Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8411/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********289600 nömrəli qərarın ləğv olunması və hesablanmış vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra Baş İdarə) tərəfindən X3 Cəmiyyətinin 2021-ci il üçün mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixdə analoji qaydada 57240,80 manat əlavə mənfəət vergisi hesablanmışdır. Tərəflərindən xx.xx.2023-cü il tarixdən etibarən vergi orqanına 5-i əsas və 10-u əlavə olmaqla, ümumilikdə 15 sayda məktub göndərilmiş, 2020 və 2021-ci illərdə müəssisənin faktiki olaraq zərər etdiyi və vergi orqanı tərəfindən rəsmi xərclərin nəzərə alınmamış olduğu bildirilmişdir. Vergi orqanı tərəfindən isə onların müraciətlərinin baxılma müddəti davamlı olaraq ertələnmişdir. Həmçinin araşdırmada iştirak üçün xx.xx.2023-cü il tarixdə **********688600 nömrəsi ilə nümayəndə dəvət etmişdilər. MMC-nin nümayəndəsi tərəfindən tələb olunan bütün izahat və təsdiqedici sənədlərin təqdim edilməsinə baxmayaraq, ƏDV bəyannamələrinin yenidən araşdırılması əsas gətirilərək, mənfəət vergisi bəyannaməsindəki səhv hesablama qərarı ləğv edilməmiş hətta nümayəndələri daha çox hesablama aparılmaqla hədələnmişdir. Nəhayət sonuncu müraciətlərinə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 3-21-2-3/2-Z-1065-43 nömrəli məktubla cavab məktubu göndərilmiş və məktubda sadəcə 1 cümlə olaraq, hesablamanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən aparılması, xərc və zərərin nəzərə alınmadığı açıq-aşkar bildirilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə yazılı vəsatət təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Vəsatətə əsasən, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmişdir (vəsatətə əlavə olunur). Buna baxmayaraq iddiaçı borcun silinməsi tələbi ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmçinin iddiaçının qanunu təmsilçisi tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə hesablanmış vergilərlə bağlı cavabdehə şikayət məktubu ünvanlanmış, xx.xx.2024-cü il tarixdə isə həmin şikayətin nəzərə alınmaması barədə təkzib məktubu göndərilmişdir. Göründüyü kimi iddiaçı həmin tarixlərdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərar barədə məlumatlı olmuş, lakin həmin qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. “Kollegiya bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin əvvəlki 70.2-ci maddəsində vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənədin adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməli olması, sənədlərin vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılması barədə müddəalar vergi ödəyicisinin hüquqlarını və vergi orqanının vəzifələrini müəyyən etmişdir ki, bu hüquq və vəzifələr tərəflərin xx.xx.2015-ci il tarixdə bağladığı Elektron sənəd mübadiləsi haqqında müqavilə ilə könüllü olaraq yenidən tənzimlənmişdir. Belə ki, həmin müqavilənin: 2.1.1-ci bəndinə əsasən Müqavilə vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin)elektron qaydada göndərilməsini və sair məsələləri müəyyən edir; 2.5-ci bəndinə görə tərəflər müəyyən edilmiş formada tərtib edilən və göndərilən elektron sənədin kağız ( və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər; 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır; 4.1.6-cı bəndinə görə elektron sənədlərin mübadiləsindən imtina etdikdə vergi orqanına ərizə vermək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi, Müqavilə ilə iddiaçı (vergi ödəyicisi) ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədin ona təqdim edilmiş sayılması ilə razılaşmışdır. Bununla bağlı kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, sənədin maraqlı şəxsə təqdim olunmasından qanunvericinin əsl məqsədi şəxsin onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir. Qeyd olunan şərtlərə əməl olunaraq, üstəlik özünün seçdiyi üsulla ona təqdim edilən inzibati akt hər bir halda qanunla qorunan bu tələblərə cavab vermiş sayılmalıdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının "xxxx" MMC–nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 2-1(102)-722/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarında vergi orqanı tərəfindən vergi ödəyicilərinin elektron qutusuna göndərilmiş qərarların vergi ödəyicisnə təqdim edilmiş hesab edilməsi məsələsinə aydınlıq gətirilmişdir. Belə ki, qərarda qeyd olunur: Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bundan əlavə, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə işində elektron üsulla vergi ödəyicisinə göndərilmiş qərarların oxunması ilə bağlı mövcud olmuş mübahisə üzrə inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı X2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-60/2023 nömrəli qərarında məhkəmə kollegiyasının oxunma ilə bağlı məsələyə dair hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirlər. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-60/2023 nömrəli qərarında qeyd olunur: “Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.” Bundan əlavə qərarda qeyd olunur ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun izahat verərək, vəsatəti müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və işin hallarından müəyyən edilmişdir ki, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərarı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmişdir. Həmçinin iddiaçının qanunu təmsilçisi tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə hesablanmış vergilərlə bağlı cavabdehə şikayət məktubu ünvanlanmış, xx.xx.2024-cü il tarixdə isə həmin şikayətin nəzərə alınmaması barədə şikaytədən imtina məktubu göndərilmişdir. Göründüyü kimi, iddiaçı həmin tarixlərdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərar barədə məlumatlı olmuş, lakin həmin qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarların iddiaçı tərəfindən müvafiq olaraq Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərarının xx.xx.2024-cü il tarixdə oxunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının qeyd edilən qərarlardan xx.xx.2025-ci il tarixdə, qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ərzində deyil, 1 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan qərar ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da, göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh vergi orqanlarının qərarlarının mübahisələndirilməsi üçün məhkəməyə 1 ildən çox müddət keçdikdən sonra müraciət etdiyindən məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü, 24-cü və 48-ci maddələrinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-8411/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8411/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver