Məhkəmə qərarları › İş №e-2-1(112)-8502/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8502/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8502/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sayğacın quraşdırılması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 2, 1 A saylı evin elektrik enerjisi ilə təmin olunması, “elektrik enerjisinin alqı-satqısı”na dair müqavilənin bağlanılması, yeni işıq sayğacının quraşdırılması və elektrik xəttinin yaşayış sahəsinin daxilinə çəkilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 2 ünvanında ailəsi ilə birlikdə 15 ildir yaşayır. Ona məxsus olan fərdi yaşayış evi iddiaçı tərəfindən tikilmişdir. Ev qaz və su xətti ilə təhciz edilmiş, qaz və su sayğacları onun adına olsa da, elektrik sayğacı bir həyətdə yaşadığı xx.xx.1981-ci il təvəllüdlü X1 adına olmuşdur. Sonra abonent kodu Samirənin oğlu Rzayev Natiqin adına keçirilmiş, Samirə ilə Həsənin evləri bir həyətin içində yerləşmişdir. Hər birinin yola ayrıca darvazası var. Samirənin darvazası həmin ünvanda sıra 3-ə, iddiaçının darvazası (giriş qapısı) isə sıra 2-ə düşür. Amma işıq sayğacı idiaçının evinin divarına bərkidilmiş və ödəniş üçün bildirişlər də ona aid hissədə (kontrol sayğaca uyğun olaraq) ona verilmişdir. Başqa sözlə, bir sayğacdan istifadəyə görə Samirə ayrı, iddiaçı isə ayrı ödənişlər etmişdir. İddiaçının ödədiyi qəbzlərin əsli onun özündədir. Qeyd edildiyi kimi sayğac bir dənə olsa da, İddiaçı evi üçün nəzarətli əlavə sayğac quraşdırılmış və o, işlətdiyi işığın pulunu vaxtında ödəmişdir. Lakin indi Samirə Orucova ilə aralarında mübahisə olduğundan sonuncu tərəfindən Azərişıq ASC-nin Binəqədi Rayon İdarəsinə müraciət olunmuş və həmin qurum tərəfindən xx.xx.2024-cü il tarixdə işıq kəsilmişdir. Həmin vaxtdan İddiaçı və ailəsi işıqsız qalmışdır. İddiaçının hazırda himayəsində yoldaşı, qoca və xəstə anası, qızı ayrıldığı üçün onun övladları, yəni nəvələri vardır. Hələ işıq kəsilməmişdən qabaq yaşadığı məhlədəki sakinlərdən və işıq işçilərindən məlumat alıb ki, onun evinin işığı kəsilə bilər. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə sözügedən quruma yazılı müraciət etmiş və bildirmişdir ki, illərdi həmin evdə yaşayır və işıq pulunu vaxtında ödəyir. Qonşu ilə aralarında mübahisə olduğu üçün onun evinə yeni sayğac quraşdırılana kimi ayrıca işıq xətti verilməsini və hesablamanı aylıq formada (işlətdiyi elektrik cihazlarına mütənasib) aparılmasını xahiş etmişdir. Bu müraciətə baxmayaraq Binəqədi rayon işıq idarəsi qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə onun evinin işığını kəsib və bu səbəbdən onun vətəndaş kimi hüquqları pozulub, ailəsi isə işıqsız qalıb. Bundan sonra yenidən "xxxx" ASC-yə həm elektron qaydada, həm də rəsmi ərizə ilə müraciət olunub. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə həmin qurumdan cavab alınıb ki, iddiaçın evinə elektrik xəttinin çəkilməsindən imtina edilir Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 2117 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 2 ünvanında yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, müraciətdə qeyd edilənlərlə bağlı baxış keçirilən zaman vətəndaşın ona məxsus olduğunu iddia etdiyi tikilinin yerləşdiyi ərazinin elektrik enerjisi ilə təchizatının Binəqədi RETSİ-nin balans və xidmətində olan 10/0,4 KV-lıq, gücü 2x630 kUA, 274 saylı TYS-nin 0.4 KV-lıq PQ-dən yerinə yetirildiyi məlum oldu. 724 saylı TYS-dən tikiliyə qədər məsafənin təxminən 300 metr (planşet göstərici), 0.4 KV-lıq ÖİN dayağıcı olan isə 20 metr olduğu müəyyən edilmişdir. Araşdırma müddətində vərəndaş tərəfindən tikiliyə dair mülkiyyəti təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Müəyyən olunmuşdur ki, vətəndaş qonşu ilə aralarındakı yaranmış mübahisəyədək (mülk davası), həmin fərdi yaşayış evinə quraşdırılmış “Makel” markalı, C410 tipli, z/n-52099270, d/m-406474, a/q, m-1077969, göst-050442,518 olan 3 fazalı hesablaşma elektrik sayğacından sonra qeydiyyatsız (kontrol) sayğacda təmin edilmiş və ödənişləri qonşuya ödəmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki. qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazinin elektrik enerjisi ilə təchizatı "xxxx" ASC-nin Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin balans və xidmətində olan 10/0,4 kV-luq, gücü 2x630 kVA, 724 saylı transformator yarımstansiyasının (TYS) 0,4 kV-luq şəbəkəsindən yerinə yetirilir. Fərdi yaşayış evi ilə TYS arasında məsafənin təqribən 300 metr (radiusda) olduğu məlum olmuşdur. Araşdırma müddətində vətəndaş İddiaçı tərəfindən ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin mülkiyyətə dair sənədləri təqdim edilməmişdir. Eyni zamanda, tikinti obyektinin ETŞ-yə qoşulması ilə bağlı vətəndaş İddiaçı tərəfindən “ASAN Kommunal” mərkəzinə müraciət edilmədiyi aşkar olunmuşdur. İddiaçı hazırda ona məxsus olduğunu iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 2, 1a ünvanında yerləşən özbaşına tikili olan fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin olunması, “elektrik enerjisinin alqı-satqısı”na dair müqavilənin bağlanılması, yeni işıq sayğacının quraşdırılması xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Qeyd edilməlidir ki, qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Buna görə də hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı iddiaçıya izah edir ki, iddiaçının hazırkı tələblə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar