Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8375/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) göndərilmiş, Filial xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının 557293 nömrəli arayışında ididaçının İ dərəcə gözdən əlil övladı X1 ilkin əlillik tarixi xx.xx.2003-cü il (18 yaşından sonra) qeyd olunmuşdur. İddiaçının övladı 18 yaşınadək əlilliyi olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun övladı X4 1985-ci il 26 yanvar tarixində doğulmuşdur və doğulduğu gündən İ dərəcə əlildir. X2 12 may 2003-cü ildə müddətsiz İ dərəcə əlillik verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində doğulduğu gündən əlil kimi göstərilməsinə baxmayaraq, Tibbi-Sosial Ekspert Komissiyasının 557293 nömrəli arayışında ilkin əlillik tarixi 12 may 2003-cü il qeyd olunmuşdur. Hüquqi cəhətdən X1 əlilliyinin 18 yaşından sonra olması göstərilsə də, faktiki cəhətdən şəxs doğulduğu andan əlil olmuşdur. Şəxsin əlilliyi barəsində müvafiq araşdırma aparılarsa, onun doğulduğu andan əlil olması faktı təsdiq olunacaqdır. Eyni zamanda uşaq doğulduğu andan əlil olmasına baxmayaraq, onların müavinət almaq üçün müraciət etməməyinə səbəb həmin vaxt üçün maddi imkanlarının yaxşı olması və müavinət puluna ehtiyac duyulmaması idi. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iş materiallarında görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X1 əlilliyi ilkin olaraq xx.xx.2003-cü ildə-18 yaşı tamam olduqdan sonra müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-0 ser. AR № 557293 saylı arayışından görünür ki, xx.xx.2003-cü il tarixli 1016 nömrəli müayinə aktına əsasən K.T.Əhmədov xx.xx.2003-cü ildən müddətsiz birinci qrup əlil kimi müəyyən edilmişdir. Bu da iddiaçıya münasibətdə sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara edilən güzəştin tətbiq edilməsini istisna edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatı Kollegiyasının 2-1 (102)-195/2021 nömrəli 06 04 2021-ci il tarixli (sədrlik edən hakim Nigar Rəsulbəyova) və 2-1(102)-630/2021 nömrəli 21.04 2021-cı ıl tarixli (sədrlik edən hakim: İspəndiyar Şəfiyev) oxşar qərarlarında 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslərə ailə başçısını itirməyə görə pensiya təyini) haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan ƏPQ-nin 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 62 ildir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.1. Qanunun 22-1-ci maddəsinə uyğun olaraq əmək pensi-yası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti); 2.2.2. Qanunun 8.2-ci maddəsinin tətbiqi zamanı bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq:
1. uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti;
2. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;
3. ananın sağlamlıq imkanları məhdud uşağı 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı; Beləliklə, istinad olunan normalardan müəyyən olunur ki, 1 iyul 2020 - 30 iyun 2021ci il üzrə uşağının əlilliyi müəyyən edilmiş anaya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün:
1. 57 yaşı tamam olmalı (62 yaş – 5 yaş);
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olmalı;
3. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli;
4. sağlamlıq imkanları məhdud uşağı 8 yaşınadək tərbiyə etməlidir. Qanunvericiliyin istinad olunan normalarından görünür ki, bu dörd şərtin hamısı olduqda 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə uşağının əlilliyi müəyyən edilmiş anaya 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi mümkündür. İ tələb üzrə İşdə olan iddiaçıya aid AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuş, onun 57 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. İİ tələb üzrə ƏPQ-nin: - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən, əgər şəxsin pensiya hüququ xx.xx.2019-cu ildən sonra yaranarsa və onun xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olarsa (məbləğindən asılı olmayaraq), həmin şəxsə ƏPQ-nin 7-ci maddəsinə əsasən pensiya təyin olunarkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrədək nə qədər işləməsindən asılı olmayaraq 25 il qəbul edilir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək 1 saylı X9 2-ci yoluxucu xəstəliklər şöbəsində xadimə işləmiş, xx.xx.2021-ci il tarixdə Mərkəzin 1-ci yoluxucu xəstəliklər şöbəsində xadimə vəzifəsinə keçirilmişdir, hazırda həmin vəzifədə işləyir. İş materiallarında olan sığortaolunanın sığorta hesabı haqqında məlumatlardan görünür ki, idddiaçının fərdi hesabının sığorta hissəsində 9410,44 manat pensiya kapitalı vardır və bu ödənişlər 2014-cü ildən etibarən həyata keçirilir. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduğundan onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, həmin tarixdən sonra isə 6 il 5 ay sığorta stajı olmaqla ümumilikdə 31 il 5 aydır ki, bu da qanunvericiliklə tələb olunan müddətdən çoxdur. İİİ tələb üzrə İş materiallarında olan Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 254 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı üç uşağı (X6, X4 və X3) var və onları səkkiz yaşınadək özü tərbiyə etmişdir. İV tələb üzrə Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan ƏPQ-nin 8.2-ci maddəsinin ona tətbiqi, yəni pensiya yaşının 5 il azaldılması üçün onun sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməlidir. Burada əsas hal uşağın sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsidir. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, 18 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1985-ci ildə doğulmuşdur. İşdə olan 274092 nömrəli vəsiqədən görünür ki, X4 uşaqlıqdan birinci dərəcə gözdən əlildir və ona xx.xx.2003-cü il tarixdə əlillik vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-0 ser. AR № 557293 saylı arayışından görünür ki, xx.xx.2003-cü il tarixli 1016 nömrəli müayinə aktına əsasən 1985-ci il təvəllüdlü K.T.Əhmədov xx.xx.2003-cü ildən müddətsiz birinci qrup əlil kimi müəyyən edilmişdir. K.Əhmədovun əlilliyi müəyyən edilən dövrdə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bundan sonra — sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs). - 4-1-ci maddəsinə əsasən şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Eyni zamanda iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə ləğv edilmişdir): - 1.5-ci bəndinə əsaəsn tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. - 3.1-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları: (...) həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir; - 5.4-ci bəndinə əsasən müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): - 1.3-cü bəndinə görə TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. - 1.4-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Beləliklə, istinad olunan normalardan görünür ki, şəxsin əlil və ya sağlamlıq imkanın məhdud olması həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilir və yalnız həmin qərar qəbul edildikdən sonra şəxs üçün müvafiq hüquqi nəticələr yaradır. İşin yuxarıda sadalanan halları ilə müəyyən edilir ki, iddiaçının oğlu Kənan Əhmədov xx.xx.1985-ci ildə doğulmuş, onun əlilliyi 18 yaşı tamam olduqdan sonra, xx.xx.2003-cü ildə müəyyən edilmişdir. Yəni K.Əhmədovun 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində və ona əlavədə oğlunun əlilliyinə dair sənədlərdə onun uşaqlıqdan əlil olmasına istinad etsə də, məhkəmə hesab edir ki, bu hal qanunla tələb olunan zəruri şərtin mövcudluğu nəticəsinə gəlmək üçün kifayət deyil. Belə ki, əliliyin müəyyən edilməsi ilə bağlı yuxarıda istinad olunan qanunvericilik aktlarına əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Məhkəmənin buna səlahiyətli orqanın qərarı olmadan şəxsin əlil olması qənaətinə gəlməsi, həm yuxarıda istinad olunan normalara, həm də hakimiyyətin bölünməsi prinsipinə uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə 3-cü tələb ödənilmir, yəni iddiaçının uşağının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmir. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova