Məhkəmə qərarları › İş №e-2-1(112)-879/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-879/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-879/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlu, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X4 və X5) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X4 və X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciət etmişdir. Qeyd olunan müraciətə xx.xx.2023-cü il tarixli**********28 saylı cavabla elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin əksər hissəsinin üzərində mülkiyyət hüququ digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsas göstərilmişdir. Hesab olunur ki, qeyd olunanlar həqiqəti əks etdirmir və mahiyyət etibarilə mülkiyyət hüquqlarının kobud şəkildə pozmaqdadır. Belə ki, X4 ilə İddiaçı arasında 09 sentyabr 2023-cü il tarixdə bağlanmış olan ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Salyan şossesi 32 ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi barəsində alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış əldə etmək zərurəti var. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddia ərizəsində İddiaçı qeyd edilsə də, təqdim edilən sənədlər digər şəxs X1 adınadır. İddiaçının adına Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Bundan başqa, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən şərti koordinatlarla göstərilən torpaq sahəsinin 896 kv.m hissəsi digər şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşür. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Hazırkı iş üzrə məhkəmə ilk növbədə iddianın subyektiv hüquq baxımından mümkünlüyünü qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi bu şərtə cavab vermir. Belə ki, aparılmış məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 876 nömrəli Sərəncamına əsasən, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən və bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsi alqı-satqı qaydasında, əlavə olunmuş cizgi planına uyğun olaraq X2 ayrılmışdır. Sonradan isə iddiaçı ilə qeyd olunan şəxs arasında xx.xx.2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. İlkin alqı-satqı müqaviləsinin hüquqi mahiyyətinin qiymətləndirilməsi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə istinad edir. Həmin maddənin tələblərinə görə: 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Mülki hüquq baxımından ilkin müqavilənin mahiyyəti ondan ibarətdir ki, tərəflər müəyyən müddət ərzində gələcəkdə əsas müqaviləni bağlamaq barədə öhdəlik götürürlər. Əgər bu müddət müqavilədə konkret göstərilməzsə, qanuna görə bir illik müddət tətbiq olunur. Müddət başa çatdıqda isə əsas müqavilə bağlanmazsa və ya bu barədə qarşı tərəfə təklif göndərilməzsə, ilkin müqavilədən irəli gələn öhdəliklər qüvvədən düşür. Göründüyü kimi ilkin müqavilənin əsas mahiyyəti gələcəkdə bağlanmalı olan əsas müqavilənin hüquqi zəmanətini təmin etməkdir. Lakin bu zəmanət müvəqqəti xarakter daşıyır və müddətin bitməsi ilə qüvvədən düşür. Bu zaman tərəflərin subyektiv hüquq və öhdəlikləri də hüquqi baxımdan xitam tapmış hesab olunur. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ilə X4 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin nə müddəti uzadılmış, nə də əsas alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə, tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri artıq qüvvədən düşmüşdür. İddiaçı ilkin müqavilənin tərəfi olmaqla müəyyən dövrdə müqavilədən doğan hüquqlara malik olmuşdur, lakin əsas müqavilənin bağlanmaması və ilkin müqavilənin qanuni müddətinin başa çatması səbəbindən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Başqa sözlə, ilkin alqı-satqı müqaviləsinin tərəfi olmaq faktı iddiaçıya mülkiyyət hüququ yaratmır. Mülkiyyət hüququ yalnız əsas müqavilə bağlandıqdan sonra və müvafiq dövlət qeydiyyatı həyata keçirildikdə yaranır. Nəticə etibarilə, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hüquq - torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, ilkin müqavilənin xitam tapması və əsas müqavilənin bağlanmaması səbəbilə hüquqi baxımdan mövcud deyildir və belə olan halda iddia subyektiv hüquq baxımından mümkünlük şərtlərinə cavab vermir. Digər tərəfdən məhkəmə bildirir ki, iddianın mümkünlük şərtlərinin ödənilməməsi, faktiki olaraq iddia olunan torpaq sahəsinin digər üçüncü şəxslərin mülkiyyətində olan sahələr ilə üst-üstə düşməsi ilə bağlı olmuşdur. Belə ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatından görünür ki, mübahisəli torpaq sahəsinin 615 kv.m hissəsi **********86 reyestr nömrəli sahə ilə, təqribən 249 kv.m hissəsi isə **********87 reyestr nömrəli sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeyd aparıla bilməz, eləcə də həmin torpaq sahəsinə dair çıxarışın verilməsi verilə bilməz. Belə ki, üçüncü şəxsin adına aparılmış qeydin qanuna uyğunluğunun mübahisələndirilməsi məsələsi həll edilmədən, eyni torpaq sahəsinə iddiaçının hüququ qeydə alınması, çıxarışın verilməsinə dair iddia mümkünlük şərtlərini ödəmir. Nə qədər ki, həmin qeyd və həmin qeydin ləğvinə əsas ola biləcək onun verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər qüvvədədir, qeyd olan torpaq sahəsinə başqa şəxsin hüququnun qeydə alınması iddianın həmin hissədə rəddi üçün yox, mümkünlüyü baxımından qiymətləndirilməsi üçün əsasdır. Məhkəmə də həmin hissədə hesab edir ki, iddia həmin hissədə rədd yox, məhz mümkünsüz sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2086/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında nümayiş olunmuşdur. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi iddia olunan torpaq sahəsinin digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyünü nəzərə alaraq, mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsinə dair fiziki şəxsin adına verilən çıxarış mübahisələndirilmədən, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddia tələbinə baxılmasını mümkünlük şərtlərinin ödənilməməsi baxımından mümkün olmadığını bildirmişdir. Eyni zamanda, Ali Məhkəmənin 2-1(102)-2711/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin 17,33 kv metr hissəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən apellyasiya məhkəməsi həmin hissədə iddianı mümkün saymamışdır. Göründüyü kimi iddia mümkünlük şərtlərini ödəmədiyindən, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar