Məhkəmə qərarları › İş №e-2-1(112)-8425/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8425/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8425/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 56,2 kv.m olan 117 saylı bağ yaşayış sahəsinin xx.xx.1982-ci il tarixdən mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsi barədə iddia tələb ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (keçmiş Bakı ŞİB-nın Tİ və MHQİ) təqdim etdiyi 17525 saylı xx.xx.1982-ci il tarixli İcarə müqaviləsinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 56,2 kv.m olan 117 saylı bağ yaşayış sahəsi atası - X1 və istifadəsindədir. X3 xx.xx.1999-cu il tarixində ölmüş və bu barədə müvafiq şəhadətnamə verilmiş, onun ölmündən sonra, o qanun üzrə birinci dərəcəli vərəsə kimi məlum əmlakı faktiki idarə etmiş, habelə ona yiyələnmişdir. Onun qanun üzrə birinci dərəcəli vərəsə kimi atası - X4 ölümü ilə əlaqədar Bakı şəhərinin 39 saylı notariat ofisinə müraciət etmiş, məlum ölüm faktına əsasən müvafiq vərəsəlik işi açılmışdır. Belə ki, atası - X2 sahibliyində və istifadəsində olan Bağ evin onun mülkiyyəti kimi qeydiyyata alınması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etməmişdir. Məlum faktları nəzərə alaraq, Bakı şəhərinin 39 saylı notariat ofisi Bağ evin mərhum-X5 məxsus olması barədə müvafiq arayışın təqdim edilməsinə dair 265 saylı xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi 3-21-3-30/2-46739/2023 **********39 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhərinin 39 saylı notariat ofisinin xahişini təmin etməmişdir. Cavabdehin bu məktubunda arayışın verilməməsinin səbəbi kimi Bağ evi barədə idarənin arxivində müqaviləyə aid məlumatın aşkar edilməməsi, ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması və bağ sahələrinin bir hissəsinin digər bağların ərazisinə uyğun gəlməsi göstərilmişdir. Hesab edir ki, adıçəkilən imtina məktubunda qeyd edilmiş arqumentlər aşağıdakı faktlara görə əsassız və qanunsuzdur. Əvvəla, bağ evi barədə idarənin arxivində müqaviləyə aid məlumatın aşkar edilməməsi həmin idarənin vəzifəli şəxslərin vəzifələrini lazımı qaydada icra etməməsi ilə bağlıdır və bu fakt məlum arayışın təqdim edilməməsi üçün əsas ola bilməz. Bundan əlavə, həmin idarəyə tərəfindən adıçəkilən Bağ evi ilə bağlı inventarlaşdıma kartoçkasının və “bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”nin əsli baxış üçün təqdim edilməklə sürətləri verilmişdir. Hesab edir ki, məlum sənədlər həmin arayışın təqdim edilməsi üçün kifayətdir. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin müvafiq sorğusuna əsasən, Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-48-2F/2-B-1527-8- 1688/2024 saylı arayışı ilə Bakı şəhəri ZDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1969-cu il tarixli 15 saylı protokol və qərarların Dövlət Arxivinin Bakı filialında olması, lakin həmin sənədlərdə vət. X5 aid məlumatın olmaması təsdiqlənir. Bu təsadüfü deyildir, çünki Bağ evi X4 adına xx.xx.1982-ci il tarixli İcarə müqaviləsinə əsasən, onun adına rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən “ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması və bağ sahələrinin bir hissəsinin digər bağların ərazisinə uyğun gəlməsi” səbəbindən arayışın təqdim etməməsi əsassızdır. Belə ki, Bağ evi X4 xx.xx.1982-ci il tarixdən istifadəyə verildiyi andan qonşu bağ sahələri ilə əhatə edilmişdir. Mərhum atası və ya o istəsələr belə hasarlama işlərini bağların bölgüsünün sxematik xəritəsinə zidd apara bilməz və ya bağ sahələrinin ərazi uyğunsuzluğunu həyata keçirə bilməzlər. Onları əhatə edən qonşular çoxdan bağ sahələrini özəlləşdirmiş və müvafiq çıxarışlar əldə etmişlər. Əgər “ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışsa və ya bağ sahələrinin bir hissəsinin digər bağların ərazisinə uyğun gəlirsə” bu dövlət məmurlarının təqsiri üzündən baş vermiş, buna görə o sıravi vətəndaş kimi məsuliyyət daşımır. Bakı şəhəri Sabunçu rayonun Kürdəxanı Bələdiyyəsinin təqdim etdiyi 421 saylı xx.xx.2023-cü il tarixli arayışı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 117 saylı Bağ evinin 17525 saylı xx.xx.1982-ci il tarixli İcarə müqaviləsinə əsasən, xx.xx.1999-cu il tarixinə kimi mərhum X4, hazırda isə onun sahibliyində və istifadəsində olması faktı təsdiqlənir. Bakı şəhərinin 39 saylı notariat ofisi cavabdehdən məlum miras əmlakın özəlləşdirilməsi barədə çıxarışın verilməsi deyil, həmin daşınmaz əmlakın mərhum X5 məxsus olmasına dair arayışın təqdim edilməsini xahiş etmişdir. Qanunun 15-ci maddəsinə istinad edərək cavabdeh tərəfindən arayışın təmin etməməsi də əsassız və qanunsuzdur. Belə ki, notariat ofisin məktubu məlum daşınmaz əmlakın qeydiyyatı və müvafiq çıxarışın verilməsi barədə deyil, həmin əmlakın mərhum-X5 məxsus olması barədə arayışın təqdim edilməsidir.

3. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, idarənin arxivində təqdim edilən müqavilə barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Həmçinin sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir.

4. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, İdarənin arxivində təqdim edilən müqavilə barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinin ərazisinə uyğun gəldiyini təyin etmək mümkün olmamışdır, lakin cənub hissədə qeydiyyata alınan 118 saylı bağ sahəsinə əsasən ərazinin bir hissəsinin 116 saylı bağ sahəsinin və bölünənlərinin ərazisinə düşdüyü müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı iddiaçı tərəfindən göstərilən sahənin faktiki ölçüsünün 0.3364 ha olduğu müəyyən edilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. ünvan 1 ünvanladığı xx.xx.2023-cü il tarixli 265 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 xx.xx.1999-cu il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə dair dövlət reystrindən arayış verilməyiniz xahiş edilir.

6. xx.xx.1982-ci il tarixli 17525 nömrəli müqaviləyə əsasən, Ləhiş bağ massivində yerləşən 0,25 ha olan 117 saylı bağ sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 56,2 kv.metr olan tikili X5 uzun müddətli icarəyə verilmişdir.

7. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Ləhiş bağ massivi 117 saylı bağın hüquq müəyyənedici sənəd üzrə 0,25 ha, faktiki 0,33 ha, bağ sahəsinin sərhədləri şimal tərəfdən bir hissəsi qonşu hasarla ayrılıb qalan hissəsi isə şərtidir, qərb tərəfdən şərtidir (dalan tərəf), cənub və şərq tərəfdən isə qonşu hasarla ayrılıb.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

İ İddianın növü və mümkünlüyü

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

12. İddia mümkündür.

İİ Məhkəmənin mövqeyi

13. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 56,2 kv.metr olan tikili 117 saylı bağ sahəsi birlikdə X5 uzun müddətli icarəyə verilmişdir, həmin şəxs isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

14. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

18. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

19. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 56,2 kv.metr olan tikilisi olan 117 saylı bağ sahəsi xx.xx.1982-ci il tarixli 17525 nömrəli müqavilə əsasında X5 ayrılmışdır. Torpaq sahəsi iddiaçının atasına qanuni əsaslarla ayrılmış, torpaq sahəsi geri alınmamış, bağ sahəsinin ayrılmasına dair müqavilə ləğv edilməmiş və torpaq sahəsi ilə bağlı mübahisə yoxdur.

27. Cavabdeh imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxivində təqdim edilən müqavilə barədə məlumat aşkar edilməmişdir, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinin ərazisinə uyğun gəldiyini təyin etmək mümkün olmamışdır, lakin cənub hissədə qeydiyyata alınan 118 saylı bağ sahəsinə əsasən ərazinin bir hissə 116 saylı bağ sahəsinin və bölünənlərinin ərazisinə düşdüyü müəyyən edilmişdir.

28. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

29. Belə ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

31. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “117” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

32. Bundan başqa məhkəmə cavabdehin idarənin arxivində təqdim edilən müqavilə barədə məlumatın aşkar edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, müqavilənin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən sənədin əslinə baxış keçirilmişdir. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və sənəddə torpaq sahəsinin ölçüləri barədə məlumat qeyd edilməklə iddiaçının faktiki sahibliyində olduğundan və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən sənədin arxiv nüsxəsinin mövcudluğunun müəyyən olunmaması daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.

33. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 56,2 kv.metr olan 117 saylı bağ sahəsinin mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar