Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8481/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak kompleksinə yeni texniki pasportunun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı yolu 16 ünvanda mülkiyyətdə olan 1.9625 ha torpaq sahəsində yerləşən 8318,4 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi üçün İddiaçı MMC-nin adına yeni texniki pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı yolu 16 ünvanda mülkiyyətdə olan 1.9625 ha torpaq sahəsində yerləşən 8318,4 kv.metr ümumi, 971.0 kv.metr əsas, 7347.4 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən çıxarış (reyestr nömrəsi: **********90-12301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) verilmişdir. Qeyd olunan əmlakın əvvəllər verilmiş texniki pasportu naməlum şəraitdə itirilmişdir. Həmçinin əmlak kompleksinin ünvanında da dəyişikliklər baş vermişdir. Bu səbəblərdən müvafiq əmlak kompleksinə dair texniki pasportun alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə tərəflərindən dəfələrlə müraciət olunmuş, lakin əmlak kompleksinə texniki baxış keçirilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsinə edilmiş müraciətə cavab olaraq 03 mart 2023-cü il tarixli 321330/2-7179/2023 **********79 saylı məktubla texniki pasportun verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, guya əmlak kompleksinə texniki baxış və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Nizamnaməsinin 2.0.2. bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKRX-in fəaliyyət istiqamətlərindəndir. Həmin Nizamnamənin 1.16. bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək DƏDKRX-in vəzifələrinə daxildir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, **********79 nömrəli məktubu ilə bildirilmişdir ki, əmlak kompleksinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı yolu, 16 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun tərtib edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, əmlak kompleksinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisləri tərəfindən iddiaçı ilə dəfələrlə əlaqə yaradılmasına baxmayaraq, şərait yaradılmadığından texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********79 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı yolu, 16 ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ (tam) İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-589/2009 nömrəli, 18 may 2009-cu il tarixli qətnaməsinin surətinə əsasən ərizə təmin edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 16 ünvanında 1, 9625 ha torpaq sahəsində yerləşən 8318,4 kv.m. ümumi, 971, 0 kv.m. əsas, 7347, 4 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ barədə ona dövlət reyestrindən çıxarış vermək vəzifəsi qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada iddiaçı xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
3. İddianın növü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, inzibati iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə, məhkəmə müəyyən edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 589/2009 nömrəli, 18 may 2009-cu il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 16 ünvanında 1,9625 ha torpaq sahəsində yerləşən 8318,4 kv.m. ümumi, 971,0 kv.m. əsas, 7347,4 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ barədə ona dövlət reyestrindən çıxarışın verilməksi vəzifəsi qoyulmuşdur. Cavabdeh qurum tərəfindən qətnamə əsasında iddiaçının adına həmin əmlak kompleksinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilsə də, məhkəmə aktının icrası başa çatdırılmamışdır. İddiaçının hüquqi marağı əmlak kompleksinə yeni texniki pasportun verilməsinə yönəlib. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Məhkəmə Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-420/2023 nömrəli qərarındakı hüquqi mövqeyinə istinadən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə qeyd olunan qərarda hesab etmişdir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə qeyd etmişdir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Məhkəmə həm də nəzərə alır ki, əmlak kompleksinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları məhkəmə araşdırmasının predmeti olmuş və müvafiq sənəddə göstərilən ölçüyə uyğun olduğu müəyyən edilmişdir. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın). Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Mehriban Qarayeva