Məhkəmə qərarları › İş №e-2-1(112)-8716/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8716/2023

04.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8716/2023 04.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İslər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatının (qeydiyyat ünvanının) dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatının (qeydiyyat ünvanının) dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə 4 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Göstərilən yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Fərdi yaşayış evi 1950-60-cı illərdə inşa edilmiş və SSSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş "Şəxsi mülkiyyət hüquq ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasport"u vardır. Həmin pasport 1961-ci ildə tərtib edilib, evin mülkiyyətçisi kimi X1 göstərilmişdir. Həmin sənəddə ünvan, Koroğlu küçəsi, “проезд” 6, ev 6 kimi qeyd edilmişdir. İddiaçıların nümayəndəsi iddiaçıların şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanının dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 9.03.2023-cü il tarixli, 18/2-7270/2023 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirilmişdir ki, iddiaçılar tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənəd və ya icarə müqaviləsi, order və sair təqdim edilməlidir. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə qeydiyyata alındıqları ünvan 1 ünvanının vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatının (qeydiyyat ünvanının) dəyişdirilərək ünvan 2 ünvanı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar həmin evdə yaşayırlar. Həmin ünvanda qeydiyyatda olan və yaşayan digər sakinlərin qeydiyyat ünvanları ünvan 2 kimi ("döngə 6" "6-cı keçid" ilə əvəz edilmişdir) dəyişdirilmişdir. Qeyd edilən məsələ ilə bağlı Əmlak Xidmətləri Məkanına müraciət edilmiş, xx.xx.2022-ci il tarixli **********66 saylı məktubla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci tarixli, 27 saylı Fərmanı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq "döngə" ifadəsinin “keçid” ifadəsi ilə əvəz edilməsi bildirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Hazırkı iş üzrə iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmalarını deyil, inzibati orqan tərəfindən aparılmış yanlış qeydiyyatın düzəldilməsini xahiş edirlər. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçıların nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə məktub göndərək bütün məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürürlər. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçılar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Göstərilən yaşayış evinin "Şəxsi mülkiyyət hüquq ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasport"unda ünvan, Koroğlu küçəsi, “проезд” 6, ev 6 kimi qeyd edilmişdir. İddiaçılar hesab edirlər ki, “döngə 6, ev 6” ünvanı ilə “keçid 6, ev 6” eyni ünvanlardır. Ona görə də, şəxsiyyət vəsiqələrinin elektron daşıyıcılarında ünvan məlumatının dəyişdirilərək “keçid 6, ev 6” kimi qeyd edilməsini xahiş edirlər. Cavabdeh isə iddiaçıların tələbini təmin etməkdən imtina edərək evə dair hüquqmüəyyənedici sənəd təqdim olunmamasını göstərir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra - şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsində aşağıdakı məlumatlar göstərilir: Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: .... vətəndaşın doğulduğu yer, yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əlbarmaq izləri, hərbi vəzifəsi; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin 2.14-cü bəndinə görə şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar daxil edilir: ... 2.14.3. vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, hərbi vəzifəsi; Əsasnamənin 2.15-ci bəndinə görə, şəxsiyyət vəsiqəsi verilərkən və ya dəyişdirilərkən bu Əsasnamənin 2.14-cü bəndində nəzərdə tutulmuş məlumatları elektron daşıyıcıya (çipə) vəsiqə verən orqan daxil edir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş məlumatlarda dəyişikliklər bu Əsasnamənin 2.18-ci və 2.29-cu bəndlərinə uyğun olaraq həyata keçirilir. 2.18. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən, bu Əsasnamənin 2.14.1-ci, 2.14.2-ci, 2.14.4-cü 2.14.8 – 2.14.11-ci, 2.14.12-ci və 2.14.13cü yarımbəndlərində nəzərdə tutulan məlumatlar dəyişdirilməyən, 2.14.3-cü, 2.14.5-ci – 2.14.7-ci, 2.14.11-1-ci və 2.14.11-2-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar isə bu Əsasnamənin 2.29-cu bəndində göstərilən dövlət orqanları tərəfindən dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardır. 2.29. Bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər: 2.29.1. vətəndaşın yaşadığı yer və boyu barədə məlumat — vəsiqə verən orqan. Sadalanan qanunvericilik aktlarından göründüyü kimi, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) əks olunan məlumatlardan biri şəxsin yaşadığı yerdir. Qeyd olunan məlumat Əsasnamənin tələblərinə görə, dəyişdirilə bilən məlumatlara aiddir. Belə ki, vətəndaş öz yaşayış yerini dəyişdirdikdə müvafiq orqana müraciət edərək yaşadığı yer üzrə pasport qeydiyyatına alınmalı və bu barədə şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişiklik edilməlidir. Baxılan işdə iddiaçılar yaşadığı yeri dəyişməsi halı baş verməmişdir. Lakin iddiaçılar yaşadığı ünvanın ünvan 3masını qeyd edərək şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) bu barədə müvafiq dəyişiklik edilməsini istəyirlər. Məhkəməyə təqdim edilən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14- 29/167 saylı, xx.xx.2022-ci il tarixli məktubda nümayəndəlikdə olan ev kitabında həmin ünvanın Koroğlu küçəsi, 6-cı keçid kimi qeyd edildiyi göstərilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14-29/233 saylı, xx.xx.2022-ci il tarixli məktubda ünvan 2 ünvanı ilə ünvan 1 ünvanının eyni olması bildirilmişdir. Gördünüyü kimi təqdim edilmiş sənədlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ünvanında yerləşən 6-cı keçid, ev 6 ünvanı ilə, döngə 6, ev 6 ünvanı eyni ünvanlardır və iddiaçıların yaşadığı fərdi yaşayış evinə məxsusdur. Məhkəmə hesab edir ki, yaşayış yerini dəyişdirmiş vətəndaşa yaşadığı yer üzrə qeydiyyata alınması barədə şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında dəyişiklik edilməsi qaydası hazırkı halda da tətbiq edilməli və iddiaçıların vəsiqələrindəki elektron məlumatlar dəyişdirilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı2 və İddiaçı1 şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatının (qeydiyyat ünvanının) dəyişdirilərək ünvan 2 ünvanı kimi qeyd edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar