Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8468/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə inzibati işə 04 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı doğum haqqında akt qeydində “uşaq haqqında məlumat” qrafasında iddiaçının adının “Humay”dan “Günay”a dəyişiklik edilməsi və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı xx.xx.1992-ci il tarixdə doğulmuşdur. Bu barədə İddiaçı adına Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 1645 saylı xx.xx.1992-ci il tarixli doğum haqqında akt qeydi tərtib edilmişdir. İndi məlum olur ki, xx.xx.1992-ci il tarixli doğum haqqında akt qeydində İddiaçı adı “Günay” əvəzinə “Humay” kimi qeyd edilmişdir. Bu hal İddiaçı doğum haqqında şəhadətnamənin çıxarışının verilməsi üçün müraciət edərkən məlum olmuşdur. Belə ki, həmin hal İddiaçı məlum olan kimi o, dərhal Nizami rayon qeydiyyat şöbəsinə müraciət edərək, onun adının doğum haqqında akt qeydində “Humay”dan “Günay”a dəyişiklik edilməsi ilə bağlı ərizə vermişdir. Həmin müraciətə əsasən Nizami rayon qeydiyyat şöbəsi tərəfindən sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı adına Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1645 saylı xx.xx.1992-ci il tarixli doğum haqqında akt qeydində onun adı “Humay”, lakin Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 161 saylı xx.xx.2013cü il tarixli nikah və övladının Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2729 saylı xx.xx.2013-cü il tarixli doğum haqqında akt qeydlərində, həmçinin ona məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində adı “Günay” olaraq qeyd edilmişdir. Nəticədə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə onun adının doğum haqqında akt qeydində “Humay”dan “Günay”a dəyişiklik edilməsindən, bununla bağlı kifayət qədər əsaslar olmadığına və sənədlər arasında ziddiyyət çox olduğuna görə ərizənin təmin edilməsinin mümkün hesab edilməməsi və bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Həmin imtinanı qanunsuz və əsassız hesab edirik. Belə ki, həmin yanlışlığa iddiaçının təqsiri səbəbindən yol verilməmişdir. Ona görə də, iddiaçı həmin sənədləri, həmçinin onun adına olan digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edərək, onun adının doğum haqqında akt qeydində “Humay”dan “Günay”a dəyişiklik edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7-10xx-xx/2024 saylı iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7-10xxxx/2024 saylı iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı doğum haqqında akt qeydində adının “Humay”-dan “Günay”-a dəyişiklik edilməsi ilə bağlı şöbəyə daxil olmuş müraciətinə baxılmışdır. Sənədləri nəzərdən keçirərkən müəyyən edildi ki, vətəndaşın adına Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1645 saylı xx.xx.1992-ci il tarixli doğum haqqında akt qeydində adı “Humay”, lakin Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 161 saylı xx.xx.2013-cü il tarixli nikah və övladının Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2729 saylı xx.xx.2013-cü il tarixli doğum akt qeydlərində, həmçinin ona məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində adı “Günay” qeyd edilmişdir. Vətəndaş İddiaçı barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış və onun adının nəyin əsasında “Humay”-dan “Günay”-a dəyişdirilməsi haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı,xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1. bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşın adına ilkin olaraq doğum haqqında akt qeydi tərtib edildiyi üçün onun digər vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilərkən doğum haqqında akt qeydinə istinad edilir. Doğum haqqında akt qeydində isə ərizəçinin adı “Humay” qeyd edildiyindən və onun doğumu haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığından ərizəçinin doğum akt qeydində dəyişiklik edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi şöbədə mümkün olmamışdır və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. xx.xx.2009-cu il tarixli, B № 592748 saylı Orta Təhsil haqqında Attestatın surətindən görünür ki, 1992-ci ildə doğulmuş İddiaçı 2009-cu ildə Bakı şəhəri, Nizami rayonu, V.Sadıqov adına 214 №-li orta məktəbi bitirmişdir. xx.xx.2023-cü il tarixli, A № 025500 saylı Bakalavr diplomunun surətindən müəyyən olunur ki, Bakı Slavyan Universitetinin Dövlət Attestasiya Komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ № 827254 “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü X2 və xx.xx.1992-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.2013-cü il tarixdə nikahları bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2013-cü ilin fevral ayının 16 günündə 161 №-li qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Əzizova soyadı verilmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 192112 “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin noyabr ayının 16 günündə 2729 № ilə qeyd edilmişdir. Ata qrafasında “X2” və ana qrafasında “İddiaçı” qeyd edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı iddiaçının müraciətinə cavab olaraq Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən onun doğum haqqında akt qeydində adı “Humay”-dan “Günay”-a dəyişiklik edilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Sənədlər nəzərdən keçirlərkən müəyyən edilmişdir ki, İddiaçı adına Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1645 saylı xx.xx.1992-ci il tarixli doğum haqqında akt qeydində adı “Humay”, lakin Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 161 saylı xx.xx.2013cü il tarixli nikah və övladı adına Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 7 2729 saylı xx.xx.2013-cü il tarixli doğum haqqında akt qeydlərində, həmçinin vətəndaşa məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində adı “Günay” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində “Uşaq haqqında məlumat” qrafasında onun adı “Humay”-dan “Günay”a dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığına və sənədlər arasında ziddiyyət çox olduğuna görə ərizəsi təmin edilməsi mümkün olmamışdır. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-3172/2024 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2013-cü ildə Xətai rayon qeydiyyat şöbəsində xx.xx.1986-cı il təvəllüdlü X2 ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2013-cü ildə Ayxan Hüseynov doğulmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Araşdırma zamanı xx.xx.1992-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində tərtib olunmuş 1645 nömrəli doğum haqqında akt qeydində şəxsin doğum tarixi İddiaçı doğum tarixi ilə eyni olsa da, uşaq haqqında məlumat qrafasında onun adı “Humay” kimi göstərilmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7-10xxxx/2024 saylı cavab məktubu ilə təqdim edilmiş: xx.xx.1992-ci il tarixli 1645 №-li doğum akt qeydinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xx.xx.1992-ci ildə doğulmuşdur. Doğum akt qeydində ata qrafasında X7, ana qrafasında X1 qeyd olunmuşdur. xx.xx.2013-cü il tarixli 0036 1 2729 №-li doğum akt qeydinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx.xx.2013-cü ildə doğulmuşdur. Doğum akt qeydində ata qrafasında X2, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-12997/2024 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla xx.xx.2008-ci il tarixdə AZE-06667504 nömrəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx.xx.2012-ci il tarixdə AZE-09579001 nömrəli, xx.xx.2017-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə sənəsləşdirilmişdir. Qeyd olunan şəxsə şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli, məktubu ilə məhkəməyə təqdim edilmiş Nikah haqqında aktın qeydinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü X2 ilə xx.xx.1992-ci il İddiaçı arasında nikah bağlanmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının xx.xx.1992-ci il tarixli 1645 №-li doğum akt qeydində ad qrafasında “Humay” kimi qeyd olunmuşdur. Lakin iddiaçı doğulduğu vaxtdan indiyə kimi şəxsiyyətini təsdiq edən sənədlərdə və eləcə də sonuncuya məxsus mühüm sənədlərdə adı “Günay” kimi qeyd olunmuşdur. Cavabdehin istinad etdiyi hal – İddiaçı adına Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1645 saylı xx.xx.1992-ci il tarixli doğum haqqında akt qeydində adı “Humay”, lakin Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 161 saylı xx.xx.2013cü il tarixli nikah və övladı adına Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 7 2729 saylı xx.xx.2013-cü il tarixli doğum haqqında akt qeydlərində, həmçinin vətəndaşa məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində adı “Günay” olaraq qeyd edilməsi barədə qeyd olunmalıdır ki, doğum akt qeydində müvafiq olaraq qeydlərin aparılması iddiaçının deyil, qeydiyyat şöbəsinin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq doğum akt qeydinin tərtibi zamanı müvafiq qeydiyyat şöbəsinin yol verdiyi yanlışlıqlar isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğumunun qeydə alınmasına dair “Doğum akt qeydləri kitabı”nda 1992-ci ilin 07-ci ayının 01-ci günündə 1645 №-lə qeyd edilmiş qeyddə dəyişiklik (düzəliş) edilərək, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş şəxsin adının “Humay”dan “Günay”a düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-8468/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8468/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver