Məhkəmə qərarları › İş №e-2-1(112)-841/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-841/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-841/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində paylı mülkiyyət hüquqlarının daşınmaz əmakın dövlət reyestrində qeydə alınması öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 326 nömrəli və xx.xx.2000-ci il tarixli, 2020 nömrəli sərəncamları ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin şərq hissəsi, Günəşli yaylası, döngə 2 ünvanının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 2.İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 326 nömrəli və xx.xx.2000-ci il tarixli, 2010 nömrəli sərəncamları ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin Şərq hissəsində Günəşli yaylası, döngə 2 ünvanında hər birinin adına ayrılmış 300 kv metr torpaq sahəsi üzərində paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişlər.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 326 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçılara fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin Şərq hissəsində Günəşli yaylası, döngə 2 ünvanında hər birinin adına 300 kv metr torpaq sahəsi ayrılmışdır.Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 2010 nömrəli sərəncamı ilə İddiaçı1 fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin şərq hissəsində ayrılmış 300 kv metr torpaq sahəsinə 200 kv metr torpaq sahəsinin əlavə edilməsinə icazə verilmişdir.İddiaçılar həmin torpaq sahəsindən istifadə edirlər.Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etsələr də müraciətləri təmin edilməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etirazını təqdim edərək göstərmişdir ki, surəti təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır.Bundan əlavə yerləşmə cizgisində qeyd edilən perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq vardır. Qeyd olunanlarla yanaşı torpaq sahəsi qonşu torpaq sahəsi ilə ümumi hasar daxilindədir.Torpaq sahələrində bir damın altında fərdi yaşayış evi də mövcuddur.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6.Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışlar, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar.

İİİ. Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər.

7.İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Cavabdehin nümayəndəsi F.Rzayeva məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA- 06022-2022 nömrəli məktubuna əlavə edilmiş Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 326 nömrəli və xx.xx.2000-ci il tarixli, 2010 nömrəli sərəncamlarına əsasən vətəndaşlar İddiaçı2 və X2 Yeni Günəşli qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evinin tikintisi üçün hər birinə 300 kv metr torpaq sahəsi ayrılmışdır, Suraxanı İHB-nın xx.xx.2000-ci il tarixli, 326 nömrəli sərəncamı ilə X2 fərdi yaşayış evi tikmək üçün Yeni Günəşli qəsəbəsinin Şərq hissəsində ayrılmış 300 kv metr torpaq sahəsinə 200 kv metr torpaq sahəsinin əlavə edilməsinə icazə verilmişdir; Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, İddiaçı1 ünvanlanmış məktubuna əsasən Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsinin şərq hissəsində fərdi yaşayış evin tikintisi üçün Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 326 nömrəli və xx.xx.2000-ci il tarixli, 2010 nömrəli sərəncamları ilə ayrılmış ümumilikdə ayrılmış 500 kv metr torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixdə akt tərtib edilərək həmin vətəndaşa verilmişdir; Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, İddiaçı2 ünvanlanmış məktubuna əsasən Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsinin şərq hissəsində fərdi yaşayış evijin tikintisi üçün Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 326 nömrəli sərəncamı ilə ayrılmış 300 kv metr torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixdə akt tərtib edilərək həmin vətəndaşa verilmişdir; xx.xx.2000-ci il tarixli akta əsasən Suraxanı rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri, memar və Zığ qəsəbəsindəki nümayəndəsi tərəfindən Yeni Günəşli qəsəbəsinin şərq hissəsində 500 kv metr torpaq sahəsinin ölçülərinin natura ifadəsi ilə pay bölgüsü aparılaraq daimi nişanlar qoyulmuşdur, torpaq sahəsi yaşayış evinin tikilməsi üçün X2 verilmişdir; xx.xx.2000-ci il tarixli akta əsasən Suraxanı rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri, memar və Zığ qəsəbəsindəki nümayəndəsi tərəfindən Yeni Günəşli qəsəbəsinin şərq hissəsində 500 kv metr torpaq sahəsinin ölçülərinin natura ifadəsi ilə pay bölgüsü aparılaraq daimi nişanlar qoyulmuşdur, torpaq sahəsi yaşayış evi tikilməsi üçün İddiaçı2 verilmişdir; Cavabdehin “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən İddiaçı1 qızının və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin şərq hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz

əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir, imtinanın səbəbləri kimi təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd olunmaması səbəbindən sənədlə sahəni dəqiqləşdirməyin mümkün olmaması, yerləşmə cizgisində qeyd olunan perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluğun olması, torpaq sahəsinin qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində olması göstərilmişdir; Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş cizgi sxemində torpaq sahələrinin nömrələri və yerləri göstərilmişdir.

İV. Məhkəmənin mövqeyi

10.Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 11.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;..139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;.. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı.

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda 13.Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

14. İşin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçıların üzərində paylı mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdikləri torpaq sahəsi qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənəd – yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında iddiaçıların istifadəsindədir, iddiaçılar arasında və digər şəxslərin həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisəsi yoxdur, əksinə hər iki iddiaçı torpaq sahəsinin onların paylı mülkiyyətinə verilməsini xahiş edirlər, eyni zamanda torpaq sahəsi üzərində ölçülərək nişanlar qoyulmaqla iddiaçılara icra hakimiyyətinin əməkdaşları tərəfindən vaxtilə təhvil verilmişdir.

15. Məhkəmə iddiaçıların göstərdiyi ünvanda olan torpaq sahəsinə baxış zamanı müəyyən etmişdir ki, abadlaşdırılmış torpaq sahəsi hər bir tərəfdən hasara alınmış, bir giriş-çıxışdan ibarətdir və torpaq sahəsinin üzərində tikilən fərdi evin iki girişi və çıxışı vardır, iddiaçılara ayrılmış torpaq sahəsi iddiaçıların mübahisəsiz faktiki istifadəsindədir, təyinatı üzrə onlar tərəfindən istifadə edilir. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 17.Lakin inzibati işin materiallarından görünür ki, inzibati orqan qanunla onun üzərinə qoyulmuş vəzifələri iddiaçılara münasibətdə icra etməmiş, iddiaçıların Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 326 nömrəli və xx.xx.2000-ci il tarixli,2010 nömrəli sərəncamları ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin Şərq hissəsində Günəşli yaylası, döngə 2 ünvanında hər birinin adına ayrılmış 300 kv metr torpaq sahəsi üzərində paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışı verməli olduğu halda bunu etməmiş, bununla da iddiaçıların istifadələrində olan daşınmaz əmak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi publik hüququnu pozmuşdur. 18.Cavabdehin etirazında göstərilən əsasları - surəti təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirməyin mümkün olmaması,yerləşmə cizgisində qeyd edilən perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluğun olması, torpaq qahəsinin qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində olması və torpaq sahələrində bir damın altında fərdi yaşayış evinin mövcud olması kimi bildirilənləri məhkəmə iddianın təmin edilməməsi üçün əsas hesab etmir.

19. Belə ki, məhkəmə qeyd edir ki, əvvəla cavabdehin etirazında göstəriən “ciddi uyğunsuzluğun” nədən ibarət olması cavabdeh tərəfindən göstərilməmiş və belə bir uyğunsuzluğun olması sübuta yetirilməmişdir, surəti təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirməyin mümkün olmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsinin koordinatlarını müəyyən etmək, habelə hər hansı bir uyğunsuzluğu aradan qaldırmaq qanunvericiliklə cavabdehin vəzifələrinə aid edilmişdir. 20.Torpaq sahəsinin bir hasar daxilində olmasına və torpaq sahəsinin üzərində yaşayış evinin olmasına gəldikdə isə qeyd edilən halları qanunveirci daşınmaz əmakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmasından imtina edilməsi üçün əsas kimi müəyyən etməmişdir və həmin hallar mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna etmir, habelə cavabdehin iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etməsi üçün göstərdiyi əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun deyildir və qanunvericilikdə, habelə həmin normalarda nəzərdə tutulmamışdır . 21.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilməli, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 326 nömrəli və xx.xx.2000-ci il tarixli,2010 nömrəli sərəncamları ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin Şərq hissəsində Günəşli yaylası, döngə 2 ünvanında hər birinin adına ayrılmış 300 kv metr torpaq sahəsi üzərində paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 326 nömrəli və xx.xx.2000-ci il tarixli,2010 nömrəli sərəncamları ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin Şərq hissəsində Günəşli yaylası, döngə 2 ünvanında iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin adına ayrılmış 300 kv metr torpaq sahəsi üzərində paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar