Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8628/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 409/135 nömrəli Sərəncamına əsasən, Pişəvəri küçəsi (hazırda Cavadxan (Gəncə xanı) küçəsi) 11 № li evin, 54 № li mənzili əvəzsiz olaraq İddiaçı (bundan sonra – iddiaçı) ayrılmış və mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sahəsi 36.1 kv.m olan həmin mənzil hazırda dövlət reyestrindən verilmiş xx.xx.2019cu il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İddiaçının əri şəhiddir və iddiaçıya şəhid ailəsi statusu və statusu təsdiq edən 000639 № li vəsiqə verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 231 №-li, xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Yasamal rayonu ərazisində inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə Nazirlikdə xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının Qərarı ilə Nəsimi rayonu üzrə 8 nəfərə mənzil ayrılmış və ayrılmış mənzillərin sənədləşdirilməsi üçün Qərardan çıxarış xx.xx.2012-ci il tarixli 11/30-612 №-li məktubla rayon İcra Hakimiyyətinə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli iclasının Qərarından çıxarışı və Nazirliyin xx.xx.2012-ci il tarixli 11/30-612 №-li məktubunu nəzərə alaraq şəhid ailəsi İddiaçı adına 3 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu) Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 31 a №-li yaşayış binasından 8-ci mərtəbə 2 otaqlı yaşayış sahəsi 35,7 kv.m, ümumi sahəsi 77,82 kv.m olan 51 №-li mənzilə dair kirayə müqaviləsi bağlanmış və onlar mənzil növbəsindən çıxarılmışdır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31A saylı evin 51 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 231 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin, 54 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1994-cü il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. uyğun deyil. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31A saylı evin 51 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, “Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri və Çernobl hadisələriəlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 231 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Yasamal rayonu ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə Nazirliyin xx.xx.2011-ci il tarixli iclasının Qərarından çıxarışı və Nazirliyin xx.xx.2012-ci il tarixli 11/30-612 №li məktubu nəzərə alınaraq iddiaçıya hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 51 saylı mənzil verilmişdir. Qeyd edilən bina əlil və şəhid ailələri üçün tikilmiş, layihə smeta sənədləri xx.xx.2008-ci ildə təsdiqlənmiş, xx.xx.2008-ci ildən tikintisinə icazə verilmişdir. Bina tikildikdən dərhal sonra mənzilləri təyinatı üzrə əlil və şəhid ailələrinə, o cümlədən də, iddiaçıya təhvil verilmişdir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə alınması, həmçinin müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə yazılı müraciət etsə də, cavabdeh tərəfindən ona imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, analoji iş üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli e-2-1(112)-10564/2022 saylı qərarı mövcuddur. Həmin qərardan da müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri F.Ələkbərovun 11/10-195 saylı, xx.xx.2011-ci il tarixliəmri ilə təsdiq edilmiş Dövlət qəbul komissiaysının “inşası başa çatmış öbyektin istismara qəbul olunması barədə Akta əsasən Bakı şəhəri Yasamal rayonunda əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi istismara qəbul edilmişdir. Yaşayış evinin layihə-smeta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 11/7-268 saylı əmri ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “ünvan 2 ünvanda şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 saylı sərəncamına əsasən qeyd olunan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediməklə vahid texniki istismar normalarına uyğun xidmətin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 2 ünvanda tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 2 (iki) otaqlı olmaqla faktiki ümumi sahəsinin 76.8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 409/135 nömrəli Sərəncamına əsasən, iddiaçıya əvəzsiz qaydada sahəsi 36.1 kv.m olan mənzil ayrılmış və həmin mənzil hazırda iddiaçının mülkiyyətindədir. İddiaçının əri şəhiddir və iddiaçıya şəhid ailəsi statusu və statusu təsdiq edən 000639 № li vəsiqə verilmişdir. İddiaçı şəhid ailəsi olduğundan Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 231 №-li, xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən 3 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu) 2 otaqlı yaşayış sahəsi 35,7 kv.m, ümumi sahəsi 77,82 kv.m olan mənzil ayrılmışdır. İddiaçı hazırda həmin mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş edir. Cavabdeh isə, Sərəncamın 2012-ci il tarixdə verilməsinə və iddiaçının əvəzsiz qaydada bir dəfə özəlləşdirmədən istifadə etdiyinə istinad edərək iddiaya etiraz edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının mülkiyyət hüququnun qeydə almasını istədiyi mənzil onun sahiblik və istifadəsindədir və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Məhkəmə birinci imtina əsası ilə bağlı qeyd edir ki, işdən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11/10-195 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş Dövlətqəbul komissiyasının “inşası başa çatmış obyektin istismara qəbul olunması barədə akt”a əsasən Bakı şəhəri Yasamal rayonunda əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi istismara qəbul edilmişdir. Yaşayış evinin layihə-smeta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 11/7-268 saylı əmri ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzillə bağlı hüququ 2009-cu ildən əvvəl, yəni 2008-ci ildə yaranmışdır. İddiaçıya həmin növbə ilə əlaqədar olaraq 2012-ci ildə mənzil verilmişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Göründüyü kimi, cavabdehin imtinasının əsası kimi istinad etdiyi birinci hal, yəni iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olmaması işdə olan sənədlərlə təkzib edilir. Cavabdehin imtina məktubunda istinad etdiyi ikinci hal, yəni iddiaçının adına mənzil olması və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsi ilə bağlı məhkəmə qeyd edir ki, istinad edilən norma hzırkı mübahisəyə tədbiq edilməməlidir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçıya Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli Sərəncamına əsasən mənzil ayrılmış və iddiaçı həmin mənzil özəlləşdirmişdir. İddiaçının hazırda mülkiyyət hüququnun qeydə alınmasını istədiyi mənzil ona şəhid ailəsi olduğuna, yəni iddiaçının ərinin şəhid olmasına görə ayrılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış və hazıra mübahisə predmeti olna mənzil məhz iddiaçının xüsusi statusu, yəni şəhid ailəsi olduğuna görə ayrıldığından qanun 7-ci maddəsində göstərilən, “mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsi” barədə məhdudiyyət hazırkı halda tədbiq edilməməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Məhkəmə qeyd edir ki, iddiaçının əri Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuşdur və iddiaçının mülkiyyətində mənzil olub-olmamasından, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs olub-olmamasından asılı olmayaraq dövlətin şəhid ailəsinə göstərdiyi sosial diqqətin və qayğının nəticəsində iddiaçıya mənzil ayrılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ailələri bir sıra güzəştlər və sosial təminatlar ilə təmin olunurlar. Bu güzəştlər, dövlətin şəhid ailələrinə göstərdiyi xüsusi diqqətin və hörmətin bir təzahürüdür. Şəhid ailələrinin mənzil şəraiti dövlət tərəfindən yaxşılaşdırılır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəhid ailələrinə əvəzsiz qaydada mənzil verilməsi nəzərdə tutulur. Bu mənzillər dövlət vəsaiti hesabına tikilir və ya satın alınır və şəhid ailələrinə təqdim olunur. Bu güzəştlər şəhid ailələrinin maliyyə yükünü azaltmaq və onların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədini güdür. Bu güzəştlər və təminatlar, şəhid ailələrinin layiq olduqları diqqət və qayğını görmələri üçün nəzərdə tutulub və onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Dövlət bu sahədə davamlı olaraq yeni tədbirlər həyata keçirir və mövcud güzəştlərin miqyasını genişləndirir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş, “mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsi” barədə məhdudiyyət hazırkı işdə tədbiq edilməməlidir. Cavabdehin etirazında qeyd etdiyi mənzilin ümumi sahəsinin 76.8 kv.metr təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, iddia tələbində mənzilin sahəsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Cavabdeh tərəfindən qeyd edilən hal iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas sayıla bilməz. Belə ki, mənzilin faktiki vəziyyətinə uyğun olaraq iddiaçının mülkiyyət hüququnun qeydə alınması və hüquqmüəyyənedici və texniki sənədlərin verilməsi cavabdehin vəzifəsidir və iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş oxşar işlər üzrə eyni faktiki və hüquqi əsasa (eyni Sərəncama) istinad olunan işlər üzrə Bakı İnzibati Məhkəməsində baxılan işlər üzrə iddiaçıların iddialarının təmin olunmasına dair işlərdən cavabdeh İdarə tərəfindən şikayət verilməmiş, məhkəmə qərarları icra edilərək hüquqmüəyyənedici sənədlər verilmişdir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31A saylı evin 51 saylı mənzili İddiaçınun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə Çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8628/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8628/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver