Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8460/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş materiallarına aidiyyatla bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 120/k saylı, 24.12.2021-ci il tarixli əmrin ləğv edilməsinə, Şahdağ Milli Parkın Qəbələ bölməsi üzrə direktor müavini vəzifəsinə bərpa edilməsinə, 24.12.2021-ci il tarixindən bu günə kimi almalı olduğu əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mübahisə inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqanla bağlı olduğundan inzibati işə iddiaçının yaşadığı yer üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. - 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyindən, həmçinin iddia inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan hazırki işə iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. İş materiallarına əlavə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, iddiaçının yaşayış yeri Qəbələ rayonu, Qəbələ şəhəri, X7 küçəsi, ev 40 ünvanıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin maddənin ikinci hissəsinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 4 №-li, 14.11.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı işə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X4 və X3 inzibati işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da üzürlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iş üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №e-2-1(112)-8460/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8460/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver