Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8450/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən qızının katibliyi, İddiaçı oğlunun, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli imtinalarının qanunsuz hesab edilməsi və onun vərəsəlik qaydasında məxsus olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 1374 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən anası X4 verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirmək öhdəliyinin cavabdehə həvalə edilməsi, həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya vərəsəlik qaydasında məxsus olan Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1374 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən X1na verilmiş Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirmək öhdəliyinin cavabdehə həvalə edilməsi, həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinin mərhum X1na məxsus olmasına dair arayışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1374 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə anası X4 Türkan qəsəbəsində 0,12 ha torpaq sahəsi ayrılmışdır. X1 16 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq, o, vərəsəlik işi açılması üçün 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmişdir. Müraciəti əsasında V-336/2023 saylı vərəsəlik işi açılmışdır. Anasına məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə (524a/6 saylı bağ sahəsi) çıxarış verilməsi üçün 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 noyabr 2023-cü il tarixli məktubu İlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sonradan, o, yenidən müraciət etsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona yenidən imtina verilmişdir. Cavabdehin bu imtinaları tamamilə qanunsuz və əsassızdır, onun qanunla qorunan hüquqlarını pozur. Cavabdehin imtinasına əsas kimi göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır, həmçinin bağ sahəsinin nömrəsi Bağlar Tikinti Kooperativi sxemində əks olmamışdır. Verilmiş bu imtinada məlumatlar həqiqəti əks etdirmir. Belə ki, bağ sahəsinin neçə saylı olduğu məlumatlarda göstərilmişdir və Notariat Ofisi tərəfindən göndərilmiş məktubda da bu öz əksini tapmışdır. Bundan başqa qeyd etmək lazımdır ki, kadastr xidmətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyinə verildiyindən torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirmək cavabdehin vəzifəsidir. Məktubda həmçinin göstərilmişdir ki, qeyd olunanlarla yanaşı, sahənin 550 kv.m hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir. Bu hal cavabdehin bu işə nə dərəcədə məsuliyyətsiz yanaşdığını və imtinanın yalnız bəhanələrdən ibarət olduğunu göstərir. Belə ki, əgər cavabdeh torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirə bilməyibsə, onun bir hissəsinin Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşdiyini necə müəyyənləşdirə bilib. Ona imtina verilməsi qanunla qorunan hüquqlarından istifadə etməyinə süni əngəl törədilməsi hesab edilməlidir. O, hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malikdir və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaq dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə, o, torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyinə görə cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.
4. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-42474/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır, həmçinin bağ sahəsinin nömrəsi Bağlar Tikinti Kooperativi əks olmamışdır. Qeyd olunanlarla yanaşı, sahənin 550 kv.m. hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır, həmçinin bağ sahəsinin nömrəsi Bağlar Tikinti Korperativi sxemində əks olmamışdır. Qeyd olunanlarla yanaşı, sahənin 550 kv.m hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (bundan sonra - DƏDKR) 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra - İdarə) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra – dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra – dövlət kadastrı), dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
6. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-3191/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1374 saylı sərəncamdan çıxarışa əsasən Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının 08 sentyabr 1992-ci il tarixli, 43 №li protokolu) Bakı şənər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən: Aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın.
118. X3 - Türkan ərazisindəki 154 №-li ВТК
7. 3 saylı Bakı “Asan xidməti” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlandığı xx.xx.2023-cü il tarixli 1507 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır və onun ərizəsi əsasında tərəfindən V-336/2023 saylı vərəsəlik işi açılmışdır. İcraatında olan vərəsəlik işi ilə əlaqədar olaraq Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə (524a/6 nömrəli bağ sahəsi) hissəsinə dair çıxarışın verilməsi xahiş edilmişdir.
8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Türkan bağ massivi, 524a/6 bağ sahəsinə baxış keçirilmiş, faktiki sahəsi 0.4605 ha təşkil edir. Bağ sahəsinin sərhədləri qərb tərəfdən qonşu hasarla; şimal tərəfdən bir hissəsi 1-9 sıra mişar daşı düzülərək, digər hissəsi isə şərtidir; şərq tərəfdən qonşu bağın but daşları ilə düzülmüş sərhədi ilə ayrılıb (təxmini h = 1 metr); cənub tərəfdən isə digər qonşu bağın 1 sıra mişar daşı ilə düzülmüş sərhədi ilə ayrılıb. Bağ sahəsində İ -metal budka və İİ – yarımçıq s/q var.
9. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-d2654/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 524a/6 bağ sahəsinin qonşuluğunda yerləşən bağ sahələrinin hər 4 tərəfdən göstərilməklə ortofotonun və qonşuluqda yerləşən bağ sahələrinə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsinə əsas olan sənədlər təqdim edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 524a/6 saylı bağ (torpaq) sahəsinin qonşuluğunda **********97- 11301 reyestr nömrəli 662a/4 və **********00-11301 reyestr nömrəli 726v saylı bağ evləri, eləcə də **********99 reyestr nömrəli 597a və 597 saylı bağ sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, Türkan qəsəbəsi 597 saylı bağ sahəsi ünvanında yerləşən 0.6081 hektar torpaq sahəsi alqı-satqı müqavilələri əsasında 599, 598, 598a, və 597 saylı bağ sahələrinin birləşməsindən yaranmışdır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın yəmin edilməsini xahiş etdilər.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-nin 73.1-ci maddəsi tətbiq oluna bilər.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1374 saylı sərəncamı ilə X3 Türkan ərazisindəki 154 №-li ВТК tərkibində bağ sahəsi ayrılmışdır. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan xidməti” Mərkəzində Notariat Ofisi tərəfindən cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edilmişdir.
24. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
27. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
28. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
33. Məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü olmamaqla iddiaçının istifadəsindədir, torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1374 saylı sərəncamı ilə X3 ayrılmışdır, həmin sərəncamın ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir və həmin sənələrin mötəbərsizliyi cavabdeh tərəfindən sübut edilməmişdir, eyni zamanda torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
34. Cavabdeh imtina və etirazında göstərdiyi dəlillər ondan ibarətdir ki, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamış, həmçinin bağ sahəsinin nömrəsi Bağlar Tikinti Korperativi sxemində əks olmamışdır. Qeyd olunanlarla yanaşı, sahənin 550 kv.m hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir.
35. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum anasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
36. Belə ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.
37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “524a” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.
39. Bundan başqa məhkəmə cavabdehin bağ sahəsinin 550 kv.m hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşməsi dəlilinə münasibətdə qeyd edir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən müəyyən edildi ki, bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.12 ha, faktiki sahəsi isə 0.4605 ha təşkil edir, yəni torpaq sahəsi 3405 kv.m artıqdır. İddiaçının hazırkı tələbi isə 4605 kv.metr deyil, məhz hüquq müəyyənedici sənəd üzrə 1200 kv.metr torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır, hansı ki, Türkan ərazisindəki 154 №-li Bağlar Tikinti Korperativinin ərazisində yerləşir.
40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
41. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia təmin edilməlidir.
42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 1374 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən X1na verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirməklə həmin 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X1na məxsus olmasına dair arayışın və plan-ölçünün İddiaçı verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva