Məhkəmə qərarları › İş №e-2-1(112)-8842/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8842/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8842/2024 15.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m (0.06) torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakının dövlət Reyestrində adına qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m (0.06) torpaq sahəsinə dair mülkiyyət hüququ Daşınmaz əmlakının Dövlət Reyestrində adına qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m. (0,06 ha.) torpaq sahəsi Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmışdır. Sərəncamın icrası əsasdan qeyd olunan 600 kv.m. torpaq sahəsi mərzləri yerində müəyyən edilb, ona təhvil verilmiş və faktiki durumuna uyğun cizgi sxemi tərtib edilmişdir. Sonra həmin torpaq sahəsində iddiaçı tərəfindən mərz boyu hasara alınmış, giriş-çıxış darvazası qoyulmuşdur. Artıq 30 ilə yaxındır ki, torpaq sahəsi iradsız istifadə və sahibliyindədir. Əvvəllər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş köhnə tikililəri söküb, yerində yeni fərdi yaşayış ev tikmək üçün Səbail rayon icra hakimiyyətinə müraciət edəndə, torpaq sahəsinin çıxarışı tələb edildi. Bu baxımdan qeyd olunan ünvanda 600 kv.m. torpaq sahəsinə yaranmış hüququn qeydə alınması üçün aidiyyəti üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdehin ona ünvanladığı 07 mart 2024-cü il tarixli **********93 nömrəli cavab məktubun məzmunundan aydın oldu ki, hüququn qeydiyyata alınması ilə bağlı müraciəti müsbət həll olunmamış, imtina edilmişdir. Səbəbi də onunla izah edilmişdir ki, həmin torpaq sahəsinə tərtib edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və premetrik ölçüləri qeyd edilmədiyindən, həmin cizgi ilə faktiki sahə arasında konfiqurasiya fərqli olduğundan sənəd üzrə torpaq sahəsinin yerləşməsini aydınlaşdırmaq mümkün olmamışdır. Daha sonra qeyd edilmişdir ki, təqdim edilmiş cizginin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsi olduğundan Səbail rayon İcra Hakimiyyətinə sorgu verilmişdir. Cavabdeh sözü gedən torpaq sahəsinə dair əldə etdiyim hüququn qeydə alınmasından imtinasının heç bir hüquqi əsası yoxdur və imtinasının əsası kimi istinad etdiyi hallar formal mülahizədir. Belə ki, adıçəkilən torpaq sahəsinin əldə etməyi ilə bağlı yuxarıda qeyd edilənlərdən aşkar şəkildə göründüyü kimi torpaq sahəsi ona icra hakimiyyətinin sərəncamı əsasında 1995-ci ildə ayrılmış, yerində ona təhvil verilmiş, vəziyyətinə uyğun cizgisi çəkilmişdir və yanaşı yerləşən torpaq sahələrinin ardıcıllığına uyğun 1879 sıra ilə nömrələnmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-48-2F/2- M-08859/2023 saylı arayışla da, adıçəkilən torpaq sahəsinin onunla bağlı yuxarıda qeyd etdiklərinə uyğun olduğu bir daha təsdiqlənmişdir. Qeyd edilməlidir ki, cavabdehin imtinasında göstərilənlərin biri-digərinə ziddir. İmtinada göstərilir ki, cizgidə istinad ölçüləri göstərilməmişdir. Eyni zamanda cizginin torpaq sahəsinə uyğun olmadığını qeyd edir. Ölçüsü qeyd olunmayan cizginin torpaq sahəsinə uyğun olmadığını hansı yolla müəyyən etmişdir. Uyğunsuzluq üçün cizgidə göstərilən ölçülərin, torpaq sahəsinin yerində müəyyən edilən ölçüsündən fərqli olduğu müəyyən edildiyi halı baş verməlidir. Bundan başqa, cavabdeh “təqdim edilmiş cizginin həqiqiliyinə ciddi şübhəsi olduğundan Səbail rayon İcra Hakimiyyətinə sorgu verildiyini” qeyd etdiyindən, cizgi ilə bağlı qənaətə gələ bilməzdi. Çünki bununla bağlı qənaəti Səbail rayon İcra Hakimiyyətinin cavabından asılı olduğu bəllidir. Lakin həmin cizginin möhtəbərsizliyinə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş hər hansı sənəd mövcud deyildir. Göründüyü kimi cavabdeh imtinasının şübəhələr əsasında formalaşdırmışdır. Bu baxımdan da adıçəkilən torpaq sahəsinə dair əldə edilmiş hüququn qeydiyyatı ilə bağlı müraciətinin müsbət həll edilməsi və hüququn reyestrdə qeydə alınması cavabdehin vəzifəsidir. Həmin əmlakın qanun əsasında əldə etdiyi və 30 ilə yaxın müddətdə iradsız istifadəsində olması nəzərə almalı idi. Bu barədə cavabdeh idarənin bir neçə səlahiyyətli vəzifə sahiblərinin qəbulunda olaraq məsələni mübahisəyə çevrilmədən həll edilməsini xahiş etsə də, cavabdeh məsələni qarşılıqlı həllini rədd etdiyindən qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Ona görə də qeyd olunan məsələnin müsbət həll edilməsi cavabdehdən tələb edilməklə, üzərinə öhdəlik qoyulmalıdır.

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin sərhədləri şərti olmaqla ümumi ərazi daxilində yerləşdiyi müəyyən olunmuşdur. Sənədlər toplusuna əlavə olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçü qeyd edilmədiyindən, həmçinin cizgi ilə faktiki sahə arasında konfiqurasiya fərqi olduğundan sənəd üzrə torpaq sahəsinin yerləşməsini aydınlaşdırmaq mümkün olmamışdır. Eyni zamanda təqdim olunmuş cizginin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsi olduğundan Səbail Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatı 5-19/2-2/10- 408/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1171 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (yerləşmə sxemi və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Eyni zamanda yerləşmə cizgisi xx.xx.2004-cü il tarixində verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı (nümayəndəsi və vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçının nümayəndəsinə ünvanladığı 11 dekabr 2023-cü il tarixli, 3-48-2F/2-M-08859/2023 nömrəli məktubu ilə, İddiaçı torpaq sahəsi ayrılması barədə Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 1171 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının 17 aprel 1995-ci il tarixli, 1171 nömrəli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən, Badamdar qəsəbəsində, 600 \altı yüz\ kv.m fərdi ev tikmək üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 nömrəli, 17 aprel 1995-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış, Badamdar qəsəbəsi 3 yaşayış massivi, 1879 nömrəli, 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi RİHB-nin Badamdar qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-80085-8/2024 **********93 nömrəli məktubuna əsasən bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin sərhədləri şərti olmaqla ümumi ərazi daxilində yerləşdiyi müəyyən olunmuşdur. Sənədlər toplusuna əlavə olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçü qeyd edilmədiyindən, həmçinin cizgi ilə faktiki sahə arasında konfiqurasiya fərqi olduğundan sənəd üzrə torpaq sahəsinin yerləşməsini aydınlaşdırmaq mümkün olmamışdır. Eyni zamanda təqdim olunmuş cizginin həqiqiliyinə qeydiyyat orqanın ciddi şübhəsi olduğundan Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir.

İV. Məhkəmənin mövqeyi

6. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:

-55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

11. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...”

13. İşin faktiki hallarına əsasən iddiaçıya Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli Sərəncamı verilmişdir. İnzibati orqanı olan Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. 15.Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. 16.Cavabdehin etirazında göstərilənləri isə məhkəmə iddianın təmin edilməməsi üçün əsas hesab etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar Bundan əlavə qeyd edilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri).

18. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m (0.06) torpaq sahəsinə dair mülkiyyət hüququ Daşınmaz əmlakının Dövlət Reyestrində adına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

20. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m (0.06) torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakının Dövlət reyestrində adına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar