Məhkəmə qərarları › İş №e-2-1(112)-878/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-878/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-878/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər: "xxxx" MMC və X6) qarşı “mənzil ilə təmin edilməsi üçün razılaşma aktının bağlanılması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil ilə təmin edilməsi üçün razılaşma aktının bağlanılması və s” verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının hazırkı tələbinə, yəni 315 nömrəli otağa görə razılaşma aktının bağlanılması və ya mənzillə təmin edilmə tələbinə hüquqi qiymət verilmişdir. Həmin qərardaddan verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında 315 saylı otağa münasibətdə X6 ilə bağlanılmış müqavilə etibarsız hesab edilmişdir. Qeyd olunan səbəbdən də birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmalı və qərar qəbul etməlidir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan yaşayış sahələrinə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə komissiya yaradılmışdır. Xətai rayon İcra Hakimiyyəti ilə X6 arasında razılaşma aktı bağlanılmışdır. Razılaşmaya əsasən sonuncuya 30000 manat birdəfəlik maddi yardım və alacağı təzminatın məbləğinin bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün onun tərəfindən şərait yaradılacaq. X6 həmin məbləği "xxxx" MMC-yə təqdim etməklə sonuncu X6 ilə yeni müqavilə bağlanılmaqla yeni mənzillə təmin edilir. Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək iddiaçının ev 42 ünvanda yerləşən 315 saylı otağa köçürülməsi qərara alınmışdır. Həmin məhkəmənin 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 315 saylı otaqla bağlı bağlanılmış müqavilə etibarsız hesab edilərək iddiaçının sahiblik və istifadə hüququnun tanınması qərara alınmışdır. Buna uyğun olaraq iddiaçı ilə də razılaşma aktı bağlanılmalıdır ki, həmin razılaşmaya əsasən müvafiq ödənişin təmin edilməsi və ödəniş əsasında "xxxx" MMC tərəfindən mənzilin təmin edilməsi mümkün olsun. Lakin, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etirazda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7- 214/7g saylı tapşırığına uyğun olaraq Bakı şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30,0 min manat və sahəsi 30 kv.m-dən çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməklə köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Nazirinin xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubu əsasında General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın ədalətli bölüşdürülməsini təmin etmək məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti başçısının 08 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə komissiya yaradılmışdır. ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi- Xətai Rayon İcra Hakimiyyəti və Podratçı- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi əsasında yataqxana binasının sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 68 nömrəli xx.xx.2020ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsinin 15 avqust 2016-cı il tarixli X5 Şəhadətnaməyə əsasən bina sakinləri şikayətçi İddiaçı və X6 arasında nikah ləğv edilmiş və tərəflər arasında məhkəmə qaydasında boşanma və boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapmamışdır. Xətai Rayon Məhkəməsinin (2019-cu ilin əvvəlində sakinlərə birdəfəlik maddi yardım ayrıldıqdan sonra) İş №2(011)-7148/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli Qətnaməsi üzrə Gen.Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxana binasında İddiaçı 315 nömrəli otaqda yaşamaq hüququ təmin edilmiş, lakin mülkiyyət hüququ nəzərə alınmamışdır. Qəzalı binada yaşayan146 ailənin siyahısında orderlər üzrə ümumi sahəsi 28,8 kv.m olan 314 və 315 saylı otaqlar ailə başçısı X3 (5 nəfər ailə tərkibi ilə) adına qeydiyyata alınmaqla 30500 (otuz min beş yüz) manat birdəfəlik maddi yardım ayrılmışdır. Hazırda Gen.Şıxlinski küçəsində yerləşən qəzalı və insan üçün yaşamağa və hər an uçma təhlükəsi olan 42 saylı mübahisəli yataqxanadan köçürülərək X4 (5 nəfər ailə tərkibi -özü, keçmiş həyat yoldaşı, oğlu, qızı və ögey qızı) General Şıxlinski küçəsi 42 ünvanında inşa olunan çoxmənzilli binada 2 otaqlı, ümumi sahəsi 54,5 kv.m tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və kirayə haqqı- 500,0 (beş yüz) manat və mənzil təqdim edilənədək 300,0 (üç yüz) manat aylıq kirayə haqqının ödənilməsi təmin olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi və iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X6 iddianın təmin edilməsini, digər üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi isə iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İşdə olan Bakı Məişət Kondisionerləri Zavodunun xx.xx.1989-cu il tarixli və xx.xx.1996-cı il tarixli 473 nömrəli orderlərindən görünür ki, xx.xx.1989-cu il tarixli 173 nömrəli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 315 nömrəli otağı, xx.xx.1992-ci il tarixli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 314 nömrəli otağı zavodda işlədiyi müddətdə X7 verilmiş, orderlərdə yaşayış sahəsinə hüququ olan şəxslər sırasında İddiaçı, Lalə Qurbanovanın, Rəfi Əkbərovun və Səbinə Əkbərovanın adları da qeyd edilmişdir. - İddiaçı ilə üçüncü şəxsin arasındakı nikah ləğv edilmiş, bu barədə xx.xx.2013-cü il tarixdə akt qeydləri kitabında 51 nömrə ilə qeyd aparılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının üçüncü şəxsə qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi təmin edilmiş, iddaçının ünvan 3 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qət olunmuşdur. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçının sözügedən orderlər əsasında 315 saylı otaqdan istifadə hüququ yaranmışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, məhz Bakı Məişət Kondisionerləri Zavodunda işlədikləri üçün ailə vəziyyəti nəzərə alınmaqla 2 ədəd order verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş X6 ilə bağlanılmış 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilə 315 saylı mənzilə münasibətdə etibarsız hesab edilmişdir. Qətnamədə göstərilir ki, cavabdeh X6 iddia tələbini qəbul etmiş və qeyd etmişdir ki, müqavilə bağlanılarkən aldadılmış, iddiaçı onun keçmiş arvadı olmuş, 314 saylı mənzildə özü, 315 saylı mənzildə isə iddiaçı və uşaqları məskunlaşmışdır. Ailə vəziyyəti nəzərə alınmaqla 2-ci order verilmişdir. 315 saylı orderin əsli iddiaçıdadır. Ona sonradan məlum olmuşdur ki, iddiaçıya mənzil verilməmişdir. O, elə bilmişdir ki, yalnız öz mənzili ilə bağlı müqavilə bağlanılır. İki mənzilə bir sayğac qoyulsa da, ödənişlər bölünərək ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, 315 saylı mənzil iddiaçının faktiki istifadəsində olduğu, orderin əsli onda olduğu, kirayə müqaviləsinin onunla bağlanılmalı olduğu halda onun razılığı alınmadan və mənzilindən məhrum edildiyi halda əvəzində yaşayış sahəsi ilə təmin edilməmişdir. Xətai Rayon İcra Hakimiyyətinin 27 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 314 və 315 saylı otaqlara dair ailə başçısı X4 30500 manat məbləğində ödəniş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon icra hakimiyyətinin müvafiq komissiyasının yaradılıb, nəticəsi barədə 08 may 2019cu il tarixindən gec olmayaraq Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən ünvanlanmış məktubdan görünür ki,Xətai rayonu ərazisində yerləşən binalara dair mənzildə yaşayan ailələrin hər birində ödənişlərin edilməsi müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli razılaşma aktından görünür ki, X1 işində iştirak edərək, təklif olunan 30 000 (otuz min) manat birdəfəlik maddi yardımın məbləği ilə razılaşaraq və alacağı təzminatın məbləğini bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını öhdəsinə götürmüşdür. Aktda qeyd edilmişdir ki, birdəfəlik maddi yardımın məbləği 30 min, köçürülmə və bir aylıq kirayə haqqı 500 manatdır. Mənzil ilə təmin edilmə barədə Ali Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı 315 nömrəli otaqda yaşasa da onun bu hüququ üçüncü şəxs X3 ailə üzvü olduğu üçün yaranmış və onun həmin hüquqdan törəmə olmuşdur. Onunla ayrıca kirayə müqaviləsi bağlanılmamışdır. - xx.xx.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyəti (sifarişçi) "xxxx" MMC (podratçı) və ünvan 5 ünvanında yerləşən 314-315 saylı mənzilin sahibi X6 (payçı) aşağıdakılar barədə razılığa gəlmişlər: - müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin sifarişi əsasında qəzalı vəziyyətdə hesab edilmiş ünvan 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sökülərək həmin binanın yerində sakinlərə ayrılmış vəsait hesabına yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi və inşa ediləcək binada payçının təmirli mənzillə təmin edilməsi; - Payçıya Bina 2, 11-ci mərtəbə, 2 otaqlı, 54,5 kv.metr 82 saylı mənzil təqdim ediləcəkdir. - qəzalı yaşayış binasının sökülməsi və yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün ayrılmış dövlət vəsaitindən 30500 (otuz min beş yüz) manat kompensasiya vəsait sifarişçi tərəfindən Рауçının bank hesabına köçürülür. - podratçı qəzalı yaşayış binasının sakinlərinə müqavilə imzalandığı gündən payçıya mənzil təqdim edilənədək hər ay 300 manat məbləğində kirayə haqqını həmin sakinin bank hesabına ödəyir. - payçı sifarişçi tərəfindən onun bank hesabına köçürülmüş 30 000 manat vəsaiti müqavilə imzalandığı gün podratçıya ödəyir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 171 nömrəli maliyyə arayışından görünür ki, ünvan 6 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur, 2-ci binanın 1-ci girişi, yerdən 11-ci mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı, 82 saylı təmirli mənzilin pay dəyəri X6 tərəfindən tam ödənilmişdir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı adıçəkilən Bakı Məişət Kondisionerləri Zavodunun orderlərin verildiyi dövrdə işçisi olmuşdur. Məhkəmənin 27 fevral 2024-cü il tarixli sorğusunda qeyd edilmişdir ki: İddiaçı özü ilə oxşar vəziyyətdə olub bir-neçə mənzil alan şəxslər olduğu qənaətində olmaqla və onların konkret adlarını (iddiaçının qeyd edir ki, İmanova Mehparə 2 ev almışdır, Səadət adlı şəxs 1 orderlə bir-neçə mənzil almışdır və s), çəkməklə ona da bərabərlik hüququ əsas götürülməklə əlavə mənzilin verilməsi niyyətindədir. Eyni zamanda, 314 və 315 saylı otaqların yerləşdiyi G.Şıxlinski küçəsi 42 saylı binada hansı ölçüdə, hansı hüquqmüəyyənedici sənəd üzə otağı olan şəxslərə, hansı ölçüdə və hansı sayda mənzilin verilməsinə dair siyahının təsdiq edilmiş surəti, Hər hansı şəxsə sökülən binanın yerində tikilən binada və digər yerdə birdən çox mənzil verilmişdirsə həmin mənzillərlə bağlı, eləcə də bir-neçə mənzilin verilməsinə əsas olmuş hallar barədə izahedici məlumat, ümumiyyətlə bir-neçə mənzili olan şəxsə binada mənzillərin ölçü və say nəzərə alınmaqla həmin birneçə mənzili olan şəxsə hansı qaydada verilməsi ilə əlaqədar inzibati orqanın və MMC-nin müəyyən etdiyi praktika barədə məlumatın təqdim edilməsi təklif edilmişdir. İlkin sorğuya cavab təqdim edilmədiyindən növbəti dəfə 30 aprel 2024-cü il tarixli oxşar məzmunlu sorğuya cavabdehin 23 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sökülən qəzalı binada və digər yerdə heç kimə mənzil verilməmişdir. Birdən çox mənzili olan ailə qeydə alınmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin: Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 31. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların iş yerində uçotu Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər Maddə 84. İcarədarın ailə üzvünün tələbi ilə yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Maddə 106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Qüvvədə olan Mənzil Məcəlləsinin: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 2.2. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.4. yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir; 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.11. yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Hazırkı işin faktiki hallarından da göründüyü kimi tərəflər arasında inzibati mübahisənin mahiyyəti 315 saylı otağa münasibətdə istifadə hüquqlarından irəli gələn hüquqların realizəsi kimi yeni mənzilin verilməli olması, razılaşma aktı bağlanılmalı olması və ödənişlərin edilməli olması ilə əlaqədardır. Hazırkı növ müraciətin təminindən imtina cavabdeh tərəfindən onunla əsaslandırılır ki, 314 və 315 nömrəli mənzillərlə əlaqədar iddiaçının keçmiş həyat yoldaşı ilə razılaşma aktı bağlanılmış və hər iki mənzilə münasibətdə ona yeni 2 otaqlı mənzil verilmişdir ki, hər ailə üzvünə ayrıca mənzilin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, müraciətin təminindən imtina qanunsuz və əsassız hesab edilməlidir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı üçüncü şəxs kimi orderin verilməsinə əsas olan Zavodda əmək fəaliyyətini həyata keçirən şəxs olmuşdur. İddiaçı və üçüncü şəxsin vermiş olduğu izahatlardan da göründüyü kimi onlara iki mənzilin verilməsi də ailə vəziyyəti nəzərə alınmaqla həmin əsaslardan irəli gəlmişdir. Tərəflər arasında nikahdan sonra da mənzillər tərəflər arasında bölüşdürülmüş, faktiki ailə münasibətlərinə xitam verildikdən sonra 314 saylı mənzildə üçüncü şəxs, 315 saylı mənzildə isə iddiaçı və övladları yaşamış, həmin orderin əsli də onda olmuşdur. Xətai Rayon Məhkəməsinin 315 saylı otağa iddiaçının köçürülməsi ilə əlaqədar qətnaməsindən də göründüyü kimi həmin mənzil nikah münasibətləri pozulduqdan sonra iddiaçının istifadəsində olmuş, iddiaçı və üçüncü şəxsin izahatlarından da göründüyü kimi iddiaçı üçüncü şəxslə ailə münasibətləri mövcud olmadan həmin mənzildə öz övladları ilə yaşamışdır. İş materiallarından göründüyü kimi adıçəkilən mənzil də daxil olmaqla hər iki mənzillə bağlı razılaşma aktı bağlanılmış və buna uyğun olaraq da üçüncü şəxsə ev verilmişdir. Birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarları ilə mənzilin verilməsi ilə bağlı iddia isə rədd edilmişdir. İddiaçı isə razılaşma aktının 315 saylı otağa münasibətdə etibarsız hesab edilməsinə münasibətdə iddia irəli sürmüşdür ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia adıçəkilən hissədə təmin edilmişdir. Qanuni qüvvəsini almış həmin qətnamədə qeyd edilmişdir ki, 315 saylı mənzil iddiaçının faktiki istifadəsində olduğu, orderin əsli onda olduğu, kirayə müqaviləsinin onunla bağlanılmalı olduğu halda onun razılığı alınmadan və mənzilindən məhrum edildiyi halda əvəzində yaşayış sahəsi ilə təmin edilməmişdir. Göründüyü kimi Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşma aktının 315 saylı otaq üzrə etibarsız sayılması qət edilmiş və qətnamənin əsaslandırması məhz həmin mənzil əvəzinə yaşayış sahəsi ilə iddiaçının təmin edilməməsi ilə əlaqədar olmuşdur ki, məhkəmə də hesab edir ki, iddiaçı ilə 315 saylı otağa onun mənzil münasibətlərinin xarakteri nəzərə alınmaqla iddia qanuni və əsaslı hesab edilməlidir. Belə ki, istər yuxarıda adıçəkilən qətnamədən, eləcə də işin faktiki hallarından, həmçinin iddiaçı və üçüncü şəxsin hazırkı və bundan əvvəlki işlər üzrə izahatlarından aydın olur ki, adıçəkilən mənzil üçüncü şəxsin yox, məhz iddiaçının istifadəsində olmuş, orderin əsli onda olmuş, iddiaçı və üçüncü şəxsin ailə münasibətləri nəzərə alınmaqla eyni zavodun işçisi kimi hər birinə bir order nəzərə alınmaqla həmin dövrün praktikasına uyğun olaraq məhz 2 order verilmiş, orderlərdə ailə başçısı kimi isə üçüncü şəxsin adı yazılmış, digər ailə üzvlərinin isə orderdə adı qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddianın təmininin istisna əsası kimi qeyd edilən iddiaçının üçüncü şəxsin ailə üzvü kimi yeni mənzilə istifadə hüququnun mövcudluğuna istinad iddiaçı ilə yeni mənzilin verilməsi üçün razılaşma aktının bağlanılmasından imtina əsası qismində çıxış edə bilməz. Həmin imtina o halda mövcud ola bilərdi ki, mənzil üçüncü şəxsin olmuş olsun, iddiaçı isə onun ailə üzvü və ya keçmiş ailə üzvü kimi həmin mənzilə istifadə hüququna malik olmuş olsun. Lakin, hazırkı işin faktiki hallarından, eləcə də qəbul edilmiş 2022-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, iddiaçı mübahisəli 315 saylı mənzilin faktiki olaraq kirayəçisi olmuş, həmin mənzil məhz onun istifadəsində olmuş, nikah münasibətlərinə xitam verildikdən sonra həmin mənzildə üçüncü şəxs yox, məhz iddiaçı yaşamışdır. Məhkəmə hesab edir ki, adıçəkilən mənzil üzrə orderdə iddiaçının adının əvəzinə üçüncü şəxsin adının yazılmasının mülkiyyət hüququnun realizəsinə maneə olması əsas götürülməməlidir. Belə ki, istər işin materialları, istərsə də üçüncü şəxsin özünün etirafından da göründüyü kimi mənzil üçüncü şəxsin yox, məhz iddiaçının istifadəsində olan mənzil olmuşdur. Xətai Rayon Məhkəməsinin qətnaməsində üçüncü şəxs mənzilə bağlı razılaşma aktının bağlanılması zamanı aldadıldığını, bir mənzil üzrə razılaşma aktının bağlanıldığını zənn etdiyini bildirmiş, rayon məhkəməsi də işin həmin və digər hallarını nəzərə almaqla iddianın razılaşmanın 315 saylı mənzilə bağlanılması hissəsində etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Qeyd olunur ki, mənzilin verilməsinə dair müqavilə hər iki mənzilə münasibətdə etibarlı olmuş, onun hissəvi etibarsızlığı ilə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmamışdır ki buna dair iddianın rədd edilməsi hər üç instansiya tərəfindən qərara alınmışdır. Lakin, sonradan iddiaçı qanuni qüvvəsini artıq almış məhkəmə qətnaməsi ilə hazırkı iddia ilə müraciət etmişdir ki, məhkəmə, mənzilin verilməsi ilə bağlı iddiaya 3 instansiya tərəfindən baxılması əsası ilə iddianın mümkünsüz sayılması barədə qərardadın ləğvinə dair Bakı Apellyasiya Məhkəməsinin qərardad ilə əlaqədar da bildirir ki, AR İPM-nin 87.9cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin qərardadda da Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnamə ilə 171 saylı razılaşma müqaviləsinin 315 saylı otağa münasibətdə etibarsız sayılmasına istinad edilərək, məsələyə mahiyyəti üzrə baxılmalı olması barədə mövqe nümayiş etdirmişdir ki, məhkəmə hesab edir ki, adıçəkilən otağa münasibətdə etibarsız hesab edilmə və etibarsız hesab edilmənin faktiki və hüquqi əsaslandırması mahiyyəti üzrə qiymətləndirilən hazırkı iddia üzrə iddiaçının 315 saylı otağa mənzil üzərində pozulmuş hüquqlarının bərpası kimi yeni mənzillə təmin edilməsinə münasibətdə razılaşma aktının bağlanılması və ödənişlərinin edilməli olması mövqeyinə gəlməsinə dəlalət edir. Eyni zamanda, üçüncü şəxsin məhkəmə iclasında verdiyi izahatda da qeyd edilmişdir ki, razılaşma aktı bağlanılarkən yalnız 314 saylı mənzilə dair order verilmiş, 315 saylı order təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, razılaşma aktının 315 saylı mənzilə dair qanunsuz və əsassızlığı ayrıca məhkəmə icraatının predmeti olduğundan və buna dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan həmin razılaşma aktının hüququn pozulmasına səbəb olması barədə ayrıca araşdırmaya zərurət olmasa da, məhkəmə hesab edir ki, işin göstərilən həmin halları və istinad edilən digər faktiki halları onu deməyə əsas verir ki, iddiaçı 315 saylı mənzil üzrə kirayəçinin ailə üzvü yox, faktiki mənzilin sahibi, kirayəçinin özüdür. Bunu təkzib edəcək hər hansı hal olmamaqla bərabər həmin hal istər üçüncü şəxsin, istərsə də, rayon məhkəməsində iddiaçı və üçüncü şəxsin övladının şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Odur ki, ailə münasibətləri pozulmuş iki şəxsin eyni evdə yaşamasına münasibətdə cavabdehin mövqeyi qanuni əsaslı olmamış, onların fərqli mənzillərin ayrı-ayrılıqda faktiki istifadəçiləri olması nəzərə alınmadan mənzil münasibətləri tənzimlənməyə çalışılmışdır. Halbuki, məhkəmə qətnamələri ilə də ailə münasibətlərinin faktiki pozulması, iddiaçının 315 saylı mənzilə köçürülməsi, eləcə də müqavilənin 315 saylı mənzilə münasibətdə etibarsız sayılması, mənzilin orderinin iddiaçıda olması və onun üçüncü şəxs olmadan övladları ilə birlikdə orda yaşaması cavabdehin mövqeyinin qanunsuz və əsassızlığını göstərir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı bir sıra şəxslərin adının sadalanmaqla onunla eyni vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftarın ona münasibətdə tətbiqi ilə bağlı araşdırmanın aparılmasını xahiş etmiş, buna dair məhkəmə tərəfindən 2 dəfə sorğu verilərək inzibati orqanın bərabərlik hüququnun realizəsi baxımından fərqli rəftara istinad edib-etməməsini araşdırmağa çalışmışdır ki, cavabdeh tərəfindən şifahi formada həmin hala yol verilmədiyi bildirmiş, lakin tələb edilməsinə baxmayaraq nə cavabdeh, nə də digər üçüncü şəxs tərəfindən istinad olunan həmin halı təsdiq edə biləcək, eləcə də iddiaçının fərqli rəftarını inkar edə biləcək siyahı və digər aidiyyəti sənədlər təqdim edilməmişdir. Halbuki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmə cavabdehin öhdəliyidir. Eyni zamanda, üçüncü şəxsə 2 mənzil əvəzinə 2 otaqlı mənzilin verilməsi olmasına münasibətdə də cavabdehin imtina dəlili hazırkı vəziyyətdə iddiaçının vəziyyətini pisləşdirə bilməz. Belə ki, bir hissədə etibarsızlığı tanınmış müqaviləyə istinadla 2 otaqlı mənzilin verilməsi digər üçüncü şəxslər və cavabdeh arasında mənzil münasibətlərinin tənzimlənməsi çərçivəsində qiymətləndirilməli olmalı məsələdir ki, hər bir halda 315 saylı mənzilin sahibi kimi iddiaçının hüququnun pozuntusuna əsas olmamalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, üçüncü şəxslə birlikdə iddiaçıya da ilkin olaraq 500 manatlıq nağd qaydada ödənişin edilməsi həm iddiaçı, həm də üçüncü şəxs tərəfindən izahatları ilə təsdiq edilmişdir ki, sonradan cavabdehin fərqli mövqe nümayiş etdirməsi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin (Etimad hüququnun qorunması prinsipi) uyğun olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 7 ünvanda yerləşən 315 saylı otaq üçün ödəniləcək birdəfəlik maddi yardım məbləği olan 30000 manat pul məbləği, bir aylıq kirayə haqqı olan 500 manat olmaqla "xxxx"MMC ilə kooperativ binada mənzil tikintisi haqqında müqavilənin bağlanılması üçün tələb olunan İddiaçı ilə Xətai Rayon İcra Hakimiyyəti arasında müvafiq razılaşma aktının bağlanılması öhdəliyi cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar