Məhkəmə qərarları › İş №e-2-1(112)-8613/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8613/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8613/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 5-2011 saylı sahədə yerləşən 0.20 ha torpaq sahəsi üzərində cavabdeh orqan tərəfindən qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 5- 2011 saylı sahədə yerləşən 0.20 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsi ilə bağlı bəzi sənədləşdirmə işlərini apararkən təsadüfən iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi üzərində heç bir əməliyyat aparılmaması ilə bağlı qadağa qoyulmuş və bununla bağlı məhdudlaşma (yüklülüyə) dair dövlət reyestrindən arayış təqdim olunmuşdur. İddiaçı bu məhdudiyyətlərin ləğvi ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, iddiaçı xx.xx.2025-ci il tarixli məktubla guya araşıdırma aparıldığını və nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətlər bu günədək götürülməmiş və ona səbəbi barədə məlumat verilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli iddiaya yazılı etirazından görünür ki, göstərilən sahə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2-242026357/2025 №-li, xx.xx.2025-ci il tarixli məktubu ilə nəzarət qoyulmuş ümumi ərazi daxilində yerləşir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, 0,20 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-2011 saylı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış əsasında mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan əmlak üzərində “heç bir əməliyyat aparaılmasın” barədə məhdudiyyət qoyulmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixinə olan məlumata əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-2011 saylı sahənin üzərində müvəqqəti məhdudiyyət qeydə alınmışdır. İddiaçı hazırda onun mülkiyyətində olan torpaq sahəsi üzərinə qoyulmuş bu məhdudiyyətin götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Hazırkı iddiadan görünür ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka üzərinə qoyulan məhdudiyyət onunla inzibati orqan arasında yaranmış hər hansı inzibati hüquq sahəsinə aid münasibətlə bağlı deyil, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2-242026357/2025 №-li, xx.xx.2025ci il tarixli məktubu əsasında qoyulmuşdur. Göründüyü kimi, iddiaçının əmlakına müvafiq məhdudiyyət cinayət prosessual fəaliyyəti həyata keçirən orqanın fəaliyyəti çərçivəsində tətbiq edilmişdir. Deməli, hazırkı mübahisənin faktiki əsası inzibati mübahisəyə əsaslanmır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar