Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8333/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 173 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh **********85 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənəd olan üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin, İdarənin arxivində saxlanılan “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 173 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 22 iyun 1986-cı ildə “Bakı komissarı adına mətbəə”sində işə başlamışdır. 6 may 1988-ci ildə həmin mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində ona Dübəndi Qəsəbəsi 9-cu cənub küçəsində yerləşən 173 saylı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ayrıldığı gündən bu günə kimi fasiləsiz istifadəsindədir. Dübəndi qəsəbəsi, 9-cu cənub küçəsində yerləşən 173 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 06 mart 2024-cü il tarixdə müraciət etmiş və onun ərizəsi ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin 35 gün keçməsinə baxmayaraq hələ də müraciətinə bir cavab verilməmişdir. “Bakı komissarı adına mətbəə”si nəzdində yaradılmış “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının iclasının 6 may 1988-ci il tarixli 2 nömrəli protokolundan çıxarışda torpaq sahəsi ayrılmış üzvlərin siyahısında iddiaçının adı 3-cü sıradadır. Həmin siyahıda adı qeyd olunan və iddiaçının sərhəd qonşusu olan X2 174 saylı torpaq sahəsi ayrılmış, o da öz növbəsində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətindən imtina etmişdir. Daha sonra X4 Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin olunmamışdır. Sonradan qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəməsinin Qərarını ləğv edərək yeni qərar qəbul etmiş, X1 “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində ayrılmış 174 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır. Siyahıda adı qeyd olunan X3 da Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi 8-ci Cənub küçəsi 146 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh orqan tərəfindən imtna edildiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10453/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edilmiş, qərardan cavabdeh orqan tərəfindən şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. “Çapçı” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının nəzdindəı torpaq sahəsi ayrılmış digər vətəndaş X7 Qızı da cavabdeh orqan tərəfindən 156 saylı bağ sahəsi üzərində hüquqların qeydiyyatından cavabdeh orqan tərəfindən imtina edildikdən sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin edilmiş, qərardan cavabdeh orqan tərəfindən şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənəd olan üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.1988-ci il tarixli protokol arxivdə aşkar edilməmişdir. Həmçinin, idarənin arxivində saxlanılan “Çapçı” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 26 Bakı Komissarı adına mətbəənin nəznində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 2 №-li, xx.xx.1988-ci il tarixli protokolundan görünür ki, həmin protokol ilə Əzizbəyov rayonu Dübəndi kəndəndə mətbəə işçiləri üçün bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin siyahıda iddiaçının da adı 3-cü sırada göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, torpaq (bağ) sahəsi digər qonşu bağ sahələri ilə bir hasar daxilindədir. Ara sərhəddi 2-4 daş hündürlüyündə mişar daşı ilə hasarlanmışdır. Faktiki sahəsi 500 kv.m təşkil edir. Üzərində tikili yoxdur İddiaçı hazırda bu sənədə istinad edərək, onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Çapçı” bağçılıq yoldaşlıq birliyi nəznində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 173 (9-cu cənub küçəsi) saylı bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Həmçinin işdən görünür ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1988-ci il tarixli protokol İdarənin arxivdə aşkar edilməmiş, iddiaçının adı isə arxivə təhvil verilmiş “Çapçı” bağçılıq yoldaşlığın üzvlərinin siyasında olmamışdır. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşdən görünür ki, “Çapçı” bağçılıq yoldaşlığa dair sənədlər İdarəyə təhvil vrilsə də, həmin sənədlərdə iddiaçıya aid heç nə olmamışdır. İddiaçı tərəfindən təqdim edilən protokola gəldikdə, iş materiallarına əlavə edilmiş həmin protokoldan görünür ki, protokol 1988-ci il tarixli olmaqla kiril qrafikalı əlifba ilə tərtib edilsə də, protokolu təsdiq edən möhür latın qrafikalı əlifba ilə hazırlanmışdır, hansı ki, 1988-ci ildə həmin əlifbadan istifadə edilmirdi. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etsə də, bu hüququn təsbit edilməsi üçün tələb olunan mötəbər və hüquqi əsaslı sənədlərin mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, həmin sənədin mötəbərliyinin müəyyən edilməsi mümkün deyil, çünki aidiyyəti dövlət qurumunun arxivində həmin sənədə dair hər hansı məlumat aşkar olunmamış, mövcud sənədlər toplusunda isə iddiaçının adı ilə bağlı hər hansı istinad və ya qeydə rast gəlinməmişdir. Bu, təqdim olunmuş sənədlərin həqiqiliyinə və hüquqi qüvvəsinə ciddi şübhələr doğurur. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə təcrübəsinə istinad edərək, oxşar məhkəmə qərarları əsasında hüquqlarının tanınmasını və qeydiyyatının təmin olunmasını tələb etmişdir. Məhkəməyə təqdim olunan qərarlarda adıçəkilən şəxslər mübahisəli torpaq sahələrinə dair hüquqlarını təsdiq edən üzvlük kitabçalarına və hüquqi əsası təsdiq edən protokoldan çıxarışlara malik olmuşlar. Belə halların mövcudluğu həmin qərarların hüquqi nəticələrinin əsasında durduğu halda, hazırkı iş üzrə belə sənədlərin və ya hüquqi əsasların olmaması, iddiaçının tələbini hüquqi baxımdan fərqli vəziyyətə gətirir. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və onun hüquqlarının pozulmasına səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı tərəfindən həmin sənədlər təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin təmini üçün əsas mövcud deyil. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-8333/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8333/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver