Məhkəmə qərarları › İş №e-2-1(112)-8789/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8789/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8789/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “ünvan 1 ünvanında yerləşən (mövcud vəziyyətə uyğun) fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına yeni çıxarışın verilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. DƏDKR tərəfindən müraciətə baxılaraq imtina cavabı verilmişdir. Hesab edir ki, sözügedən imtina tamamilə qanunsuz və əsassızdır. İlk öncə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 43.6 kv.m hissəsi İddiaçı mülkiyyət hüququ əsasında məxsusdur. İddiaçının həmin əmlaka dair daşımaz əmlakın dövlət reyestrindən çıxarışı vardır. İddiaçı həmin fərdi yaşayış evinə öz hesabına müəyyən əlavələr etmişdir. Bu günədək həmin fərdi yaşayış evinə dair bütün kommunal ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir.

4. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “müvafiq ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq X1 adına qeydiyyata alınsa da, idarənin arxiv əsaslarında mövcud olan texniki pasportda Pənahov Yusif Babaşoviçin adı qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.”

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, müvafiq ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq X1 adına qeydiyyata alınsa da, idarənin arxiv əsaslarında mövcud olan texniki pasportda Pənahov Yusif Babaşoviçin adı qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evinin 6,7 və eyvan sahəsinin texniki pasportun sərhədlərindən kənarda yerləşdiyi məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin rədd edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən olan ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43 kv.m, yaşayış sahəsi 22.7 kv.m-dən ibarət olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1988-ci il tarixli müqavilənin surətinə əsasən X2 mülkiyyətində olan ünvan 3 ünvanındakı 2 otaqlı yaşayış sahəsi 22.7 kv.m, qeyri-yaşayış sahəsi 20.9 olan fərdi yaşayış evini İddiaçı satmışdır.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun surətinə əsasən, ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evinin ümumi sahəsi 43.6 kv.m. müəyyən edilmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən fərdi yaşayış evinin layihəsinə əsasən, ünvan 1 ünvanında yerləşən və İddiaçı aid fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, aidiyyəti məsələyə baxılması üçün tikinti obyektinin mövcud layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölməsi habelə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti rayon icra hakimiyyətinə təqdim edildikdən sonra aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunacaqdır.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə baxış aktında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin layihəyə əsasən ümumi sahəsi 93.6 kv.m, faktiki 84.0 kv.m, texniki pasporta əsasən ümumi sahəsi 43.6 kv.m təşkil edir. Fərdi yaşayış evi təqdim edilən layihəyə uyğundur. Hal-hazırda yaşayış mövcuddur. 6,7 və eyvan sahəsi texniki pasportun sərhədlərindən kənarda yerləşir, lakin layihədə göstərilib. Mənzillər sırasında yerləşir. Fərdi evə giriş ümumi istifadə sahəsindədir.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd

23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 43.6 kv.m-dən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı tərəfindən sonradan sahəsi artırılmış fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir.

25. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin məktubundan da görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan inşaası başa çatmış ünvan 1 ünvanında yerləşən sahəsi artırılmış bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mövcud layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş bölməsindən məlumatlı olmuşdur.

26. Məhkəmə nəzərə alır ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətdə layihəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin dispozisiya şərtinə əsasən məlumatlandırma icraatının şərtlərinə uyğundur.

27. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, fərdi yaşayış evi ilkin olaraq X1 adına qeydiyyata alınsa da, idarənin arxiv əsaslarında mövcud olan texniki pasportda Pənahov Yusif Babaşoviçin adı qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir. Bundan başqa texniki pasportun baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

28. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, fərdi yaşayış evinin ilkin qaydada cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas X1 və iddiaçının arasında bağlanılan müqavilə və texniki pasport olmuşdur. Odur ki, sənədlərin mötəbərliyi mübahisə predmeti deyil və həmin sənədlərin həqiqiliyini şübhə altına alan əsaslı hallar mövcud deyil.

29. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan təqdim etdiyi müayinə aktında mövcud (sahəsi artırılmış) fərdi yaşayış evinin layihəyə uyğun olduğu və əlavə edilən 6,7 və eyvan sahəsinin layihədə göstərildiyini təsdiq edir.

30. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən (mövcud vəziyyətə uyğun) fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına yeni çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar