Məhkəmə qərarları › İş №e-2-1(112)-8648/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8648/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8648/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma və şəxsiyyət vəsiqəsində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyata alınma və şəxsiyyət vəsiqəsinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinə əsasən X5 ona məxsus olan ünvan 1i ünvanda yerləşən 76,5 kv.m sahəli fərdi yaşayış evini X2 bağışlamışdır. Həmin fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən **********63- 10301 reyestr nömrəli texniki pasport verilmişdir. Qəbələ rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa, Qəbələ rayon X1 təsərrüfat kitabından Çıxarışa əsasən, 535 nömrəli fərdi yaşayış evi üzrə təsərrüfatın sahibi - X4, təsərrüfatda qeydiyyatda olanlar - X4, X3 və İddiaçıdur (bundan sonra – iddiaçı). X4 notarial qaydada verdiyi ərizəsində xx.xx.1998-ci il təvəllüdlü iddiaçının ona məxsus olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı həmin evə pasport qeydiyyatına alınması üçün Qəbələ regional “ASAN xidmət” Mərkəzinə müraciət etmişdir. Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciəti baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdrəsinə (bundan sonra – cavabdeh) göndərilmişdir. İddiaçı həmin evə pasport qeydiyyatına alınması üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin Şöbənin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qəbələ RPŞnin QMQ-da şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti olmadığından ərizənizi birdəfəlik qeydiyyata düşmək üçün müraciət etdiyiniz 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə yönəltməyiniz məqsədə müvafiqdir. İddiaçı həmin evə pasport qeydiyyatına alınması üçün 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. İddiaçının həmin müraciəti 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən baxılması üçün xx.xx.2022-ci il tarixli məktubla cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş və bildirilmişdir ki, “...Çağırışçıların və Hərbi vəzifəlilərin qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 213 nömrəli Qərarının tələblərinə əsasən Daxili İşlər Nazirliyinin müvafiq qurumları çağırışçıları və hərbi vəzifəliləri yalnız hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata alınma və hərbi qeydiyyatdan çıxarma barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli ərazi xidməti tərəfindən hərbi qeydiyyata alındıqdan sonra yaşayış yeri üzrə qeydiyyatınızın dəyişdirilməsi ilə bağlı yeni şəxsiyyət vəsiqəsi verilməsi məsələsinə baxılacaqdır". İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“ Qanunun tələblərini rəhbər tutmaqla onun ünvan 2i ünvanına (X2 məxsus fərdi yaşayış evinə) qeydiyyata alınması və bu barədə şəxsiyyət vəsiqəsinə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq onun qeydiyyat ünvanının dəyişdirilməsindən imtina etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqlı olaraq qeyd edir ki, cavabdeh onun qeydiyyat ünvanını dəyişmədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi hərbi qeydiyyata ala bilməz. Yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə anketin verilməsi artıq ləğv olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10245/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 nömrəli Fərmanına əsasən 2.2-ci bəndinə əsasən həmin Əsasnamənin 3-cü maddəsinin birinci abzasında, nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması müvafiq ərizə ilə müraciət edilən ünvanın (yerin) Daxili İşlər Nazirliyinin ərazi polis idarələri tərəfindən həyata keçirilir. İddiaçı hazırda Qəbələ rayonunun Vəndam kəndi üzrə qeydiyyata alınması tələbi irəli sürdüyündən, deməli, bu tələbə cavab verməli inzibati orqan həmin yerin səlahiyyətli qurumu olan Qəbələ rayon Polis Şöbəsidir. Lakin iddiaçı hazırkı iddianı həmin inzibati orqana qarşı deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı irəli sürmüşdür. İddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-661/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Baxışova, R.Qurbanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeydiyyata alınma və şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı bir sıra orqanlara, o cümlədən cavabdehə də müraciət etmişdir. Birinci instansiya məhkəməsi İPM-in 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “işin hallarının araşdırılması prinsipi” və “məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələbləri pozmuşdur. Cavabdehin etirazları: Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz və ya mülahizənin olmadığını, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iddianın mümkünlüyünə dair apellyasiya instansiya məhkəməsinin göstərişləri ilə bağlı qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsinin, yaşayış və olduğu yer üzrə qeydiyyat işinin və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sisteminin təşkil edilməsi vəzifəsi, eləcə də yaşayış yeri, olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsinin təmin edilməsi hüququ qismində Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əsasnamə”sinin 3.1.10-cu və 4.1.8-ci maddələri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətləri DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri tərəfindən həyata keçirilir. Göründüyü kimi, qeyd olunan səlahiyyətlər hazırkı iş üzrə cavabdehə də verildiyindən iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı iddia ərizəsində cavabdehin onun qeydiyyata alınmasından imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə cavabdehə də müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən iddiaçı ünvan 1i ünvanda yerləşən X2 məxsus fərdi yaşayış evinə qeydiyyata alınmaq istəyir. Sonuncu iddiaçının həmin evə qeydiyyata alınmasına razı olduğunu notarial qaydada verdiyi ərizəsi ilə bildirmişdir. Həmçinin Qəbələ rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa, Qəbələ rayon X1 təsərrüfat kitabından çıxarışa əsasən, müəyyən edilmişdir ki, iddiaçı X2 məxsus 535 nömrəli fərdi yaşayış evi ünvanında yerləşən təsərrüfatda qeydiyyatdadır (vəzifəsi mühəndisdir). İddiaçının hazırkı tələbi yaşadığı həmin evə qeydiyyata alınması və bu barədə şəxsiyyət vəsiqəsində dəyişiklik edilməsi ilə bağlıdır. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərkən ona istinad etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları çağırışçıları və hərbi vəzifəliləri yalnız hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata alınma və ya hərbi qeydiyyatdan çıxarılma barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinin qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli ərazi xidməti tərəfindən hərbi qeydiyyata alındıqdan sonra yaşayış yeri üzrə qeydiyyatının dəyişdirilməsi ilə bağlı yeni şəxsiyyət vəsiqəsi verilməsi məsələsinə baxılacaqdır. Məhkəmə cavabdehin bu imtinasını əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan İlkin Hərbi Qeydiyyata alınma barədə Vəsiqədən müəyyən edilir ki, iddiaçı SHXÇDX-in Bakı şəhəri Nərimanov rayon Şöbəsində xx.xx.2015-ci il tarixdə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı olması qeyd edilməklə ilkin hərbi qeydiyyata alınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən elekton poçt vasitəsi ilə iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinə baxılmışdır. Məlum olduğu kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası” haqqında 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarının 3.1-ci bəndinin tələblərinə əsasən, hərbi vəzifəlilərin və çağırışçıların Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələri tərəfindən həmin şəxslərin hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq qeydlər aparılmalıdır. Bununla əlaqədar çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması xidmətinin təmin olunmasına əsas yaradan rəsmi təsdiqedici müraciət formasının - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketin və ya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin həmin şəxslərin Xidmətin qeydiyyatda olduqları aidiyyəti struktur bölmələrinə (və ya Xidmətin “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən səlahiyyətli nümayəndələrinə) təqdim olunması tələb olunur. Bildirilir ki, yuxarıda göstərilən icraat ardıcıllıq üzrə təmin olunduqdan sonra Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsi tərəfindən vətəndaşın hərbi qeydiyyatdan çıxarılması təsdiq edilir və onların hərbi qeydiyyat sənədində “Hərbi qeydiyyatdan çıxarılmışdır" və “Hərbi qeydiyyata alınmışdır” ştampları, ərizə-anketə isə “Hərbi qeydiyyata alınmışdır” ştampı vurularaq, sənədlər vətəndaşa qaytarılır. Əlavə olaraq qeyd edilmişdir ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması xidməti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə olunmuş bəndlərin icrası qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edilir və xidmətin həyata keçirilməsində hər hansı məhdudiyyət tətbiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, şəxs yaşayış yerini dəyişdiyi təqdirdə, 10 gün müddətində ərizə anketlə, şəxsiyyət vəsiqəsi və yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi təqdim etməklə yeni yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Baxılan işdə isə iddiaçı göstərilən bütün sənədləri təqdim etməsinə baxmayaraq cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının yaşayış yeri ünvan 1ində yerləşən fərdi yaşayış evidir (təsərrüfat). Həmçinin iddiaçı SHXÇDX-in Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi qeydiyyatının SHXÇDX-in Bakı şəhəri Nərimanov rayon Şöbəsi olması, onun yaşadığı ünvan üzrə, yəni ünvan 4l etmir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 2.2-ci bəndinə görə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Qaydanın 2.3-cü bəndinə əsasən hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Qaydanın 2.4-cü bəndinə əsasən hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxmaq üçün çağırışçılar və hərbi vəzifəlilər SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə şəxsən müraciət etməlidirlər. Göründüyü kimi, şəxsin yaşayış yerini dəyişdirdikdən sonra hərbi qeydiyyatını dəyişmək barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Yəni şəxsin yaşadığı yer üzrə deyil, başqa ünvan üzrə hərbi qeydiyyatı onun yaşayış yeri üzrə qeydiyyata alınmasına mane deyil, əksinə yaşayış yerinin dəyişməsi onun hərbi qeydiyyatının dəyişməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədlərindən biri də Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hərbi xidmətə çağırışı üçün zəruri şərait yaratmaqdır. Faktiki yaşayış yeri isə, Qəbələ rayonu Vəndam kəndi ünvanı olan iddiaçının SHXÇDX-in Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən deyil, SHXÇDX-in yaşadığı ünvan üzrə aidiyyəti strukturu tərəfindən çağırılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun, həmçinin hərbi xidmətə çağırılmanın məqsədlərinə uyğundur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 2i ünvanına (X2 məxsus fərdi yaşayış evinə) qeydiyyata alınması və bu barədə şəxsiyyət vəsiqəsinə dəyişiklik edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar