Məhkəmə qərarları › İş №e-2-1(112)-871/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-871/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-871/2025 21.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xəstəliyinə görə əlliliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cu il təvəllüdlü iddiaçı 1992-ci ildə Beyləqan RHK tərəfindən hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə xəsarət almış və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi aldığı hərbi travma nəticəsində “Baş beyin kontuziyası” diaqnozu ilə müayinə və müalicələrdə olmuşdur. Səhhətində yaranmış ciddi və sağalmaz problem ilə əlaqədar cavabdeh tərəfindən 2011-ci ildə 10 il müddətində 2-ci qrup əllik təyin edilmişdir. 2011ci ildən sonra əlillik müddətsiz təyin edilmiş, 2018-ci ildə əlliyi yenidən 5 illik təyin edilmiş və 2023-cü il tarixdə əlliliyi dayandırılmışdır. İddiaçı hesab edir ki, cavabdehin əlilliyin dayandırılmasına yönəlmiş hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, 1994cü il tarixdən bu günə qədər həmin xəstəlikdən əziyyət çəkir və ildə iki dəfə xəstəxanada müayinə və müalicələrdə olur. Qeyd edir ki, hər ay səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz dərmanlar ilə təmin olunur. Zaman keçdikcə xəstəliyi daha da kəskinləşmiş və müalicə ilə bərpa olunması mümkün deyildir. Buna görə də, hesab edir ki, cavabdeh orqan əlilliyin təmin olunmasından tamamilə əsassız olaraq imtina etmişdir. Ümumiyyətlə müddətsiz əlilliyin ləğv edilib müddətli əlilliyə keçməsinin özü belə qanunsuz və əsassız olub. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 07 yanvar 2024-cü il qərarında aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1173 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Baş beyin kontuziyası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, aqressivlik, insanlarla ünsiyyət qura bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildən özünü xəstə hesab etdiyini bildirmiş, lakin mütəmadi olaraq qəbul etdiyi medikamentoz preparatların adlarını, qəbul qaydasını söyləyə bilməmiş, dərmanları resept əsasında pulsuz aldığını bildirsə də, “Pulsuz dərman alan ruhi əsəb xəstələrinin reyestrində” olmadığı müəyyənləşdirilmişdir. Psixi statusunda ümumi məzmunlu cümlələrlə sualları cavablamış, aqressiv olduğunu bildirmişdir. Həmin davranışa gətirib çıxaracaq patoloji şəxsiyyət inkişafı müşahidə olunmamış, təqdim olunan tibbi müalicə sənədlərinin son dövrlərə aid olması müəyyənləşdirilmişdir. 2 saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 2374/23 nömrəli çıxarışında diaqnoz “Baş beyinin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. İddianının mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -TSEK müayinələrindən əldə edilən məlumatlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdə “Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beynin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-32/2024 №-li Qərarının 8-ci bəndində qeyd olunur ki, Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli, 1173 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Baş beyin kontuziyası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respubliaksının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir...2 saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2374/23 nömrəli çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2002-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Filial tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işinin surətindən: -xx.xx.2002-ci il tarixli 437216 saylı TSEK müayinə aktından çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2002-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə 3-cü dərəcə əlillik (ilkin) verilmişdir. -xx.xx.2003-cü il tarixli 510007 saylı, xx.xx.2004-cü il tarixli, 780068 saylı, xx.xx.2005ci il tarixli, 896437 saylı, xx.xx.2006-cı il tarixli, 103252 saylı, xx.xx.2007-ci il tarixli, 253562 saylı, xx.xx.2008-ci il tarixli, 498193 saylı, xx.xx.2009-cu il tarixli, 671383 saylı, xx.xx.2010-cu il tarixli, 919214 saylı, xx.xx.2011-ci il tarixli, 087631 saylı TSEK müayinə aktından çıxarışlardan görünür ki, iddiaçının əlillik vəziyyəti hər dəfə təkrar qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə 2-ci dərəcə əlillik verilmişdir. -xx.xx.2012-ci il tarixli, 180193 saylı TSEK müayinə aktından çıxarışdan görünürr ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2012-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz 2-ci dərəcə əlillik verilmişdir. -İş materiallarında olan İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatlarından çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, "X2: V sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 – Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində, Diaqnozun mətni: Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, baş-beyi travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları. Hərbi travmadır. Meyar: 2.2. İkinci dərəcə əlillik-2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enmısi, emosional labililik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg..." səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. -xx.xx.2023-cü il tarixində təqdim edilmiş J00141873İKT nömrəli tibbi göndəriş xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə => Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə edilməklə vəziyyətinin qiymətləndirilməsi və ikinci dərəcəli əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh DTSERA-nın qeyd olunan qərardadın icrası ilə bağlı məhkəməyə təqdim etdiyi Tibbi sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 5781/2024 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən “diaqnoz təsdiqini tapmır” barədə qərar qəbul edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı normalara istinad edir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -1.9-cu bəndinə əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61- 80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli, J00141873İKT saylı tibbi göndərişi (Forma 88) üzrə əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən ikinci dərəcəli əlilliyin (orqanizmin ) təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixli, J00141873İKT saylı tibbi göndərişdə iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu F07.8 olan “baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə”, ağırlaşması kimi isə XBT kodu F07.0 olan “üzvi məşəli şəxsiyyət pozuntusu, Baş beynin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” və XBT kodu F06.8 olan “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, baş beyinin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları ilə” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07 kodu altında göstərilmiş “üzvi mənşəli şəxsiyyət pozuntusu” və F07.8 kodu altında göstərilmiş “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” xəstəlikləri aşağıdakı hallarda əlilliyin təyin edilməsi üçün əsas verir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) orqanizmin funksiyalarının pozulması faizi 35-60, orqanizmin funksiyalarının pozulması müddəti 2 il. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti orqanizmin funksiyalarının pozulması faizi 65-80, orqanizmin funksiyalarının pozulması müddəti 2 il. Meyarlara əsasən şəxsə F07 və F07.8 kodu altında qeyd olunmuş diaqnozlar qoyularkən altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Lakin hazırkı halda, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda hüquqi marağına uyğun olaraq 2-ci dərəcə əlilliyin təyin edilməsi üçün Meyarların 7.6.2.2-ci altbəndindəki halların mövcudluğu nə tibbi sosial-ekspert komissiyasında müayinəsi zamanı, nə də ekspertiza tədiqatı zamanı müəyyən edilməmişdir. Belə ki, işin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1974-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2023-cü il tarixli, J00141873İKT nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar müəyyən olunurmu?

3. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

4. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları müəyyən edilirsə, bu onda əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət olunurmu?

5. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları müəyyən edilirsə, bu onun məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkküründə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalara (2 ildən az olmayaraq) səbəb olurmu və ya təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti yaradırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 170 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qoyulmuş suallara aşağıdakı qaydada cavab verilmişdir: 1-ci və 2-ci sual üzrə: İddiaçı hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Onda hazırkı müayinə gedişatında J00141873 İKT nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar müəyyən edilmir. 3-cü sual üzrə: İnzibati işdə olan İddiaçı Azərbaycan Respublikasının Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli, 1173 nömrəli qərarında “Baş beyin kontuziyası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edildiyi göstərilir. Lakin yoxlanılan şəxsdə hazırkı müayinə gedişatında şəxsiyyət pozuntusuna müvafiq psixosimptomatika müəyyən edilmir, onda hazırkı müayinə gedişatında Üzvi emosional-labil (astenik) pozuntuya müvafiq psixosimptomatika əlamətləri aşkar olunur. 4-cü və 5-ci suallar üzrə: Qərarda qoyulmuş digər suallara cavab olaraq ekspert komissiyasının üzvləri bildirir ki, həmin suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması ilə əlaqədar ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq məqsədilə yuxarıda qeyd olunan 170 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin tərtib edilməsində iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi ekspert həkim-psixiatrı X6 məhkəmə iclasına çağırılmışdır. Məhkəmə iclasında dindirilmiş həkim-ekspert X6 verdiyi izahatında, ekspert rəyində göstərilənləri bir daha təsdiq edərək, Bakı 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli, J00141873İKT saylı tibbi göndərişində (Forma 88-də) göstərilmiş xəstəliklər və şəxsiyyət pozuntusuna müvafiq əlamətlərin iddiaçıda müəyyən edilmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçıda hal-hazırda mövcud olan diaqnoz üzvi emosional-labil (astenik) pozuntudur. Bu diaqnoz isə göndərişdə nəzərdə tutulmamaqla yanaşı, şəxsiyyət pozuntusuna müvafiq əlamətləri təcəssüm etdirmir. Göründüyü kimi, müvafiq ekspert rəyi ilə iddiaçıda J00141873 İKT nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar, yəni üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları və onun ikinci dərəcə əlillik təyin etmək üçün əsas verən ağırlaşmaları müəyyən edilməmişdir. Bu isə ikinci dərəcə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2- 1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsi də o yöndədir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin məhkəmə tibbi ekspertizası vasitəsi ilə şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə üçün hüquqi baza kimi çıxış edir. Həmçinin oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respbulikası Ali Məhkəməsinin 2-1(102)-2842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında analoji hüquqi mövqe nümayiş etdirilmişdir. Məhkəmə qeyd edir ki, hər nə qədər də ekspert rəyi ilə iddiaçıda XBT kodu F06.6 olan üzvi emosional-labil (astenik) pozuntu diaqnozunun olması müəyyəmn edilsə də, bu xəstəlik iddiaçının tibbi göndərişində nəzərdə tutulmamışdır. Halbuki, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.8 və 2.4-cü bəndlərindən göründüyü kimi, əlillik səlahiyyətli tibb müəssisəsinin göndərişində qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Bu baxımdan, həm də iddiaçının məqsədinin yalnız əlilliyinin müəyyən edilməsi deyil, konkret olaraq ikinci dərəcə əlilliyin (orqanizmin funskiyalarının 61-80 faiz pozulması kimi) təyin edilməsi olduğu nəzərə alındıqda, həmin xəstəliyin əlillik üçün əsas verən olub-olmaması üzrə müvafiq qiymətləndirmə yalnız səlahiyyətli tibb müəssisəsinin göndərişində müəyyən edildiyi halda aparıla bilərdi. Məhkəmə bir məqamı da qeyd edir ki, iddiaçıya əvvəlki dövrlərdə, yəni 2003-2023-cü illərdə tibb müəssisəsinin göndərişləri əsasında əlillik təyin edilməsi xüsusatı nə işin halları, nə də cavabdehin özü tərəfindən təkzib edilmir. Lakin nəzərə almaq lazımdır ki, hazırkı mübahisənin əsasında iddiaçının J00141873İKT saylı, xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında qiymətləndirilməsi nəticəsində ona əlilliyin təyin edilməsindən imtina dayanır. Məhkəmə hesab edir ki, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə birbaşa əsas ola bilməz. Belə ki, şəxsə əlilliyin təyin edildiyi müddətin sonunda orqanizmin xəstəlik və ya zədə nəticəsində pozulmuş funksiyalarının bərpası istisna edilmədiyindən yalnız şəxsin sağlamlıq vəziyyətinin cari qiymətləndirilməsi nəticəsində ona əlillik təyin edilməsi üçün əsas verən xəstəliklərin olub-olmaması müəyyən edilməlidir. Bu mənada indiki halda iddiaçıya yenidən əlillik təyin edilməsi üçün əsaslar mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar