Məhkəmə qərarları › İş №e-2-1(112)-872/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-872/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-872/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********730700 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********730700 saylı qərarın 127.492,96 manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında İddiaçı MMC 2022-ci ilin sentyabr ayına Əlavə dəyər vergisi üzrə 132965,46 manat məbləğində əlavə vergiyə cəlb edilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli Qərardan şikayət edilmiş, vergi məbləğinin azaldılması xahiş edilmişdir. Belə ki, 2022-ci ilin yanvarsentyabr ayları ərzində invoys dəyəri və üzərinə gömrük rüsumları və yığımları gəldikdən sonra formalaşan dəyər ilə 32 gömrük bəyannaməsi üzrə 1.645.606,12 manat dəyərində mal idxal edilmişdir. Bununla yanaşı MMC-nin hər hansı yerli alışı olmamışdır. Həmin aylar ərzində MMC tərəfindən təqdim edilmiş malların dəyəri 1.767.013,11 AZN təşkil etmişdir. Operativ vergi nəzarəti tədbirləri keçirilənə kimi idxal edilən malların dəyəri 1.580.174,74 AZN təşkil etmiş, operativ vergi nəzarəti tədbirindən sonra 75.948,25 AZN olmuşdur. Operativ vergi nəzarəti keçirilənə kimi təqdim edilmiş malların dəyəri 1.645.326,32 manat dəyərində təşkil etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən tətbiq edilən ortalama ticarət əlavəsi 1.645.326,32/1.580.174,74 = 1.04 (4%) təşkil etmişdir. Hər hansı kənarlaşmaya yol verilməmişdir. İlk 9 ayı nəzərə aldıqda isə təqdim edilən mallar 1.767.013,11 Azn, idxal olunan mallar (invoys dəyəri) 1.645.606,12 AZN təşkil etmiş, ticarət əlavəsi 1.767.013,11/1.645.606,12=1.07 (7 faiz) təşkil etmişdir. Lakin qeyd edilən əsaslar nəzərə alınmamış, Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə şikayət təmin edilməmişdir. Qərarda qeyd edilmişdir ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığı aşkar edilməmiş və təqdim edilmiş arayışa əsasən satılmış mallar üzrə tətbiq edilmiş ticarət əlavəsi 10,0% təşkil etmişdir. Vergi orqanı hesab edir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arası yük-gömrük bəyannamə məlumatına əsasən idxal mallar üzrə gömrük dəyəri 2. 186.662,11 manat, elektron qaimə-faktura üzrə 0,0 manat mal alışının həyata keçirilmişdir. Buna səbəb malların invoys dəyərini deyil, statistik dəyəri əsas götürmələri olmuşdur. Vergi orqanı qeyd edilən məbləğin üzərinə ticarət əlavəsini 10,0% olaraq qəbul etmişdir. Bu rəqəmi haradan alması iddiaçıya aydın olmamışdır. Vergi orqanı qeyd edilən dövrlər üzrə ƏDV bəyannaməsində bəyan edillən ümumi dövriyyənin 2405328,32 manat (2.186.662,11*1,10) olmalı olduğu halda, yoxlamaya qədər ƏDV bəyənnamələrində dövriyyənin 1.257.058,76 manat bəyan edildiyi, qeyd olunan dövrlər üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən Cəmiyyətin dövriyyəsinin 1697034,12 manat təşkil etdiyi və nəticədə 708294,20 manat kənarlaşmanın aşkar edilməsi 127492,96 manat ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir. Həmçinin Qərarda qeyd edilmişdir ki, MMC-nin xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ƏDV bəyannamələrində daxil olmuş məbləğ 2417085,17 manat (ƏDV 435075,33) təşkil etdiyi və nəticədə 30402,78 manat kənarlaşmanın aşkar edilməsi qənaətinə gələrək 5472,5 manat ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir. Eyni zamanda Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin sentyabr ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə 132965,46 manat vergi məbləğinin azaldılması ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir. Qeyd edilən əsaslarla bağlı Cəmiyyət tərəfindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixədək 29 gömrük bəyannaməsi üzrə idxal olunan malların invoys dəyəri 785416,004 dollar (1335207,27 manat) təşkil etdiyini və invoys dəyərinin üzərinə 233557,47manat idxal rüsumu, 11200 manat 2 qat gömrük yığımı, 210 manatt GPS müşayiət xərci əlavə edilərək anbara 1580174,74 manatla mədaxil edilmişdir. Aparılan uçot Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərinə əsasən topdan ticarət fəaliyyəti sahəsində vergitutma baxımından gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına müvafiq aparılmışdır. Cəmiyyət tərəfindən müvafiq bəyannamələr, satış ilə əlaqədar invoyslar təqdim edilmişdir. Gömrük orqanı tərəfindən müəyyənləşdirilən statistik dəyərə əsasən (627.404,24 manat artırmaqla) şişirdilmiş rəqəmlər üzrə vergi orqanı tərəfindən hesablamalar aparılması ticarət sahəsində fəaliyyət göstərən şirkətləri pis vəziyyətdə qoymaqdadır. Belə ki, azad bazar iqtisadiyyatı dövründə ticarət fəaliyyəti göstərən şirkətlər özləri satış dəyərlərini müəyyən edirlər. Satış dəyərinin gömrük orqanı müəyyən edən statistik dəyər üzərindən müəyyən edilməsi kimi imperativ norma qanunvericilikdə müəyyən edilməmişdir. İddiaçı qeyd edir ki, gömrük orqanının statistik dəyər adı aldında malların dəyərini hesablaması ilə razılaşmasaq belə vergi orqanı həmin dəyərin üzərinə 10% ticarət əlavəsi gələrək vergi hesablaması belə əsassızdır. Belə ki, malların dəyərinin müəyyən edilməsi mübahisəli olsa da, malların real satışı həyata keçirilmişdir. Bütün alışlar elektron sistem üzərindən qaimə-faktura ilə həyata keçirilmişdir. Vergi orqanı həmin alışları etibarsız hesab edə bilməz. Vergi orqanı mallara müştəri tapan, müştəri ilə bazarlaşma səlahiyyətinə malik deyildir. Vergi ödəyicisi malların alışında və satışında qiymətləşməkdə tam sərbəstdir. Vergi orqanı hüquqi şəxslərin bu istiqamətdə fəaliyyətinə müdaxilə edə bilməz. Satış qiymətləri vergi orqanının istəyi üzrə deyil, alıcının təklifi üzrə formalaşır. Yəni malların dəyərini statistik dəyərlə götürsək belə real satış üzərindən vergi hesablanmalıdır. Qanunvericilikdə nəzərə alınmasa da, gömrük orqanının statistik dəyər adı altında idxal edilən mallara görə artıq ƏDV və dövlət rüsumu ödənməsini nəticələndirir. Ticarət əlavəsi üçün deyildir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. İddiaçı Vergi Məcəlləsinin 12.3, 13.2, 13.2.64-cü maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində təsərrüfat subyektlərində mal qalığı aşkar edilməmiş, vergi ödəyicisi tərəfindən təqdim edilmiş arayışa əsasən satılmış mallar üzrə tətbiq olunmuş ticarət əlavəsi 10% təşkil etmişdir. Araşdırma nəticəsində xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixlər arası yük-gömrük bəyannamə məlumatına əsasən idxal malları üzrə gömrük dəyəri 2 186 662,11 manat, elektron qaimə-faktura üzrə 0,0 manat mal alışının həyata keçirildiyi, operativ vergi nəzarəti tədbirləri zamanı müəyyənləşdirilən ticarət əlavəsinin 10,0% təşkil etdiyini nəzərə alaraq, qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində bəyan edilən ümumi dövriyyənin 2405328,32 manat (2 186 662,11*1,10) olmalı olduğu halda, yoxlamaya qədər ƏDV bəyannamələrində dövriyyənin 1 257 058,76 manat bəyan edildiyi (2022-ci ilin iyun, iyul, avqust ayları üzrə) qeyd olunan dövrlər üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən Cəmiyyətin dövriyyəsinin 1697034,12 manat təşkil etdiyi və nəticədə 708 294,20 manat kənarlaşmanın aşkar edilməsi 127.492,96 manat ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir. (Operativ vergi nəzarəti tədbirlərinin nəticəsinə əsasən ƏDV bəyannaməsi üzrə 708294,2 manat malların əskik gəlməsi üzrə dövriyyə məbləği qədər kənarlaşma aşkar edilmişdir. (ƏDV 708294,2*18%=127.492,96 manat) Həmçinin, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci ilin aprel-sentyabr ayları ərzində bank əməliyyatlarının araşdırılması zamanı qarşılıqlı əlaqəli vergi ödəyiciləridən 2 447 487,95 manat (ƏDV məbləği: 440 547,83 manat) pul vəsaitinin daxil olduğu müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ƏDV bəyannamələrində daxil olmuş məbləğ 2 417 085,17 manat (ƏDV məbləği: 435 075,33 manat) təşkil etdiyi və nəticədə 30 402,78 manat kənarlaşmanın aşkar edilməsi 5472,5 manat ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir (ƏDV 30402.78*18%=5472,50). Ümumi 738696.98 manat (708.294,2 +304.02,78) dövriyyə üzrə kənarlaşma məbləğinə görə kameral vergi yoxlaması ilə hesablama aparılmışdır. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin sentyabr ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə 132965,46 manat vergi məbləğinin azaldılması ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022ci il tarixli **********289300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üzrə 132 965,46 manat əlavə dəyər vergisi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********730700 nömrəli Qərar qəbul olunmuşdur. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********496900 nömrəli) inzibati şikayətlə Dövlət Vergi Xidmətinə müraciət etmiş, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati şikayətin tam, ətraflı və obyektiv araşdırılması məqsədilə Cəmiyyətə xx.xx.2023-cü il tarixli məktub göndərilərək Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət olunmuş, Cəmiyyətin səlahiyyətli nümayəndəsi X4 xx.xx.2023-cü və xx.xx.2023-cü il il tarixlərdə inzibati araşdırmada iştirak etmiş və inzibati şikayətin məzmununa uyğun izahat vermişdir. F.Zeynalov izahatlarında Cəmiyyətin xx.xx.2022-ci il tarixədək 29 gömrük bəyannaməsi üzrə idxal olunan malların invoys dəyəri 785 416,004 dollar (1 335 207,27 manat) təşkil etdiyini və invoys dəyərinin üzərinə 233 557,47 manat idxal rüsumu, 11 200,0 manat 2 qat gömrük yığımı, 210,0 manat GPS müşayət xərci əlavə edilərək anbara 1 580 174,74 manatla mədaxil edildiyini bildirmişdir. İnzibati şikayət qanunamüvafiq şəkildə araşdırılmış, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin 2022-ci ilin əvvəlinə 0,00 manat mal qalığının olduğu, Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 186 662,11 manat (ƏDV-siz) məbləğində idxal əməliyyatlarının (müxtəlif növ rozetkalar, stabilizatorlar, qablaşdırma üçün boş və tor kisələr, elektrik mühərrikli ventilyatorlar, plastik ventilyatorlaer və s.) aparıldığı, qeyd edilən dövr ərzində malların əldə edilməsi ilə bağlı elektron qaiməfakturaların əldə edilmədiyi, 14 (on dörd) vergi ödəyicisinə ümumilikdə 1 697 034,12 manat məbləğində (ƏDV-siz) elektron qaimə-fakturaların (Su nasosları, qabalaşdırma üçün tor kisələr, işıq lampaları, elektrik mühərrikləh və s.) təqdim edildiyi, idxal edilmiş mallara görə gömrük orqanlarına ödənilmiş ƏDV məbləğinin tam qaydada əvəzləşdirdiyi, Cəmiyyətin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş "Operativ vergi nəzarətinin keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən əsas sahəsi 400 kv m. olan "Anbar" adlı təsərüfat subyektində (obyektində) keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığının aşkar edilmədiyi, Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən satılmış mallar üzrə tətbiq olunmuş ticarət əlavəsinin 10,0 % təşkil etdiyi, qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində bəyan edilən ümumi dövriyyənin 2 405 328,32 manat olmalı olduğu halda, yoxlamaya qədər ƏDV bəyannamələrində dövriyyənin 1257058,76 manat bəyan edildiyi, qeyd olunan dövrlər üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən Cəmiyyətin dövriyyəsinin edildiyi, operativ vergi nəzarəti tədbirləri zamanı 55 614,69 manat dəyərində malların elektron qaimə-faktura və ya nəzarət-kassa aparatına mədaxil edilmədən təqdim edildiyi, Cəmiyyət tərəfindən vergi uçotunun qanunvericiliyə uyğun aparılmadığı, 2022-ci ilin aprel-sentyabr ayları ərzində bank əməliyyatlarının araşdırılması zamanı qarşılıqlı əlaqəli vergi ödəyiciləridən 2 447 487,95 manat (ƏDV məbləği: 440 547,83 manat) pul vəsaitinin daxil olduğu, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ƏDV bəyannamələrində daxil olmuş məbləğin 2417085,17 manat (ƏDV məbləği: 435 075,33 manat) təşkil etdiyi, nəticədə dövriyyədə 30402,78 manat olmaqla, ümumilikdə dövriyyədə 738 696,98 manat kənarlaşmanın olması nəticəsində 132 965,46 manat ƏDV məbləğinin büdcədən yayındırılması halının aşkar edildiyi nəzərə alınaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022ci il tarixli **********730700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Vergi Məcəlləsinin 108, 134, 135.1, 135.2, 136.1, 136.1.1, 136.1.2, 136.1.3, 136.2, 136.3, 139.2, 162.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********730700 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarından görünür ki, iddiaçıya sentyabr 2022-ci ilin bəyannamə və hesabat dövrü üzrə 2021-ci il sentyabr ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyənnaməsi üzrə 132956,46 manat vergi məbləğinin azaldılması müəyyən edildiyi qeyd olunaraq vergi ödəyicisinə 132965,46 manat əlavə vergi məbləği hesablanmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********156500 Qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********730700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********2536 nömrəli qərara əsasən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti barədə sənədlər məhkəməyə təqdim edilmişdir: -AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə malların VM-in 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzərati keçirilməsi müəyyən edilmişdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2022-ci il tarixli, KY221791448 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-nin cari fəaliyyətinin operativ vergi nəzarəti qaydasında plandankənar (növbədənkənar) qaydada yoxlanılması müvafiq reyestrdə qeydiyyata alınmışdır. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********5018 saylı qərarından görünür ki, İddiaçı MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, 5561,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. -Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində təsərrüfat subyektlərinizdə mal qalığı aşkar edilmədiyi bildirilərək, vergi ödəyicisi tərəfindən təqdim edilmiş arayışa əsasən satılmış mallar üzrə tətbiq olunmuş ticarət əlavəsinin 10% təşkil etdiyi, araşdırma zamanı, xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arası yük-gömrük bəyannamə məlumatına əsasən idxal malları üzrə gömrük dəyəri 2186662,11 manat, elektron qaimə- faktura üzrə isə 0 manat mal alışı həyata keçirilməsinə baxmayaraq, yoxlamaya qədər ƏDV bəyannamələrində təqdim edilmiş dövriyyədə əks etdirilmiş elektron qaimə-faktura üzrə malların satışı 1257058,76 manat olduğu, baza üzrə ticarət əlavəsiylə birlikdə malların satış dövriyyəsi 2186662,11*110%=2405328,32 manat müəyyən edilməklə, 2022-ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 1148269,56 manat məbləğində dövriyyə üzrə, 206688,52 manat vergi üzrə malların əskik gəlməsi qiymətləndirildiyi qeyd olunaraq, bununla əlaqədar müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş ƏDV vergisi bəyannamələri, qeyd olunanlarla bağlı müvafiq izahat məktubunun, gəlirlərin tərkib bölgüsü barədə excel cədvəl məlumatının, bank hesabından çıxarışların, ayrı-ayrı mallar üzrə tətbiq edilmiş ticarət əlavəsi barədə məlumatın, malların hərəkəti cədvəlinin təqdim edilməsi tələb olunmuşdur. -İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında bildirilmişdir ki, “Bakı şəhəri, Nərimoano rayonu, köndələn 6-cı, 20/38, qəsəbə 205 ünvanında yerləşən anbar sahəsi İddiaçı MMC-yə məxsusdur. Qeyd olunan ünvanda yerləşən anbarda heç bir mal qalığı mövcud deyildir. Obyektin iş rejimi 09:00-18:00-a qədərdir. Həftənin 6 günü fəaliyyət göstərir. Müəssisə tərəfindən malların satışı yalnız topdan satış qaydasında həyata keçirilir və 10 faiz ticarət əlavəsi tətbiq olunur. Qeyd olunan ünvandan başqa heç bir yerdə anbar, mağaza və saxlanc yerimiz mövcud deyildir.” -İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında bildirilmişdir ki, “Müəssisə tərəfindən 55614,69 manat (ƏDV və ticarət əlavəsi daxil) dəyərində olan mallar müxtəlif vergi ödəyicilərinə elektron qaimə faktura təqdim edilmədən topdan satış qaydasında nəğd şəkildə satılmışdır. Nəzərə almağınızı xahiş edirəm.” -“Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5019 nömrəli tələbnamədən görünür ki, əlavə hesablanmış vergilər, vaxtında ödənilməmiş (tam ödənilməmiş) , verginin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 5561.47 manat məbləğində maliyə sanksiyasının xx.xx.2022-ci il tarixə kimi ödənilməsi tələb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********730700 nömrəli qərar ilə hesablanmış vergilərə dair mühasibat sənədlərinin ekspertizaya tam təqdim edilmədiyi bildirilərək ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -139.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Maddə -139.2-ci maddəsinə əsasən, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. -143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır -162.1-ci maddəsinə görə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Mübahisə üzrə cavabdeh vergi orqanının dəlili ondan ibarətdir ki, vergi ödəyicisi kimi iddiaçı "Evidence” MMC-nin təqdim etdiyi ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə aparılmış araşdırılma nəticəsində xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixlər arası yükgömrük bəyannamə məlumatına əsasən idxal malları üzrə gömrük dəyəri 20.186.662,11 manat, elektron qaimə-faktura üzrə 0,0 manat mal alışının həyata keçirildiyi, operativ vergi nəzarəti tədbirləri zamanı müəyyənləşdirilən ticarət əlavəsinin 10,0% təşkil etdiyini nəzərə alaraq, qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində bəyan edilən ümumi dövriyyənin 2405328,32 manat (2.186.662,11*1,10) olmalı olduğu halda, yoxlamaya qədər ƏDV bəyannamələrində dövriyyənin 1 257 058,76 manat bəyan edildiyi (2022-ci ilin iyun, iyul, avqust ayları üzrə) qeyd olunan dövrlər üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən Cəmiyyətin dövriyyəsinin 1697034,12 manat təşkil etdiyi və nəticədə 708.294,20 manat kənarlaşmanın aşkar edilməsi 127.492,96 manat ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçı vergi ödəyicisinə hesablanmış əlavə vergi məbləğinin hesablanmasının qanuniliyini əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ölkə ərazisinə idxal etdiyi malları faktiki satınalma (invoys) dəyərinə uyğun uçota alaraq satmış və satışdan daxil olan ödənişlərə 18% dərəcə ilə ƏDV hesablayaraq dövlət büdcəsinə ödəmiş, lakin cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi məbləöini hesablayarkən idxal zamanı tərtib edilmiş yük gömrük bəyannamələrində öz əksini tapmış malların invoys dəyərini deyil, məhz gömrük dəyərini əsas götürmüşdür. Halbuki, qanunvericiliyin tələblərinə əsasən mallar vergitutma məqsədləri üçün faktiki satınalma (invoys) dəyərinə əsasən uçota alınır və gömrük dəyəri isə, yalnız malların idxal zamanı gömrük rüsumunun hesablanması məqsədilə tətbiq edilir. Belə ki, Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərindən göründüyü kimi, əmtəə material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh istinad edilən normaların tələblərinə zidd olaraq malların invoys dəyəri ilə alışını nəzərə almamışdır. Belə olan halda isə vergi orqanının mübahisələndirilən inzibati aktı iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaradır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, cavabdeh tərəfindən statistik dəyər əsasında vergilərin hesablanması barədə qəbul edilmiş qərarlar qanunsuz sayılmalı və ləğv olunmalıdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1264/2024 nömrəli qərarları, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2445/2024). Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən həmin inzibati praktika nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə əməl olunmamış və həmin tələblərə zidd olaraq qərar qəbul edilmişdir. Halbuki, vergi orqanı inzibati orqan olaraq inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə operativ vergi nəzarəti tədbirləri zamanı müəyyənləşdirilən ticarət əlavəsi (10%) ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən qeyd edilən ticarət əlavəsi operativ vergi nəzarəti tədbirləri zamanı orada iştirak edən iddiaçının nümayəndəsi- X3 tərəfindən imzalanmış arayışa əsaslanır. Cavabdehin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, X2 müəssisənin bütün əməliyyatları üzrə olan ticarət əlavəsi barədə məlumatlı olması inadırıcı görünmür. Belə ki, X2 həmin müəssiədə maddi-məsul şəxs olması iş materialları ilə təsdiqini tapmamış, iddiaçı tərəfindən sonuncuya etibarnamə xx.xx.2022-ci il tarixdə verilmiş və cavabdehin istinad etdiyii arayış da elə həmin tarixdə imzlanmışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri bilir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). O da qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********730700 saylı qərarını iddiaçıya 127.492,96 manat əlavə vergi məbləğinin hesablanması hissəsində əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən sözügedən inzibati akt həmin hissədə ləğv edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********730700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 127.492,96 manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar