Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-880/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarların ləğv edilməsi və maneələrin aradan qaldırılması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 23 yanvar 2024-cü il tarixli, **********487800 saylı və 30 yanvar 2024-cü il tarixli, **********381900 saylı qərarların ləğv edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının riskli vergi ödəyicisi olması barədə müqavilə tərəfləri olan alıcıların məlumatı əsasında müəyyən olmuşdur ki, alıcılar e-taxes.gov.az portalından istifadə edib əməliyyatlar həyata keçirərkən, iddiaçının riskli vergi ödəyicisi olması barədə xəbərdarlıq ekranda göstərilməkdədir. Bu səbəbdən maliyyə əməliyyatlarının aparılmasında məhdudiyyətlər yaranmışdır. İddiaçı tərəfindən riskli vergi ödəyicilərinin siyahısı yoxlanarkən məlum olmuşdur ki, iddiaçının riskli vergi ödəyicisi kimi xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla isə iddiçı barəsində vergi, sosial sığorta və işsizlik sığortası haqları və ya cari ödəmələr üzrə borc öhdəliyi müəyyən edilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən hüquqi şəxs olmuşdur. İddiaçı barəsində öncələrdən hər hansı vergi borcu, vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdir. İddiaçı tərəfindən hər hansı əmtəəsiz əməliyyat həyata keçirilməmişdir. Vergi orqanı tərəfindən düzgün araşdırılma aparılmamışdır. Buna baxmayaraq iddiaçı fəaliyyət göstərərkən hər hansı əsası olmayan məhdudiyyətlərə məruz qalmaqdadır. Hal-hazırda iddiaçı əməkdaşlıq edən müqavilə tərəfləri onunla iş görməkdən çəkinməkdədir (bəzi əməkdaşlar bu narahatlıqlarını açıq formada bildirmişdir). Satışlardan vəsaitlər daxil olmadığından iddiaçı tərəfindən banklardan götürülmüş kreditlərin ödənilməsində ciddi problemlər yaranmaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə "xxxx" təsdiq edilmişdir. Şirkətin fəaliyyətində həmin meyarlara uyğun gələn hal yoxdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Belə ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə olan dövr iddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində armatur, dəmir kanal, profil, avtoşin və s. təqdim edilmiş, həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. 30 yanvar 2024-cü il tarixli **********381900 saylı Qərara münasibətdə bildirilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-xx.xx.2023-cü il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1 226 887 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1.2.5+301.1.2. 6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1 225 008 manat olması nəticəsində təqdim edilən bəyannamələr üzrə ümumilikdə 1879 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********135200 saylı uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən 2023-cü ilin noyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 1879,2 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli qərar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-xx.xx.2023-cü il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1 226 887 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1.2.5+301.1.2. 6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1 225 008 manat olması nəticəsində təqdim edilən bəyannamələr üzrə ümumilikdə 1879 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar müvfiq dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin və digər sənədlərin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********381900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqına görə 1879,20 manat və qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəliyə görə 6890,40 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən ona əlavə dəyər vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən əlavə dəyər vergisi hesablanmışdır. Bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ aşağıda göstərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərarı ilə İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə onun 447.854,66 manat faiz borcu olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin rəisi tərəfindən Dövlət Vergi Xidmətinin rəis müavininə ünvanlanmış xidməti məktubda İddiaçı MMC-də hər hansı operativ vergi nəzraəti tədbiri həyata keçirilmədiyi qeyd edilmişdir. İddiaçının dövriyyəsi ilə bağlı məlumatlar iş materiallarına əlavə edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 23 yanvar 2024-cü il tarixli **********487800 saylı və 30 yanvar 2024-cü il tarixli, **********381900 saylı qərarlarının ləğv edilməsini xahiş edir. İddia tələbi mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. İddiaçı məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmiş və qanunvericiliklə tələb olunan 30 gün müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda (iddiaçı barəsində qəbul edilmiş mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olmuş) göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) (3.1.). İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, **********487800 nömrəli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə olan dövr iddiaçı tərəfindən elektron-qaimə faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində armatur, dəmir kanal, profil, avtoşin və s. təqdim edilmiş, həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində keçirilmiş X1 tədbirinin (bundan sonra - OVN) nədən ibarət olduğunu adınlaşdırmaq üçün həmin tədbirlə bağlı ətraflı məlumat və sənədlərin məhkəməyə təqdim edilməsi barədə cavabdehə iki dəfə məhkəmə sorğusu verilməsinə və məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinə bildirilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin sənədlər məhkəməyə göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də həmin OVN tədbirinin nədən ibarət olduğunu məhkəməyə izah edə bilməmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin rəisi tərəfindən Dövlət Vergi Xidmətinin rəis müavininə ünvanlanmış xidməti məktubda İddiaçı MMC-də hər hansı operativ vergi nəzraəti tədbiri həyata keçirilmədiyi qeyd edilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi cavabdeh iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qəbul etdiyi qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, yalnız həmin şərtlərin mövcudluğunu formal olaraq məhkəməyə bildirməklə kifayətlənmişdir. Bu səbəbdən iddia tələbi cavbdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. İddia tələbinin xx.xx.2024-cü il tarixli, **********381900 nömrəli qərarın ləğvi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Vergi Mcəlləsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır (154.2.). Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar (154.3.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir (159.1.). Vergi ödəyicisi borcludur: vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir (177.1.). İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2023-cü il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1 226 887 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1 225 008 manat olması nəticəsində təqdim edilən bəyannamələr üzrə ümumilikdə 1879 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar müvafiq dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin və digər sənədlərin təqdim edilməsi iddiaçıya təklif edilmiş, lakin iddiaçı dəqiqləşdirilmiş bəyannaməni təqdim etməmişdir. Bu səbəbdən iddiaçıya əlaqəli məlumatlar əsasında ƏDV hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, **********381900 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (37.4.). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;[481] 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar (67.1.). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi (67.2.). Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün iddiaçının vergi borcunu əlaqəli məlumatlara əsasən hesablamışdır. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi xx.xx.2024-cü il tarixli, **********381900 nömrəli qərarın ləğv edilməsi hissəsində əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərar ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-880/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-880/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver