Məhkəmə qərarları › İş №e-2-1(112)-8512/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8512/2025

05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8512/2025 05.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və s.” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli Əmrinin ləğv olunmasına, mənim həmin vaxtdan əvvəlki iş yerimə bərpa olunmağı, sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqımın və 13 dekabr 2024-cü il tarixdən hazıradək məcburi işburaxma dövrünün əmək haqqı məbləğinin gecikmə faizi ilə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-ci il tarixdə müsabiqə yolu ilə ədliyyə orqanlarına qulluğa qəbul olunaraq, Əhalinin Dövlət Reyestri Xidmətinin məsləhətçisi vəzifəsinə təyin olunmuşam. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə "Əhalinin Dövlət Reyestri Xidməti" ləğv edilərək Xidmətin fəaliyyət istiqamətləri Ədliyyə Nazirliyinə verilmiş, "Ədliyyə orqanlarının inkişafı haqqında" 4 iyun 2024 - cü il tarixli Fərmanına əsasən Xidmətin 35 ştat vahidi hesabına Ədliyyə Nazirliyinin aparatının işçilərinin say həddi 420-dən 455 ştat vahidinə yüksəldilmişdir. Hazırda ƏDRX fəaliyyət istiqamətini Notariat, Qeydiyyat və Reyestr baş idarəsinin Əhalinin Dövlət Reyestri şöbəsi həyata keçirir. 12 iyun 2024-cü il tarixdən Xidmətin 14 ədliyyə qulluqçusu ilə birlikdə sərəncama götürülüb. Sərəncama götürülmə səbəbi ilə maraqlandıqda onlara Ədliyyə Nazirliyinin strukturu təsdiq edilmədiyi üçün hazırda ƏDRX fəaliyyət istiqamətini həyata keçirən Notariat, Qeydiyyat və Reyestr baş idarəsinə təyinatların mümkün olmadığı, struktur təsdiqləndikdə müvafiq təyinatların aparılacağı bildirilmişdi. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiya nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Sərəncam müddətinin ödənişsiz 3 ay müddətinə hansı müstəsna hal səbəbi ilə uzadılması sualına bu günədək cavab ala bilməmişəm. Ədliyyə Nazirliyinin strukturu təsdiqləndikdən sonra illərdi məşğul olduğumuz fəaliyyət istiqaməti və həmin fəaliyyəti həyata keçirən vəzifənin Notariat, Qeydiyyat və Reyestr baş idarəsinin Əhalinin Dövlət Reyestri şöbəsində qalmasına baxmayaraq mənə aşağı vəzifə təklif olundu. Aşağı vəzifə təklif olunmasının səbəbi ştat ixtisarı kimi əsaslandırılsa da bildirmək istəyir ki, o, müsabiqədən konkret vakansiya üzrə vəzifə tutmaq üçün keçməmişəm. Ədliyyə orqanlarına daimi qulluğa qəbul olunduqdan sonra iş təklif olunaraq müvafiq vəzifəyə təyin olunmuşam. ƏDRX-nin məsləhətçisi təyin olunsam da ezam olunaraq 2011-2015-ci illər ərzində Qeydiyyat və Notariat baş idarəsində, 2021-2022-ci illərdə İnformasiya Kommunikasiya Texnologiyaları idarəsində fəaliyyət göstərmişəm. Sərəncamda olduğumuz müddət ərzində 14 nəfər ədliyyə qulluqçusundan 3 nəfər ədliyyə qulluqçusu Ədliyyə Nazirliyinin aparatına daxil olan müxtəlif idarələrə bərabər vəzifəyə təyin olunmuşlar. Həmin ədliyyə qulluqçularının bərabər vəzifəyə təyin olunması ştat ixtisarı səbəbi ilə aşağı vəzifə təklifinin qərəzli olduğunun, ayrı-seçkiliyə məruz qaldığımın əyani sübutudur. ƏDRX-nin icraatında ən çox sənəd olan əməkdaşı, iltizam alınaraq fərdi məlumatlarla işə cəlb olunan ədliyyə qulluqçusu olaraq, fəaliyyəti dövründə pozuntuya yol verməyən, peşəkarlıq səviyyəsi baxımından heç bir əməkdaşdan geri qalmayan işçi olaraq bərabər vəzifəyə təyin olunmamağım nəticəsində hüquqlarım pozulmuşdur. Hazırda ƏDRX fəaliyyət istiqamətini həyata keçirən Notariat, Qeydiyyat və Reyestr baş idarəsinin Əhalinin Dövlət Reyestri şöbəsinin əməkdaşları görülən işin operativ həlli məqsədi ilə mənə məsləhət və köməklik üçün dəfələrlə müraciət etmişlər. 06 dekabr 2024-cü il tarixdə, 6 aylıq sərəncamda olma müddətinin bitməsinə 5 gün qalmış İnsan resursları idarəsinin əməkdaşı tərəfindən mənə "Şabran rayon icra və probasiya şöbəsi"ndə əmək haqqı məbləği son vəzifəm üzrə ödənilən əmək haqqının təxminən 50 faizini təşkil edən, tutduğum vəzifədən bir neçə dəfə aşağı vəzifə təklif edilən, 5 gün müddətində təklifi qəbul etməsəm və ya heç bir mövqe bildirməsəm ədliyyədə qulluq keçməyimə xitam veriləcəyinin qeyd olunduğu bildiriş təqdim edildi. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respubilkası Qanununun 14.3 -cü maddəsinə əsasən "Səhhətinə görə və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbəhi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə ədliyyə orqanların işcisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur". Ədliyyə Nazirliyində fəaliyyətim dövründə mənə nə xəbərdarlıq , nə də iznibati tənbeh verilməmişdir. Sərəncama götürüldüyü tarixdən Ədliyyə Nazirliyində heç bir ştat ixtisarı olmamış, hətta cənab Prezidentin "Ədliyyə orqanlarının inkişafı haqqında" 4 iyun 2024 - cü il tarixli Fərmanına əsasən "Əhalinin Dövlət Reyestri Xidməti" ləğv edilərək Xidmətin fəaliyyət istiqamətləri Ədliyyə Nazirliyinə verilməsi ilə yanaşı Xidmətin 35 ştat vahidi hesabına Ədliyyə Nazirliyinin aparatının işçilərinin say həddi 420-dən 455 ştat vahidinə yüksəldilmişdir. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respubilkası Qanununun 40.2-ci maddəsinə əsasən işçinin ədliyyə orqanlarında digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda və ya işçi digər vəzifəyə keçirilmədən imtina etdikdə qulluq keçməyə xitam verilir. Bildirişdə müvafiq maddəyə əsasən qulluq keçməyə xitam veriləcəyi qeyd edilsə də, sərəncamda olduğum 6 ay müddətində ədliyyə orqanlarına yeni qəbul olunan əməkdaşların təyinatı (xüsusilə nazirliyin aparatına edilmiş təyinatlar) və mənə bildiriş təqdim edilən tarixdən 5 gün əvvəl ədliyyə orqanlarına qəbul imtahanın keçirilməsi vakant yerlərin olmasını təsdiq etməklə yanaşı mənim bərabər vəzifəyə keçirilməyimin qeyrimümkün olması halını istisna edir. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respubilkası Qanununun 14.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisinin vəzifəsi bərabər vəzifəyə dəyişdirilərkən ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır. Mənə təklif edilən vəzifədə bu halların heç biri nəzərə alınmamışdır. Belə ki, tək ana olduğuna, evinin, övladının təhsil aldığı məktəbin Bakı şəhərində olmasına baxmayaraq, ona Şabran şəhərində iş təklif edilmişdir. Mənə edilmiş təklifin qanunvericiliyin tələblərinə uyğun olmadığı və mənə bərabər vəzifə təklif edilməli olduğu barədə Ədliyyə Nazirliyinin rəhbərliyinə ərizə ünvanlasam da müraciətimə baxılmadan 13 dekabr 2024-cü il tarixli əmrlə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.9-cu, 40.1.4-cü, 40.2-ci və 40.3-cü maddələrinə əsasən ədliyyə orqanlarında qulluq keçməyimə xitam verilmişdir. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən "əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir". Həmin Qanunun 40-cı maddəsində Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsi əsasları göstərilsə də qaydası göstərilməmişdir. Əmək Məcəlləsinin 50-ci maddəsinin 6-cı bəndinə əsasən "müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi heç bir istisnaya yol verilmədən yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir". Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən "İşəgütürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər". Mənə təqdim edilmiş Əmrdə Əmək Məcəlləsinin 50-ci, 70-ci, 76-cı, 84-cü maddələrinin tələbləri pozulmuşdur. Əmək müqaviləmə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Xitam Əmrində əmək müqaviləsinə xitam verilmə əsasının qeyd olunduğu və həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Xitam əmrinin əsası kimi qanunvericiliklə heç bir əsas olmadan çıxarıldığımız sərəncam Əmri və qanunvericiliyin tələblərinə uyğun olmayan vəzifə təklifinin əks olunduğu bildiriş göstərilmişdir. Eyni zamanda, xitam Əmrində Əmək Məcəlləsinin 77-ci maddəsi də nəzərə alınmamışdır. Belə ki, mənim 19 il əmək stajım olmasına baxmayaraq, əmrdə mənə xəbərdarlıq edilməli olunan azı doqquz həftə gözlənilmədən ədliyyə orqanlarında qulluq keçməyimə xitam verilsə də 77-ci maddənin 3-cü bəndində göstərilən əmək haqqının azı iki misli məbləğində müavinətin hesablanması ilə bağlı göstəriş verilməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməli, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. Ədliyyə qulluğuna xitam verilməsi ilə bağlı əmrin surəti İnsan resursları idarəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü ildə təqdim edilsə də son haqq-hesab xx.xx.2025- ci ildə aparılmış, əmək kitabçamın götürülməsi ilə bağlı rəsmi olaraq hazıradək xəbər verilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən "İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir", "Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir". "İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əmək haqqı ödənilməlidir". Yuxarıda qeyd etdiyim ödənclərlə bağlı Ədliyyə Nazirliyinə müraciət etsəm də, heç bir ödəniş aparılmamışdır. Məsələ ilə bağlı Əmək Müfəttişliyinə ünvanladığı müraciəti hazıradək cavablandırılmayıb. xx.xx.2025-ci il tarixdən etibarən ədliyyədə qulluq keçməyinə xitam verilməsi ilə bağlı Əmrin Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olmadığı və qanunla haqqım olan ödənclərin verilməli olduğu ilə bağlı dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etmişəm. Müraciətlərim Ədliyyə Nazirliyinin İnsan resursları idarəsi tərəfindən xx.xx.2025ci il tarixdə cavablandırılmışdır. Mənə ünvanlanan elektron məktubda qeyd olunur ki, "Əmək Məcəlləsinin 50-ci maddəsinin 6-cı bəndi həmin Məcəllənin tələblərinə əsasən işə götürülmüş şəxslərə aiddir". "Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan vəzifəyə keçirilmədən imtina etməyinizlə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 23.9, 40.1.4,40.2,40.3-cü maddələrinə müvafiq olaraq ədliyə orqanlarında qulluq keçmənizə xitam verilmişdir." Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 81.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. İnsan resursları idarəsinin cavabı ilə bağlı bildirmək istərdim ki, Əmək Məcəlləsinin 6cı maddəsində həmin Məcəllənin şamil edilmədiyi şəxslər sırasında ədliyyə qulluqçuları yoxdur. Eyni zamanda qeyd etmək istərdim ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən "əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir". Həmin Qanunda ədliyyə qulluğuna xitam verilməsi qaydası göstərilmədiyi üçün ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsi ilə bağlı əmr Əmək Məcəlləsinin 50.6-cı , 76.2-ci, 68.1-ci, 83.1-ci və 84.1-ci maddələrinin tələbləri nəzərə alınaraq həmin Məcəllə ilə müəyyən olunmuş əsaslarla və qaydada verilməlidir. 50.6. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İnsan resursları idarəsinin cavabında qeyd edilən təşkilati-ştat tədbirlərinin ştat ixtisarı olduğunu ehtimal edərək, xitam əmrinin Əmək Məcəlləsinin 80.1-ci , 71-ci və 78- ci maddələrinin tələbləri pozularaq qanunvericilikdə işəgötürənin görməli olduğu tədbirlər həyata keçirilmədən və müvafiq əsaslandırma aparılmadan verilmişdir. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. xx.xx.2024-cü il tarixdə sərəncamda olma müddətimiz 3 ay müddətinə uzadılmış və həmin 3 ay ərzində heç bir əmək haqqı ödənilməmişdir. Nə sərəncama götürüldüyümüzdə, nə də 6 ay ərzində aşağı vəzifə təklif olunacağı və aşağı əmək haqqılı vəzifəni qəbul etməsəm ədliyyə orqanlarında qulluq keçməyimə xitam veriləcəyi barədə mənə xəbərdarlıq edilməmişdir. İki yetkinlik yaşına çatmayan övladı olan tək ana olaraq, əmək haqqı ödənilməməsi yeganə gəliri əmək haqqım olan ailə büdcəmizə mənfi təsir göstərmişdir. Övladlarımın təhsil və yaşam xərclərini əmək haqqıma uyğun olaraq planlaşdırdığım üçün xəbərdarlıq edilmədən aşağı (əvvəlki əmək haqqımın 50 %) əmək haqqılı vəzifə təklifi və ondan imtina etməyim nəticəsində ədliyyə orqanlarında qulluq keçməyimə xitam verilməsi ailəmi maddi olaraq sıxıntıya salmışdır. Bir övladım Türkiyə Cumhuriyyətində tələbədir. Sərəncamda olduğum sentyabr,oktyabr, noyabr, dekabr aylarında əmək haqqı almadığım üçün oğlumun yaşam xərclərini qarşılaya bilməmişəm. Yaranmış vəziyyət öhdəliklərimi yerinə yetirə bilməməyimə və borclanaraq əlavə zərərə gətirib çıxarıb. Hazıradək əmək kitabçam təqdim edilmədiyi üçün başqa işə düzələ bilmirəm. Ədliyyə Nazirliyində vakant bərabər vəzifələr olmasına baxmayaraq 3 ay müddətinə ödənişsiz sərəncama çıxarılmağım nəticəsində əmək haqqı almaq hüququm pozulmuşdur. İnsan resursları idarəsinin 6 ay sonra etdiyi "Şabran rayon icra və probasiya şöbəsi"nin icra məmuru vəzifəsi təklifini 3 ay ödənişsiz olaraq sərəncamda olma müddəti uzadılmadan da etmək mümkün idi. Fəaliyyəti dövründə vəzifələrimi yerinə yetirməkdə heç bir pozuntuya yol verməyən işçi kimi sərəncam müddətinin uzadılmasına heç bir əsas olmadığı üçün xx.xx.2024-cü il tarixli Əmrlə uzadılan sərəncam müddəti ərzində mənə ödənilməyən əmək haqqımın gecikmə faizi ilə ödənilməsi əmək haqqı almaq hüququmu təmin edəcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir" müddəası fərdi əmək mübahisələrinin yarandığı hala da şamil edilir.

3. İddia ərizəsi iddiaçı tərəfindən aşağıdakı kimi dəqiqləşdirilmişdir: -“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli Əmrinin qanunsuz hesab edilməsi; -sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi; xitam verilərkən xəbərdarlıq müddəti gözlənilmədiyi üçün əmək haqqının azı iki misli məbləğində kompensasiyanın gecikmə faizi ilə ödənilməsi; -13 iyun 2025-ci il tarixədək əmək kitabçasının təqdim edilmədiyi hər ay üçün orta aylıq əmək haqqı məbləğində qanunvericilikdə nəzərdə tutulan kompensasiyaların gecikmə faizi ilə ödənilməsinə, son haqq-hesabın gecikdirildiyi 48 gün üçün gecikmə faizinin ödənilməsi; -xitam əmrin qanunvericiliyin tələblərinə uyğun verilməməsi səbəbilə imtina edilən işsizlik sığortasının hazıradək əldə etməli olduğum həcmində maddi ziyanın ödənilməsi”

4. İddia ərizəsi iddiaçı tərəfindən təkrarən aşağıdakı kimi dəqiqləşdirilmişdir: -“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli əmrinin qanunsuz hesab edilməsi; -əmək kitabçasına düzəliş edilərək Əmək Məcəlləsinin müvafiq maddəsinin qeyd edilməsi; sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi, -xitam verilərkən xəbərdarlıq müddəti gözlənilmədiyi üçün əmək haqqının azı iki misli məbləğində kompensasiyanın gecikmə faizi ilə ödənilməsi; -13 iyun 2025-ci il tarixədək əmək kitabçasının təqdim edilmədiyi hər ay üçün orta aylıq əmək haqqı məbləğində qanunvericilikdə nəzərdə tutulan kompensasiyaların gecikmə faizi ilə ödənilməsi, son haqq-hesabın gecikdirildiyi 48 gün üçün gecikmə faizinin ödənilməsi, -xitam əmrin qanunvericiliyin tələblərinə uyğun verilməməsi səbəbilə imtina edilən işsizlik sığortasının hazıradək əldə etməli olduğum həcmində maddi ziyanın ödənilməsi.

5. İddia tələbi qeyd edilən məzmunda dəyişdirilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, tələb faktiki və hüquqi əsaslar baxımından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Bundan əvvəl də təqdim etdiyimiz sənədlərdən də görünür ki, iddiaçının istifadə edilməmiş məzuniyyət günləri qalmamış və ona bununla bağlı bütün ödəmələr ona verilmişdir. Eyni zamanda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən iddiaçının sərəncamda olduğu ilk 3 ay üçün əmək haqqı ödənilmiş, növbəti aylar üçün isə ödənilməmişdir. Ədliyyə Nazirliyi üzrə əmrlə İddiaçı qulluq keçməsinə xitam verilərkən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 40.1.4-cü maddəsinə (təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) əsasən vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət (5.760,0 manat) ödənilmişdir. Bu müavinət isə Əmək Məcəlləsinin 83cü maddəsinin 4-cü hissəsində qeyd edilən hallara aid deyil. Belə ki, həmin maddədə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr qeyd edilmişdir (yəni işçinin faktiki işləməsi, əmək funksiyalarının yerinə yetirməsi ilə bağlı olan verilməmiş məbləğlər). İddiaçıya xx.xx.2025-ci il tarixdə verilmiş 5.760,0 manat məbləğində müavinət isə təşkilati ştat tədbirləri ilə (işlədiyi qurumun ləğvi) əlaqədardı və bu hal əmək funksiyalarının icrası ilə bağlı deyildir. Yəni ki, iddiaçı razılıq verib fəaliyyətini davam etdirsəydi ona bu müavinət verilməyəcəkdi. Bu hala aid olmasa da analoji hal kimi qeyd etmək olar ki, Əmək Məcəllənin 77-ci maddəsində qeyd olunan işdənçıxarma müavinəti ödənilməsi üçün də dəqiq müddət müəyyən olunmamışdır. Göründüyü kimi, qanunvericilikdə işdən çıxma müavinəti kimi iddiaçıya ödənilmiş məbləğ son haqq-hesab kimi qeyd olunmur. Göstərilənlərə əsasən, İddiaçı Ədliyyə Nazirliyinə qarşı iddiası əsassız olduğu üçün rədd edilməlidir. Eyni zamanda etiraza əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən uğur qazanaraq xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti Qüvvədən düşmüş sənədlərin reyestri şöbəsinin məsləhətçisi (stajor), xx.xx.2012-ci il tarixdə həmin vəzifəyə 6 aylıq sınaq müddəti ilə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə isə həmin vəzifəyə daimi qulluğa qəbul olunmuşdur. O, xx.xx.2016-cı il tarixdən Xidmətin aparıcı məsləhətçisi, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə Xidmətin Qüvvədən düşmüş sənədlərin reyestri şöbəsində böyük məsləhətçisi vəzifələrində işləmişdir. Fəaliyyəti dövründə intizam məsuliyyətinə cəlb olunmamış, mükafatlandırılmamışdır. İddiaçı sonuncu vəzifədə işləyərkən “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli Fərmanına əsasən Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (idarə səlahiyyətli) ləğv edilmişdir. Bununla əlaqədar həmin qurumda çalışmış dövlət qulluqçularının fəaliyyətinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə əsasən (dövlət orqanı ləğv edildikdə) xitam verilmişdir. Xidmətdə çalışan xüsusi rütbəli əməkdaşlar isə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən sərəncama götürülmüş, sərəncamda olduğu ilk 3 ay müddətində əvvəlki vəzifədə aldıqları aylıq əmək haqları onlara ödənilmiş, gələcəkdə ədliyyə orqanlarında istifadə olunmaları məqsədilə bu müddət daha 3 ay uzadılmışdır. Sərəncamda olduğu müddətdə dəfələrlə qəbul olunaraq digər vəzifələr təklif edilsə də (Şabran rayon icra və probasiya şöbəsində işləməkdən imtina etdikdən sonra Bakı şəhər üzrə yerli ədliyyə qurumlarında iş təklif olunmuşdur, bu vəzifəələrdən də imtina etmişdir), müvafiq vəzifələrə keçirilməkdən imtina etmişdir. Bununla da həmin Qanunun 40.1.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vəzifəyə keçirilməkdən imtina etməsi ilə bağlı vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməklə qulluq keçməsinə xitam verilmişdir. İddiaçı hazırkı iddiasında qeyd olunan məsələlərlə bağlı bir neçə dəfə nazirliyə müraciət ünvanlamış, ərizələrinə baxılmış, araşdırılmış, özü ilə danışılmış, rəsmi cavablar verilmişdir (qeyd olunur ki, işə bərpa ilə bağlı müraciəti olmamışdır). İddiaçı iddia ərizəsində bir neçə məqamları qeyd edərək barəsində qəbul olunmuş Ədliyyə Nazirliyi üzrə xx.xx.2024-cü il tarixli 812-K nömrəli əmrin qanunsuz olduğunu bildirir və aşağıda qeyd olunan normalara istinad edərək əsaslandırır: İddiaçı ərizəsində müsabiqə vasitəsilə ədliyyə orqanlarına işə qəbul olunduğunu vurğulayaraq Əmək Məcəlləsinin 50-ci maddəsinin (müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi) 6-cı bəndinə (müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir) istinad edir və qulluq keçməsinə xitam verilməsi barədə Ədliyyə Nazirliyi üzrə xx.xx.2024-cü il tarixli 812-K nömrəli əmrin düzgün olmadığını bildirir. Eyni zamanda iddiada həmin Məcəllənin 76-cı maddəsinə istinad edilərək (əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər) işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər müddəası əsas götürür. Bununla bağlı bildirilir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 1.1- ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.2-ci maddəsinə uyğun olaraq əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Qulluğa qəbul məsələləri isə birbaşa olaraq sözügedən Qanunla tənzimlənir. Belə ki, həmin Qanunun 4.7-ci maddəsinə əsasən ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibədən keçirlər. Böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər, bir qayda olaraq, müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilirlər. Ali hüquq təhsili tələb olunmayan böyük və orta xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə, həmçinin sıravi və kiçik rəis heyəti vəzifələrinə şəxslər müsahibə əsasında qəbul edilirlər. Müsabiqənin və müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqam terəfindən müəyyən edilir. İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədən keçmiş namizədlər müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər ədliyyə orqanlarına qulluğa qəbul edilirlər. Eyni zamanda qulluğa qəbula dair məsələlər Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında” Əsasnamə və Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2011-ci il tarixli 1- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi” Qaydaları ilə tənzimlənir. Əmək Məcəlləsində işə qəbul prosesində işçinin yazılı test vasitəsilə, daha sonra müsahibədən keçməklə və icbari təlimə cəlb olunması barədə müddəalar yoxdur. Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən həmin Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə ahnmaqia şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Belə olan halda Əmək Məcəlləsinə istinad yol verilməzdir. Belə ki, Məcəllənin 50-ci maddəsinin 6-cı bəndi həmin Məcəllənin tələblərinə əsasən işə götürülmüş şəxslərə aiddir.

2. İddiada həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə istinad edərək qeyd edir ki, həmin Məcəllənin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Barəsində olan əmrdə isə belə hal yoxdur. Bildirilir ki, iddiaçının qulluq keçməsinə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.4-cü - təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Buna səbəb iddiaçının fəaliyyət göstərdiyi qurumun tamamilə ləğv edilməsidir. İddiaçının qeyd etdiyi hal isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”-bəndində qeyd olunan İşçilərin sayı və ya ştatları ixtisar edildikdə” anlayışı ilə deyil, həmin maddəinin “a” bəndi ilə “müəssisə ləğv edildikdə” anlayışı ilə eynilik təşkil edir. Belə olan halda Həmkarlar təşkilatının rəyinin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.

3. Qeyd olunanlardan əlavə olaraq bildirilir ki, sorğunuza əsasən iddiaçıya sərəncamda olduğu müddətdə və qulluq keçməsinə xitam verilməsi zamanı vəzifə maaşının 6 misli məbləğində ödənilən müavinət barəsində məlumat məhkəməyə təqdim olunmuşdur. Son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və s.) aparılarkən ödənilməmiş məbləğ aşkar edilməmişdir.

4. əmək kitabçasına düzəliş edilərək Əmək Məcəlləsinin müvafiq maddəsinin qeyd edilməsi hissəsi üzrə- - Qeyd olunur ki, dövlət qurumunun ləğvi zamanı prosedurlar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda təşkilati-ştat tədbirlərinin keçirilməsi (40.1.4-cü maddə) kimi tənzimləndiyindən (bu norma qulluq keçməni tənzimləyən bəzi digər qurumların qanunvericiliyində də mövcuddur) iddiaçı barədə olan əmrdə Əmək Məcəlləsinə istinad olunmamışdır. Xidmətdə çalışmış dövlət qulluqçuları barədə əmrlərdə isə onların dövlət qulluqlarına “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə əsasən (dövlət orqanı ləğv edildikdə) xitam verilmişdir.

5. Sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqımın gecikmə faizi ilə ödənilməsi hissəsi üzrə- - “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə ədliyyə orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Ədliyyə orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əməkhaqqı üç ay müddətində saxlanılır. Göründüyü kimi məsələ Qanunla tam tənzimlənir və iddiaçıya sərəncamda olduğu ilk 3 ay üçün əmək haqqı ödənilmişdir.

6. Xitam verilərkən xəbərdarlıq müddəti gözlənilmədiyi üçün əmək haqqının azı iki misli məbləğində kompensasiyanın gecikmə faizi ilə ödənilməsi hissəsi üzrə - - İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin (əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) 3-cü hissəsinə istinad edərək - əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq məbləğlərdə işdənçıxarma müavinəti ödənilmədiyini bildirirərərk ona azı doqquz təqvim həftəsi öncədən xəbərdarlıq edilmədiyi, həmçinin 10 ildən çox əmək stajına uyğun olaraq orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilmədiyini vurğulayır. Bununla bağlı bildiririk ki, bu məsələ “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla tənzimləndiyindən Əmək Məcəlləsinə istinad olunmamışdır. Belə ki, sözügedən əmrdə qanunvericiliklə müəyyən edilmiş sərəncamda olma müddəti bitdiyindən təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan vəzifəyə keçirilmədən imtina etməsi ilə bağlı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun aşağıdakı maddələrinə istinad olunmuşdur; - 23.9 - bu Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Qanunun 40.1.4-cü maddələrinə əsasən, yaxud pensiyaya çıxması ilə bağlı öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir (bu müavinət 5760 manat olmaqla iddiaçıya ödənilmişdir); - 40.1.4 - təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; - 40.2 - Bu Qanunun ... 40.1.4-cü .... maddələrində nəzərdə tutulmuş əsaslara görə işçinin ədliyyə orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya işçi digər vəzifəyə keçirilmədən imtina etdikdə qulluq keçməyə xitam verilir; - 40.3 - Bu Qanunun 40.1.2 - 40.1.11-ci maddələrində göstərilən əsaslara görə ədliyyə orqanları işçilərinin qulluq keçməsinə xitam verilməsi ədliyyə orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.

7. 13 iyun 2025-ci il tarixədək əmək kitabçasının təqdim edilmədiyi hər ay üçün orta aylıq əmək haqqı məbləğində qanunvericilikdə nəzərdə tutulan kompensasiyaların gecikmə faizi ilə ödənilməsi hissəsi üzrə - - Bildiririk ki, iddiaçının fəaliyyətinə xitam verildikdən sonra iddiaçıya şifahi və yazılı qaydada (xx.xx.2025-ci il tarixli məktub əlavə olunur) əmək kitabçasını götürməsi barədə bildirilsə də, o əmək kitabçasını barəsində olan əmrin ləğv edildikdən və kitabça daha düzgün yazıldıqdan sonra götürəcəyini bildirmişdir. Ötən məhkəmə baxışı zamanı əmək kitabçasını şəxsən təqdim etmək istəsəm də, iddiaçı bundan imtina etmişdir. Ondan bir neçə gün sonra iddiaçıya təkrar yazılı məktubumuzdan sonra iddiaçı əmək kitabçasını müraciət dərək qəbul etmişdir. Bu hal da ona dəlalət edir ki, iddiaçı əmək kitabçasını düşünlmüş şəkildə götürməmişdir. Belə ki, qulluq keçməsi barədə əmrlər onda varsa, həmin vaxtı əmək kitabçası da hazır idi və əmək kitabçasını istəsəydi vaxt götürə bilərdi. Həmçinin İddiaçı əmək kitabçasının təqdim edilməməsi səbəbindən hazrki vaxtadək digər işə qəbul edilməməsi barədə isə bildiririk ki, Vəkillər Kollegiyası mətbuat xidmətinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, o Kollegiyanın üzvüdür və hazırda vəkillik fəaliyyəti həyata keçirir. Beləliklə, əmək kitabçasının gec təqdim edilməsi zamanı konpensasiyanın verilməsinin qanuni əsası yoxdur.

8. Xitam əmrinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi səbəbilə imtina edilən işsizlik sığortasının hazıradək əldə etməli olduğu həcmində maddi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsi hissəsi üzrə - - Qeyd olunur ki, iddiaçı bununla bağlı Nazirliyə müraciət etməmiş, həmçinin X1 müvafiq qurumları tərəfindən ona müvafiq ödənişin verilməməsi barədə sənəd təqdim etməmişdir. Sığorta pulunun alıb-almaması barədə məlumat yoxdur. Bununla belə bir daha bildiririk ki, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli Fərmanına əsasən Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilmişdir. Xidmətin əməkdaşları dövlət qulluqçularından, habelə dövlət qulluğunun xüsusi növündə qulluq keçən xüsusi rütbəli əməkdaşlardan ibarət olmuşdur. Bununla əlaqədar aidiyyəti işçilərin dövlət qulluqlarına “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə əsasən (dövlət orqanı ləğv edildikdə) xitam verilmişdir. Xidmətdə çalışmış xüsusi rütbəli əməkdaşlar isə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən sərəncama götürülmüş, sərəncamda olduğu ilk 3 ay müddətində əvvəlki vəzifədə aldıqları aylıq əmək haqları onlara ödənilmiş, gələcəkdə ədliyyə orqanlarında istifadə olunmaları məqsədilə bu müddət daha 3 ay uzadılmış, sonradan bəzi əməkdaşlar digər vəzifələrə keçirilməkdən imtina etdiklərinə görə həmin Qanunun 40.1.4-cü maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar vəzifə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməklə onların qulluq keçmələrinə xitam verilmişdir. Bildiyiniz kimi, “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.1-ci maddəsində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi zamanı sığorta ödənişinin verilməsinə əsas kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsi və Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi göstərilmişdir. Qeyd olunur ki, dövlət qurumunun ləğvi zamanı prosedurlar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda təşkilati-ştat tədbirlərinin keçirilməsi (40.1.4-cü maddə) kimi tənzimləndiyindən (bu norma qulluq keçməni tənzimləyən bəzi digər qurumların qanunvericiliyində də mövcuddur) sabiq xüsusi rütbəli əməkdaşlar barədə olan əmrlərdə Əmək Məcəlləsinə istinad olunmamışdır.

9. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli Əmrinin qanunsuz hesab edilməsi hissəsi üzrə- - İddiaçı barədə qəbul edilmiş sözügedən əmr etirazımızda göstərdiyimiz əsaslandırmada da qeyd olunduğu kimi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə tam riayət olunmaqla verilmişdir.

7. İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli 812-K nömrəli əmri:

1. Ədliyyə nazirinin 2024-cü il 12 iyun tarixli 24-T nömrəli əmrinə əsasən sərəncama götürülmüş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan vəzifəyə keçirilmədən imtina etməsi ilə bağlı 2024-cü il 13 dekabr tarixindən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilsin.

2. Nazirliyin Maliyyə və təminat idarəsinə İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsini təmin etsin.

3. Nazirliyin İnsan resursları idarəsi bu Əmrlə bağlı məlumatlandırmanı həyata keçirsin. Əsas: Ədliyyə Nazirliyi üzrə xx.xx.2024-cü il tarixli 24-T nömrəli və xx.xx.2024-cü il tarixli 565-K nömrəli əmrlər, bildiriş, İnsan resursları idarəsinin arayışı

8. Əmək kitabçasında müvafiq qeydin məzmunu: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.9, 40.1.4-cü, 40.2-ci və 40.3-cü maddələrinə əsasən təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan vəzifəyə keçirilmədən imtina etməsi ilə bağlı 2024-cü il 13 dekabr tarixindən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilsin”.

9. İddiaçıya ünvanlanmış bildirişin məzmunu: “Ədliyyə orqanlarında qulluq keçməyinizə xitam verilməsi ilə bağlı əmək kitabçanızı İnsan resursları idarəsindən götürməyiniz barədə bundan əvvəl şifahi və yazılı qaydada Sizə bildirilsə də, ötən müddətdə bununla bağlı müraciət etməmisiniz. Bir daha Sizə bildirilir ki, əmək kitabçanızı həftənin bütün iş günləri İnsan resursları idarəsindən götürə bilərsiniz (telefon: **********, daxili 1913,1916)”

10. İddiaçıya ünvanlanmış cavab məktubunun məzmunu: “Sizin təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş çoxsaylı ərizələrinizə, o cümlədən ədliyyə orqanlarında qulluq keçməyinizə xitam verilməsi ilə bağlı əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun yenidən tərtib olunmaqla təqdim edilməsinə, son haqq-hesabın düzgün aparılmamasına, əmək kitabçanızın təqdim edilməməsi səbəbindən işə düzəlmədiyiniz barədə müraciətlərinizə baxılmışdır. Qeyd olunur ki, bundan əvvəlki ərizələriniz üzrə Sizə ətraflı cavablar verilmişdir. Bununla belə sonuncu müraciətlərinizdə qeyd etdiyiniz xüsusatlarla bağlı aşağıdakıları bildiririk: - “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.2-ci maddəsinə uyğun olaraq əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Lakin xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçilərinə şamil edilən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda təşkilati-ştat tədbirlərinin keçirilməsi, bununla əlaqədar birdəfəlik müavinətin verilməsi məsələləri nəzərdə tutulduğundan Sizinlə bağlı əmrdə Əmək Məcəlləsinə istinad olunmamış, yuxarıda adı çəkilən Qanunun tələbləri rəhbər tutulmuşdur (Əmək Məcəlləsində işçilərin sərəncamda olması institutu da yoxdur). - Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 36 təqvim günü müddətində əmək məzuniyyətinə çıxmaqla bütün iş illərinə görə məzuniyyətlərdən istifadə etmisiniz və bununla əlaqədar müvafiq ödənişlər Sizə tam verilmişdir. Sərəncamda olduğunuz ilk 3 ayda Sizə əvvəlki vəzifədə aldığınız əmək haqqı ödənilmiş, son 3 ayda isə qanunvericiliyə uyğun olaraq əmək haqqı almamısınız. Bununla əlaqədar Sizinlə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və s.) aparılarkən göstərilənlər nəzərə alınmışdır. - Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibədən keçirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Əmək Məcəlləsinə istinad etdiyiniz 50-ci maddəsinin 6-cı bəndi isə həmin Məcəllənin tələblərinə əsasən işə götürülmüş şəxslərə aiddir. - Əmək kitabçanızı Nazirliyin İnsan resursları idarəsindən götürməyiniz barədə Sizə dəfələrlə bildirilsə də, hazıradək götürməmisiniz. - Vəkillər Kollegiyası mətbuat xidmətinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Siz vəkillik fəaliyyətinə başlamısınız. - Qanunvericiliklə müəyyən edilmiş sərəncamda olma müddətiniz bitdiyindən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan vəzifəyə keçirilmədən imtina etməyinizlə bağlı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.9, 40.1.4, 40.2 və 40.3-cü maddələrinə müvafiq olaraq Ədliyyə Nazirliyi üzrə əmrlə 2024-cü il 13 dekabr tarixindən ədliyyə orqanlarında qulluq keçməyinizə xitam verilmişdir. Həmçinin, həmin əmrə əsasən Sizə Qanunun 23.9-cu maddəsinin tələblərinə uyğun vəzifə maaşınızın 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi təmin edilmişdir.”

11. Cavabdeh tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə əməkhaqqının ödənilməsi barədə məlumat təqdim edilmişdir: İddiaçı sərəncamda olduğu müddətdə (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) ödənilmiş əməkhaqqı barədə məlumatlar Sizə təqdim olunur: - iyun ayı üzrə (1-12 iyun işlədiyi günlər üçün əməkhaqqı və 12-30 iyun sərəncamda olduğu dövr üçün əməkhaqqı) 1.587,18 manat; - iyul ayı üzrə (sərəncamda olduğu dövr üçün əməkhaqqı və müalicə olunma ilə əlaqədar müavinət) 5.065,94 manat; - avqust ayı üzrə (sərəncamda olduğu dövr üçün əməkhaqqı) 1.615,19 manat; - sentyabr ayı üzrə (sərəncamda olduğu dövr üçün əməkhaqqı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 36 təqvim günü üçün məzuniyyət pulu, məzuniyyət müavinət və iyun ayı üzrə mükafat) 7.392,63 manat. Məlumat üçün bildiririk ki, Ədliyyə Nazirliyi üzrə əmrlə xx.xx.2024-cü il tarixdə İddiaçı qulluq keçməsinə xitam verilmiş və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 23.9-cu maddəsinə əsasən İddiaçı bu Qanunun 40.1.4-cü, 40.1.5-ci, 40.1.7-ci və ya 40.1.10-cu maddələrinə əsasən vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət (5.760,0 manat) ödənilmişdir.

12. İddiaçının bank hesabından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə cavabdeh qurum tərəfindən iddiaçıya 5760 manat (vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət) ödənmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı ddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında aşağıdakıları bildirdi: Dövlət qurumunun ləğv edilməsi səbəbiylə xitam verilməsi ilə bağlı Etirazda qeyd edilir ki, ədliyyə qulluqçuları “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsində göstərilən əsaslarla sərəncama götürülmüşlər. Maddə 15.1. Ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Nazirliyin nümayəndəsi etiraf edir ki, ədliyyə qulluqçusu olaraq bu maddədə göstərilən əsasların heç biri mövcud olmadan sərəncama götürülmüşəm. Çünki Etirazda mənim sərəncama götürülmə və ədliyyə orqanlarında qulluq keçməyimə xitam səbəbi kimi çalışdığım “dövlət qurumunun” ləğv edilməsi göstərilir. Qeyd edim ki, ƏDRX dövlət qurumu deyil, Ədliyyə Nazirliyinin strukturuna daxil olan idarə idi. İstər “Dövlət qulluğu haqqında” Qanunda, istərsə Əmək Məcəlləsində xitam əsası kimi ləğvi qeyd edilən “dövlət qurumu”, “müəssisə” ifadələri “hüquqi şəxs” anlayışını ehtiva edir. İdarə hüquqi şəxs olmadığı üçün ədliyyədə qulluq keçməyimə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.4-cü maddəsində qeyd olunan təşkilatı-ştat tədbirləri ilə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Dövlət qulluqçularının fəaliyyətinə xitam verilərkən Əmək Məcəlləsinə istinad edildiyi halda ədliyyə qulluqçusu olaraq xitam Əmrimdə Həmin məcəllənin müvafiq maddəsinin göstərilməməsinin səbəbi aydın görünür. Etirazda “təşkilati-ştat tədbiri” dedikdə dövlət orqanının ləğvi nəzərdə tutulursa, mənim xidmət etdiyim qurum- Ədliyyə Nazirliyi ləğv edilməyib. Ədliyyə Nazirliyinin strukturuna daxil olan idarə hüquqi şəxs deyil. Mülki Məcəllə 54.2. İdarə- hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. “Əmək Məcəlləsinin 50-ci maddəsi Həmin Məcəllənin tələblərinə əsasən işə götürülmüş şəxslərə aiddir” fikri ilə bağlı Əmək Məcəlləsinin 3-cü maddəsində həmin məcəllənin tətbiq edilmədiyi şəxslər qeyd olunmuşdur. Həmin şəxslər sırasında ədliyyə qulluqqçuları göstərilməmişdir. Əmək Məcəlləsi 81.2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Əmək Məcəlləsinin 50.6-cı maddəsinə əsasən müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Əmək Məcəlləsi 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Yuxarıda qeyd etdiyim maddələrdən aydın görünür ki, müsabiqə yolu ilə ədliyyə orqanlarında qulluq keçən biri olaraq xitamım Əmək Məcəlləsində qeyd olunan əsas və qaydalara uyğun verilməlidir. Çünki “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”Qanunda ədliyyə qulluğuna xitam qaydası yoxdur. Xitam əsası olaraq “təşkilati-ştat tədbiri” qeyd olunub və Etirazda bu dövlət qurumunun ləğvi ilə eyniləşdirilir. Etirazda qeyd olunur ki, təşkilati-ştat tədbirləri digər qurumların da qanunvericiliyində mövcuddur. Digər qurumların qanunlarında mövcud olması bu ifadənin düzgünlüyünü sübut etmədiyi kimi, məhkəmə təcrübəsində bu əsasla qulluğuna xitam verilmiş işçilərin işə bərpası halları da az deyil. Xitam verilərkən xəbərdarlıq müddətinin gözlənilmədiyi üçün işdənçıxarma müavinətinin ödənilməməsi barədə. Mən iddia ərizəsində işdənçıxarma müavinəti deyil, xəbərdarlıq müddəti gözlənilmədiyi üçün kompensasiya yazmışam. Cavabdehin istinad etdiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda xitam qaydaları göstərilmədiyi üçün bu anlayışları qarışıq salması təbii haldır. Ədliyyə orqanlarında qulluq keçməyinə xx.xx.2024-cü il tarixdə təşkilati-ştat tədbirinin keçirilməsi əsası ilə xitam verilərkən mənə əmək haqqının 6 misli məbləğində birdəfəlik müavinət (işdənçıxma müavinəti) ödənilmişdir. İddia ərizəmdə qoyduğum tələblərdən biri xitam verilməzdən azı 9 həftə əvvəl (19 il əmək stajım olduğu üçün) mənə xəbərdarlıq edilməli olduğu və müvafiq xəbərdarlıq olunmadan xitam verildiyi üçün əmək haqqının 2 misli məbləğində kompensasiyanın ödənilməsidir.“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda xitam qaydaları göstərilmədiyi üçün bu məsələ Əmək Məcəlləsinin 77-ci maddəsi ilə tənzimlənir. Qeyd edim ki, sərəncamda olduğum 6 ay ərzində cavabdeh mənə xəbərdarlıq edə bilərdi. Müvafiq xəbərdarlıq xitam əmri imzalanandan 5 gün əvvəl edilmişdir. Əmək kitabçasını düşünülmüş şəkildə götürməməklə bağlı. Mən xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinə yaxınlaşaraq ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsi barədə Əmri götürdükdə əmək kitabçamla maraqlandım və mənə kitabçanın hələ hazır olmadığı, hazır olduqda məlumat veriləcəyi bildirildi. Həmin vaxt mənə yüksək əmək haqqılı iş təklif edilmiş, kitabçam təqdim olunmadığı üçün həmin işə düzələ bilməmişəm. Etirazda cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olduğumu qeyd edir. Vəkil olmaq Kollegiya tərəfindən əmək haqqı ilə təmin edilmək demək olmadığı kimi, qanunvericiliklə icazə verilən fəaliyyətlə məşğul olmağa maneə də deyil. Yəni işə düzəlmək üçün mənə əmək kitabçam lazım idi və bu məsələnin mənim vəkilliyimlə heç bir əlaqəsi yoxdur. Eyni zamanda Etirazda qeyd olunur ki, mənə dəfələrlə əmək kitabçamın hazır olduğu və götürə biləcəyimlə bağlı yazılı və şifahi məlumat verilib. Mənə məlumat verilməsini təsdiqləyən heç bir məktub, bildiriş təqdim olunmaması və əməkdaşların mənim telefon zənglərimi cavablandırmaması, bloklaması (bu barədə F.Əhmədova müraciətim də var) cavabdehin məhkəməyə yalan məlumat verməsinin sübutudur. xx.xx.2025-ci il tarixli məktubda da eyni ifadələr qeyd olunduğu üçün həmin tarixdən sonra dəfələrlə nazirliyə getsəm də məni qəbul edən olmamışdır. Əmək kitabçamın hazır olması ilə bağlı məktub xx.xx.2025-ci il tarixdə, Prezident Administrasiyasına müraciət etdikdən 2 gün sonra yazılmış, növbəti iş günü, yəni xx.xx.2025-ci il tarixdə tərəfimdən götürülmüşdür. Etirazda məhkəmə baxışı zamanı əmək kitabçamın mənə təqdim edildiyi və mənim imtina etdiyim qeyd olunur. Mənə atılan növbəti iftirada mənim şahidim Hakim və məhkəmə katibi, sübutum isə məhkəmə iclas zalında aparılan çəkilişdir. Əmək kitabçası təqdim edilmədiyi üçün Ədliyyə Nazirliyinə müraciət edən ədliyyə qulluqçusu tək mən deyiləm. Eyni gündə xitam Əmri verilən ədliyyə qulluqçularının əmək kitabçasının təqdim edilməməsi ilə bağlı müraciətləri aylar ərzində cavablandırılmamışdır. İş təklifləri ilə bağlı Etirazda mənə “Şabran rayon icra və probasiya şöbəsində” icra məmuru vəzifəsindən başqa vəzifə təklif edildiyi bildirilsə də nə bu təkliflərin nədən ibarət olduğu göstərilmiş, nə də müvafiq bildirişlər təqdim edilməmişdir. Son haqq-hesabla bağlı Etirazda cavabdehin nümayəndəsi tərəfindən qeyd olunur ki, xx.xx.2025-ci il tarixdə mənə ödənilən əmək haqqının 6 misli məbləğində işdən çıxarma müavinəti son haqqhesaba aid deyil. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən ödənilən işdənçıxma müavinətinin ödənilmə müddəti həmin maddədə göstərilməmişdir. Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məsələ ilə bağlı bildirim ki, cavabdehin nümayəndəsi Əmək Məcəlləsinin 77-ci maddəsində xəbərdarlıq müddətinin gözlənilməməsi ilə bağlı kompensasiya məbləğini oxumaq əvəzinə işdənçıxma müavinətinin ödənilmə müddətini axtarması çox təəccüblüdür. Əmək Məcəlləsinin 83.4-cü maddəsində qeyd olunan digər ödənişlərə qanunvericiliklə ödənilməli olan müavinətlər daxil olduğu üçün, nümayəndə ehtiyac olmayan yerlərdə tətbiq etdiyi analogiyanı tətbiq edərək son haqq-hesaba xitam Əmrimdə əks olunan müavinətin də aid olduğunu müəyyənləşdirə bilərdi. Etirazda cavabdehin nümayəndəsi Qanunvericiliyin normalarını pozaraq və öz mənafeyinə uyğun yanlış şərh verərək iddiamın əsassız olduğunu qeyd etsə də, cavabdehdən fərqli olaraq hər bir tələbimi müvafiq normalarla əsaslandırdığım, verdiyim hər məlumatı sübutlarla təsdiqlədiyi üçün iddianın təmin olunmasını xahiş edir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

İİ. İddianın növü və mümkünlüyü

15. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli Əmrinin qanunsuz hesab edilməsi; -əmək kitabçasına düzəliş edilərək Əmək Məcəlləsinin müvafiq maddəsinin qeyd edilməsi; sərəncamda olma müddətinin qanuni əsas olmadan uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 565-K nömrəli əmrə əsasən 12 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi, -xitam verilərkən xəbərdarlıq müddəti gözlənilmədiyi üçün əmək haqqının azı iki misli məbləğində kompensasiyanın gecikmə faizi ilə ödənilməsi; -13 iyun 2025-ci il tarixədək əmək kitabçasının təqdim edilmədiyi hər ay üçün orta aylıq əmək haqqı məbləğində qanunvericilikdə nəzərdə tutulan kompensasiyaların gecikmə faizi ilə ödənilməsi, son haqq-hesabın gecikdirildiyi 48 gün üçün gecikmə faizinin ödənilməsi, -xitam əmrinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi səbəbilə imtina edilən işsizlik sığortasının hazıradək əldə etməli olduğu həcmdə maddi ziyanın ödənilməsini tələb etmişdir.

16. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin əmrin ləğvi kimi dəqiqləşdirilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əsaslandırılmış ərizə təqdim edilməsi təklif edilmişdir. Eyni zamanda məhkəmə iddaçıya hüquqi yardım göstərərək təkrar olaraq izah etmişdir ki, iddia tələbi bir neçə hissədən ibarətdir və iddia tələbinin pul tələbi ilə bağlı digər hissələri hazırkı qərardadla mümkünlüyünə baxılan hissələri ilə uyğunsuzluq təşkil edir. Lakin iddiaçı tələbi dəqiqləşdirməmiş və tələbə məhkəmənin öz mülahizəsinə əsasən qiymət verməsini xahiş etmişdir.

17. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 812-K nömrəli Əmrinin qanunsuz hesab edilməsi və əmək kitabçasına düzəliş edilərək Əmək Məcəlləsinin müvafiq maddəsinin qeyd edilməsi hissəsində mümkünlüyünə qiymət verilməsi zəruridir.

18. İddianın tələbi qeyd edilən hissədə mübahisələndirmə növündə iddiadır.

19. İPM: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

21. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

22. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

23. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

24. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X2rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

25. Məhkəmə müəyyən edir ki, mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixli olsa da, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir.

26. Qeyd edilən tarixdən iddiaçının xidməti münasibətlərinə xitam verildiyindən məlumatlı olması işin mübahisəsiz halıdır.

27. İddiaçı iddia tələbini əmrin qanunsuz hesab edilməsi kimi ifadə etsə belə, iddiaçının hüquqi marağı məhz əmrin ləğvində ifadə olunur və məhkəmə tələbin ifadə tərzi ilə bağlı deyil.

28. Belə ki, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə məhkəmə müdaifəsi hüququndan istifadə edə bilərdi. Odur ki, inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, iddiaçının dəlili prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

30. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

31. Tələbin “əmək kitabçasına düzəliş edilərək Əmək Məcəlləsinin müvafiq maddəsinin qeyd edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddiaçı hüquqlarının pozulmasını hər hansı şəkildə əsaslandırmamışdır.

32. Əmək kitabçasında müvafiq qeydin məzmunu: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.9, 40.1.4-cü, 40.2-ci və 40.3-cü maddələrinə əsasən təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan vəzifəyə keçirilmədən imtina etməsi ilə bağlı 2024-cü il 13 dekabr tarixindən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilsin”.

33. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda təşkilati-ştat tədbirlərinin keçirilməsi (40.1.4-cü maddə) tənzimləndiyindən iddiaçı barədə olan əmrdə Əmək Məcəlləsinə istinad olunmamışdır və Əmək Məcəlləsinin hər hansı maddəsinə istinadda iddiaçının hüquqi marağı yoxdur.

34. Odur ki, əmək kitabçasındakı qeyd əmrin icrasının nəticəsidir və əmək kitabçasındakı qeydlər həmin əmrə uyğundur. Əmrin ləğvi ilə bağlı iddia tələbi mümkün hesab olunmadığından onun nəticələrinin aradan qaldırılması və ya düzəliş edilməsi tələbi də mümkün sayılmamalıdır.

35. İddiaçının hüquqi marağı yalnız əmrin lazımi qaydada icra olunmamasının nəticələri ilə (iddiaçının vəziyyətində pul tələbi) bağlı ola bilər.

36. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia tələbi qeyd edilən hissədə mümkün sayılmamalıdır.

37. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

38. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024cü il tarixli, 812-K nömrəli əmrinin qanunsuz hesab edilməsi və əmək kitabçasına düzəliş edilərək Əmək Məcəlləsinin müvafiq maddəsinin qeyd edilməsi hissəsində mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar