Məhkəmə qərarları › İş №e-2-1(112)-8766/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8766/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8766/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyata olma barədə məlumatların bazaya daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Zəminə Teymur qızının xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı olması barədə məlumatların BPQMİ-nin bazasına daxil edilməsi və ona bununla bağlı müvafiq qaydada arayış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quliyeva (Abbasova) Zəminə Teymur qızının ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı olması barədə məlumatları BPQMİ-nin bazasına daxil edilməsi və ona bununla bağlı müvafiq qaydada arayış verilməsi barədə etdiyimiz müraciətə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Miqrasiya və Qeydiyyat İdarəsinin 31 mart 2022-ci il tarixli 018-6056-1222 saylı məktubu ilə DİN-in BPMQİ-də, eləcə də Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin kartotekasında xx.xx.1980- ci il təvəllüdlü Quliyeva (Abbasova) Zəminə Teymur qızının xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmasını və ya qeydiyyatdan çıxmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilmədiyindən, imtina edilmişdir. Cavabdehin imtinası X2 barəsində məlumatlar dərindən və hərtərəfli araşdırılmadan verilmişdir və onun yaşayış yeri üzrə qeydiyyatının həmin dövr üçün real və faktiki vəziyyətini əks etdirmir. Belə ki, X2 11 aprel 1980-ci ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur, milliyyətcə azərbaycanlıdır, valideynləri Azərbaycan Respublikasının vətəndaşlarıdır. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 sentyabr 2021-ci il tarixli 12-6/665 saylı arayışı ilə onun 1980-ci ildən 1997-ci ilə kimi Lənkəran rayonu Mamusta kəndində olması və orada yaşaması təsdiq olunur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbi mahiyyəti növü ilə öhdəliyin icrası haqqında iddia hesab olunur. Belə ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi onun xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı olması barədə məlumatın cavabdeh inzibati orqanın məlumat bazasına inteqrasiya olunması və bununla bağlı müvafiq arayışın verilməsidir. Başqa sözlə desək, iddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müvafiq öhdəliklərin qoyulmasını arzulayır. Məhkəmə hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olduğundan, o aidiyyəti üzrə səlahiyyətli inzibati orqana müraciət etmiş, müraciəti üzrə imtina cavabı aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə, hazırki iddia tələbi mümkünlük şərtlərini ödəyir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə inteqrasiya olunmuş məlumatlara əsasən iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən iddiaçının xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamasına (əsaslardan biri) əsaslanmışdır. Hazırda iddiaçı müvafiq arayışlara istinad edərək xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatın BPQMİ-nin bazasına inteqrasiya olunmasını arzulayır. Məhkəmə diqqətə çatdırır ki, Lənkəran rayonunun Mamusta kəndində doğulmuş xx.xx.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Zəminə Teymur qızının 1980-ci ildən 1997ci ilə kimi Lənkəran rayonunun Mamusta kəndində yaşaması, 1986-1997-ci illərdə Mamusta kənd tam orta məktəbində təhsil alması, 1996- 2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X1 təsərrüfatının olması və həmin təsərrüfatda onun adının qeyd edilməsi onun xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı olması barədə məlumatların BPQMİ-nin bazasına daxil edilməsi üçün əsas vermir. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin: 3.1.10. daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin — Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirliyin vəzifəsidir. 4.1.8. Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz səlahiyyətləri çərçivəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsində, həmçinin əhalinin yaşayış və olduğu yer üzrə qeydiyyat işlərinin və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sisteminin təşkil etmək vəzifəsini daşıyır. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşayış və olduğu yer üzrə qeydiyyat işlərinin aparılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 3.Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun ilkin redaksiyasının (xx.xx.1996-cı il, № 55-İQ) 5-ci maddəsinə əsasən: Vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qüvvədə olan qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınma əsaslarını konkret təsbit etmiş, hazırda bu əsasların yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərin və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin olması ilə şərtləndirmişdir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.1998-ci il tarixinədək olan redaksiyasında da vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmaları, həmçinin yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsinin əsasları göstərilmişdir. Məhkəmə qeyd edir ki, Lənkəran şəhər İcra Hakimiyyəti başçsının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arxiv arayışların mövcudluğu iddiaçının xx.xx.1998-ci il tarixinədək Azərbaycan Respublikasının ərazisində yaşaması barədə məlumatın müvafiq bazaya inteqrasiya olunması üçün kifayət qədər mötəbər sənədlər hesab olunmamışdır. Göründüyü kimi istər yaşayış yeri üzrə qeydiyyatla bağlı qanunvericilikdə qeydiyyata alınmanın proseduru və hüquqi nəticələri ilə bağlı konkret tənzimləmə həyata keçirilmişdir ki, şəxsin təkcə iddiaçının istinad etdiyi sənədlərlə məhz 1998-ci ilindən qeydiyyatda olması barədə nəticəyə gəlinməsini məhkəmə yol verilməz hesab edir. Hazırki iş üzrə iddiaçı məhz 1998-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatda olması barədə müraciət etməmiş, bununla bağlı hər hansı bir icraat aparılmamışdır ki, hazırda məhkəməyə və inzibati orqanlara təqdim edilən sənədlər iddiaçının məhz xx.xx.1998-ci il tarixədək qeydiyyatda olmasını təsdiq edən sənədləri əvəz edə bilməz. Beləliklə qanunvericiliyin tələbi konkret olmaqla qeydiyyata alınma ilə bağlı konkret tənzimləmə müəyyən edir. Həmin tənzimləmədən kənar hər hansı sənəd və işin digər faktiki halları şəxsin məhz xx.xx.1998-ci il tarixədək qeydiyyatda olması ilə bağlı cavabdehə öhdəlik müəyyən etmədiyindən imtina qanuni və əsaslı hesab edilir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar