Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8559/2025 22.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Xətai rayon Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 270125/03-04B-2686 nömrəli “Vergi borcunun tutulması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bina evində 2013-cü il tarixdən yaşayır. xx.xx.2025-ci il tarixdə elektron icra xidmətindən 51370/2025- 1-47 saylı icra işinin aparılması barədə sms gəldi və əlaqə zamanı bildirildi ki, Xətai rayon bələdiyyəsi tərəfindən verilmiş icra sənədinə əsasən 207,78 manat pul ödəməlidir. xx.xx.2025-ci il tarixdə Xətai icra şöbəsinə getdi və bildirdi ki, Xətai Bələdiyyəsi tərəfindən ona heç bir sənəd verilməyib hətda zəng belə edilməyib. Ona görə qeyd olunan işdən tam xəbərsiz və məlumatsızdır. İcra şöbəsində sənədlərlə tanış olduqdan sona müəyyən olundu ki, Xətai rayon Bələdiyyəsi onun barəsində Qərar qəbul edib və icra edilməsi üçün Xətai rayon icra Şöbəsinə göndərib. Ona barəsində inzibati icraatın aparılması barədə heç bir məlumat verilmədiyi, yəqin ki burada bir yanlışlıq olmasını bildirdi. Lakin icra məmuru anket məlumatlarını dəqəqləşdirdi və məlum oldu ki, qərar həqiqətən də onun barəsindədir. xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək İcra şöbəsindən Qərarı və ona əlavə edilmiş sənədlərin skan variantını götürə bildi. xx.xx.2025-ci il tarixdə tərtib olunmuş aktda əks olunmuş məlumatlar yalan və uydurma məlumatlardır. Belə ki, onun elə bir mənzili olmayıb, o heç vaxt həmin şəxslərdən heç birini görməmişdir, onların heç birinə ödənişdən imtina etməyi barədə heç bir söz deməmişdir. Heç kəs ona hüquqlarını izah etməyib, ona heç bir izahat aparılmayıb. Qərara əlavə edilmiş akt saxta aktdır. Guya aktın surəti ona təqdim edilməsi barədə məlumat da tam yalan bir məlumatdır. Belə ki, akt tərtib olunan xx.xx.2025-ci il tarixdə o iş yerində olmuşdur. İş saatından sonra isə Bələdiyyənin üzvləri icraat apara bilməzdilər.xx.xx.2025-ci il bələdiyyənin qərarı tərtib olunan gün isə həftənin bazar gününə düşür. Qeyd olunan tarix iş günü olmadığı üçün ümumiyyətlə qərar tərtib edilə bilməz. Həmçinin akta göstərilən mənzil ona aid deyil, buda onu göstərir ki, bu aktı otaq şəraitində bələdiyyə binasında özləri yalandan yazıblar. O orda iştirak etsə ən azından mənzilin mənə aid olunamısını bildirərdi. XB-nin Vergi Orqanın Xidmətinin Təqdimatıda icrayə göndərilmiş sənədlərə əlavə edilməmişdir. xx.xx.2025-ci il tarixli, 2029 saylı inzibati aktında da ziddiyyətli informasiya yer almaqdadır. Belə ki, XR Bələdiyyəsinin onun barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, 270125/03-04b-2686 saylı qərarında göstərir ki ödəniş 207,78 manat ödəniş edilməlidir.Lakin tərtib olunmuş inzibati akt 4 gün sonrakı tarixi göstərir-xx.xx.2025. Yəni ilkin akt tərtib olunmadan qərar çıxarır sonra akt tərtib edirki evin ölçüsü bu ,ödəniləcək məbləğ bu və vətəndaş ödəmədiyi üçün qərar çıxarıb icraya göndərir. Hansı ki saxta qərar artıq akdan 4 gün əvvəl tərtib olunub. X.Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 270125/03-04b-2686 saylı qərarı həftənin bazar günü (qeyri-iş günü) tərtib edildiyi üçün özlüyündə qanunsuzdur. Beləliklə Qərar və Akt özlüyündə formal inzibati icraatın aparılmasını sübut edən sənədlərdən biri kimi çıxış etməkdədir. Həmçinin Qərar və akt da ona aid olmayan mənzil və ölçülər yazılmaqla artıq pul və cərimə hesablanmışdır. Buda bir daha göstərir ki, Xətai bələdiyyəsi üzərinə düşən xidməti yerinə yetirmədiyi kimi əmlak vergisinidə şişirdilmiş rəqəmlərlə tələb edir. Bələdiyə sənədlərində ona aid olmayan mənzil və ölçü göstərməklə şişirdilmiş borc yazıb ki, buda bir daha sübut edirki heç bir araşdırma aparılmadan, vərəndaşın iştirkı olmadan əsasız borc yazılmışdır. Xətai rayon Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 270125/03-04b-2686 nömrəli Vergi borcucunun tutlması haqqında Qərar tam qanunsuz və əsassız tərtib olunmuş qərardır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutlmuş inzibati icraatın aparlmasına dair tələblərin heç birinə əməl olunmamış, qeyri iş günü vətəndaşa aid olmayan mənzil üzrə icraat aparılmış,barəsində icraat aparılan şəxsə bu barədə heç vaxt məlumat verilməmiş, saxta akt tərtib olunmuş, aktda maraqı olmayan şəxs dəvət olunmamış,aktın surəti şəxsə təqdim olunmamış, Qərar qəbul olunan zaman ödəyici dəvət olunmamış, onda sübut, izahat, sənəd tələb edilməmiş və bu cür sənədlərin təqdim edilməsi üçün şərait yaradılmamışdır. Həmçinin ödəyicinin qərarla tanış olmaq, ondan şikayət vermək hüququ da təmin edilməmiş, qərarın mətnində “qərarın surəti tərəfə göndərilsin” sözləri qeyd olunmuş olsa da, Qərar ona göndərilməmişdir. İşdə bunun əksini sübut edən hər hansı sənəd mövcud deyildir. Beləliklə də onun qərar qəbul etmiş orqanin qərarından şikayıt vermək hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Xətai rayon, Xətai bələdiyyəsi şikayətçinin tələblərini əsassız sayır. Belə ki, İddiaçi İddiaçı illər öncə əmlakına dair mülkiyyət haqqında şəhadətnaməni əldə etsə də yerli vergi xidməti orqanında uçota alınmaq bərədə bilərəkdən müraciət etməmişdir. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinin, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” nin 11-ci, 77.1, 77.3-cü, 77-1.1 və 15.1.2-1,-ci maddələrinin tələblərini bilərəkdən pozmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 50.2.2, 50.2.3 və 83.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq mənbəyi məlum olan mənbədən məlumatları əldə edilmiş, həmin Məcəllənin 32-ci, 32.4-cü, 85.4cü, 59.1-ci və İqtisadiyyat Nazirliyi yanında X2 tərəfindən təstiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərinin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait”-ə əsasən uçota almış və vergi ödəyicisinə borc məbləğini və faizləri əks etdirən Tədiyyə bildirişlərinin əsas yuxarı hissəsi 2020-ci ildən etibarən dəfələrlə Xətai bələdiyyəsinin vergi xidmətinin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan Xudu Məmmədov küçəsi ev 18, giriş-3, mənzil 18 ünvanam qapısına qoyulmuşdur. Lakin o, vergini ödəməklə bağlı illərlə hər-hansı bir addım atmamışdır. Son olaraq 26.xx/xx-2040 nömrəli Qərar qəbul edilmiş və əmlak vergisini məcburi alınması məqsədilə xx.xx.2024-cü il tarixində 01/1666 nömrəli məktubla Xətai İcra şöbəsinə müraciət olunmuşdur. Bundan sonra iddiaçının Bakı İnzibati məhkəməsinə (həmin Qərarın ləğv edilməsi üçün) müraciəti əsasında 2024-cü ildə məhkəmə vergidən illərlə yayınma məsələsinə lazımınca qiymət verməyərək 26.xx/xx-2040 nömrəli Qərarı ləğv etmişdir. Həmin məhkəmə qərarından ruhlanan ödəyici məcburi, fərdi, əvəzsiz ödənilməli olan əmlak vergisini ödəməkdən yayınmaqda davam etmişdir. Vaxt axını nəzərə alınmaqla iddiaçının şəxsi telefon nömrəsinə bələdiyyə tərəfindən xx.xx.2025-ci il tarixində. Saat 12.12-də SMS göndərilmişdir. Əmlak vergisi ödənilmədiyindən 16.01,2025-ci il tarixində bələdiyyənin vəzifəli şəxləri tərəfindən ******* nömrəli İnzibati Akt tərtib edilmiş, bu barədə 24.01,2025ci il tarixində, saat 10.00-da yenidən elektron kabinetinə SMS göndərilmişdim. Aktın müddəti keçdikdən sonra xx.xx.2025-ci il tarixində 27.01.25/-04B-2686 nömrəli Qərar qəbul edilərək əmlak vergisinin məcburi alınması məqsədilə Xətai icra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinin Əmlak vergisi anlayışını, vergi ödəyiciləri, verginin yaranması şəraiti, ödənilməsinin məcburiliyi, vergi ödəyicisinin hüquq və vəzifələrəri, fiziki şəxslərin əmlak vergisinin yerli (bələdiyyə) büdcəsinə ödənilməsinin məcburiliyi, yerli vergilərin və vergi ödəyicilərinin qanunla müəyyən edilməsini Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.2025-ci il tarixli **********1115 nömrəli Tədiyə bildirişindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı 2025-ci il tarixi üçün 25.9 manat əmlak vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2025-ci il tarixədək 12.95 manat, xx.xx.2025-ci il tarixinədək 12.95 manat qeyd edilmişdir. Ötən dövlər üzrə veri borcu 77.7 manat, faiz məbləği 21.52 manat olmaqla, ödəniləcək ümumi məbləğ 125.12 manat təşkil edir. -xx.xx.2025-ci il tarixli **********1115nömrəli Tədiyyə bildirişindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı 2025-ci il tarixi üçün 25.9 manat əmlak vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2025-ci il tarixədəl 12.95 manat, xx.xx.2025-ci il tarixinədək 12.95 manat qeyd edilmişdir. Ötən dövlər üzrə veri borcu 77.7 manat, faiz məbləği 22.43 manat olmaqla, ödəniləcək ümumi məbləğ 146.03 manat təşkil edir. -xx.xx.2025-ci il tarixli 27.01.25/03-04B-2686 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərara əsasən, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan yaşayış əmlak sahəsinə görə vergi borcunun ödənilməsi üçün ən son xx.xx.2025-ci il tarixində tədiyyə bildirişi və xəbərdarlıq ünvanına göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində ünvan 2, N.Rəfiyev 25m 147 ünvanında yerləşən ümumi 164.24 kv.m yaşayış əmlak sahəsi üzrə 42.7 manat, ötən dövrlər üzrə 128.1 manat, o cümlədən faiz üzrə 36.98 manat, ümumilikdə 207.78 manat borcunu ödəməmişdir. Vaxt axını nəzərə alınaraq barəsində xx.xx.2025-ci il tarixində ******* saylı inzibati akt tərtib edilib, 20.0 manat sanksiya tətbiq edilərək ünvanına göndərilmişdir. Yekun olaraq qərara alınmışdır ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı ümumilikdə hesablanmış 207.78 manat borc məbləğinin tutulub Xətai bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbir görülsün; qəbul edilmiş qərar barədə borclu şəxsə məlumat verilsin; borclu şəxs qəbul edilmiş qərar barədə məlumatlandırıldıqdan sonra 10 gün müddətində vergi öhdəliyini yerinə yetirmədiyi halda qərar məcburi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra çöbəsinə göndərilsin. Tətbiq edilmiş 20.0 manat maliyyə sanksiyası ilə bağlı məhkəmə orqanlarında iddia qaldırıla bilər. -xx.xx.2025-ci il tarixli **********8130 nömrəli Tədiyyə bildirişinə əsasən ünvan 2 ünvanında yaşayan İddiaçı 2025-ci il tarixi üçün 16.8 manat əmlak vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2025-ci il tarixinədək 12.95 manat, xx.xx.2025-ci il tarixinədək 8.4 manat qeyd edilmişdir. Ötən dövlər üzrə vergi borcu 50.4 manat, faiz məbləği 14.55 manat olmaqla, ödəniləcək ümumi məbləğ 81.75 manat təşkil edir. -xx.xx.2025-ci il tarixli 2029 nömrəli İnzibati akta əsasən yerli(bələdiyyə) vergi ödəyicisi İddiaçı mülkiyyətində olan Xətai rayonu, X.Məmmədov 18, giriş 3c, m 18 ünvanında yerləşən 101.94 kv.m əmlaka görə xx.xx.2022-ci il tarixindən yaranmış 103.60 manat əmlak vergisi, 21.86 manat faiz məbləği, cəmi 125.46 manat manat vergini AR Vergi Məcəlləsinin 11-ci maddəsinin “məcburi, fərdi, əvəzsiz,ödəniş” tələbini pozmaqla bələdiyyə büdcəsinə ödəməmişdir. -2025-ci il üçün yerli vergilər üzrə fiziki şəxsin X1 əsasən Vergi ödəyicisi İddiaçı (Xətai rayonu, N.Rəfiyev 25,147, “Asra MTK”, Zona 16E) əmlak vergisi üzrə ümumi borcu 64.95 manat təşkil edir. -2025-ci il üçün yerli vergilər üzrə fiziki şəxsin X1 əsasən Vergi ödəyicisi İddiaçı (Xətai rayonu, X.Məmmədov 18, Giriş 3c, m18(Zona 7E) əmlak vergisi üzrə ümumi borcu 120.13 manat təşkil edir. -2025-ci il üçün yerli vergilər üzrə fiziki şəxsin X1 əsasən Vergi ödəyicisi İddiaçı (Xətai rayonu, X.Məmmədov 18, Giriş 3c, m18(Zona 7E) əmlak vergisi üzrə ümumi borcu 99.22 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2-1(112)-14853/2024 nömrəli Qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26.07/1-2140 nömrəli qərarı ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 01/305 nömrəli məktubu ilə qərar icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Vergi borcu tələbinin icra şöbəsinə göndərilməsinə dair” Təqdimatda göstərilmişdir ki, Vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində ol: əmlak vergisinin ödənilməsi üçün ən son xx.xx.2025-ci il tarixində tədiyyə bildirişı xx.xx.2025-cü il tarixində tərtib edilmiş ******* saylı inzibati Akt ünvanına göndərilmiş, lak həmin fiziki şəxs qanunla müəyyən edilmiş müddət ərzində ünvan 4 ünvanında yerləşən ümumi 164. kv. m yaşayış əmlak sahəsi üzrə 42.7 manat, ötən dövrlər üzrə 128.1 manat, o cümlədən fa üzrə 36.98 manat, ümumilikdə 207.78 manat borcunu ödəməmişdir. Barəsində tərtib edilmiş Akt və Xəbərdarlığı aldığı gündən 30 gün müddətində Akt yaxud Aktın ayrı-ayrı hissələrinə etirazını yazılı surətdə bildirə bilərdi. (Akt və Xəbərdalıqı yazılıb). Vergini ödəmədiyi və Akta, yaxud Aktın ayrı-ayrı hissələrinə etirazını yazılı surət bildirmədiyi halda belə 27 Yanvar 2025-ci il tarıxındə, saat 11.00-da bələdiyyənin vəzif şəxsləri tərəfindən barəsində tərtib edilmiş Akta münasibət bildirilməsi zamanı iştirakın zəruriliyi vergi ödəyicisinə bildirilsə də, özü, yaxud nümayəndəsi gəlməmişdir. Təqdimat əsasında Xətai Bələdiyyəsi üzvlərinin xx.xx.2025-ci il tarixli ümumi iclasını müzakirəyə çıxarılaraq, İddiaçı əmlak vergisi borcunt qanunamüvafiq olaraq məcburi qaydada alınması barədə 03 saylı protokolunun 48 nömr Qərarı qəbul edilmişdir.Göstərilənlərə əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı əmlak vergi öhdəliyi yerinə yetirmədiyi üçün, "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin 53-cü maddəsir və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin 3.1.2-ci maddəsinə uyğun olaraq verginin məcburi alınması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai İcra şöbəsinə müraciət edilməsi xahiş edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən sənədi təqdim etmədiyindən məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmir və bu halda iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etməklə mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə cavabdeh iddiaçıya mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 18, giriş 3c, m18(Zona 7E) ünvanında yerləşən əmlaka görə hesabladığı əmlak vergisinin Bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixli, 25/03-04B-2686 nömrəli qərar qəbul etmiş və icra olunması üçün İcra Şöbəsinə göndərmişdir. İddiaçının mövqeyinə görə sözügedən qərar iddiaçının iştirakı ilə tərtib olunmamış, ona vergi hesablanması ilə bağlı tədiyyə bildirişi göndərilməmiş, qərardan yalnız İcra Şöbəsinin icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra tanış olmuşdur. Məhkəmə hazırkı mübahisə predmeti olan bələdiyyə qərarının qanuniliyini ilk növbədə həmin qərarın “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə nəzərdə tutulmuş prosessual normalarının tələbləri baxımından yoxlayır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilir. Fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0.3-cü maddəsinə əsasən vergi məbləğləri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur. -8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi. -8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. -196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1-ci maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). -200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. -200.4-cü maddəsiə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. -200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. -200.6-cı maddəsinə əsasən binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. -201.1-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Sadalanan normalardan göründüyü kimi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak və həmin əmlakların yerləşdiyi istifadədə olan dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə görə yerli inzibati ərazinin bələdiyyəsi tərəfindən yerli vergilər hesablanır və büdcəyə ödənilir. Əmlak və torpaq vergisinin bələdiyyələrin ərazi vahidlərinə, torpaq sahələrinin təyinatına uyğun olaraq müvafiq dərəcələr üzrə hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. - 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - 5.4-cü bəndinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - 5.6-cı bəndinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - 5.10-cu bəndinin tələbinə görə Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. İş üzrə məhkəmə araşdırılması zamanı bələdiyyə tərəfindən iddiaçıya münasibətdə yerli vergilərin ödənilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmaması müəyyən edilmişdir. Belə ki, iddiaçıdan əmlak vergisi üzrə borcların və həmin borcun vaxtında ödənilməməsi ilə bağlı faizlərin ödənilməsi tələb edilsə də vergi borcu ilə bağlı tədiyyə bildirişinin, eləcə də borcun ödənilməsinə dair tələbnamə, xəbərdarlığın iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıdan 207.78 manat əmlak vergisi borcu tələb edilsə də cavabdeh keçən dövrü əhatə edən borclar ilə bağlı tədiyyə bildirişini təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş tədiyyə bildirişi xx.xx.2025-cü il tarixli və xx.xx.2025-ci il tarixli olmaqla mübahisələndirilən xx.xx.2025-cü il tarixli qərara münasibətdə biri 4 gün əvvəl, biri isə mübahisələndirilən qərarın qəbul olunduğu tarixdən sonra tərtib etmişdir. Halbuki, qanunvericilik tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilməsini, cari il üçün verginin məbləğinin bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsini təsbit etmişdir. Təqdim edilmiş əmlak vergisinə dair şəxsi hesab vərəqəsində isə tələb edilən vergi borcunun 2022-ci ildən toplanmış vergi borcu olduğu öz əksini tapmışdır. Göründüyü kimi inzibati orqan hər cari il üçün ayrıayrılıqda əmlak vergisi ilə bağlı borcun ödənilməsi barədə tədiyyə bildirişlərini göndərməmiş, bunu təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, tədiyyə bildirişi ilə yanaşı mübahisələndirilən borcla bağlı tələbnamə, xəbərdarlıq məktubu tərtib edilməmişdir. Beləliklə, cavabdeh orqan iddiaçıdan tələb edilən vergi borcunun məbləğinin hansı qaydada hesablandığı, tələb edilən borcun hansı hissəsinin illər üzrə əsas vergi borcu, faiz borcu olduğunu müəyyən etməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, ən əsası hesablanmış vergi borcunun ödənilməsi ilə bağlı istinad etdiyi tələbnamə, tədiyyə bildirişinin iddiaçıya göndərilməsini təsdiq edən sənədi təqdim etməmişdir. Halbuki, inzibati orqan iddiaçını əlavə öhdəliklə yükləyəcək onun üçün əliverişsiz inzibati akt qəbul edəcəyi təqdirdə bunu iddiaçının diqqətinə çatdırmaqla, onun inzibati icraatda dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların qiymətləndirilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində vergi öhdəliklərinin tələb edilməsi ilə bağlı inzibati icraat düzgün aparılmadığından, mübahisələndirilən qərarın qəbul edilməsi zamanı isə yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş qərar iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, sözügedən bələdiyyə qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Xətai Rayon Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 270125/03-04B-2686 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-8559/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8559/2025
22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver