Məhkəmə qərarları › İş №e-2-1(112)-8366/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8366/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8366/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X9, X13 və X5) qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X4, X10 və X2 Bakı ş., Nəsimi r-nu, Ə.Topçubaşov küçəsində yerləşən 118-saylı ev (1 otaqlı yaşayış sahəsi 14,5 kv.m) mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı ş, Nəsimi r-nu, Ə.Topçubaşov küçəsində yerləşən 118-saylı ev (1 otaqlı yaşayış sahəsi 14,5 kv.m) mənzil kirayə müqaviləsi iddiaçının mərhum əri X3 adına olmuş, o, xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən həmin evə dair mənzil icarə müqaviləsi Bakı şəhəri Nəsimi rayon İcra Hakmiyyətinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin evin ümumi ölçüsü 14,5 kvadrat metr olsa da sonradan iddiaçıya məlum olmuşdur ki, həmin ünvanda heç vaxt orda yaşamayan və heç bir hüquqları olmayan, həmin iddia ərizəsində üçüncü şəxslər kimi qeyd etdiyi X9, X13 və X5 qeydiyyata düşmüşlər. X1 xx.xx.2008-ci il tarixdə, X13 xx.xx.2006-cı il tarixdən və X5 isə xx.xx.2005-ci il tarixdən qeydiyyatda düşmüşlər. Həmin şəxslərin qeyd edilmiş ünvana hansı əsasla qeydiyyata düşmələrini müəyyənləşdirmək üçün xx.xx.2025-ci il tarixdə cavabdeh Nəsimi RPİ-nə (Qediyyat və X6) rəsmi sorğu verilmiş, həmin sorğuya xx.xx.20205-ci il tarixdə 18/2-4514 saylı məktubla cavab verilmiş və həmin cavabda bildirilmişdir ki, həmin şəxslərin qeydiyyata alınmaları üçün əsas olmuş sənədlərin saxlanılma müddəti (5 il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Bundan sonra təkrarən İddiaçı cavabdeh Nəsimi RPİyə (qeydiyyat və X6) rəsmi ərizə ilə müraciət edərək xahiş və tələb etmişdir ki, X9, X13 və X5 iddiaçının sahibliyində olan mənzildə heç vaxt yaşamadıqlarından, hansı əsasla qeydiyyata düşmələri bilinməyən həmin şəxslərin iddiaçıya məxsus olan mənzildə qeydiyyata olmaları iddiaçının sahiblik, istifadə hüquqlarını pozduğuna və məhdudlaşdırdığına görə həmin şəxslərin hər üçünü də qeyd edilmiş ünvandan qeydiyyatda çıxarılması təmin edilsin. İddiaçı tərəfindən yazılmış ərizəyə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə № 3-13-51/2-S-7977111/2025 saylı rəsmi məktubla cavab verilərək bildirilmişdir ki, müraiətdə göstərilən şəxslərin qeydiyyatdan çıxarılmaları yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Yuxarıda gösətrilənləri məhkəmənin diqqətinə çatdırır və bildirir ki, 3-cü şəxslər olan X4, X7 və X2 icarə müqaviləsi ilə iddiaçıya məxsus olan ümumi sahəsi 14,5 kvadrat metr olan mənzildə qeidyyatda olmaları iddiaçının həmin mənzilə olan sahiblik və istifadə hüquqlarını pozur və məhdudlaşdırır. Ona görə də, iddiaçı hesab edir ki, mənzil pozulmuş mənzil hüquqlarının bərpa olunması üçün X4, X10 və X2 Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsində yerləşən 118saylı ev (1 otaqlı yaşayış sahəsi 14,5 kv.m) mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin (şəxslərin) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğunuz ünvanda qeydiyyatda olan şəxs(lər)in qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunur.

4. Cavabdeh Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9, X13 və X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər.

11. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 265 nömrəli Arayışına əsasən X11 (iddiaçının qaynı qızı), X13 (iddiaçının qaynı oğlu) və X5 (iddiaçının qaynı arvadı) Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanına xx.xx.2001-ci il tarixdən qeydiyyata alınmışdırlar.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X9 xx.xx.2008-ci il tarixdən, X13 xx.xx.2006-cı il tarixdən və X5 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

13. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “Mənzil icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə” xx.xx.2022-ci il tarixli, 145 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi ,118 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 14,5 kv.m. olan mənzilin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanına sorğuda adları qeyd olunan vətəndaşlar X9 xx.xx.2016-cı il, X5 xx.xx.2005-ci il, X8 isə ünvan 5 ünvanına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdırlar.

15. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “Mənzil icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə” Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 145 nömrəli sərəncamı və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur.

16. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli, 21 nömrəli məktubda bildirmişdir ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında X9, X13 və X5 qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar.

17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanının qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında bir neçə mənzilin (nömrəsiz) qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur.

18. Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küçəsinin sakinləri – X12, X14, X19 tərəfindən tərtib olunmuş Aktda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında X9, X13 və X5 qeydiyyatdan əvvəl və qeydiyyata düşdüyü gündən bu ünvanda yaşamayıblar. Hal-hazırda İddiaçı öz ailəsi birlikdə yaşayır.

IV. Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxslər X9, X13 və X5 iddiaçının (mülkiyyətçinin) ailə üzvü olmayan digər qohumlarıdır.

20. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

23. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Arxiv arayışına əsasən üçüncü şəxslər X9, X13 və X5 Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanına xx.xx.2001-ci il tarixdən qeydiyyata alınmışdırlar. Arxiv Arayışından fərqli olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X9 xx.xx.2008-ci il tarixdən, X13 xx.xx.2006-cı il tarixdən və X5 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İstənilən halda üçüncü şəxslər xx.xx.2009-cu il tarixədək (Yeni Mənzil Məcəlləsi qüvvəyə minən tarixədək) qeydiyyata düşmüşdürlər.

25. Odur ki, üçüncü şəxslər mübahisələndirilən mənzilə xx.xx.2009-cu il tarixədək (Yeni Mənzil Məcəlləsi qüvvəyə minən tarixədək) qeydiyyata düşdükləri üçün hazırki mübahisəyə Azərbaycan SSR Mənzil Məcəlləsi çərçivəsində münasibət bildirilməlidir.

26. Azərbaycan SSR Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

27. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR Mənzil Məcəlləsində “ailə üzvü” anlayışının dairəsini daha geniş müəyyən edilmişdir. Belə ki, mənzildə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvü hesab olunur. Odur ki, üçüncü şəxslər yeni Mənzil Məcəlləsi (xx.xx.2009-cu il) qüvvəyə minənədək yaşayış sahəsinə qeydiyyata alındığından hazırki vəziyyətdə onlara münasibətdə əvvəlki Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

28. Məhkəmə nəzərə alır ki, üçüncü şəxslərin (iddiaçının ailə üzvləri kimi) mənzilə dair istifadə hüquqlarının və yaşayıb-yaşamamasının müəyyən olunması inzibati məhkəmə araşdırmasının predmeti ola bilməz. Qeyd olunan hal mülki məhkəmə araşdırmasının predmetidir.

29. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin (iddiaçının ailə üzvləri kimi) mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmədiyi və ya istifadə hüququ olmayan şəxs olmadığı müəyyən edilmədiyi halda, inzibati orqanın həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmadan imtinası qanunsuz deyil.

30. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki məqsədinə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi üçüncü şəxslərə qarşı “istifadə hüququnun olmaması” tələbi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar