Məhkəmə qərarları › İş №e-2-1(112)-8795/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8795/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8795/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı X10 və X12 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “orderin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Eldar Dzhavadovun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı X10 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “orderin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 oglunun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənəd - X4 və İstismarı Birliyinin 8 nömrəli orderi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhər, Ləhiş bağlar sahəsi 216 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına hüquqların qeydiyyatının aparılmasının DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən X6 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənəd - X4 və İstismarı Birliyinin 8 nömrəli orderinin və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; Bakı şəhər, Ləhiş bağlar sahəsi 216 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına hüquqların qeydiyyatının aparılmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və X14 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Dzhavadov Eldar xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər qismində DƏDKR 1 saylı Bakı Ərazi İdarəsini və Bakı şəhər İcra Hakimiyyətini göstərməklə məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/75 saylı qərarına əsasən X6 adına verilmiş X4 və İstismarı Birliyinin 8 nömrəli orderinin və həmin order əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı, № ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavadova Sünyaxanım Əyyub qızının cavabdeh Rüstəmov Firuz Qiyas oğluna, X13 oğluna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinin naturada təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. Yekun məhkəmə qərarı olaraq AR Ali Məhkəməsinin 2(102)-4745/2022 saylı, xx.xx.2022 tarixli qərarı ilə Cəmilov Süleyman Əziz oğlunun adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarının və ona əsasən verilmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, Cəmilov Süleyman Əziz oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi hissələrində Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. AR Ali Məhkəməsi qərarını əsaslandırarkən (50-ci bənd), qeyd etmişdir ki, inzibati orqanların qeyd olunan hərəkətləri ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, torpaq sahəsinin cavabdehə ayrılması və reyestrdəki qeydiyyat inzibati aktlar əsasında aparıldığından, iddianın 1-4-cü tələblərinin faktiki əsasını bu aktların qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana (orqanlara) qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktları mübahisələndirməlidir. Məhkəmə araşdırmaları zamanı keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 12 mart 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 216 nömrəli kooperativin Cəmilov Süleyman Əziz oğlunun adına olan 8 nömrəli orderin mətnində bağın nömrəsini göstərən “874” rəqəmlərindən sonuncu “4” rəqəminin yerində əvvəlcə “5” rəqəmi olub, sonradan üzərində əlavə cizgilər artırmaqla indiki rəqəm icra edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə və həmin rəy əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 fevral 2022-ci il tarixli rəyinə əsasən 874a saylı bağ sahəsi mişar daşından olan hasar daxilində olmaqla ümumi sahəsinin 1297 kv.m təşkil etdiyi müəyyən edilir. Bağ sahəsində tikilinin olmadığı və həmin bağ sahəsinin kadastr planı əsasında Cəmilov Süleyman Əziz oğlunun adına qeydiyyatdan keçdiyi müəyyən edilir. Sözü gedən ərazidə hasarlanma işləri keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik plana və keçid yollarına uyğun aparılmadığından, 874 saylı bağın dəqiq yerləşməsinin aydınlaşdırılması mümkün olmamışdır. Faktiki olaraq iddiaçının iddia etdiyi sahənin qeydiyyatdan keçmiş 874a saylı bağın ərazisi ilə üst-üstə düş məsi müəyyən edilir. Beləliklə müəyyən edilir ki, Cəmilov Süleyman Əziz oğlunun adına reystrdə aparılmış qeyd saxta sənədlər əsasında aparılmış, yəni hüquqların dövlət qeydiyyatını aparan orqanın zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən vəzifələrini düzgün icra etməmişdir. Bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin xx.xx.2024 tarixli imtina məktubu ilə məhkəmə qaydasında həll edilməli olduğu bildirilmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxslərə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh TKTA-nın iddia tələbinin mümkün sayılmaması barədə yazılı mülahizəsi (vəsatəti) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və Üçüncü şəxslər X10 və X8 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etiraz): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, **********41 reyestr nömrəli torpaq sahəsi ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə X6 adına 216 saylı BTK tərəfindən verilmiş 8 saylı order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********5605 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında qeydiyyata alınmış, 11 mart 2015-ci il tarixdə 4Ə-83 reyestr nömrəli notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında X8 adına özgəninkiləşdirilmiş və hazırda sonuncunun mülkiyyətindədir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər mərhum X2 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. İdarənin mütəxəssisləri tərəfindən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə texniki baxış keçirilən zaman torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuşdur (torpaq sahəsi istifadəsində deyil). Həmçinin bildiririk ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4819/2024 qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və X4 və İstismarı Birliyinin 8 nömrəli orderi əsasında X6 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, İddiaçı adına Bakı şəhər, Ləhiş bağlar sahəsi 216 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədin verilməsi iddia tələbi mümkün sayılmamışdır. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6486/2023 qərarı ilə İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X6 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarının, X3 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi, X6 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPMnin 153.2.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqanlar və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəmə iclasında gəlməmiş eləcə də, gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Dzhavadov Eldar məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 №li Bağ Tikinti X1 verilmiş 8 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 №li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 216 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 874a №li bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, № **********41 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 874A saylı bağ sahəsi üzərində X7 xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr kitabının 52274 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə № ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: … Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Hazırki iş üzrə iddiaçının iddia tələbi aşağıdakı hissələrdən ibarətdir:

1. Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 216 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 874a №li bağ sahəsinin X9 verilməsi barədə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 №li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 №-li orderin ləğv edilməsi;

2. № **********41 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 874A saylı bağ sahəsi üzərində X7 xx.xx.2015-ci il tarixdə, **********8 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı RX seriyalı, № ******* saylı çıxarışın ləğv edilməsi;

Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin:

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının: 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Eyni zamanda, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iş üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinin müəyyən edilməsi üçün önəmlidir. Hazırkı iş üzrə isə nə müştərək hüquqi maraq və ya hüquq və vəzifələrin eyni və faktiki hüquqi əsaslara söykənməsindən, nə də mübahisə predmetinin eyniliyi, uyğun faktiki və hüquqi əsasların təşkilindən söhbət gedə bilməz. Məhkəmə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 №li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 №-li orderin ləğv edilməsinə münasibətdə məhkəmə aşağıdakı qeyd etməyi zəruri hesab edir. Orderin ləğv edilməsi iddia tələbi növ baxımından İnzibati Prosessual Məcəllənin 32-ci maddəsində təsbit edilmiş mübahisələndirmə haqqında iddiadır. Eyni mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında da sərgilənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri iddianı təmin edərkən mübahisəli sərəncamın qəbulu nəticəsində iddiaçının subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edilməsi mövqeyindən çıxış etmişlər.” Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında əks etdirdiyi mövqeyi, eləcə də İnzibati Prosessual Məcəllənin 32.1 və 38-ci maddələrini rəhbər tutaraq bildirir ki, hazırki iddia tələbi mübahisələndirmə növündə iddia olduğundan 30 günlük iddia müddətinə tabedir. İddia müddəti tətbiq edilən iddialarda iddia müddətinə əməl edilməməsi həmin tələbin mümkünsüzlüyü ilə nəticələnir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkün sayılmaması əsası qismində məhz iddiaçı tərəfindən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 №li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 №-li orderi qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı çıxış edir. Qeyd olunmalıdır ki, işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmetini Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 №li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 №-li orderi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı sözügedən cavabdehin hərəkətini mübahisələndirilmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. İş materiallarından görünür ki, üçüncü şəxsə bağ sahəsinin ayrılması barəsində order 1991-ci il tarixdə verilmişdir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Nəticədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək cavabdehin hərəkətsizliyinin inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürüldüyündən onlar yeni qanuna görə də mübahisələndirilə bilinmədiyinə görə iddia mümkün sayılmamalıdır. № **********41 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 874A saylı bağ sahəsi üzərində X7 xx.xx.2015-ci il tarixdə, **********8 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı RX seriyalı, № ******* saylı çıxarışın ləğv edilməsi hissəsində isə məhkəmə aşağıdakıları qeyd edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində əsasən .“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın verilməsinin kökündə qüvvədə olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 №li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 №-li order dayanır. Məhkəmə bu mövqe ilə bağlı qeyd edir ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı çıxarışın verilməsində əsas sənəd qismində çıxış edən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 №li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 №-li order qüvvədə olduğu müddətdə mübahisə predmenti olan çıxarışın ləğv edilməsi qeyrimümkündür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi hər iki hissədə mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı X10 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “orderin və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar