Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8767/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh qeydiyyat şöbəsinə qarşı, X4 üçüncü şəxs kimi cəlb edilməklə “uşağa adın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X5nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.06.2021-ci il tarixində doğulmuş uşağının adı “Mühəmməd” kimi göstərilməklə ona doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin 2 saylı Bakı “ASAN xidmət” X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 22.06.2021-ci il tarixində doğulmuş uşağına (oğluna) doğum haqqında şəhadətnamə almaq və oğluna “Mühəmməd” adının qoyulması üçün 30.06.2021-ci ildə 2 saylı Bakı “ASAN xidmət” X5nə müraciət etmişdir. Lakin 2 saylı Bakı "ASAN xidmət” X5 tərəfindən ona ünvanlanmış 05.07.2021-ci il tarixli cavab məktubunda onun müraciəti təmin edilməmiş və imtina cavabı verilmişdir. Hazırda oğluna “Mühəmməd” adı verilməməsi və ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi onun və oğlunun Azərbaycan Respublikası qanunvericiliyinə zidd olaraq müstəqil ad seçmək hüquqlarını qanunsuz və əsassız olaraq məhdudlaşdırmışdır. Belə ki, 2 saylı Bakı “ASAN xidmət" X5 tərəfindən heç bir əsas olmadan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Lakin 2 saylı Bakı “ASAN xidmət” X5 tərəfindən nəzərə alınmamışdır ki, heç bir normativ hüquqi aktda Azərbaycan dilində “Mühəmməd” adının qoyulmasının qadağan olunması göstərilməmişdir. Qeydiyyat şöbəsi tərəfindən istinad olunmuş AMEA Nəsimi adına X6 Şurasının qərarı ilə təsdiq edilmiş Lüğətin isə heç bir normativ hüquqi akt qüvvəsi yoxdur. Cavabdeh tərəfindən isə həmin lüğətə istinad edilməklə onun və oğlunun konstitusion hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 27 iyul 2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Cavabdeh 2 saylı “ASAN xidmət” X5 məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı münasibətdə göstərmişdir ki, iddiaçı hazırkı tələb barədə 30.06.2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət etmişdir və ərizəyə cavab olaraq vətəndaşa imtina məktubu verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir və Azərbaycan Respublikasının 30.09.2002-ci il tarixli “Dövlət dili haqqında” qanunun 1 -ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Eyni zamanda son nəşr olunmuş 2016-ci ilin Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti tərəfindən tövsiyyə olunan adlar siyahısında qeyd olunan ad “Məhəmməd” yazılmışdır. Lüğət Azərbaycan Respublikası Nazirlər Kabineti Terminoligiya Komissiyasının və AMEA X3 Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə dair etirazının olmadığını bildirmiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx xxxxxx 1984-cü il tarixdə Zəngilan rayonunda doğulmuşdur, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, “V” massivi, ev 17 ünvanında qeydiyyatdadır; AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X4 Azərbaycan Respublikasının vətəndaşıdır, 01 may 1987-ci il tarixdə Marneuli rayonunda doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır; AZ-İ seriyalı 543055 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı və 01.05.1987-ci il X4 02 noyabr 2009-cu il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 noyabr 2009cu il tarixdə, 3045 nömrə ilə qeyd edilmişdir; 2 saylı Cavabdeh Qeydiyyat Şöbəsinin 05.07.2021-ci il tarixli imtina məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, son nəşr olunmuş 2016-cı ilin Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti tərəfindən tövsiyyə olunan adlar siyahısında qeyd olunan ad “Məhəmməd” yazılmışdır. Lüğət Azərbaycan Respublikası Nazirlər Kabineti Terminologiya Komissiyasının və AMEA X3 Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Seçilən ad Azərbaycan Respublikasının dövlət dilinə uyğun olmadığına görə ərizə təmin edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, 22 iyun 2021-ci il tarixdə Bakı şəhərində atası xx.xx.1984-cü il təvəllüdlü İddiaçı və anası 01.05.1987-ci il X4 olmaqla oğlan uşağı doğulmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı yeni doğulmuş uşağına “Mühəmməd” adı verilməklə doğum haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh orqan isə seçilmiş "Mühəmməd” adının Azərbaycan Respublikasının Nazirlər Kabineti Terminologiya Komissiyasının və AMEA X9 qərarı əsasında Azərbaycan Respublikasının dövlət dilinə uyğun olmadığı səbəbi ilə imtina etmişdir. Məhkəmə inzibati orqanın imtinasının düzgünlüyünü araşdırarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. (İ və İİ hissələr) “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 3.1-ci madddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.4-cü maddəsinə əsasən, insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. 3.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın ...32-ci... maddələrində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün ... məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin: 1.1-ci bəndinə əsasən, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir; 1.2-ci bəndinə əsasən, Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur; 2.1-ci bəndinə əsasən, komissiyanın əsas vəzifələri aşağıdakılardır: ... 2.1.10. müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; 2.1.11. orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (bundan sonra mətndə – “Qaydalar”): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.2-ci maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Şərh olunan qanunvericiliyin müddəalarına keçməzdən əvvəl, məhkəmə bildirir ki, onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında” işlənir. Şəxsə ad qoyulan zaman, onomastik leksika müəyyənləşdirilir, adın etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri ilə bərabər, onun sintaktik rolu da nəzərə alınmalıdır. Şəxsə, hazırkı halda uşağa adın verilməsi valideyinlərin razılığı əsasında verilir. Bu zaman əhəmiyyət kəsb edən hal odur ki, valideyinlərin övladlarına qoyulmasını arzuladığı ad müvafiq olaraq Azərbaycan mənşəli adların kateqoriyalarına aid edilməlidir ki, bu kateqoriyalara uyğunluq məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyi əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyanın 23.04.2021-ci il tarixli rəyinə görə, “Məhəmməd” adının onomastik adlar sistemində iki forması – “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış formasıdır. Digər formalarda “Muhammed”, ,”dəmməhüM“ “Mohammad” formaları Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmir. 2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (səh. 825) orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Bununla da orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” formasında yazılışı düzgün hesab edilir. (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-739/2021 №-li iş üzrə 27.04.2021-ci il tarixli Qərarının 35-ci bəndi) Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Oxşar işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən də görünür ki, ad və soyadın seçilməsi hər bir dövlətin özünəməxsus orfoqrafik qaydalarından asılı olduğundan, bu sahədə dövlət orqanlarına müvafiq ad və soyadın qoyulmasına razılıq verilib-verilməməsi istiqamətində geniş səlahiyyətlər verilmişdir. Bununla bağlı AİHM-nin qeyd etdiyi və hazırkı işin hallarına da uyğun olan əsas mövqeyi ondan ibarətdir ki, soyadların və adların verilməsi, tanınması və istifadəsi prosesi, milli xüsusiyyətlərin ən güclü olduğu və Razılığa gələn Dövlətlərin daxili qaydaları arasında praktik olaraq heç bir yaxınlaşma nöqtəsinin olmadığı bir sahədir. Bu sahə, Avropa Şurasına üzv dövlətlər arasındakı böyük müxtəlifliyi əks etdirir. Bu ölkələrin hər birində adların istifadəsi tarixi, dil, dini və mədəni mahiyyətli bir çox amildən təsirlənir ki, ortaq məxrəc tapmaq son dərəcə çətindir, hətta mümkün deyil. Nəticə etibarilə, dövlət orqanlarının bu sahədə istifadə etdikləri səlahiyyətlər həddi xüsusilə genişdir. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın qoyulması və ya dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Şəxslərin seçdiyi xarici mənşəli adın və ya soyadın Azərbaycan dilinin lüğət tərkibindəki forması həmin adın orijinal variantından hədsiz fərqlənmirsə, dövlət orqanları tərəfindən həmin adın və ya soyadın Azərbaycan dilindəki formasının qoyulması məqsədəuyğun hesab edilə bilər. Nəzərə alınmalıdır ki, bir dövlətin səlahiyyətli orqanları fərqli bir yazı forması istifadə edən bir ölkədən bir şəxsin adını köçürmək məcburiyyəti qarşısında olduqda əlifbalar arasındakı fərq transliterasiyanı zəruri edə bilər. Adı daşıyan şəxsin ev sahibliyi etdiyi ölkənin bütün sosial münasibətlərinə inteqrasiyasını davam etdirərkən eyni tərcüməni tətbiq etmək üçün müxtəlif metodlardan istifadə edilə bilər. Bununla birlikdə, ən geniş yayılmış metod fonetik transkripsiyadır. Onun məqsədi adın tələffüzünü mümkün qədər onun orijinal formasına uyğunlaşdırmaqdır. Hazırkı işdə isə “Mühəmməd” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adları arasında əhəmiyyətli fərq yoxdur. İddiaçının övladının adının “Mühəmməd” yox, məhz “Məhəmməd” olması Azərbaycan dilinin milli köklərinin və dilin orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır. Dövlət dilinin qorunması özlüyündə legitim məqsəddir və AİHM-nin və Konvensiyanın yuxarıda əks olunmuş mövqeyindən də göründüyü kimi, müdaxilə legitim məqsədə yönəlmiş olduğu halda hüquq pozuntusu kimi qəbul edilə bilməz. Belə ki, sözügedən legitim məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da Konvensiyanın pozulması kimi qiymətləndiriləcək həddə deyil. Odur ki, orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsi həyatın toxunulmazlığı iddiaçının konstitusion hüququdur və Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər, məhdudlaşdırma isə Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Ad və soyadın qoyulması və ya dəyişdirilməsi şəxsi və ailə həyatının toxunulmazlığı ilə əlaqədardır ki, bu hüquq da Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Artıq məlum olduğu kimi hazırkı iş üzrə “Mühəmməd” adının qoyulmasından imtina edilməsi Azərbaycan dilinin milli köklərinin və orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır ki, dilin milli köklərinin və orfoqrafik qaydalarının qorunması da birbaşa olaraq dövlət təhlükəsizliyi mənafeləri ilə bağlıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının övladına “Mühəmməd” adının qoyulmasından imtina edilməklə iddiaçının Konstitusiyada nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılsa da, bu məhdudlaşdırma qanuni məqsədə yönəlmişdir. Eyni zamanda, iddiaçının övladına qoymaq istədiyi “Mühəmməd” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adları arasında əhəmiyyətli fərq olmadığından cavabdehin imtinası qanuni məqsədə yönəlməklə yanaşı, həm də həmin məqsədə mütənasibdir. Beləliklə, iddiaçının övladına “Mühəmməd” adının qoyulmasından imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə uyğundur və bu zaman iddiaçının hər hansı bir konstitusion hüququnun pozulmasından söhbət gedə bilməz. Odur ki, iddiaçı cavabdeh orqanın imtinasının hüquqi əsasının olmamasına istinad edərək imtinanın qanunsuz olduğunu bildirsə də, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunidir və iddiaçının Konstitusiya ilə təsbit edilmiş hüququnun məhdudlaşdırılması qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğundur. Məhkəmə həmçinin vurğulayır ki, uşağa adın verilməsinə dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)- 739/2021 №-li iş üzrə 27.04.2021-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh qeydiyyat şöbəsinə qarşı, X4 üçüncü şəxs kimi cəlb edilməklə “uşağa adın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8767/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8767/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver