Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8725/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “müxbir hesaba qaytarılma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin ƏDV hesabından xx.xx.2023-cü il tarixində 42.279.91 AZN vəsaitin müxbir hesaba qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, “İsgəndər ASA X5” MMC icarə obyektlərinə ən son 01 aprel 2021-ci il tarixdə xitam verilmişdir. Lakin, vergi orqanı tərəfindən 2021-ci ilin 2-ci və 3-cü rübləri ÖMV üzrə qanunsuz və əsassız kameral hesablama aparılmışdır. 2020-ci il ərzində, yəni pandemiya dövründə MMC tərəfindən idxaledilən mallar həmin il ərzində yalnız topdan olaraq satılmışdır. Pandemiya dönəmində fəaliyyət göstərməkdə yaranmış məlum çətinliklər iddiaçı müəssisədən də yan keçməmişdir. Pandenmiyanın çətin dövrlərində dövlət tərəfindən əksər sahibkarlıq subyektlərinə dəstək göstərilsə də, iddiaçıya heç bir dəstək edilməmişdir. Alıcı çətinlikləri, satışın normal olmaması, nəqliyyat xidmətində yaranmış məhdudiyyətlər, iaşə və xidmət obyektlərinin çalışmaması və bir çox səbəblər bütün sahibkarlıq subyektlərinə olduğu kimi iddiaçı müəssisənin fəaliyyətinə də öz mənfi təsirlərini göstərmişdir. Balıq və balıq məhsulları tez xarab olduğundan, onları uzun müddət saxlamaq məhsulların yararsız hala düşməsinə səbəb olur. İddiaçı da bəzi xarab olan malları məhv etsə də, onları satış kimi dövriyyəyə cəlb etmişdir. Şirkətin ümumi satışı topdan olduğu üçün, qiymət əlavəsi bazar dəyərindən aşağı qoyulmuş, pərakəndə satış qiymətləri nəzərə alınmış, süni bahalaşmaya səbəb olmaq üçün malları topdansatış qiymətlərlə satışa cəlb etmişdirlər. Bu barədə vergi orqanına mal qalığına dair xx.xx.2021ciil tarixdə **********361800 məktub təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən Operativ vergi tədbiri zamanı siyahıya alınmış məhsullar «İsgəndər ASA X5» MMC-yə aid olmamışdır. Həmin məhsullar «İsgəndər ASA X5» MMC tərəfindən 50 kv.m icarə obyektinin (anbar) sahəsinin xx.xx.2020-ci il tarixdə subicarəsinə verilmiş olan fiziki şəxs X2 (VÖEN **********) məxsusdur. xx.xx.2020-ci il tarixə «İsgəndər ASA X5» MMC-yə məxsus mallar pandemiya ilə əlaqədar onlayn sifarişlər əsasında satılmış və ilin sonuna mal qalığı sıfırlanmışdır. 2021-ci ildə yanvar ayının 1-dən iddiaçının heç bir fəaliyyəti olmamış, lakin vergi orqanı tərəfindən 2021-ci ilin 1-ci rübü əmək haqqı üzrə kameral hesablanmışdır. Holdinqə daxil olan, (təsisçisi olduğu) İddiaçı MMC-nin ƏDV hesabından xx.xx.2023-cü il tarixində 42.279.91 AZN məbləğində azalma həyata keçirilmiş, və pandemiya səbəbindən fəaliyyətini dayandlrmış MMC-nin vəsaiti qanunsuz olaraq silinmişdir. Eyni şəxsə məxsus bir müəssisəyə qanunsuz olaraq vergi hesablamaqla vergi yükü artırılmş, şəxsin digər bir müəssisinin isə vəsaiti qanunsuz olaraq azaldılmış, 5 illik müddət tətbiq edilməklə silinmişdir. İddiaçı tərəfindən həmin məbləğlərin əvəzləşdirilməsi hələ 2022-ci ildən vergi orqanlarına bildirilsə də, sonradan vegi orqanları iddiaçının vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən addımlar atmış, əlavə vergi yükü ilə müşayidə olunan mövcud hesabdan qarşılıqsız silinmə etmişdir. İsgəndər ASA İMPORT MMC həmin məbləği İSGƏNDƏR ASA HOİDİNQ ŞİRKƏTƏLR QRUPU MMC-yə hesablanmış kameral vergi borcunun əvəzləşdirilməsini təklif etdiyini və vergi orqanlarının etiraz etmədiyini nəzərə alaraq həmin hesabdan istifadə edilməmişdir. Sonradan iddiaçı vergi xidmətinə dəvət edilmiş və iddiaçı barəsində əlavə vergi borcu hesablansa da, ƏDV hesabındakı məbləğ silinmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı MMC (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “06.11,2023-cü il tarixdə 42279,91 AZN vəsaitin müxbir hesaba qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan cavabdeh əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədilə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. İddia ərizəsində qeyd edilənlərə İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edilir. İddiaçı Məhdud Məsiliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqənisinin “Vergilər üzrə vərəqə” hissəsində 42279,91 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqənisinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. Qeyd olunanlarla bağlı xx.xx.2023-cü il tarixli **********288600 nömrəli Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında Komissiya tərəfindən qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********4560 nömrəli Qərara əsasən “İsgəndər ASA X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) məxsus olan obyektdə Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən şifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2020 il tarixdən xx.xx.2021 il tarixədək (xx.xx.2021 tarixi daxili olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.
5. Müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir: - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış; - “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2020-ci il tarixli **********4574; - “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli 001298 nömrəli Akt; - “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərar; - ŞHV üzrə artıq ödəməsi olan vergi ödəyiciləri barədə məlumat; - İddiaçı (VÖEN: **********) Şəxsi hesab vərəqəsi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini hüquqi marağına uyğun olaraq dəqiqləşdirməmişdir. Belə ki, iddia tələbinin məzmunundan aydın olur ki, İddiaçı ƏDV hesabından xx.xx.2023cü il tarixində 42.279.91 AZN vəsaitin müxbir hesaba qaytarılmasını xahiş etmişdir.
9. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
10. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
11. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
12. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək iddia tələbinin aydın olmadığı bildirilmiş, cavabdeh tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin və ya qəbul edilmiş qərarın mübahisələndirilməsinin aydın şəkildə ifadə edilməli olduğu izah edilmişdir. Buna baxmayaraq iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmiş, eləcə də məhkəmə iclasında iştirak etməmişdir.
13. Odur ki, iddia mümkün sayılmamalıdır.
14. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddia tələbinin lazımi qaydada qaldırılmaması nəticəsində mümkün sayılmaması həmin hüququn məhdudlaşdırılması üçün legitim əsasdır. İddiaçı hüquqi marağına uyğun iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Odur ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva