Məhkəmə qərarları › İş №e-2-1(112)-8724/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8724/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8724/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********43600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********143600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********052100 nömrəli və xx.xx.2024-cü il tarixli, **********393600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********143600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********052100 nömrəli, xx.xx.2024-cü il tarixli, **********393600 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-65030/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********143600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında 2024-cü ilin ƏDV bəyannaməsi kameral yoxlanılaraq 20934,63 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, qərara əsasən EBDV seriyalı 719073 saylı, EBDV seriyalı 177455 saylı, EBDU seriyalı 687888 saylı, EBDU seriyalı 430871 saylı, EBDT seriyalı 209094 saylı, EBDR seriyalı 919116 saylı, EBDQ seriyalı 923686 saylı, EBDQ seriyalı 115171 saylı və EBDP seriyalı 963644 saylı elekton qaimə-faktura əsasında aparılmış ƏDV əvəzləşdirilməsi ləğv edilərək ƏDV məbləği hesablanmışdır. ƏDV məbləğinin hesablanmasına əsas olaraq qərarda qeyd edilmişdir ki, əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir. Baki şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********5143600 saylı qərarında qeyd olunan elektron qaimə-fakturalarının heç biri üzrə uyğunsuzluq qeyd olunan 2024-ci ilin yanvar ayının ƏDV bəyannaməsində əvəzləşdirmə aparılmamışdı. 2024-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində MT2401 seriyalı 00103657 saylı, EBDW seriyalı 520641 saylı, EBDX seriyalı 487541 saylı və EBDW seriyalı 853780 saylıelektron qaimə-fakturalar üzrə 1968.45 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Qeyd olunan qaimələrin heçbiri DVX-nin xx.xx.2024-ci il qərarına əsasən riskli vergi ödəyicisi siyahısına salınan "xxxx" MMC tərəfindən göndərilməyib. Vergi Məcəlləsində riskli vergi ödəyicisi anlayışını özündə əks etdirən 13.2.82-ci maddəsi və xx.xx.2020-ci il tarixli 265 saylı “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı qüvvədə olduğu üçün İddiaçı tərəfdaş vergi ödəyicilərinin riskli ödəyici olmasını araşdırır, əməliyyat baş verən tarixə “onlayn kargüzarlıq” vasitəsi ilə araşdırmanın nəticəsi üzrə ekran görüntüsü saxlanılır və nəticə müsbət olduqda əməliyyatların aparılması davam etdirilir. Eyni ilə iddiaçı tərəfindən ödəniş aparılarkən yenə də riskli ödəyici siyahısına baxılaraq ödənişlər həyata keçirilir. Bu məqsədlə "xxxx" MMC-nin riskli ödəyici olması araşdırılmış və riskli ödəyicilərin siyahısında həmin müəssisənin adı olmadığı üçün mal alınmış və malın dəyəri ödənilmişdir. Bundan başqa "xxxx" MMC-nin riskli ödəyici olması barədə DVX-nin xx.xx.2024-ci il tarixli **********415700 saylı qərar qəbul edilmişdir ki, yalnız bu qərar qəbul edildikdən sonra vergi ödəyicilərinin, habelə onların apardıqları əməliyyatlar riskli hesab edilərək və Vergi Məcəlləsinin 175.11-ci maddəsi tətbiq edilə bilər. DVX-nın qeyd etdiyi tarixlərdə elekton qaimə-faktura əsasında mallar təqdim edilən zaman "xxxx" MMC riskli ödəyici olmamış ki, faktın özü də təqdim edilmiş malın əmtəəsiz əməliyyat olmadığını sübut etmiş olur. Bundan əlavə bildiririk ki, mövcud qanunvericiliyə əsasən istənilən vergi ödəyicisi öz tərəfdaşının adının riskli vergi ödəyicilərinin siyahısında olması barədə “İnternet Vergi İdarəsi” vasitəsi ilə yoxlamaq imkanından başqa hər hansı hüquq və ya vəzifələri təsbit olunmamışdır. İnternet Vergi İdarəsindən əldə edilmiş və iddia ərizəsinə əlavə olunmuş məlumatdan da göründüyü kimi "xxxx" MMC barəsində vergi orqanı tərəfindən Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********415700 qərarı xx.xx.2024-cü il tarixində qəbul olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, uçot baza məlumatlarına əsasən xx.xx.2004-cü il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “Sanitar dərman və oxşar xidmətlər”, əlavə olaraq “Mərkəzi ofislərin fəaliyyəti” və “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti” olmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü il yanvar ayı üzrə və 2024-cü il mart ayı üzrə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə təqdim edilmiş bəyannamə araşdırılarkən xx.xx.2023-xx.xx.2023-cü il dövrləri üzrə vergi orqanı tərəfindən riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş müvafiq elektron qaimə-fakturalara əsasən vergi ödəyicisi tərəfindən əldə edilmiş 264191,50 manat (ƏDV-siz) dəyərində elektron qaiməfakturalar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər xərc sənədi kimi nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər verginin əvəzləşdirilməsinə əsas vermədiyini nəzərə alaraq, həmin elektron qaimə-fakturalar üzrə vergi ödəyicisi tərəfindən 2023-cü ilin iyun-dekabr dövrləri üzrə əvəzləşdirilmiş 27324,63 manat vergi məbləği vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 2024-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli **********998000 nömrəli, 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli **********184900 nömrəli və 2023cü ilin mənfəət vergisi bəyannaməsi üzrə isə xx.xx.2024-cü il tarixli **********995500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2024-cü ilin yanvar ayı üçün 20934,63 manat, mart ayı üçün 6390 manat əlavə dəyər vergisi bəyannamələri üzrə, 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə isə 53035,01 manat əlavə vergi məbləği hesablanmış və bu barədə müvafiq olaraq 01,04.2024-cü il tarixli **********143600 nömrəli, xx.xx.2024-cü il tarixli **********052100 nömrəli və xx.xx.2024-cü il tarixli **********393600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Həmçinin vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixli, **********549600 nömrəli qərarla keçirilmiş vergi nəzarəti tədbirinin nəticələrinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, baza məlumatlarına əsasən vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş və cəmiyyətin rəhbəri X4 ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından cəmiyyətin hüquqi ünvanı ünvan 1 və həmin ünvanın yaşayış binası olması müəyyən edilmişdir. Digər tərəfdən, Vergi Məcəlləsinin 175.11 -ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Eləcə də vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 2023-cü il mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar”, “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", “Sığorta xərcləri”, bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlərin dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlərin dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə “Ehtiyatların qalıq dəyərinin, cari il ərzində əldə edilmiş eqaimə-fakturaların (264 191,50 manat riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 265175,04 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyindən vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilir. İddiaçı ərizəsində qeyd etmişdir ki, əməliyyat aparılan ödəyicilərin riskli vergi ödəyicisi olmaları araşdırılmış və riskli ödəyicilərin siyahısında həmin müəssisənin adı olmadığı üçün mal alınmış və malın dəyəri ödənilmişdir. Bildirilir ki, qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün təqdim edilmişdir riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Həmin qrafaya nəzər saldıqda görünür ki, risk vergi ödəyiciləri arasında əməliyyat tutduğu tarixdən başlanmış və vergi orqanının araşdırması nəticəsində əməliyyatın əmtəəsiz olması və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə almaması təsdiq edilmişdir. Bir məsələni nəzərə almaq lazımdır ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazırkı iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanın əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyicisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları üzrə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçirilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********998000 nömrəli, xx.xx.2024-cü il tarixli **********184900 və xx.xx.2024-cü il tarixli **********995500 nömrəli ‘‘Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 45970,47 manat dəyərində e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən 27324,63 manat ƏDV məbləği nəzərə alınmaqla 18645,84 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********756800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2024-cü ilin iyun ayı üçün 18645,84 manat manat əlavə vergi məbləği hesablanmış və bu barədə müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********577500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçının əməliyyat apardığı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında yerləşən təsərrüfat subyektlərinin olduğu yeri müəyyən etmək üçün qeyd olunan ünvanda müşahidə baxış zamanı qeyd olunan hüquqi şəxsin həmin ünvanda olmadığı məlum olmuşdur. Həmçinin keçmişdə obyekti icarəyə vermiş fiziki şəxs X2 ilə əlaqə saxlanılmış və həmin şəxs 5 il öncə obyekti satdıqlarını qeyd olunan ödəyicinin saxta imza vasitəsilə obyekti vergi orqanında uçota qoyduğunu və bununla bağlı vergi orqanına məktub yazdığını bildirmişdir. Həmçinin "xxxx" MMC-nin və MT-Sistem” MMC-nin təsərrüfat subyektinə (obyektinə) müşahidə baxış keçirilən zaman obyektinin vəziyyətinin bağlı olduğu müəyyən olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********143600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, yanvar 2024-cü il üzrə 20934,63 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********052100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, mart 2024-cü il üzrə 6390 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********393600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, 2023-cü il üzrə 53035,01 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-65030/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, iyun 2024-cü il üzrə 18645,84 manat əlavə vergi məbləği hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********143600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2024-cü ilin ƏDV bəyannaməsi kameral yoxlanılaraq 20934,63 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh qeyd olunan hesablamanın əsası kimi iddiaçının "xxxx" MMC-yə (**********) ödənilən ƏDV məbləğlərinin əmtəəsiz əməliyyat çərçivəsində həyata keçirildiyinə istinad etmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinə görə iddiaçının 2023cü il üzrə əvəzləşdirdiyi ƏDV məbləğlərini 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsindən silmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********052100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2024-cü ilin mart ayı üzrə ƏDV bəyannaməsi kameral yoxlanılaraq 6.390,00 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********393600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2023-cü ilin Mənfətt vergisi bəyannaməsi kameral yoxlanılaraq 53.035,01 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-65030/2024 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2024-cü ilin iyun ayı üzrə ƏDV bəyannaməsi kameral yoxlanılaraq 18645.84 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə iddiaçı ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC arasında aparılan əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsinə münasibətdə bildirir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Göründüyü kimi, əməliyyatın əmtəəsiz hesab olunması üçün vergi orqanının vergi nəzarəti tədbiri ilə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən əməliyyatın aparıldığı sübuta yetirilməlidir. Lakin cavabdeh qeyd olunanlara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Göründüyü kimi, yalnız əməliyyatın əmtəəsiz olması sübuta yetirildiyi halda, qeyd olunan norma iddiaçıya şamil edilə bilərdi. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 №-li Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur). Bundan əlavə, qeyd olunmalıdır ki, iddiaçı ilə əməliyyatlar aparılan zaman (2023-cü il) "xxxx" MMC riskli vergi ödəyicisi qrupunda olmamışdır. Belə ki, işə əlavə olunan xx.xx.2024-cü il tarixli qərardan göründüyü kimi, həmin qurum iddiaçı ilə əməliyyatlar aparıldıqdan sonra riskli vergi ödəyicisi kimi tanınmışdır. Bundan əlavə, iddiaçı ilə əməliyyatlar aparılan zaman "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC riskli vergi ödəyicisi qrupunda olmamışdır. Belə ki, işə əlavə olunan Dövlət Vergi Xidmətinin “Riskli vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən çıxarışlardan göründüyü kimi, həmin qurumlar iddiaçı ilə əməliyyatlar aparıldıqdan sonra riskli vergi ödəyicisi kimi tanınmışdır. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********143600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********052100 nömrəli, xx.xx.2024-cü il tarixli, **********393600 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 65030/2024 nömrəli qərarları ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********143600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********052100 nömrəli, xx.xx.2024-cü il tarixli, **********393600 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-65030/2024 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar