Məhkəmə qərarları › İş №e-2-1(112)-8482/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8482/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8482/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xəstəliyi ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcə əlillik verilmişdir. Onun ikinci dərəcə əlilliyi 10 ildən artıq müddət olmuşdur. Lakin 2021-ci ildən etibarən həmin əlillik əsassız şəkildə ləğv edilmişdir. İddiaçı hesab edir ki, ikinci dərəcə əlilliyinin ləğv edilməsi (dayandırılması) tamamilə qanunsuzdur. Belə ki, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.2-ci bəndinin tələblərə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Normanın tələbindən göründüyü kimi, 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan, onun (iddiaçının) yenidən forma-88 göndərilməsi və müayinəyə cəlb olunması qanunsuzdur. Onun əlilliyinin qanunsuz olaraq dayandırılması ədalətsizdir və Əsasnamənin tələblərinə ziddir. Göstərilənlərə və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3, 4, 6.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında» 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.2-ci bəndinə, İPMin 12.1, 58.7-ci maddələrinə əsaslanaraq, iddaçıya 2021-ci ilin iyul ayından etibarən ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin 24 oktyabr 2022-ci il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və həmin tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrləri”nə elektron sənəd formasında daxil edilmiş tibbisosila ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli inkişafına mane olan sabit fiziki, əqli və hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrləri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsisteminə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavandehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Qanuna uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olub-olmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. Belə ki, iş materiallarında göndərişdən görünür ki, iddiaçıda mövcud olan əsas diaqnoz və ağırlaşma xarakterli xəstəliklər müxfəlif kodlarda (T92.0, R52.1, T92.4, Y36.2, Z98.8) göstərilmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə də bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də mövcud olub-olmaması müəyyən edilməlidir. Adıçəkilən normativ hüquqi aktlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından isə görünür ki, adıçəkilən iddiaçıda göndərişdə adıçəkilən müvafiq kodlarda göstərilmiş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyininin məqsədləri baxımından yuxarıda adıçəkilən qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi aktlarla təsdiq edilmiş siyahıda öz təsbitini tapmamış istənilən xəstəlik əlilliyin təyinatından imtina üçün əsasdır. Belə ki, qeyd olunan məqsədlər baxımından göndərişdə olan xəstəliklərlə, X3 tərəfindən təsdiq edilmiş xəstəliklərin beynəlxalq təsnifatında elmə məlum olan insan orqanizmində əlilliyin təyinatına əsas verməyən bütün xəstəliklər ağırlıq dərəcəsindən asılı olmayaraq bərabərdir. İddiaçıda olan əsas diaqnoz və ağırlaşma xarakterli xəstəliklə bağlı kodlarda olan xəstəliklərin isə hər hansı biri yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsdiq edilmiş əlilliyin təyinatına əsas verən xəstəliklərdən hər hansı birinə uyğun olmadığından iddianın təmin edilməməsi üçün əsas yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-441/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da iddiaçıda mövcud olan diaqnozlar yuxarıda adıçəkilən normativ hüquqi aktlarla təsdiq edilmiş əlilliyin təyininə əsas verən xəstəliklər siyahısında olmaması səbəbindən oxşar mövqedən çıxış edilərək əlilliyin təyinindən imtina edilmişdir. Analoji mövqe həmin Məhkəmənin 2-1(102)-1215/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-441/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarında da nümayiş etdirilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya əlillik təyin edilməsindən yuxarıda qeyd olunan səbəblə imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar