Məhkəmə qərarları › İş №e-2-1(112)-8358/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8358/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8358/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1, Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X11) qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi, eləcə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, X3 28 dekabr 2006-cı il tarixli, 2477 saylı qərarı əsasında 5000 kv. metr torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, X3 28 dekabr 2006-cı il tarixli, 2477 saylı qərarı əsasında iddiaçıya satılmış 5000 kv. metr torpaq sahəsinin 4600 kv.m (0.46 ha) hissəsinin İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, X3 28 dekabr 2006-cı il tarixli, 2477 saylı qərarı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin hüdudları daxilində, istifadəsində olan 5000 kv. metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmış və tərəflər arasında buna dair alqı-satqı aktı bağlanılmışdır. Torpaq sahəsinin 4000 (dörd min) manatdan ibarət olan dəyəri 676326 nömrəli qəbzlə tam şəkildə ödənilmişdir. Həmin torpaq sahəsinin planı hazırlanmış və təsdiq olunaraq iddiaçıya təqdim olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədlərinin verilməsini xahiş etmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 06 fevral 2025-ci il tarixli, 3-21-3-30/2-7-0010-8/2025 saylı cavab məktubu ilə İddiaçı - İddiaçı müraciətinin icrasından imtina edilmişdir. Həmin cavab məktubu İddiaçıya 04 mart 2025-ci il tarixdə, 7 saylı“ASAN xidmət” mərkəzində təqdim olunmuşdur. Cavabdeh təşkilat müraciətin icrasından imtinanı onunla əsaslandırmışdır ki, X5 X7 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmamışdır. Həmin cavab məktubunda həmçinin qeyd olunmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgisəlahiyyətlişəxs tərəfindən imzalanmamışdır. İddiaçı bildirir ki, hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində X5 X7 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumatın mövcud olmaması, həmçinin, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmaması və cizginin səlahiyyətlişəxs tərəfindən imzalanmaması ilə bağlı hallar, hüquqların dövlət qeydiyyatından imtina olunmasına əsas verən hal kimi nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh təşkilatın cizginin səlahiyyətli şəxs tərəfindən imzalanmadığı barədə mövqeyi də aydın deyildir. Burada həmçinin nəzərə alınmalıdır ki, alıcı olan vətəndaş aldığı torpaq sahəsinə dair cizginin kim tərəfindən imzalanmalı olduğunu bilməyə də borclu deyildir. Buna görə də iddiaçı hesab edir ki, cavabdeh təşkilatın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə istinad edərək, qeyd olunan torpaq sahəsi üzərində İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası qanuni və əsaslısayıla bilməz.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, X5 X7 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının melumatları dövlət orqanlarının, bələdiyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15 1 2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı əsəbə bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli, 2477 saylı qərarı əsasında İddiaçıya satılmış 5000 kv. metr torpaq sahəsinə İddiaçı – İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədlərinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı qeyd edilənlərlə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmiş və **********20 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş yerləşmə cizgisində bələdiyyənin qərarına istinad edilməmişdir. Eləcə də, cizgidə istinadlar və məsafələr qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş dövlət mülkiyyəti torpağıdır. Eləcə də, faktiki sahənin 1471 kv.m hissəsi icarə hüququ ilə X12 və X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə, 540 kv.m hissəsi isə "xxxx" ASC-nin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin bir hissəsinin tam hasarlanmadığı müəyyən edilmiş, həmçinin sahənin yaxınlığından 35 klV-luq elektrik xətti, daxilindən isə yerüstü, orta təzyiqli qaz xətti keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş edilir.

6. Bakı şəhəri Binəqədi rayonu X3 “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin alqı - satqı qaydasında ayrılması haqqında” xx.xx.2006-cı il tarixli 2477 nömrəli Qərarı ilə Binəqədi Rayonu Binəqəsi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 5000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.

7. İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən İddiaçı tərəfindən verilmiş X6 xx.xx.2006-cı il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 5000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 2477 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Kapital bankının 1 saylı hesabına əvvəlcədən 4000 manat haqq ödənilmişdir (Qəbz 676326).

8. Binəqədi rayonu X11 tərəfindən verilmiş AİT 676326 nömrəli X15 Qəbzinə əsasən İddiaçı tərəfindən torpağın alqı-satqı ödənişi olaraq 4000 (dörd min manat) ödənilmişdir.

9. Binəqədi rayonu X11 tərəfindən vətəndaş İddiaçı ayrılan 5000 kv.m torpaq sahəsinin cizgisi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Binəqədi rayonu X11 tərəfindən təsdiq edilmişdir).

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən faktiki olaraq göstərilən torpaq sahəsi bir tərəfdən mişar daş hasar və qismən şərtidir. Torpaq sahəsi qərb tərəfdən qonşu tikilinin çöl divarı və qismən şərtidir. İki tərəfdən mişar daş hasarla sərhədlənib. Tikili yoxdur. Torpaq sahəsinin sxemdə göstərildiyi kimi üzərindən bir ədəd diametri 108.0 mm və 400.0 mm olan yerüstü qaz boru xətləri keçir. Faktiki olaraq göstərilən torpaq sahəsi Binəqədi şossesinin sol kənarında yerləşir. Faktiki olaraq göstərilən torpaq sahəsinin bir tərəfdən sxemlə göstərildiyi kimi 17.3 m - 14.3 m və 6.4 m məsafələrdən 35 kV-lıq YGE hava xətti keçir. Faktiki olaraq göstərilən torpaq sahəsinin bir hissəsi **********22 reyestr nömrəsi ilə X2 adına qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş yerləşmə cizgisi ksero surətləri olduğundan perimetrik ölçülər dəqiq oxunmur. Təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələr qeyd olunmayıb.

11. Bakı şəhəri Binəqədi rayonu X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, 2477 saylı xx.xx.2006-cı il tarixli İddiaçı istifadəsinə ayrılmış 5000 kv.m torpaq shaəsinin qərarı X3 arxivində qorunub saxlanılır.

12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu X11 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14, X12, X10, "xxxx" ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Torpaq sahəsinin ölçüsünə münasibətdə iddia tələbi digər şəxslərə məxsus sahələrlə üstüstə düşən hissədə azaldığından, eləcə də qonşuluqda olan torpaq sahələrinə dair mülkiyyət hüququ qeydə alındığından məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, X9, X4, X2, "xxxx" ASCnin inzibati məhkəmə icraatı üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etdi və izahtında bildirdi ki, iddiaçının göstərdiyi torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri üst-üstə düşür. Digər şəxslərə məxsus sahələrlə üst-üstə düşən hissələr nəzərə alınmadıqda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 4604 kv.m təşkil edir.

17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya Bələdiyyə tərəfindən ayrılmışdır.

18. X4 nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, üstüstə düşən hissələr istisna olmaqla mübahisələndirilən torpaq sahəsinə dair üçüncü şəxsin hər hansı tələbi və ya iddiası yoxdur.

II. İddianın növü və mümkünlüyü

19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

20. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

24. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

25. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

28. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.

29. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - Bakı şəhəri Binəqədi rayonu X3 “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin alqı - satqı qaydasında ayrılması haqqında” xx.xx.2006-cı il tarixli 2477 nömrəli Qərarı ilə Binəqədi Rayonu Binəqəsi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 5000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən İddiaçı tərəfindən verilmiş X6 xx.xx.2006-cı il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 5000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 2477 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Kapital bankının 1 saylı hesabına əvvəlcədən 4000 manat haqq ödənilmişdir (Qəbz 676326). - Binəqədi rayonu X11 tərəfindən verilmiş AİT 676326 nömrəli X15 Qəbzinə əsasən İddiaçı tərəfindən torpağın alqı-satqı ödənişi olaraq 4000 (dörd min manat) ödənilmişdir. - Binəqədi rayonu X11 tərəfindən vətəndaş İddiaçı ayrılan 5000 kv.m torpaq sahəsinin cizgisi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Binəqədi rayonu X11 tərəfindən təsdiq edilmişdir).

30. Məhkəmə qeyd edir ki, səlahiyyəli inzibati orqan (bələdiyyə) tərəfindən ləğv edilməmiş və ya geri çağırılmamış, yəni qüvvədə olan inzibati aktın qanuniliyinə qiymət vermək, onu təftiş etmək qeydiyyat orqanı kimi cavabdehin vəzifə və funksiyalarına aid deyildir. Qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət verilərək ləğv edilməsi səlahiyyəti onu qəbul edilmiş inzibati orqana aiddir. Hazırki işin hallarından göründüyü kimi bələdiyyə həmin qərarın etibarlılığını tanımaqla torpaq sahəsinin yerləşmə cizgisini dəqiqləşdirmişdir.

31. “İnzibati icraat haqqında” qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

32. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyətli inzibati orqan həmin aktın qüvvədə olmasını təsdiq etməklə yerləşmə cizgisini təsdiq etmişdir.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

34. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

35. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. X20 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

38. X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

39. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.

40. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Binəqədi rayonu X11 tərəfindən İddiaçı torpaq sahəsi ayrılmış (qeyd edilən fakt məhkəmə iclasında iştirak edən bələdiyyənin nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir), torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və iddiaçının qanuni sahibliyindədir.

41. Bakı şəhəri Binəqədi rayonu X11 tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur.

42. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

43. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

44. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.

45. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

46. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir. Belə ki, əksi cavabdeh tərəfindən sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu qeyd etsə də, Binəqədi rayon X6 aid torpaq sahəsinin hüdudlarını məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, cavabdeh İPM-in 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

47. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi ilə qonşuluqda yerləşən və digər fiziki şəxslərin (X14 və X12) adına daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi müəyyən edilmişdir.

48. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.

49. Cavabdeh orqan imtinanın dəlili olaraq iddiaçının istifadəsində olan 6609 kv.m faktiki sahənin 1471 kv.m hissəsinin icarə hüququ ilə X12 və X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə, 540 kv.m hissəsinin "xxxx" ASC-nin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşdüyünü bildirmiş və əraziyə dair ortofoto çıxarışını məhkəməyə təqdim etmişdir.

50. Məhkəmə bununla bağlı nəzərə alır ki, digər fiziki şəxslərə məxsus sahələrlə üst-üstə düşən hissələr nəzərə alınmadıqda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 4604 kv.m təşkil edir (qeyd edilən fakt məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir). Digər tərəfdən X4 nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, üst-üstə düşən hissələr istisna olmaqla mübahisələndirilən torpaq sahəsinə dair üçüncü şəxsin hər hansı tələbi və ya iddiası yoxdur.

51. Odur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia tələbi dəqiqləşdirilərək İddiaçı məhz 4600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb edilmişdir.

52. Cavabdeh orqan imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş dövlət mülkiyyəti torpağıdır və sahənin yaxınlığından 35 klV-luq elektrik xətti, daxilindən isə yerüstü, orta təzyiqli qaz xətti keçir.

53. Məhkəmə bununla bağlı nəzərə alır ki, cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və iddiaçının istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda xüsusi mülkiyyət hüququ ilə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. Belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftar ağalabatan hesab edilə bilməz.

54. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçıya məxsus torpaq sahəsinin faktiki yerləşmə mövqeyi Bakı şəhəri Binəqədi rayonu X11 tərəfindən təqdim olunan cizgiyə uyğundur. Cizgidə istinad məsafələri və koordinatlar dəqiq göstərilməsə də, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yetərli məlumatlar mövcuddur və torpaq sahəsinə dair ortofoto çıxarışı (yəni torpaq sahəsinin faktiki yerləşmə mövqeyi) həmin cizgiyə uyğundur. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgi torpaqayırma prosesinin tamamlandığını təsdiq edən “prima facie” sübutdur. Həmin cizgidə mütləq şəkildə koordinatların və ya istinad məsafələrinin göstərilməsi tələbi olmasa da, torpağın yerləşmə məkanını müəyyən etməyə imkan verən məlumatların olması zəruridir. Məhkəmə qeyd edir ki, təqdim edilən cizgi torpaq sahəsinin ortofoto çıxarışı ilə təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, torpaqayırma prosesi tamamlanmışdır.

55. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

56. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

57. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

58. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixli 2477 nömrəli qərarı əsasında ayrılmış 4600 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar