Məhkəmə qərarları › İş №e-2-1(112)-867/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-867/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-867/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) «çıxarışın ləğv edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Cavabdehin nümayəndəsi X8 Üçüncü şəxs X7 Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) «çıxarışın ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı və X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evin X7 xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin imtinasının qanunsuz hesab edilməsi və göstəriləni çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 ailə üzvləri, yəni arvadı X16, oğlanları İddiaçı, X17 və qızı üçüncü şəxs X13 ilə birlikdə ünvan 1 ünvanda yaşamışlar. 2004-cü ildə həmin ailədə olan razılığa əsasən yaşadıqları həyətdə 2 mərtəbəli evin inşasına başlamışlar. Ailə üzvləri evin tikintisi başa çatdıqdan sonra İddiaçı valideynləri, öz gələcək həyat yoldaşı, habelə bacısı, iş üzrə üçüncü şəxs Leyla Əhmədova ilə həmin evdə, ailənin digər oğlu Nemətin isə ailə üzvləri ilə köhnə evdə yaşayacaqları barədə razılığa gəlmişlər. Ev, ata Vaqif Əhmədovun və oğul İddiaçı vəsaiti və zəhməti hesabına tikilərək tikinti 2010cu ildə başa çatmışdır. 2010-cu ilin noyabr ayında evin inşası başa çatdıqdan sonra İddiaçı ailə həyatı quraraq, valideynlərinin və bacısı, iş üzrə üçüncü şəxs Leyla Əhmədovanın razılığı və iştirakı ilə iddiaçı Əfsanə Əhmədovam cehiz əşyaları ilə birlikdə gəlin kimi, həmin evə köçürüb, ər-arvad qismində birgə yaşamağa başlamışlar. 2017-ci ildə iddiaçılar İddiaçı və Əfsanə Əhmədovanın vəsaiti və zəhməti hesabına evin 3-cü mərtəbəsi, yəni mansardı inşa edilmişdir. Evin 1-ci və 3-cü mərtəbələrinin plastik qapı və pəncərələrinin pulu və ustaların zəhmət haqqı oğul İddiaçı tərəfindən ödənilmişdir. Evin döşəməsi, tavanı və bir sıra inşaat işləri sırf İddiaçı vəsaiti hesabına həyata keçirilmişdir. Evin tikintisinə üçüncü şəxs Leyla Əhmədovanın və ya hər hansı başqa bir şəxsin heç bir vəsaiti və əməyi sərf olunmamışdır. 2010-cu ilin noyabr ayında evin inşası başa çatdıqdan sonra İddiaçı ailə həyatı quraraq iddiaçı Əfsanə Əhmədovam gəlin kimi, ailə üzvü qismində ilk olaraq həmin evə köçürüb ər-arvad qismində birgə yaşamağa başlamışlar. Təxminən 1-2 ay sonra İddiaçı valideynləri və bacısı, üş üzrə üçüncü şəxs Leyla Əhmədova həmin evə köçərək birlikdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. 2017-ci ildə tərəflər aralarında olan razılığa əsasən belə qərara gəlmişlər ki, evin 3-cü mərtəbəsini, yəni mansardını inşa etsinlər. Yaşadıqları ərazinin plana düşməsi barədə gedən sözsöhbətlə əlaqədar, evin plana düşəcəyi təqdirdə İddiaçı bacısı Leyla Əhmədovaya 1 otaqlı mənzil alıb, qalan pula isə özlərinə ev almaqla bağlı şərt kəsmişdirlər. Beləliklə, əsasən İddiaçı və həyat yoldaşının qazancı hesabına mansardı həmin ildə inşa edib başa çatdırmışdırlar. Bu səbəbdən evin mansard hissəsinə İddiaçı həyat yoldaşı Əfsanə Əhmədovanın da mülkiyyət hüququ vardır. Qeyd olunanlar bir daha onu sübut edir ki, İddiaçı atası ilə birlikdə inşa etdikləri ev ümumi mülkiyyət hüququ əsasında Vaqif Əhmədova, İddiaçı və onun həyat yoldaşı iddiaçı Əfsanə Əhmədovaya məxsusdur. Belə olduğu halda iddiaçılar İddiaçı və onun həyat yoldaşı Əfsanə Əhmədovanın məlumatı və razılığı olmadan, həmin daşınmaz əmlakın, evin inşasında heç bir vəsait xərcləməyən və heç bir əməyi olmayan, İddiaçı bacısı üçüncü şəxs Leyla Əhmədovanın adına rəsmiləşdirilməsi tam qanunsuzdur. Göründüyü kimi, üçüncü şəxs X7 adına (********** qeydiyyat nömrəli) çıxarış verilərkən qanunsuzluğa yol verilmişdir. Ona görə də həmin çıxarış ləğv olunmalıdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(008)- 2059/2021 saylı qətnaməsinə əsasən iddiaçılar X15 və X7 cavabdehlər İddiaçı və X3 qarşı müvafiq kompensasiya ödənilməsi yolu ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma barədə ilk iddia tələbinə, iddiaçılar İddiaçı və X2 cavabdehlər X15 və X13 və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı reyestr xidmətinin qeydiyyatından çıxarılması, daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və həmin əmlakdakı paya uyğun pulıun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə ilk iddianın təmin edilməsi, İddiaçı, X2 və onlarla birgə yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il tarixdə doğulmuş Əhmədov Emin və xx.xx.2013-cü il tarixdə doğulmuş Əhmədov Elçinin ünvan 2 ünvandan X15 tərəfindən 10000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, ünvan 3 ünvandakı evdən heç bir kompensasiya verilmədən İddiaçı və X2 və onlarla birgə yaşayan yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il tarixdə doğulmuş Əhmədov Emin və xx.xx.2013cü il tarixdə doğulmuş Əhmədov Elçinin çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2022-ci il tarixli 2(103)-532/2022 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X4 tərəfindən yerilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu rayon Məhkəməsinin 2(008)- 2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin və qarşılıqlı iddia təlqbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(103)-532/2022 saylı qərardadına əsasən apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Sabunçu rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn ünvanındakı torpaq sahəsinin orada inşa edilən fərdi yaşayış evi ilə birlikdə X7 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmasına dair DƏDRX tərəfindən ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarışın ləğv edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin X7 adına rəsmiləşdirilməsinə dair dövlət reyestr xidmətində aparılmış qeydiyyatın əsassız olduğundan çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023- cü il tarixli 2(102)-182/2023 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2022-ci il tarixli 2(103)-532/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı trəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ərizə ilə müraciət olunaraq X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi xahiş olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 06 fevral 2023-cü il tarixli 3-21-3-02/2- KOL-0xx-xx/2022 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sözügedən mübahisəli əmlaka dair çıxarılmış yekun məhkəmə qərarı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində daxil olacağı təqdirdə məsələyə münasibətin bildirilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir. İmtina məktubu 11 fevral 2023-cü il tarixdə iddiaçılara rəsmi qaydada təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən həmin imtina məktubu ilə razılaşmırıq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan Qanunun 9.1 və 9.1.3-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqlarin dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməklə hüquqların dövlət qeydiyyatı aparılır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd yermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda. Beləliklə, qeyd olunanlarla təsdiq edilir ki, üçüncü şəxs X1 yaşayış evinin tikilməsində və təmir edilməsində heç bir əməyi olmamış və heç bir vəsait xərcləməmişdir. Onun özünün məhkəmə iclasında etiraf etdiyi kimi qeyd olunan yaşayış evinin tikilməsi və təmiri atası Vaqif Əhmədovun və qardaşı İddiaçı vəsaiti və əməyi hesabına edilmişdir. Evin inşa edilməsində məqsəd qardaşı İddiaçı ailə həyatı quraraq gələcək həyat yoldaşı ilə həmin evdə yaşaması olmuşdur. Bu razılıq nəticəsində evin inşası 2010-cu ildə başa çatmış və Leyla Əhmədovanın qardaşı İddiaçı ailə həyatı quraraq arvadı Əfsanə Əhmədova ilə həmin vaxtdan qeyd olunan evə köçprək hazırki vaxta kimi həmin evdə yaşayırlar. Birgə rəsmi nikahlarından həmin evdə 2 uşaqları doğulmuşdur. Bundan yalnız 10 il sonra Leyla Əhmədova sözügedən yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə bağışlanma müqaviləsi əsasında mülkiyyət hüququ əldə edərkən həmin torpaq sahəsində yerləşən yaşayış evinə də dair vahid əmlak kimi çıxarış almışdır. Halbuki onun qeyd olunan yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmamış və həmin ev üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Qeyd olunanlardan əlavə, Leyla Əhmədova həmin evin, qardaşı İddiaçı və qardaşı arvadı Əfsanə Əhmədovanın hüquqları ilə bağlı yüklülüyü ilə bağlı məlumatı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-(112)-7186/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-(112)-7186/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs əsl olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-(112)-7186/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə “X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 224,65 kvm olan tikiliyə dair hisəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı X2 iş üzrə prosessual iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi (vəkili) iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı münasibətində (etiraz) qeyd edilmişdir ki, aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçıların iddia tələbi qanunsuz və əsassız olduğu üçün mümkün sayıla bilməz. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıların belə bir iddia tələbi irəli sürməsi üçün subyektiv hüquqları yoxdu. İddiaçılar iddia tələbini onunla əsaslandırırlar ki, 2004-cü ildən ailə başçısı Vaqif Əhmədovun təçəbbüsü ilə sözü gedən evin inşasına başlanılsa da onun tikintisində Əhmədovun oğlu, İddiaçı həm maliyyə dəstəyi göstrərmiş, həm də bilavasitə iştirak etmişdir. Tikinti tam başa çatmasa da 2010-cu ildən ailə həyatı qurmuş İddiaçı həyat yoldaşı Əfsanə Əhmədova da yeni tikilmiş evə gəlin gələrək bütün ailə ilə birlikdə orada yaşamışlar. Teymurun atası Vaqif Əhmədovla aralarında tikilmiş evin bölüşdürülməsinə dair şifahi razılığı olsa da 2020-ci ilin dekabrında Daşınmaz Əmlakın Dovlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi evin mülkiyyətçisi kimi X9 tanıyaraq müvafiq çıxarış vermişdir. İşin hallarından məlumdur ki, ev X7 mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçılar onların həmin torpaq sahəsi üzərində inşa edilmiş evdə mülkiyyət payının olmasını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici v ə ya hüquqtəsdiqedici sənəd və s. sübut təqdim etməmişlər. Vaqif Əhmədov da özü tərəfindən inşa edilmiş evdə oğlu İddiaçı mülkiyyət payının olduğunu təsdiq etmir. İddiaçıların mübahisələndirilən evdən istıfadə hüququnun olması isə ona dair mülkiyyət hüquqlarının olduğunu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.-ci maddəsi “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları nəzərdə tutmuşdur. Leyla Əhmədovanın mübahisə predmeti olan evə mülkiyyət hüququ qeydiyyata alınarkən nəzərdə tutlmuş həmin əsaslara tam əməl edilmişdir. Fikrimizcə, İddiaçıların mübahisə predmeti olan daşınmaz əmlakda paylarının olması inzibati qaydada deyil mülki məhkəmə icraatı qaydasında müəyyən edildiyi halda cavabdehə Dövlət Reyestrindən verilmiş Çıxarış mübahisələndirilə bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1.ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ona görə də İddia mümkün olmayan hesab edilməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli məktub ilə cavab verilmiş və iddiaçıya bildirilmişdir ki, X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 8D saylı evə dair verilmiş 16 12.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubunuza aidiyyəti üzrə baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki. sözügedən mübahisəli əmlaka dair çıxarılmış yekun məhkəmə qərarı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə daxil olacağı təqdirdə məsələyə münasibətin bildirilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir. - İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə ünvan 4 ünvanına dair sənədlərin təsdiq edilmiş surətləri məhkməyə təqdim edilmişdir. - ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən daşınmaz əmlak X10 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X15 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.06237 ha olan torpaq sahəsini hədiyyə alanın X11 mülkiyyətinə verir. - ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən daşınmaz əmlak X11 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X18 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.06237 ha olan torpaq sahəsini hədiyyə alanın X7 mülkiyyətinə verir. - **********2 qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən daşınmaz əmlak X5 xüsusi mülkiyyətindədir. - İş materialllarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-532/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir, ilkin və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilmişdir. - İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-182/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı ilə X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-532/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddia tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətin olunması ilə bağlı qeyd edir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yuxarı orqanı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etmiş və həmin orqan iddiaçının müraciətini aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərməmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı vermişdir. Odur ki, məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin cavab məktubunu cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə verilən imtina kimi qəbul edir. Əlavə olaraq məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə də, məhkəmə qeyd dir ki, maddi hüquq normalarında qeyd edilən mübahisənin yalnız məhkəmə tərəfindən həll olunduğu göstərildiyindən, cavabdeh inzibati orqana həmin tələblə əvvəlcədən müraciət olunması formal xarakter daşıyır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan iddia təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: M a d d ə 2 . Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; M a d d ə 1 1 . Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. M a d d ə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: M a d d ə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı fərdi yaşayış evi üzrə X7 adına aparılmış (mülkiyyət hüququna dair) xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsindən ibarətdir. Məhkəmə qeyd edilən mübahisəli vəziyyətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqları qeydə alınmış fərdi yaşayış evinin hündürlüyü 10.6 m-dir, yəni 12 metri keçməmişdir. Odur ki, həmin fərdi yaşayış evinə dair hüquqların qeydiyyatı hündürlüyü 12 metrədək olan daşınmaz əmlak üçün nəzərdə tutulmuş hüquqi rejim tətbiq edilməlidir. Qanunvericiliyin tələbinə əsasən, əgər fərdi yaşayış evi 2013-cü il yanvarın ayının 1-dək inşa edilmişdirsə, torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur. Əgər fərdi yaşayış evi 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilmişdirsə, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdeh inzbati orqan hüquqların qeydiyyatını həyata keçirərəkən sözügedən fərdi yaşayış evinin 2013-cü ildən sonra inşa edildiyi nəzərə alınaraq bununla bağlı müvafiq icraatı həyata keçirmişdir. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı 3-cü şəxs olan X7 xx.xx.2020-ci il tarixli ərizəsində sözügedən yaşayış sahəsini məlumatlandırma icraatı qaydasında inşa etdiyini bildirmişdir. Belə olan halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən (məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd mövcud olmalıdır. Göstərilənlərlə bağlı, məhkəmə qeyd edir ki, fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınması üçün torpağa və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə dair hüquq müəyyənedici sənəd olmasına baxmayaraq, inzibati icraat materiallarında sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd mövcud olmamışdır. İş materiallarından görünür ki, üçüncü şəxsin (X7) mülkiyyət hüququnun qeydə alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd edilən maddələrində göstərilən sənədlər hüququ qeydə alınmış şəxs tərəfindən cavabdeh inzibati orqana təqdim edilməmiş habelə, məhkəmə araşdırması zamanı belə sübutların mövcudluğu öz təsdiqini tapmamışdır. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyatı həyata keçirilərkən müvafiq qanunvericliyin tələbləri pozulmuşdur. Həmçinin, məhkəmə tikilinin 2013-cü il 1 yanvar tarixinədək inşa edilməsi ilə bağlı bildirir ki, tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd olmasına baxmayaraq, həmin fərdi yaşayış evinə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı mövcud olmamışdır. Göründüyü kimi, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün nəzərdə tutulmuş sənədlər, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı mövcud deyildir. Cavabdeh inzibati orqan tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9, 8.0.9.2, 8.0.10, 8.0.10.1-ci maddələrinin tələbləri ödənilməməsinə baxmayaraq, üçüncü şəxsin hüquqları qeydiyyata alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmamış, həmin daşınmaz əmlak üzərində üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcud olmamasına baxmayaraq, əmlaka dair hüquqlar dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən iddia təmin edilməli, X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 224,65 kvm olan tikiliyə dair hisəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 224,65 kvm olan tikiliyə dair hisəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar