Məhkəmə qərarları › İş №e-2-1(112)-8505/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8505/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8505/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə1, İddiaçıların vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan Cavabdeh3 ASC-yə qarşı təsisçilər və s. barədə məlumatların təqdim edilməsi tələbinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan Cavabdeh3 ASC-yə qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (Cavabdeh3 ASC-nin lisenziyası geri çağırılanadək) Cavabdeh3 ASC-nin təsisçilərinin və X1 tərkibi barədə, İdarə Heyətinin sədri və tərkibi barədə (heyət üzvlərinin cavabdehlikləri, hansı sahələrə cavabdeh olmaları qeyd edilməklə), Bankın maliyyə məsələlərinə cavabdeh şəxs (maliyyə direktoru və ya kim olubsa həmin şəxs) barədə və bu sahələrdə olan hər hansı bir dəyişiklik barədə, dəyişikliklərin tarixləri, bankın məlumat bazasına daxil olmaq məhdudlaşdırıldıqan, bankın 2021 və 2022-ci illərin illik yekun balansları, 2023-cü ilin xx.xx.2023-cü il tarixinə və eləcə də, lisenziya geri çağırılan günə olan balansının təqdim edilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankından və Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Nümayəndə2 idida ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X2 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Əmanətlərin sığortalanması məqsədləri üçün bu qanunla Əmanətlərin Sığortalanması Fondu yaradılır. 3.3. Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Maddə 5. Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı Direktor tərəfindən idarə olunur. 6.2. Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir. 9.1. Fondun icraçı direktoru və onun müavini (müavinləri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Fondun idarətetmə orqanlarının dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmasına və qəbul olunan qərarların müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmasına baxmayaraq, Fond inzibati orqan sayılmır. Bununla belə, Fond əmanətlərin sığortalanması məqsədləri üçün qanunla yaradılmışdır. Hazırkı mübahisədə isə iddiaçıların hüquqi marağı əslində Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində Cavabdeh3 ASC-nin ləğvedicisi kimi tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan irəli gəlir və iddiaçı çatmaq istədiyi hüquqi marağa düzgün iddia növlərindən istifadə etməklə aidiyyəti məhkəməyə müraciət etməklə nail ola bilər. Digər cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı isə hazırki iş üzrə ümumiyyətlə cavabdehlik daşıya bilməz. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü maddəsinə əsasən bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsilidə edilmiş) maliyyə hesablatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir. Hazırki iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, X3 Heyətinin 18 oktyabr 2023-cü tarixli qərarı ilə 19 oktyabr 2023-cü il tarixindən Cavabdeh3 ASC-nin bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkməsinin 24 oktyabr 2023-cü il tarixli Qərarına müvafiq olaraq Cavabdeh3 ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bankın ləğvedicisi təyin edilmişdir. Beləliklə, Cavabdeh3 ASC-nin təsisçiləri, Müşahidə Şurası və İdarə Heyətinin tərkibi və cavabdehlikləri, o cümlədən maliyyə direktoru və onun cavabdehlikləri barədə məlumatlar, həmçinin müxtəlif tarixlərə balan hesabatlarının təqdim edilməsində cavabdeliyi bankın ləğv edicisi kimi Əmanətlərin Sığortalanması Fondu daşımalıdır. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün olmaması (həm subyektiv tərkibinə görə, həm də, mübahisənin predmetinə görə) məhkəmə tərəfindən müəyyən olunduğundan, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 17-ci bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar