Məhkəmə qərarları › İş №e-2-1(112)-836/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-836/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-836/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə təşdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 694,8 kv.m olan torpaq sahəsinə dair iddiaçının atası X1 mülkiyyət hüququ tanınmaqla torpağa dair arayışın verilməsi öhdəliyinin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə təşdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən ev və 694,8 kv.m olan torpaq sahəsi atası X3 verilmişdir. Atası 2009-cu ildə dünyasını dəyişəndən sonra həmin ev üzrə vərəsəlik işi açılmış və iddiaçı vərəsə kimi tanınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə atasının mülkiyyət hüqunun tanınması və ona dair arayışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin arayışın verilməsindən imtina olunmuşdur. Ona görə də ayrılmış torpağa dair arayışın verilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********17 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinə digər fiziki şəxsin (X5) müraciəti daxil olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh Bakı şəhər Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı “plan və ölçünün verilməsi” (cizginin verilməsi) tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-12456/2023 nömrəli iş üzrə icraat başa çatana kimi dayandırılması qərara alınmışdır. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim olunan texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi olmaqla yanaşı texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinin söküldüyü müəyyən edilmişdir. “Daşı nmaz əmlakı n dövlət reyestri haqqı nda” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 25 saylı Notariat Ofisinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli x/o 1166/23 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun ünvan 3 ünvanında qeydiyyat olan vərəsəsi İddiaçı (ŞV: AZE********;FİN: xxxxxxx) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2009-cu ildə tarixdə vəfat etmiş X1 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Baki şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, ev 32 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq vəfat etmiş X3 məxsus göstərilən əmlaka arayış verilməsi Sizdən xahiş olunur. Məhkəmə sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla göndərilmiş ünvan 4 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə təşdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən cəmi tikintinin sahəsi 109.1 kv.m, cəmi meydançanın sahəsi 694.8 kv.m göstərilmişdir. Məhkəmə sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, ev 32 ünvanının texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən cəmi torpaq sahəsi 1501.8 kv.m təşkil etdiyi qeyd edilmişdir. Arxiv texniki pasporta əsasən A yaşayış evi sökülmüşdür. Texniki pasportda torpaq sahəsi 694.8 m2 göstərilmiş faktiki isə 1501.8 m2 - dir. 807.0 m2 torpaq artıqdır. Artıq torpaqda 2 mərtəbəli yaşayış evi və qaraj tikilisi mövcuddur. Torpaq sahəsində 1 mərtəbəli yararsız yaşayış evi inşa olunmuşdur. Arxiv texniki pasporta əsasən olan torpaq sahəsinin 414.0 m2-i mişar daşla hasarlanaraq təcrid olunmuşdur. Məhkəmə sorğusuna əsasən SOCAR-ın 14-2/2-6016/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, həmin 1502 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də magistral neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü müəyyən olunmuşdur. Həmçinin yeni inşa edilmiş fərdi yaşayış evi texniki pasportun baş planında göstərilən sahədən kənarda, artıq torpaq sahəsində yerləşir. Bundan əlavə, yeni inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, cavabdeh fərdi yaşayış evinin söküldüyünü, yeni inşa edilmiş fərdi yaşayış evi texniki pasportun baş planında göstərilən sahədən kənarda, artıq torpaq sahəsində yerləşdiyini, yeni inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyini, sözügedən torpaq sahəsinə digər fiziki şəxsin müraciətinin olmasını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə təsdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 694,8 kv.m olan torpaq sahəsinə dair atası X1 adına torpağa dair mülkiyyət hüququnun məxsusluğuna dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. Məhkəmə cavabdehin imtina məktubunda və iddiaya dair yazılı etirazında göstəridiyi “fərdi yaşayış evinin söküldüyü, yeni inşa edilmiş fərdi yaşayış evi texniki pasportun baş planında göstərilən sahədən kənarda, artıq torpaq sahəsində yerləşdiyi, yeni inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi” dəlili ilə bağlı bildirir ki, iddiaçı Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə təsdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda öz əksini tapan 694,8 kv.m olan torpaq sahəsinə iddia edir. Göründüyü kimi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964cü ildə təşdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdan kənarda olan torpaq sahəsi və onun üzərində sonradan inşa edildiyi fərdi yaşayış evinə iddia etmir. İddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi çıxış edən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə təşdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında öz əksini tapmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinə, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmış, iddiaçının təqdim etdiyi texniki pasport da həmin Siyahının 1.11-ci bəndinin təsiri altına düşür. Belə ki, Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İddiaçının atasının adına tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmişdir. İddiaçının iddia etdiyi, sahiblik və iitifadəsində olan torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyası Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda öz əksini tapmışdır. Texniki pasportda həmçinin, torpaq sahəsinin 694.8 kv.m olduğu qeyd olunmuşdur. Bundan əlavə cavabdehin mütəxəssisləri tərəfindən təqdim edilmiş yerli müayinə aktında texniki pasportla faktiki torpaq sahəsinin müqayisəsi aparılaraq texniki pasporta əsasən 694.8 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları ilə artıq qalan 807 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları müəyyən edilərək baş planı təqdim edilmişdir. Başqa sözlə, cavabdehə texniki pasporta əsasən iddia olunan 694.8 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti, konfiqurasiyası, koordinatları məlumdur. Eyni zamanda məhkəmə cavabdehin “elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinə digər fiziki şəxsin (X5) müraciətinin olması” dəlili ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 məhkəmə iclasında iştirak edərək öz izahatında bildirmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə ona məxsus torpaq sahələri qonşuluqda yerləşdiyi və ayrı-ayrı torpaq sahələri olduğu, həmin torpaq sahələrinin üst-üstə düşmə halının mövcud olmadığını bildirmişdir. Beləliklə, iddiaçı texniki pasportda qeyd edilən torpaq sahəsinə dair hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina üçün gətirdiyi dəlillər əsassız olmaqla iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə təsdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 694,8 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar