul 2013-cü il tarixdən yarandığı üçün buna müvafiq olaraq təhsil və internatura müddətinin ümumi iş stajına daxil edilməklə həmin dövrlər üzrə əmək pensiyasına əlavə də 01 iyul 2013-cü il tarixdən hesablanmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçıvə xx.xx.2013-cü il tarixdə yasa görə əmək pensiyası tətin edilmişdir. İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1973-cü il tarixədək ali təhsil aldığı, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək internatura keçdiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə Fondun Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Fondun xx.xx.2021-ci il tarixli **********3 nömrəli “Pensiyanın yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək əyanı təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra toplanmış 3010,78 manat pensiya kapitalı nəzərə alınmaqla onun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 289,12 manatdan 306,68 manata çatdırıldığı qeyd olunmuşdur. Həmçinin həmin məktubda iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş dövr üzrə yaranmış fərq məbləği 2021-ci ilin aprel və may aylarında aylıq pensiya məbləği ilə birlikdə müvafiq kart hesabına köçürüldüyü qeyd olunmuşdur. İddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarda qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli **********0 nömrəli xidməti məktub ilə müraciət edilmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixli **********6 nömrəli xidməti məktub ilə sözügedən məsələlərə aydınlıq gətirilmiş və bildirilmişdir ki, İddiaçı sığorta stajı xx.xx.1967-ci il tarixindən xx.xx.1973-cü ilədək təhsil aldığı dövr, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlər daxil edilməklə 35 il 11 il 14 gün təşkil edir." İddiaçı əmək pensiyasının məbləği 35 il 11 ay 14 gün sığorta stajına əsasən müvafiq qaydada hesablanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi G.Hüseynova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE 00****** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1950-ci il tarixdə Samux rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 02 iyun 2021-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı müraciətinə və təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı ilədək əyani təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajının və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra toplanmış 3010,78 manat pensiya kapitalınız nəzərə alınmaqla pensiyanız həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş dövr üzrə yaranmış fərq məbləği 2021-ci ilin aprel və may aylarında aylıq pensiya məbləği ilə birlikdə müvafiq kart hesabınıza köçürülmüşdür. İddiaçının 108869 nömrəli diplomunun surətinə əsasən 1967-ci il tarixdən 1973-cü il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda “pediatriya” fakültəsində əyani təhsil almışdır. İddiaçının 399 nömrəli vəsiqəsinin surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 26 Bakı Komissarı adına 1 nömrəli X4 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsində internatura keçmişdir. İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə mürəciət edərək 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illərin iş stajına daxil edilərək həmin illərə görə əmək pensiysının yaşa görə əmək pensiyası hüququnun yarandığı 01 iyul 2013-cü il tarixdən hesablanmasını xahiş etmişdir. 0058608 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1972-ci ilədək 26 Bakı Komissarı adına 1 nömrəli X4 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsində, Azərbaycan Dəmir Yolu Biləcəri stansiyasının Həkim sahəsində xx.xx.1975-ci ildən həkim pediatr, xx.xx.1976-cı ildən uşaqlar üzrə həkim otolarinqoloq, xx.xx.1985-ci ildən böyüklər üçün poliklinikanın həkim-otolorinqoloqu, xx.xx.1990-cı ildən 0,5 vahid həkim-otolorinqoloq saxlanılmaqla 0,5 vahid cərrahiyyə şöbəsində şöbə müdiri, xx.xx.1990-cı ildən şöbə müdiri vəzifəsindən azad edilərək 1.0 vahid həkim-otolorinqoloq, Azərbaycan Dəmir Yolunun Biləcəri qovşaq poliklinikasında xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər HSX-nin HK saylı xx.xx.1992-ci il tarixli əmrinə əsasən poliklinikanın Baş həkimi, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər “ASƏRDƏ” kiçik müəssisəsində direktoru, Azərbaycan Dövlət Dəmir X16 və Epidemologiya Mərkəzində xx.xx.2000-ci ildən Yol GEM-in X8 xidmət şöbəsində həkiminspektor, xx.xx.2002-ci ildən İnzibati işçilər aparatında həkim-inspektor, xx.xx.2002-ci ildən 0,5 vahid həkim statist, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilədək 1,0 vahid həkim statist vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən xx.xx.2013-cü il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı pensiya məbləği yenidən hesablanaraq (təyinatdan əvvəlki 289,11 manat) 306,68 manat olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli əmək pensiyasının təyin olunması haqqında qərarına əsasən xx.xx.2013-cü il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı pensiya məbləği xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq (təyinatdan əvvəlki 317,11 manat) 318,47 manat olmuşdur. Qeyd: 1967-ci ilin arxiv sənədlərin olmadığı və xx.xx.1998-xx.xx.2000-ci illər əmək kitabçasında möhürsüz qeyd olunduğundan sığorta stajına əlavə edilməsi mümkün hesab edilmir. Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon X10 Sosial Müdafiə Fondunun X6 ünvanladığı xx.xx.2022-ci il tarixli 167 nömrəli məktubunda bildirilir ki, rayon Dövət Arxivində 97 saylı fondda mühafizə edilən sabiq Qırmızı Samux kolxozunun (AİM) 1966-cı il üzrə şəxsi heyəta dair sənəd materialları yoxlanıldı, vətəndaş Qazıyev Firukunun işləyib qazandığı əmək haqqı aşağıdakı kimi qeyd olunub: 1966-cı il – 90 əmək günü – illik pul 234 – min. norma əmək günü 230 – briqada nömrəsi qeyd olunmayıb (əsas: Fond 97, siyahı 02 nəticə kitabı). Qeyd: Bərdə rayon Dövlət Arxivində mühafizə olunan Qırmızı Samux kolxozunun 1967-ci ila aid şəxsi heyət üzrə sənəd materialları tapılmadı. xx.xx.2022-ci il tarixli akta əsasən, aktı tərtib edənlər X11 Filialının Pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X7, aparıcı mütəxəssisi X3 və Bərdə rayon Dövlət Arxivinin müdiri X14maqla, İddiaçı xx.xx.1966-xx.xx.1967-cı illərdə Bərdə rayonu sabiq Qırmızı Samux kolxozunda işləməsi faktının yerində qarşılıqlı araşdırılması nəticəsində məlum olmuşdur: 1966-cı il – 90 əmək günü – illik pul 234 – min. norma əmək günü 230 – briqada nömrəsi qeyd olunmayıb (əsas: Fond 97, siyahı 02 nəticə kitabı). Qeyd: Bərdə rayon Dövlət Arxivində 97 saylı Fondda mühafizə olunan şəxsi heyətə dair sənədlərində vətəndaşın adı Qazıyev Firuk kimi qeyd edilmiş, ata adı göstərilməmişdir. Fondda mühafizə olunan 1967-ci ila aid şəxsi heyətə dair sənəd materiallarında (şəxsi hesab kitabı, nəticə cədvəli) vətəndaşın adına rast gəlinmədi. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən iddiaçının pensiya işinin əsli və pensiya işinin təsdiq olunmuş surəti, o cümlədən 074887 nömrəli uçot vərəqinin, pensiyasının hesablanma qaydasına dair cədvəlin surətləri məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən əmək pensiyası təyin edilməsi, daha sonra yenidən hesablanması zamanı iddiaçının əmək kitabçasında qeyd edilmiş iş stajı tam (əmək fəaliyyətinin bütün dövrləri) və təhsil müddəti nəzərə alınmamışdır. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1873-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla pensiyanın xx.xx.2013-cü ildən yenidən hesablanması, xx.xx.2013-cü ildən yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) mək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2006-cı il tarixədək əyanı təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra toplanmış 3010,78 manat pensiya kapitalı nəzərə alınmaqla nəzərə alınmaqla 289,12 manatdan 306,68 manata, xx.xx.2022-ci il tarixdə yenidən hesablanaraq idiaçının 35 il 11 ay 14 gün sığorta stajı, xx.xx.1967-ci il tarixindən xx.xx.1973-cü ilədək təhsil aldığı dövr, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlər nəzərə alınmaqla 318,77 manata çatdırılmışdır. Cavabdeh 1967-ci ilin arxiv sənədlərin olmadığı və xx.xx.1998-xx.xx.2000-ci illər əmək kitabçasında möhürsüz qeyd olunduğundan sığorta stajına əlavə etməmişdir. İş materiallarında olan pensiya işindən görünür ki, iddiaçıya pensiya məbləğinin hesablanması zamanı əvvəlcə onun xx.xx.1967ci il tarixindən xx.xx.1973-cü ilədək təhsil aldığı dövr, ikinci dəfə isə xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək işlədiyi dövr nəzərə alınmamışdır İşin faktiki hallarına əsasən iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2013-cü ildə iddiaçının əmək kitabçası ilə təsdiq edilmiş iş stajı nəzərə alınmaqla cavabdehin müvafiq qərarı ilə təyin edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallardan göründüyü kimi iddiaçının təhsil aldığı müddət də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə etdiyi müraciətindən sonra (2021-ci ilin fevral ay), cavabdeh iddiaçının əmək kitabçasında əks etdirilən əmək fəaliyyətinin ayrı-ayrı dövrlərin nəzərə almaqdan imtina etməklə, iddiaçının əmək pensiyası məbləğini 2022-ci ilin iyul ayından 253 manata qədər azaltmış, iddiaçıya artıq ödənilmiş məbləğ tutulacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini qanunvericiliyin tələblərinə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Faktiki olaraq cavabdeh qəbul etdiyi inzibati aktı ilə iddiaçıya müəyyən etdiyi pensiya məbləğinin sonradan azaldılması kimi hərəkəti etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Belə ki, qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki,”prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun xx.xx.1998-xx.xx.2000-ci illərdə “ASƏRDƏ” kiçik müəssisəsində direktoru, Azərbaycan Dövlət Dəmir X16 və Epidemologiya Mərkəzində xx.xx.2000-xx.xx.2011-ci illərdə həkim inspektor vəzifəsində işləməsi təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1998-xx.xx.2011-ci illərdə “ASƏRDƏ” kiçik müəssisəsi və Azərbaycan Dövlət Dəmir X16 və Epidemologiya Mərkəzi dövlət müəssisəsidir; onun dövlət qeydiyyatına alınması, onun tərəfindən vergi orqanlarına və DSMF-yə müvafiq hesabatların verilməsi, arxiv sənədlərin Dövlət Arxivinə təhvil verilməsi iddiaçının səlahiyyət və nəzarət sferasına aid deyil. Məhkəmə hesab edir ki, cavabdehin “əsaslı” saydığı şübhələr rəhbər tutulmaqla apardığı araşdırma nəticəsində müəyyən etdiyi hallar (müəssisənin dövlət qeydiyyatının təsdiq edilməməsi, mdss haqları üzrə hesabatların və digər arxiv sənədlərin aşkar edilməməsi) sözügedən dövlət müəssisəsinin fəaliyyətinin olmamasına, iddiaçının bu müəssisində işləməməsinə dəlalət etmir. Buna görə də iddiaçının əmək fəaliyyəti barədə məlumatları özündə əks etdirən əmək kitabçasını nəzərə alınmasından cavabdehin imtinası qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iddiaçının xx.xx.1967-xx.xx.1973-cü illərdə təhsil aldığı dövrlərin iş stajı kimi nəzərə alınması barədə tələbini aşagıda göstərilənlərə görə əsaslı hesab edir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə onu da qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, qanunvericilikdə iş stajında nəzərə alınan təhsil müddəti yalnız əyani təhsil forması ilə məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Cavabdeh tərəfindən həmin əmək kitabçasında olan məlumatların və diplomun həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək kitabçasında göstərilən bütün məlumatlar, o cümlədən cavabdehin mübahisə etdiyi dövr üztə məlumatlar və təhsil müddəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin faktiki hallarına əsasən, iddiaçı pensiya məbləğinin yenidən hesablanması barədə ərizə ilə 2021-ci ilin fevral ayında cavadehə müraciət etmişdir. Belə olan halda iddiaçının müraciət edilən tarixdən əvvəlki 3 il üçün, yəni 2018-ci ilin fevral ayından pensiya məbləğini yenidən hesablanması və yaranmış fərqi almaq hüququ mövcuddur. Məhkəmə iddiaçının, 1967-ci ildən 1973-cü ilə qədər təhsil müddəti və 1974-cü ildən 2011-ci ilədək iş stajını əmək kitabçasına əsasən nəzərə almaqla, əmək pensiyasının yenidən hesablanması tələbində haqlı hesab etsə də, əmək pensiyasının xx.xx.2013-cü ildən yenidən hesablanması hissəsində yuxarıda göstərilən əsaslara görə haqlı hesab etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1873-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə (01 iyul 2013-cü il tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi) rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1873-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının 2018-ci ilin fevral ayından yenidən hesablanması, yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə(Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar