Məhkəmə qərarları › İş №e-2-1(112)-8476/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8476/2025

15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8476/2025 15.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs X4) qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, oğlu X5 21 fevral 1992-ci il tarixdə X4 ilə ailə qurmuş, toyun səhərisi günü İradə Süleymanova atası ilə öz evinə getmişdir. Əvəz Sadıqov könüllü olaraq müharibəyə getmiş, döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində onun İradə Süleymanova ilə hər hansı münasibəti və məlumatı olmamış, həmin şəxs ailə həyatı qurmuşdur və bir övladı var. Ona sonradan məlum olmuşdur ki, Əvəz Sadıqovla münasibəti olmayan həmin şəxs şəxsin şəhid olmasından sonra 22 yanvar 2021-ci il tarixdə vərəsəlik işi açdırmış, bir hissədə vərəsəlik şəhadətnaməsi almışdışdır. Həmin şəxs rəsmi nikaha daxil olsa da, toyun sabahı öz evinə getmiş, yas mərasimində belə iştirak etməmişdir. Həmin şəxs qanunsuz olaraq şəhid ailəsi statusu almışdır. İddiaçı hesab edir ki, oğlunun şəhid olmasına görə ona hər hansı güzəşt tətbiq edilə bilməz. Etiraz onunla əsaslandırılır ki, Üçüncü şəxs Əvəz Sadıqovla nikahda olduğundan şəhid ailə üzvüdür. Qanunvericilikdə 600 manat məbləğində şəhid ailə üzvü üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü nəzərdə tutulmuşdur. İddiaçıya şəhid ailə üzvü kimi 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək Prezident təqaüdü tam pay ödənildiyi üçün 15738,50 manat artıq ödəmə yaranmışdır ki, 2022-ci ilin yanvar ayından hər ay 50 manat olmaqla pul tutularaq bərpa edilir. Ümumilikdə 1600 manat vəsait tutularaq bərpa edilmişdir. Rəsmi nikah münasibətləri olduğundan şəhid ailəsi üzvlüyünə xitam əsası müəyyən edilmir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 07 yanvar 2022-ci il tarixli qərarlarının ləğv edilməsini, sosial ödənişin əvvəlki hesablama qaydasına bərpa edilməsini, ondan tutulan pul vəsaitinin geri qaytarılmasını (artıq ödəmə adı ilə) və artıq ödəmə adı ilə tutulmuş pulun tələb edilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 30 avqust 2024-cü il tarixli məktubda qeyd edilir ki, şəhid ailə üzvü kimi 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək Prezident təqaüdü tam pay ödənildiyi üçün 15738,50 manat artıq ödəmə yaranmışdır ki, şəhid ailə üzvü kimi alınan 300 manat təqaüddən 2022-ci ilin yanvar ayından hər ay 50 manat olmaqla pul tutularaq bərpa edilir. 31 avqust 2024-cü il tarixədək hər ay 50 manat olmaqla 1600 manat vəsait tutularaq bərpa edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, İradə Süleymanovanın şəhid ailə üzvü olmasına dair iddia üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin 22 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, İradə Süleymanova və Əvəz Sadıqov arasında 21 fevral 1992-ci il tarixdə nikah qeydinin olması barədə məlumat aşkar edilmişdir. 07 fevral 2022-ci il tarixli iddiaçı barədə qəbul edilmiş qərardan görünür ki, qeyd hissəsinə əsasən İddiaçı ərizəsi üzrə 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixinədək artıq ödənilmiş vəsait tutulması, şəhidin həyat yoldaşı X1 ərizəsinə əlavə vəsaitin ödənilməsinin nəzərə alınması qərara alınmışdır. 07 yanvar 2022-ci il tarixli üçüncü şəxs barədə qəbul edilmiş qərardan görünür ki, X3 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixinədək ödənilməli olan vəsaitin bərpa edilməsi qərara alınmışdır. 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, 07 yanvar 2022-ci il tarixli qərarları eyni nömrə ilə qeyd edildiyindən iddiaçının adına olan qərar nömrəsi dəyişdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair iddia təmin edilərkən qətnamə, həmçinin onunla əsaslandırılmışdır ki, Əvəz Sadıqov və İradə Süleymanova arasında nikah bağlanılmış və pozulmamışdır. Odur ki, şəxsin ailə üzvü hesab edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz hesab edilmişdir. Qeyd olunur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;[5] 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanının:

1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 (yeddi yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəhid ailəsi statusu və həmin qrup şəxslərə sosial ödənişlərin təsis edilməsi ilə əlaqədar normativ tənzimləmə mövcuddur ki, göstərilən normativ hüquqi aktların tələbindən də göründüyü kimi şəhid olmuş şəxsin valideynləri ilə yanaşı, ər və arvadı da şəhid ailəsi üzvü hesab edilir və Prezident təqaüdü almaq hüququna malikdir. Hazırkı işin faktiki halları ilə isə müəyyən edilir ki, iddiaçı şəhidin anası kimi məhz yeganə şəhid ailə üzvü kimi adıçəkilən Təqaüdün paylara ayrılmadan bütövlükdə ona ödənilməsi və şəhid olmuş şəxslə nikahda olmuş şəxs olan üçüncü şəxsə yarı payın ödənilməməsini tələb etməkdədir ki, məhkəmə hesab edir ki, həmin tələb qanunsuz və əsassızdır. Belə ki, nikah bağlanılmış, şəxs şəhid olarkən nikah pozulmamışdır ki, qeyd olunur ki, faktiki nikah münasibətlərinin pozulmasına istinad ailə qanunvericiliyin tələblərinə əsasən qeydə alınmış və pozulmamış nikahın mötəbərliyinə təsir etməməkdədir. Odur ki, nə qədər ki, rəsmi nikah şəxs şəhid olarkən qüvvədə olmuşdur ki, üçüncü şəxs də iddiaçı kimi şəhid ailəsi hesab edilməklə Prezident təqaüdündən pay almaq hüququna malikdir ki, ona aid ödənişin iddiaçıya ödənilməsinə münasibətdə iddia qanuni və əsaslı hesab edilə bilməz, göstərilən səbəbdən adıçəkilən qərarlar mübahisələndirilən həmin hissələrdə ləğv edilməməli, ödəniş əvvəlki qaydada bərpa edilməməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən artıq ödənilmiş məbləğin üçüncü şəxs iddiaçının hesabına geri qaytarılmasına yönələn faktiki xarakterli hərəkətləri və qərarı mübahisələndirilən həmin hissədə qanunvericiliin tələbinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, , “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inziati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçıya edilmiş ehtimal olunan artıq ödəməyə münasibətdə etimad hüququ qorunmaqdadır. Belə ki, həmin artıq ödənilməsinin aparılmasında 67.6-cı maddədə göstərilən hallardan hər hansı biri mövcud olmamış, artıq ödəməyə münasibətdə rüşvət, hədə-qorxu və ya aldatma həyata keçirilməmiş, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmiş, artıq ödənilməsinə münasibətdə qanunsuz mövcud olduğu bilinməmiş, bilinməli olmamışdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı tərəf nikah münasibətlərinin faktiki olmamasına, üçüncü şəxsin toydan sonra öz evinə qayıtmasına, oğlu ilə hər hansı əlaqəsinin olmamasına, sonradan nikah bağlaması və baqşa şəxslə faktiki nikahından övladının olması kimi nüanslara istinad edir ki, iddiaçının yaşı, sosial statusu də nəzərə alınmaqla israrla bu gün də faktiki nikah münasibətlərinin əhəmiyyətini və qəbul edilənliyi vurğulamaqla övladı və üçüncü şəxs arasında nikahın olmadığını vurğulaması, məhkəmə hesab edir ki, təhrif olunmuş məlumatları əks etdirən sənəd təqdim etmə və aldatma yolu ilə inzibati aktın qəbuluna nail olma ilə əlaqədar etimadın qorunmasına istinada imkan verməyən hallarla bağlı dəyərləndirilməməlidir. 1944-cü il təvəllüdlü iddiaçının mövqeyi odur ki, ailə münasibəti mövcud deyil və üçüncü şəxs iddiaçının övladının həyat yoldaşı deyildir və bu səbəbdən şəhid ailə üzvü hesab edilə bilməz. Bununla əlaqədar bir-neçə mülki məhkəmə mübahisələri olmuş, iddiaçı göstərilən mövqeyində israrlı olmuş, birinci instansiya məhkəməsində adıçəkilən mövqeyini hətta təmin etsə də, yuxarı instansiya məhkəməsi tərəfindən nikah münasibətinin rəsmi sənədlə təsdiq edilməsinə dair son nəticədə mövqe nümayiş etdirilmişdir ki, göstərilən mübahisəli bir hal üzrə iddiaçının yaşı, statusu, eləcə də həmin dövrdə və hazırkı vəziyyətdə mövcud adət-ənənə baxımından üçüncü şəxsin iddiaçının oğlunun nikahında olmaması qanunvericiliyin tələbinə uyğun olmasa belə mövqe baxımından başa düşüləndir və məhkəmə hesab edir ki, etimadın qorunması hüququnun istinadına maneə hesab edilməməlidir. Üçüncü şəxsin şəhid ailə üzvü olması isə ailə qanunvericiliyinin və şəhid ailə üzvü hesab edilmə ilə əlaqədar aidiyyəti qanunvericiliyin tələbləri baxımından cavabdeh tərəfindən qiymətləndirilmişdir ki, həmin qanuna uyğun qiymətləndirmə, məhkəmə hesab edir ki, artıq ödənilmiş vəsaitin həmin şəxsdən tələb edilməklə üçüncü şəxsə ödənilməsinə əsas yaratmır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyətin maraqlı şəxsin hesabına düzəldilməməsi və məsuliyyətin dövlətin özünün daşıması konkret olaraq müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, artıq ödənilən vəsaitin şəhidin ailə üzvlərinin dairəsini rəsmi sənədlər əsasında müəyyən etmək, buna dair düzgün icraat aparmaqla ödənişlərin edilməsini təmin etmək səlahiyyətində olan inzibati orqan üçüncü şəxsi nəzərə almamasına dair səhvini digər şəhid ailə üzvünün Təqaüdü hesabına aradan qaldırmamalı, ödənilməmiş vəsait üçüncü şəxsə dövlət hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi yekun mövqeyə gəlinən nəticə ilə əlaqədar isə qeyd edilir ki, iş materiallarında olan qərarlardan və məktublardan görünür ki, 07 yanvar 2022-ci il tarixdə iddiaçı və üçüncü şəxs barəsində ayrı-ayrılıqda 2 qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, şəhid ailə üzvü üçüncü şəxsin hesab edilməsi və ödənişin edilməli olması qanuni və əsaslı hesab edildiyindən X4 barəsində qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli bütünlükdə qanuni və əsaslı hesab edilməli və həmin qərarın ləğvinə dair iddia rədd edilməlidir. Lakin, İddiaçı barəsində qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli qərarı təqaüdün üçüncü şəxslə paylara ayrılmaqla ödənilməsi, yəni 2 şəhid ailə üzvü nəzərə alınmaqla ödənişlərin edilməsi hissəsində qanuni və əsaslı olsa da, qərar qeyd hissədə qanunsuzdur və həmin hissədə qərar ləğv edilməlidir. Belə ki, qərarın qeyd hissəsində göstərilir ki, İddiaçı ərizəsi üzrə 01 yanvar 2007-ci il tarixdən 31 yanvar 2021-ci il tarixinədək artıq ödənilmiş vəsait tutulmalı, şəhidin həyat yoldaşı X1 ərizəsinə əlavə vəsaitin ödənilməsinin nəzərə alınmalıdır. Məhkəmə isə hesab edir ki, X3 ödənilməli olan vəsait cavabdehin hesabına ödənilməli, artıq ödəmə adı ilə hər hansı məbləğ iddiaçıdan tutulmamalı və hər ay iddiaçının təqaüdündən tutulmuş artıq ödəmə adı ilə tələb edilən məbləğ iddiaçıya geri qaytarılmalıdır. Qərarın qeyd hissəsinin ləğv edilməsinin mümkünlüyünə münasibətdə də isə mövcud məhkəmə təcrübəsi (Ali Məhkəmə 2-1(102)-1560/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar və s) göstərir ki, qərarın hissəvi ləğvinin mümkünlüyü, qeydin ləğvinin də mümkünlüyünü ehtiva etməkdədir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. Cavabdehin İddiaçı barəsində qəbul etdiyi 07 yanvar 2022-ci il tarixli (sonradan 04 noyabr 2025-ci il tarixli qərarla nömrəsi dəyişdirilərək 3/**********4/1 olmuş) qərarı qeyd hissədə ləğv edilsin. İddiaçı artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin ona geri qaytarılması cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Artıq ödəmə adı ilə pul vəsaitinin İddiaçı tələb edilməsi cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar