Məhkəmə qərarları › İş №e-2-1(112)-838/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-838/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-838/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Mixayılovnanın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X6 “fərdi yaşayış evinin bölgüsünün aparılması, çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) fərdi yaşayış evinin bölgüsünün aparılması, çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 8 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən mənzilin y/s 18,36 kv.m olan 1 otağı X3, y/s 47,84 kv.m olan 3 otağı isə İddiaçı paylı mülkiyyətindədir. Mənzilə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001 reyestr № li, 678 invertar № li Texniki Pasport tərtib edilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək mənzilə dair bölgünün aparılmasını xahiş etmişdir. Həmin müraciətin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmiş və xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, mənzilin daxilində rekonstruksiya işləri aparılaraq qapı oyuqlarının yeri dəyişdirilmişdir. Həmçinin sözügedən mənzilin kommunal şəraiti ümumi istifadədədir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin 47,84 kv.m hissənə dair bölgünün aparılması, onun əsasında texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil artıq uzun müddətdir ki, faktiki olaraq bölünmüş və ona məxsus olan 3 otaq, sanitar qovşağından, mətbəxdən və digər köməkçi sahələrdən yaşayış sahəsi kimi istifadə edir və ailə üzvləri ilə orada yaşamaqdadır. Dgər payçı X5 isə, ona məxsus sahədən qeyri-yaşayış sahəsi kimi istifadə etməkdədir. Hazırda, sözügedən mənzilin bölgüsünün aparılması zərurəti yaranmışdır. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mənzilin daxilində rekonstruksiya işləri aparılaraq qapı oyuqlarının yeri dəyişdirilmişdir və rekonstruksiya işləri ilə bağlı iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin sözügedən mənzilin kommunal şəraiti ümumi istifadədə olduğu üçün müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə ünvan 1 ünvanında yerləşən mənzilin y/s 18,36 kv.m olan 1 otağı X3, y/s 47,84 kv.m olan 3 otağı isə İddiaçı paylı mülkiyyətindədir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı mənzilin bölgüsünün aparılması və ona dair hissəyə texniki pasport və çıxarışın verilməsindən ibarətdir. Cavabdeh isə mənzilin daxilində rekonstruksiya işlərinin aparılaraq qapı oyuqlarının yerinin dəyişdirilməsinə və mənzilin kommunal şəraitinin ümumi istifadədə olmasına istinad edərək iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Sadalanan qanunvericilik normaların və Plenum qərarındakı hüquqi mövqeyə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. İddiaçı hazırda mənzilin fiziki bölgüsünün aparılması ilə bağlı cavabdehə müraciəıt etmişdir və tələbi mənzilin bölgüsünün aparılmasına yönəlmişdir. Qanunvericilik və Plenum qərarı ilə paylı mülkiyyətin bölünməsi və payın ayrılmasının mərhələli şəkildə hanası ardıcıllıqla aparılması müəyyən etmişdir. Bunun üçün ilk növbədə paylı mülkiyyətçilərin razılığı tələb olunur. Baxılan işdə üçüncü şəxsin belə bir razılığının olması müəyyən edilmir. Lakin belə bir razılığın olmaması iddiaçıya payının ayrılmasını, başqa sözlə mənzilin bölgüsünün apatılmasını tələb etmək hüququndan məhrum etməməlidir. Tərəflər arasında razılıq olmadığı üçün əmlakın naturada ayrılmasıın mümkünlüyü müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əmlakdan ayrılan hissə, özünün müstəqil girişi, köməkçi və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Bu halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7981 nömrəli rəydə qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan mənzilin faktiki olaraq mülkiyyətçilər arasında hər birinin ayrı-ayrılıqda giriş çıxışları olmaqla təcrid şəklində bölündüyü nəzərə alaraq həmin bölgü qaydasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə uyğundur. Rəydən görünüyü kimi, mənzil paylı mülkiyyətçilər arasında faktiki olaraq təcrid şəklində bölünmüş və hər birinin ayrı-ayrılıqda giriş çıxışları vardır. Ona görə də, cavabdehin imtina əsası kimi istinad etdiyi ikinci hal əsassızdır. Odur ki, iddia tələbi mənzilin bölgüsünün aparılması, yeni texniki pasportun və çıxarışın verilməsi hissədə əsaslıdır. Cavabdeh imtina əsası kimi həmçinin ona istinad etmişdir ki, mənzilin daxilində rekonstruksiya işləri aparılaraq qapı oyuqlarının yeri dəyişdirilmişdir və rekonstruksiya işləri ilə bağlı iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu hal həmçinin ekspertiza rəyi ilə də müəyyən edilmişdir. Belə ki, rəydə qeyd edilmişdir ki, tətdiq olunan ünvana baxış zamanı mübahisə olunan mənzilin faktiki vəziyyəti ilə həmin mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədi arasında qismən uyğunsuzluq aşkar edilmişdir. Belə ki, iş materiallarında olan tədqiq olunan mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 17,14 kv.m olan otağın qarşısında qapı boşluğu bağlanaraq əvəzinə 5 nömrəsi ilə işarələnmiş, sahəsi 12,5 kv.m olan otaqdan giriş-çıxış məqsədi ilə qapı boşluğunun açıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Görünüyü kimi, mənzil qanunvericliyinin tələblərinə əsasən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, yaşayış sahəsinin yenidən planlaşdırılması hesab edilir və mənzilin yenidən planlaşdırılması müvafiq icra hakimiyyəti orqanını qərarı əsasında həyata keçirilə bilər. İddiaçı tərəf bu barədə Yerli İcra Hakimiyyəti orqanının qərarını təqdim etməmişdir. Ona görə də, iddia tələbi həmin yenidən planlaşdırılma işlərinə münasibətdə texniki pasportun tərtib edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə qeyd edir ki, qərarın icrası zamanı cavabdeh orqan iş materiallarında olan texniki pasporta uyğun iddiaçının adına yeni sənədin verilməsini təmin etməlidir. İddiaçı apardığı yenidən planlaşdırma işlərinin də texniki pasportda əks olunmasını istəyirsə, bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək müvafiq qərarı əldə etdikdən sonra həmin hissədə texniki pasporta dəyişiklərin edilməsi ilə bağlı cavabdehə yenidən müraciət edə bilər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin 47,84 kv.m hissəsinə dair bölgünün aparılması, onun əsasında İddiaçı adına texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi mənzildə aparılmış yenidən planlaşdırma işlərinə aid texniki pasportun tərtib edilməsi hissəsində rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar