Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8797/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək hərbi qulluqçu kimi təxirə salınmadan mənzillə təmin edilməyi öhdəliyini Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ehtiyatda olan baş çavuş İddiaçı xx xxxx 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildən 1992-ci ilə qədər SSRİ Müdafiə nazirliyinin tərkibində,1992-ci il mart ayının 25-dən həmin ilin aprel ayının 13-ə qədər isə Azərbaycan Respublikası Madafiə nazirliyinin Suraxanı rayon Hərbi Komissarlığında hərbi xidmətini davam etdirmişdir. 13 aprel 1992-ci ildən 1996-cı ilin may ayının 5-ə qədər döyüş bölgəsində dislokasiya olunmuş N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. N saylı hərbi hissənin tərkibində xidmət edərkən erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə 1996-cı ilin may ayında Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Xidmət etdiyi dövrlərdə mənzil sahəsi ilə təmin edilməmişdir. O səbəbdən Ordu sıralarından ehtiyata tərxis olunduqdan sonra mənzilə ehtiyacımolduğundan, "Hərbi qulluqçularının statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsaslanaraq, hüquqverici sənədləri əlavə etməklə mənzil növbəsinə götürülmək üçün qeydiyyatda olduğu və faktiki yaşadığı Cavabdehnə müraciət etmişdir. Cavabdeh başçısının 05 iyul 2013-cü il tarixli 344 nömrəli Sərəncamı ilə mənzil növbəsinə qəbul edilmişdir. Mənzil növbəsinə götürülən zaman hərbi qulluqçu olduğu nəzərə alınmadığından bir neçə dəfə müraciətdən və şikayətlərdən sonra hərbi qulluqçu olduğu nəzərə alınaraq, yenə də Cavabdeh başçısının 09 iyul 2014-cü il tarixli 393 saylı Sərəncamı ilə mənzil növbəm ehtiyatda olan zabitlərin siyahısına keçirildi. Beləliklə,10 ildən çoxdur ki, mənzil növbəsindədir. Mənzillə təmin olunmağı üçün dəfələrlə Cavabdehnə müraciətlər etmişdir. Lakin müraciətlərinə mənfi cavab alır. İcra hakimiyyəti imtinanın səbəblərini onunla izah edir ki, guya Cavabdehnə mənzil sahəsi ayrılmadığından xahişimin təmin edilməsi imkan xaricindədir. Verilmiş cavab tamamilə əsassız olmaqla yanaşı, mənzil hüquqlarımın gerçəkləşdirilməsi istiqamətində etdiyi qanuni hərəkətlərin məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 10-cu bəndinə görə,hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki,qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Beləliklə, hesab edir ki,"Hərbi qulluqçuların statusu haqqında" Qanunun yuxarıda göstərdiyi normalarının tələblərinə görə, Sabunçu rayon İH-ti Ordu sıralarından ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə alındığı vaxtdan 6 ay müddətində məni mənzillə təmin etməli idi ki, etməmişdir. Bununla da Cavabdeh "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin normaları ilə mənə verilmiş hüquqlarımı pozmuşdur. Odur ki, hesab edir ki,mənzil növbəsində olan hərbi qulliuqçu kimi mənzillə təmin edilməyi bir öhdəlik kimi Cavabdeh üzərinə qoyulmalıdır.
3. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Başçısının İ müavininin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 344 saylı sərəncamı ilə ailə tərkibi 1 nəfər olmaqla (özü) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. Sabunçu RİH-nin 393 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamı ilə mənzil növbəsi “Ehtiyatda olan hərbi qulluqçu"ların siyahısına keçirilmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında vətəndaşların mənzillə təmin edilməsi üçün Cavabdehnə mənzil sahəsi ayrılmadığından xahişinin təmin edilməsi imkan xaricindədir.
4. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 344 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına əsasən İddiaçı 1 nəfər ailə üzvü ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olmuşdur.
5. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 393 nömrəli xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı mənzil növbəsi növbəyə götürülmə tarixi 05 iyul 2013cü ildən saxlanılmaqla ailə tərkibi 1 nəfər (özü) olmaqla “ehtiyatda olan zabit”lərin siyahıya keçirilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə Sabunçu rayon MKTB-nin xidməti ərazisində dövlət mənzil fonduna aid mənzillərdə məcburi köçkünlərin məskunlaşması və məskunlaşmış məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçülməsi barədə məlumat göndərilmişdir (İş materiallarına əlavə edilmişdir).
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddiaçının mənzil kirayə götürülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən eedilmiş məbləğdə pul kompensasiyası adlığını qeyd edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
11. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...
12. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.
13. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə Sabunçu rayon MKTB-nin xidməti ərazisində dövlət mənzil fonduna aid mənzillərdə məcburi köçkünlərin məskunlaşması və məskunlaşmış məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçülməsi barədə məlumat göndərilmişdir (İş materiallarına əlavə edilmişdir). Faktiki olaraq, Sabunçu rayon MKTB-nin xidməti ərazisində dövlət mənzil fonduna aid mənzillərdə məcburi köçkünlər yaşayır.
14. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 344 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına əsasən İddiaçı 1 nəfər ailə üzvü ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olmuşdur.
15. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 393 nömrəli xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı mənzil növbəsi növbəyə götürülmə tarixi 05 iyul 2013cü ildən saxlanılmaqla ailə tərkibi 1 nəfər (özü) olmaqla “ehtiyatda olan zabit”lərin siyahıya keçirilmişdir.
16. Məhkəmə nəzərə alır ki, Cavabdeh tərəfindən kütləvi xarakter daşıyan mənzillə təmin olunma halları aşkar edilməmiş, iddiaçı tərəfindən bu faktı sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Odur ki, nəticə etibarilə iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı və iddiaçıya münasibətdə fərqli rəftarın olduğu müəyyən edilmir.
17. Məhkəmə nəzərə alır ki, məhkəmə qərarı icra keyfiyyətinə malik olmalıdır və dövlət mənzil fondunda boş mənzil olmamaqla mənzillə təmin olunma halları aşkar edilmədiyindən iddia təmin oldunduğu təqdirdə belə məhkəmə qərarının icrası mümkün deyildir. Belə ki, qanunverici mənzillə təmin olunmanın konkret müddətlərini müəyyən etmir.
18. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı əlverişsiz vəziyyətdə deyildir və mənzillə təmin edilənə qədər kompensasiya kimi kirayə haqqının ödənilməsi hüququ vardır və həmin hüquq lazımi qaydada həyata keçirilmədiyi təqdirdə kompensasiya kimi kirayə haqqının ödənilməsini tələb edə bilər.
19. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva