Məhkəmə qərarları › İş №e-2-1(112)-851/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-851/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-851/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı X8 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin sxeminin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı, X8 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin sxeminin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş və keçmiş DTXK tərəfindən xx.xx.2010-cu il tarixli 315478 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsinə əsas olmuş torpaq sahəsinin sxeminin ləğv etməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X8 və X9 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona 25 fevral 1995-ci ildə 84/51 nömrəli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” sərəncam verilmişdir. O da Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri ve Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakin dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciət etmişdir. Müraciətinə cavab olaraq bildiriblər ki, elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, təqdim edilmiş 84/51 sayli, xx.xx.1995-ci il tarixli sərəncamı tərəfindən istifadə edilərək keçmiş DTXK- nin kadastr planı əsasinda dövlat reyestirndə qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. Eyni zamanda, faktiki olaraq eyni sərəncamla digər sahə 2490 metr kənarda göstərilməkdədir və həmin torpaq sahəsinin 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri ve Reyestri Publik Hüquqi Şəxsi 1 sayli Bakı Ərazi İdarəsinin ona verilən cavabı ilə razı deyil və onu qanunsuz və əsassız sayır. Belə ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona 25 fevral 1995-ci ildə 84/51 nömrəli “vətəndaşlara fərdi ev tikmək ücün torpaq sahəsi ayrılması barədə” sərəncam verilməsinə baxmayaraq, belə çıxır ki, onun yerinə kimsə 84/51 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı DTXK-nin kadastr plani əsasinda dövlat reyestrində qeydiyyatdan keçirmiş və özgəninkiləşdirmişdir. Onu bildirir ki, 84/51 sayli, xx.xx.1995-ci il tarixli sərəncam ilə torpaq sahəsini DTXK-nin kadastr plani əsasinda dövlat reyestirndə qeydiyyatdan keçirmiş və özgəninkiləşdirməmişdir. xx.xx.2024-ci il tarixində Bakı Şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək, Xəzər RİH tərəfindən tərtib edilmiş və keçmiş DTXK-si tərəfindən xx.xx.2010-cu il tarixli 315478 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsinə əsas olmuş torpaq sahəsinin sxeminin ləğv edilməsini xahiş etmişdir. Buna baxmayaraq ərizəsinə cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi xx.xx.2010-cu il tarixli, 47 nömrəli sxemin xx.xx.2004-cü il tarixdə tərtib edilmiş sxemlə müqayisədə şübhə doğurmadığını qeyd etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mərdəkan qəsəbə nümayəndəsi, eyni zamanda Rayon təsərrüfat şöbəsinin müdiri kimi qeyd edilmiş Ə.Aslanov və Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının İ müavini Ə.Heydərovun imzası ilə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 84/51 nömrəli sərəncamı əsasənda İddiaçı ayrılan 5/544 nömrəli sahənin sxemi xx.xx.2004-cü il tarixdə təsdiqlənmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubu ilə Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 84/51 nömrəli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sərəncama əsasən Mərdəkan qəsəbəsində 5/544 nömrəli sahədə fərdi ev tik üçün 1200 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlər: xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/544 saylı sahədə yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur; xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə X3 verdiyi 7E\8988 nömrəli etibarnamə əsasında 7E/1360 nömrəli, xx.xx.2010-cu il tarixli etibarnaməyə əsasən X7 tərəfindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/544 saylı sahədə yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsi X1; xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/544 saylı sahədə yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsi X2 mülkiyyətindədir; Mərdəkan qəsəbə nümayəndəsi T.Məmmədovun və Rayon təsərrüfat şöbəsinin müdiri Ə.Aslanovun imzası ilə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 84/51 nömrəli sərəncamı əsasənda İddiaçı ayrılan 5/544 nömrəli sahənin sxemi xx.xx.2010-cu il tarixli, 47 nömrə ilə təsdiqlənmişdir. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X5 2001-2013-cü illərdə Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının İ müavini vəzifəsində, X6 xx.xx.2004-xx.xx.2006- cı illərdə Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və 2007-2013-cü illərdə Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifələrində, X10 isə 2009-2012-ci illərdə Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 84/51 nömrəli sərəncamına əsasən Mərdəkan qəsəbəsində 5/544 nömrəli sahədə fərdi ev tik üçün 1200 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin sərəncam əsasında xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış tərtib edilməklə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/544 saylı sahədə yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Mülkiyyət hüququ tanınarkən istinad edilən sxem Mərdəkan qəsəbə nümayəndəsi T.Məmmədovun və Rayon təsərrüfat şöbəsinin müdiri Ə.Aslanovun imzası ilə təsdiq edilmiş xx.xx.2010-cu il tarixli, 47 nömrəli sxem olmuşdur. Bundan sonra, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə X3 verdiyi 7E\8988 nömrəli etibarnamə əsasında 7E/1360 nömrəli, xx.xx.2010-cu il tarixli etibarnaməyə əsasən X7 tərəfindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/544 saylı sahədə yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsi X1. Hal-hazırda torpaq sahəsi xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətindədir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 84/51 nömrəli sərəncamına əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, lakin aidiyyəti orqan tərəfindən artıq həmin sərəncam əsasında torpağın özəlləşdirildiyi bildirilmişdir. İddiaçı tərəf məhkəmə iclasında Mərdəkan qəsəbə nümayəndəsi, eyni zamanda təsərrüfat şöbəsinin müdiri kimi qeyd edilmiş və Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının İ müavini Ə.Heydərovun imzası ilə xx.xx.2004-cü il tarixdə təsdiqlənmiş sxemi təqdim edərək onun barəsində qəbul edilmiş sərəncam əsasında tərtib edilmiş sxemin məhz o olduğunu, xx.xx.2010-cu il tarixli, 47 nömrəli sxemin həqiqi olmaması səbəbi ilə ləğv edilməli olduğunu qeyd etmişdir. İddiaçının istinadına əsasən məhz hansı sxemin həqiqətə uyğun olduğunun yoxlanılması məqsədilə məhkəmə tərəfindən sorğu verilmiş, sorğuya gələn cavab əsasında müəyyən edilmişdir ki, X5 2001-2013-cü illərdə Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının İ müavini vəzifəsində, X6 xx.xx.2004-xx.xx.2006-cı illərdə Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və 2007-2013-cü illərdə Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifələrində, X10 isə 2009-2012-ci illərdə Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. Beləliklə, iddiaçının həqiqi olduğuna istinad etdiyi sxem xx.xx.2004-cü il tarixdə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının İ müavini Ə.Heydərovun, Mərdəkan qəsəbə nümayəndəsi, eyni zamanda təsərrüfat şöbəsinin müdiri kimi qeyd edilmiş Ə.Aslanovun imza və möhürü ilə təsdiq edilmişdir. Yuxarıda qeyd edilən sorğuya cavaba əsasən Əliəkbər Aslanov xx.xx.2004-cü il tarixdə Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləsə də, Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməmişdir. Belə ki, onun Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işlədiyi dövr 2007-2013-cü illər olmaqla xx.xx.2004-cü il tarixli sxemdə onun Rayon təsərrüfatı şöbəsinin müdiri kimi imza və möhürünün olması uyğunsuzluq təşkil edir. Bununla yanaşı, iddiaçının ləğv edilməsini tələb etdiyi Mərdəkan qəsəbə nümayəndəsi T.Məmmədovun və Rayon təsərrüfat şöbəsinin müdiri Ə.Aslanovun imzası ilə xx.xx.2010-cu il tarixdə təsdiq edilmiş sxem üzrə məlumatlar cavabdehin təqdim etdiyi məlumatlara uyğun gəlməkdədir. Belə ki, xx.xx.2010-cu il tarixdə həqiqətən də X11 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Əliəkbər Aslanov isə Rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. Belə olan halda sxemin ləğv edilməsindən imtina etməkdə cavabdeh haqlıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı, X8 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin sxeminin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar