Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8500/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı Rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Turkan qəsəbəsində yerləşən sahəsi 1000 kv.m olan 129-130 nömrəli bağ sahəsinə və və üzərindəki yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı Rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Turkan qəsəbəsində yerləşən sahəsi 1000 kv.m olan 129-130 nömrəli bağ sahəsi ona ayrılmışdır. Bu faktı Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı Rayon Komitəsinin arayışı, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bağbanın üzvlük kitabçası təsdiq edir. xx.xx.2023-cü il tarixdə sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adım aşkar edilməmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi və Azərbaycan Təhsil İşçiləri X3 Suraxanı Rayon Komitəsinin sədri Arif Xəlilovun və “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı cəmiyyətinin sədri S.Məmmədovun imzaları və həmin qurumların möhürləri ilə təsdiqlənmiş siyahılarda onun adı mövcud olduğundan hüquqlarım daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “129-130” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2014-cü il ,xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********12 saylı, xx.xx.2015-ci il, **********87 saylı, xx.xx.2022-ci il və **********33 saylı, xx.xx.2024-cü il tarixdə cavab verilmişdir. Lakin iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etməmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Vahid elektron kadastr bazasına əsasən faktiki koordinatlarla göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda X1 Abşeron rayonunun istifadəsində qalan hissəsində yerləşir. Belə ki, göstərilən torpaq sahəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin nömrəsi bağçılıq-yoldaşlığın bölgü sxemində əks olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (bundan sonra - DƏDKR) 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra - İdarə) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra – dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra – dövlət kadastrı), dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 8- ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən sahəsi 1000 kv. m. olan 129-130 nömrəli bağ sahəsinin üzərindəki yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi”-nə aid hissələrdə mümkün sayılmamasını, qalan hissələrdə isə təmin edilməməsini xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyindən barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X4 iddianı qəbul etməyərək və İdarə tərəfindən verilmiş yazılı imtinaya uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı rayon komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli, 07 saylı protokoldan çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Təhsil İşçiləri X3 Nizamnaməsinin İİ bölməsinin, “Müəllim” Bağçılıq yoldaşlığ təsərrüfatı Nizamnaməsinin İİ bölməsinin 16 - cı maddəsini əsas tutaraq “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının sədri cənab S.Məmmədovun məlumatı, çıxış edənlərin təklifləri nəzərə alınaraq, aşağıdakılar qərara alınmışdır:
1. “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə daxil olmaq məqsədi ilə İdarə Heyyətinə ərizə ilə müraciət etmiş, Suraxanı rayonu 232 saylı orta məktəbdə laborant işləyən, Bakı şəhəri Əmircan qəsəbəsi Pravda küçəsi ev 6 - də yaşayan İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatına üzvlüyə qəbul olunsun.
2. Müvafiq olaraq İddiaçı “Müəllim” Bağçılıq yoldaşlığ təsərrüfatından 1000 (bir min) kvadrat metr torpaq sahəsi ayrılsın.
3. Müvüfiq olaraq İddiaçı “Müəllim” Bağçılıq yoldaşlığ təsərrüfatının 129-130 saylı kitabçası verilsin.
“Müəllim” Bağçılıq yoldaşlığ təsərrüfatı tərəfinfən verilmiş 129-130 saylı “Bağbanın üzvlük kitabçası”nın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1987-ci il tarixli, № 20/396 saylı protokol ilə bağçılıq yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş, Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı rayon komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli, 07 saylı protokolu ilə sahəsi 129-130 saylı bağ sahəsi ayrılmışdır.
Azərbaycan Təhsil İşçiləri X3 Suraxanı Rayon Komitəsinin xx.xx.2010-cu il tarixli, № 128/17 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı 232 saylı orta məktəbdə işləyir və Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı Rayon Komitəsi nəzdində fəaliyyət göstərən “Müəllim” bağçılıq təsərrüfatının üzvüdür və bağ sahəsinin sıra sayı 129-130-dur.
xx.xx.2010-cu il tarixdə təsdiq edilmiş Azərbaycan Təhsil İşçiləri X3 Suraxanı rayon Komitəsinin nəznindəki “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfat üzvlərinin siyahısında 129cu sırada İddiaçı adı qeyd olunmuşdur.
İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********33 №-li cavab məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq- yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********80 №-li cavab məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2024-cü il tarixli, **********33 nömrəli məktubla cavab veilmişdir.
Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********02 saylı cavab məktubunda göstərilmişdir ki, “Müəllim” bağçılıq yoldaşlıq birliyinin nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 129-130 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Eyni zaman sorğuya cavab məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Müəllim” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Siyahıya baxış zamanı İddiaçı adı siyahıda müəyyən olunmamışdır.
DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********98 saylı cavab məktubunda göstərilmişdir ki, idarənin arxivində İddiaçı adına xx.xx.1997-ci il tarixli 07 nömrəli protokoldan çıxarış, həmçinin “Müəllim” bağçılıq yoldaşlığına aid bölgü sxemi aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bağçılıq yoldaşlıq ayrıcından kənarda X1 Abşeron rayonu ərazisində qalan hissədə yerləşir. Eyni zamanda sözügedən sahənin qeydiyyatı barədə məlumat yoxdur. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Türkan bağ massivində yerləşən 129-130 saylı bağ torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha, faktiki olaraq 55 kv. metr artıq olmaqla 0.01055 ha təşkil edir.
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu.
... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
.... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
.... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur.
.... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.
Məhkəmənin mövqeyi:
Məhkəmə ilkin olaraq iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı Rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Turkan qəsəbəsində yerləşən sahəsi 1000 kv.m olan 129-130 nömrəli bağ sahəsinə və və üzərindəki yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə ilkin olaraq, Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı Rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Turkan qəsəbəsində yerləşən sahəsi 1000 kv.m olan 129-130 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə - üzvlərin iclasının protokolundan çıxarışa və onun əsasında verilmiş üzvlük kitabçasına istinad etmişdir. Məhkəmə razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7ci maddəsinə istinadla təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Lakin eyni zamanda nəzərə alınmalıdır ki, üzvlük kitabçasının və üzvlərin iclasının protokolundan çıxarışın mövcud olması fiziki şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas ola bilməz, həm də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında fiziki şəxsin adı aşkar olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirilən bağ sahəsinə dair hüquq müəyyənedici sənəd qismində istinad etdiyi “Müəllim” Bağçılıq təsərrüfatının üzvlərinin ümumi yığıncağının 07 saylı, xx.xx.1997-ci il tarixli protokolundan çıxarış və onun əsasında tərtib edilmiş üzvlük kitabçası cavabdeh orqan tərəfindən qanunsuz hesab edilməklə müvafiq hüquq müəyyənedici sənədlər kimi qəbul edilməmişdir. Cavabdeh sənədlərin qanunsuzluğu ilə bağlı mövqeyini onunla əsaslandırır ki, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Cavabdehin etirazının dəlilləri nəzərə alındığında bu o anlama gəlir ki, iddiaçı tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim olunan sənədlərin mötəbərliyi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Bu zaman “İnzibati icraat haqqında” Qanunun 24cü maddəsində təsbit olunmuş işin hallarının obyektiv araşdırılmasına dair normanın tələblərinə görə, ilk növbədə, məhz inzibati orqanda sözügedən sənədlərin mötəbərliyi ilə bağlı məsələ lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Göründüyü kimi, İdarəninin arxivində saxlanılan siyahı ilə iddiaçı tərəfindən təqdim etmiş olduğu siyahı arasında fərqlilik mövcuddur ki, bununla da iddiaçının məhkəmə icraatı zamanı təqdim olunmuş siyahının mötəbərliyi şübhə altına alınmışdır. Beləliklə, təkcə iddiaçının təqdim etdiyi sənədlərin arxivdə aşkar edilməməsi, həmin sənədlərin təsdiqi ilə bağlı heç bir məlumatın müəyyən edilməməsi, eyni zamanda məhkəmə sorğusuna əsasən təqdim edilən bağ sahələrinin ayrılmasına aid digər sənədlər də iddiaçının bağ sahəsinə dair məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyinə şübhə yaradır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 110/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İşin materiallarında olan, “H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin Üzvlük Bileti”nin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən edilmədiyindən, həmin üzvlük bileti 2\67a saylı bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz” Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, vətəndaşa bağ sahəsinin ayrılması ilə bağlı üzvlük kitabçası və ya protokoldan çıxarış bağçılıq-yoldaşlıq təsərüfatının üzvlərinin siyahısına uyğun olaraq verilməlidir. Beləliklə, işin faktiki hallarından məlum olduğu kimi, məhkəmə tərəfindən kifayət qədər aidiyyəti qurumlara sorğular verildiyi halda, mübahisə predmetini təşkil edən bağ sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı bir sənəd aşkar olunmamış, bununla da, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədin olmaması qənaətinə gəlmək üçün əsas yaranmışdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, 2-1(102)- 2201/2023 saylı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında oxşar mübahisə üzrə qeyd edilmişdir ki, Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə də ayrıc aktından torpaq sahəsinin kənar yerləşib-yerləşməməsi ilə bağlı araşdırmanın aparılması üçün ayrıc aktının təsdiq edilmiş surətinin təqdim edilməsi məhkəmə sorğusu ilə tələb edilmişdir ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********98 saylı cavab məktubu ilə X1 Abşeron rayonu ərazisində yerləşən ayrıc aktı məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı bağ sahəsinin ona ayrılmasını təsdiq edən sənədlərə malik olsa da, hazırki vəziyyətdə onun iddia etdiyi ərazi üzərində mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyildir. Məhkəmə iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Turkan qəsəbəsində yerləşən sahəsi 1000 kv.m olan 129-130 nömrəli bağ sahəsinda inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı isə məhkəmə onu qeyd edir ki, hazırki mübahisə üzrə əmlakın məlumatlandırma icraatı növündə və ya tikintisinə icazə tələb olunan tikinti obyekti olmasının aydınlaşdırılmasının, o cümlədən digər göstərilən imtina əsasları ilə bağlı araşdırımanın aparılmasına belə zərurət yoxdur. Çünki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqları yaranmadığından, digər sənədlərin mövcud olubolmamasından asılı olmayaraq onun fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatında söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri olmadığından, cavabdeh yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Yekun olaraq məhkəmə onu qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik aktları ilə fərdi yaşayış evlərinə və torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənədin təqdim edilməli olması və həmin təqdim edilməli sənədin nə olması konkret olaraq sadalanmışdır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən həmin sənədin təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı həyətyani torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhz həmin torpaq sahəsinin uzun müddətdir ki onun istifadəsində olması əsası ilə realizə etmək istəyir. Qeyd olunmalıdır ki, həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını realizə etmək üçün kifayət etmir. Belə ki, uzun illər ərzində istifadə qanuni istifadə anlayışını tam ehtiva etmir və hüquqmüəyyənedici sənədlər mövcud olmadan torpaq sahəsinin uzun müddətli istifadəsi qanuni istifadə anlayışı ilə əhadə olunmur. İddiaçı bu hüquqlarının qeydiyyatını yalnız o zaman tələb edə bilər ki, əgər o, həmin torpaq sahəsinə münasibətdə yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər birinə malik olsun. Hazırki mübahisə üzrə iddiaçının nə fərdi yaşayış evinə, nə də ki torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması, torpaq sahəsi ilə bağlı icarə münasibətlərinin mövcudluğu və ya digər hüquqi xarakter daşıyan münasibətlərin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halın əksini təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və formal xarakter daşımır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev