Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8726/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "Agro Fuber” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "Agro Fuber” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsinə dair xx.xx.2024-cü il tarixli **********534300 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********534300 nömrəli qərarı ilə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Vergi nəzarəti tədbirləri dedikdə, konkret olaraq vergi yoxlamaları (səyyar və kameral) və operativ vergi nəzarəti başa düşülür. Cavabdehin sözügedən qərarında ümumi olaraq vergi nəzarəti tədbirinin keçirildiyi yazılsa da, həqiqətdə hər hansı belə bir tədbir keçirilməmişdir. Digər tərəfdən, qərarda təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktının aşkar edildiyi yazılsa da, konkret olaraq hansı e-qaimə üzrə olan əməliyyatların əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyi aydın deyildir. Cavabdeh xx.xx.2024-cü il tarixində iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, İddiaçı MMC-nin qarşılıqlı əməliyyatları üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Bununla bağlı olaraq ödəyiciyə “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə **********534300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. İddiaçı MMC-yə (VÖEN: **********) məxsus Bakı şəhəri, Binəqədi rayonu, mədən 1 -ci (Binəqədi), ev 52, korpus 2 (anbar, obyekt kodu: **********- 10001) və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 24,84 saylı mağaza (mağaza, obyekt kodu: **********-14001) ünvanlarında yerləşən təsərrüfat subyektlərində müşahidə aparılmış və müşahidə zamanı hər iki ünvanda fəaliyyət göstərdiyi, anbarda (obyekt kodu: **********- 10001) mal qalığının olmadığı, mağazada (obyekt kodu:**********-14001) telefon servisi xidmətinin göstərildiyi müəyyən olunmuşdur. Bundan əlavə, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tahxli 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, “Faborlik Tikinti" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə “Faborlik Tikinti" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni “Faborlik Tikinti" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) “Faborlik Tikinti" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi “Faborlik Tikinti" MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur." Cavabdeh xx.xx.2024-cü il tarixində iddiaya dair etiraza əlavəni məhkəməyə təqdim etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən iş üzrə ilkin etiraz məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş arayışdan görünür ki, "AGRO FUBER” MMC-yə (VÖEN: **********) məxsus Bakı şəhəri, Binəqədi rayonu, mədən 1-ci (Binəqədi), ev 52, korpus 2 (anbar, obyekt kodu: **********-10001) və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 24,84 saylı mağaza (mağaza, obyekt kodu: **********- 14001) ünvanlarında yerləşən təsərrüfat subyektlərində müşahidə aparılmışdır. Müşahidə zamanı hər iki ünvanda fəaliyyət göstərdiyi, anbarda (obyekt kodu: **********-10001) mal qalığının olmadığı, mağazada (obyekt kodu:**********-14001) telefon servisi xidmətinin göstərildiyi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin faktiki rəhbəri X4 tərəfindən cavabdehə verilmiş yazılı izahatdan da görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında müqavilə bağlansa da, faktiki olaraq məhsullar və öhdəliklər yerinə yetirilməmişdir. Qeyd olunan izahatdan aydın olur ki, iki vergi ödəyicisi arasında əmtəəsiz əməliyyatlar aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********534300 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar bunula əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. İşdən görünür ki, iddiaçı bu qərarla razılaşmayaraq onun ləğv edilməsini xahiş edir. Lakin işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X5 arayışı tərtib etmişdir ki, xx.xx.2023-cü il tarixli **********057900 nömrəli məktubun icrası ilə əlaqədar "AGRO FUBER” MMC-yə (VÖEN: **********) məxsus Bakı şəhəri, Binəqədi rayonu, mədən 1-ci (Binəqədi), ev 52, korpus 2 (anbar, obyekt kodu: **********-10001 ) və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 24,84 saylı mağaza (mağaza, obyekt kodu: **********-14001) ünvanlarında yerləşən təsərrüfat subyektlərində müşahidə aparılmış, müşahidə zamanı hər iki ünvanda fəaliyyət göstərdiyi, anbarda (obyekt kodu: **********- 10001) mal qalığının olmadığı, mağazada (obyekt kodu:**********-14001) telefon servisi xidmətinin göstərildiyi müəyyən olunmuşdur. Cavabdeh həmin arayışa anbarın və mağazanın fotoşəkillərini, habelə göstərilən xidmətə dair qəbzin surətini təqdim etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş elekron qaimə-fakturadan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müxtəlif adda məhsulun təqdim edilməsi ilə bağlı elektron qaimə tərtib etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin de-fakto rəhbəri X2 izahatdan görünür ki, "xxxx" MMC adlı hüquqi şəxslə müqavilə bağlasalar da, faktiki olaraq onların öhdəliklərini yerinə yetirməmişlər. "xxxx" MMC ilə bağlanmış müqavilədə isə iştirak etmişdir. xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, "xxxx" MMC şirkəti 2023-cü ildə "xxxx" ASC-nin elan etdiyi “Üz tanıma sisteminin” yaradılması tenderinin qalibi olmuşdur. Layihə böyük olduğundan İddiaçı MMC ilə müqavilə bağlayıb işlərin bir hissəsini onlara həvalə etmişlər. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; İstinad olunan normalardan görünür ki, mənfəət (gəlir) əldə etmək məqsədilə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır və belə bir əməliyyat aparan vergi ödəyicisi bu hal aşkar edildikdə riskli vergi ödəyicisi hesab olunur. İşin yuxarıda qeyd olunan hallarından müəyyən edilir ki, vergi orqanının iddiaçının adına qeydə alınmış təsərrüfat obyektlərində keçirdiyi müşahidə nəticəsində anbarda mal qalığının olmadığına, mağazada isə telefon servisi xidmətinin göstərilməsinə baxmayaraq iddiaçı tərəfindən malların təqdim edilməsi ilə bağlı əməliyyatlar aparıldığı aşkar edilmişdir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş müşahidə zamanı iddiaçıya məxsus hər hansı bir mal aşkar edilməsə də, onun tərəfindən xeyli midarda malın təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura göndərildiyi aşkar edilmişdir. İddiaçı məsələ ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, bu zaman ona istinad etmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 2 yeni təsərrüfat subyektini vergi orqanında qeydiyyata qoyub fəaliyyətə başlamış, lakin xx.xx.2023-cü il tarixdə **********-10001 kodlu obyektin təmiri onu qane etmədiyi üçün yeni, təmiri daha keyfiyyətli, malların saxlanılması üçün daha əlverişli obyekt götürənə qədər bu obyektin fəaliyyətini dayandırıb, digər **********-14001 kodlu obyektlə hal-hazırda fəaliyyətini davam etdirir. Göründüyü kimi, iddiaçı müşahidə aparılan deyil, digər təsərrüfat obyektində fəaliyyət göstərdiyini bildirsə də, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”nı nə cavabdehə, nə də məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Göründüyü kimi, uçot və hesabat məlumatlarını yoxlamaq, əlaqəli məlumatları təhlil etmək, obyektlərin fəaliyyəti barədə məlumat toplamaq özlüyündə vergi nəzarət tədbirini ehtiva edir və cavabdeh də məhz bu tədbirlər çərçivəsində əldə edilmiş məlumatlara əsasən mübahisəli qərarı qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə mübahisəli qərarın qəbulu üçün əsas olmuş hallar təkzib edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin qərarı əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-8726/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8726/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver