Məhkəmə qərarları › İş №e-2-1(112)-8842/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8842/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8842/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “güzəşt məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək satın alınmış 300 baş damazlıq iribuynuzlu heyvana görə, güzəşt qismində ödənilməli olan 828000 manat məbləğin iddiaçı Vest Milk MMC-yə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Respublika ərazisində maldarlıqla məşğul olan hüquqi şəxsdir. Əsas fəaliyyəti südçülükdür. Bunun üçün saxlanılan sağmal iriboynuzlu cins damazlıq heyvan sürüsünün vaxt-aşırı yenilənməsi tələb olunur və cins mallar sifarişlə xaricdən gətirilir. Son sifariş əsasında "xxxx" MMC tərəfindən 300 baş damazlıq iriboynuzlu cins inəklər gətirilmiş və satın alınmışdır. Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasına uyğun həyata keçirilir. Həmin Qaydaya görə damazlıq heyvanların satış məbləğin 60% hissəsi güzəşt edilərək, ödənilməsi Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra AKİA), yerdə qalan 40% hissəsi isə heyvanı alana aid edilir. Qeyd olunan 300 baş damazlıq iribuynuzlu damazlıq heyvan "xxxx" MMC ilə Vengeriya şirkəti olan “Hulland-Trade Kft” arasında bağlanmış xx.xx.2022-ci il tarixli 24/2022 saylı müqavilə əsasında idxal edilmişdir. İdxal edilən heyvanlann dəyəri cəmi 1.380.000 manat təşkil etmişdir. Mal alana aid edilən 40% hissəsinin ödənilməsi iddiaçı tərəfindən tam şəkildə təmin edilmişdir. Alınmış 300 baş damazlıq heyvana görə ödənilmiş ümumi məbləğin AKİA tərəfindən ödənilməsi aid edilən 60% hissəsi 828.000 manat təşkil edir. Bununla bağlı və eləcə də malların satın alandan sonra tələb olunan əldə edilmiş bütün rəsmi sənədlər Aqrar Kredit və İnkişaf Agentliyinə, qaydalara uyğun müvəkkil edilmiş bank vasitəsi ilə təqdim edilmişdir. Lakin idxal, satın - alma və ödənişlərlə bağlı yaranmış münasibətlərin üzərindən uzun zaman keçməsinə baxmayaraq, güzəşt məbləğinin ödənilməsi AKİA tərəfindən təmin edilməmişdir. Hər dəfə də biri-digərini təkzib edən cavablarla, ödənişlə bağh cavabdeh hərəkətsizlikdə davam etmişdir. İlkin vaxtlar cavabları belə olmuşdur ki, Agentliyə dövlət büdcəsindən damazlıq heyvanların maliyyələşdirilməsi üçün ayrılan vəsait həcmində müraciətlər qəbul edilmiş və bu təyinat üçün cari il üzrə nəzərdə tutulmuş büdcə təyinatı üzrə istifadə olunmuşdur. Növbəti müraciətlərin maliyyələşdirilməsi məsələsinə isə bu məqsədlər üçün əlavə vəsait müəyyənləşdiriləcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq müraciətlərin tarixi ardıcıllığı nəzərə alınmaqla baxılacaqdır. Bəllidir ki, iddiaçıya müraciətlər üzrə sıralamada, növbənin çatmasını gözləməsi bildirilmişdir. Lakin məsələ gecikdiyindən və başqa şirkətlərin sonradan aldıqları heyvana görə ödənişlərin edildiyi bəlli olanda, yenidən müraciət edilmiş və bir neçə dəfə AKİA-nın rəhbərliyinin qəbulunda olunmuşdur. Son dəfə heyvanların faktiki mövcudluğu məsələsinin aydınlaşdırılması tələb olunduğu bildirilib, mütəxəsis göndəriləcəyi, onların aktından sonra məsələyə faktiki heyvan sayına görə baxılacağı bildirilmişdir. Lakin məlum olmuşdur ki, qəbuldan 1 həftə öncə mütəxəsislər yerində heyvanların inventarizasiyasını aparmış və akt tərtib edilmişdir. Bundan sonra cavabdeh uzun müddət susmuş, nəhayət 18 fevral 2025-ci il tarixli məktubla cavab vermişdir. Cavab məktubunda qeyd edilir ki, “.... tərəfinizdən təsərrüfatın “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmədən xaricdən idxal olunmuş heyvanların maliyyələşdirilməsi üçün müraciət edildiyindən 2023-cü ildə həmin müraciət maliyyələşdirilməmişdir. Eyni zamanda, təhlil zamanı aparılmış monitorinqlərə əsasən "xxxx" ASC-dən kənd təsərrüfatı istehsal vasitələrini lizinq yolu ilə güzəştli şərtlərlə əldə etmiş sahibkarlıq subyekti və Vest Milk şirkətinin eyni ünvanda yerləşməsi, eyni hüquqi ünvana malik olması, eyni benefisiarı təmsil etməsi və təsərrüfatın "xxxx" ASC ilə bağlanmış lizinq müqavilələri üzrə dövlət dəstəyi ilə istehsal vasitəri əldə etdiyi, lakin həmin müqavilələr üzrə icra edilməmiş öhdəliklərinin olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar təşkilatınız tərəfindən alınan heyvanların maliyyələşdirilməsi məqsədəuyğun hesab edilməmişdir.” Göründüyü kimi cavabdeh güzəştli ödənişlə bağlı öhdəliyin yerinə yetirilməsindən dolayısı ilə imtina etmişdir. Lakin onun cavabında qeyd etdiklərinin heç biri adı çəkilən Qaydanın tələblərinə uyğun deyildir. Bir hissəsi əlaqəsiz söz yığımı və bəhanədir. Bununla bağlı əvvəlki cavblara nisbətdə isə son dərəcə məntiqsizdir. Əslində güzəşt ödənişlə bağlı öhdəliyini cavabdeh vaxtında yerinə yetirməməsi, iddiaçı alınmış heyvanların dəyərinin 60% hissəsini ödəyə bilməmişdir. Bu da öz növbəsində malı idxal edən şirkətin özü də mal aldığı şirkət qarşısında müqavilə öhdəliyi lazımınca yerinə yetirmə imkanı məhdudlaşdırmışdır. Nəticədə heyvan göndərən şirkətlə mübahisə yaranmış və bununda nəticədə dəyə biləcək ziyanla iddiaçının üzləşəcəyi qaçırılmazdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, damazlıq heyvanların güzəştli şərtlərlə satışı lizinqinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"na (bundan sonra - Qayda) uyğun həyata keçirilir. Qaydanın 6.2-1-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanlar üzrə güzəştlər "Elektron kənd təsərrüfatı" informasiya sistemində (bundan sonra - EKTİS) qeydiyyatdan keçmiş damazlıq heyvandarlıq təsərrüfatlarına verilir. Həmin Qaydaya əsasən damazlıq heyvanların alışı ilə bağlı müraciətlər müvəkkil kredit təşkilatları (MKT) vasitəsi ilə Agentliyə təqdim olunur və maliyyələşmə məsələsinə təqdim olunan sənədlərın uyğunluğu və illik ayrılan güzəşt büdcəsi çərçivəsində baxılır. Təqdim edilmiş müraciətdə çatışmazlıqlar (ilkin ödənişin qaydalara uyğun olmaması, müraciət vaxtı təsərrüfatın EKTİS-də qeydiyyatı ilə bağlı sənədin təqdim olunmaması, gömrük və idxala icazə sənədlərində çatışmazlıqlar və s.) olduğundan müraciət maliyyələşdirilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə 24 fevral 2024-cü il tarixli 3-22/3-3-2/2024 nömrəli Qərar ilə təsdiq edilmiş "Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşdirilməsinin maliyyələşdirilməsi" xidmətlərinə dair Reqlamentin 13-cü hissəsinə əsasən tələb olunan sənədlər düzgün və ya tam təqdim edilmədikdə, o cümlədən sənədlərdə ziddiyyətli məlumatlar olduqda, həmçinin damazlıq heyvanlar idxal edildikdə sahibkarlıq subyekti damazlıq heyvandarlıq təsərrüfatını EKTİS-də qeydiyyatdan keçirmədikdə müraciətə imtina edilir. Bundan əlavə, təhlil zamanı aparılmış monitorinqlərə əsasən "xxxx" ASC-dən kənd təsərrüfatı istehsal vasitələrini lizinq yolu ilə güzəştli şərtlərlə əldə etmiş sahibkarlıq subyekti və "xxxx" şirkətinin eyni hüquqi ünvana, eyni benefisiar təmsilçiliyinə malik olması və eyni ünvanda yerləşməsi potensial mübahisəli vəziyyətlərə gətirib çıxara bilər. Bu, şəffaflıq məsələlərinə və dövlət dəstəyi proqramlarının düzgün icra edilib-edilməməsi ilə bağlı narahatlıqlara səbəb ola bilər. Həmçinin, bu hal müvafiq sui-istifadəyə səbəb olacaq və maliyyə şəffaflığına qarşı olan risklərdir. Qeyd edilənləri, o cümlədən təqdim edilmiş müraciətlərdə çatışmazlıqları nəzərə alaraq iddiaçıya satın alınmış 300 baş damazlıq iribuynuzlu heyvana görə güzəşt tətbiq edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Göstərilənlərə, o cümlədən iddianın əsassız olmasına əsasən iddiaçının tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli 3-22-2/2-92/2024 nömrəli məktubunda göstərilmişdir ki, damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqin maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun həyata keçirilir. Həmin Qaydaya əsasən damazlıq heyvanların alışı ilə bağlı müraciətlər müvəkkil kredit təşkilatları (MKT) vasitəsi ilə Agentliyə təqdim olunur və maliyyələşmə məsələsinə təqdim olunan sənədlərin uyğunluğu və illik ayrılan güzəşt büdcəsi çərçivəsində baxılır. Təqdim edilmiş müraciətdə çatışmazlıqlar (ilkin ödənişin qaydalara uyğun olmaması, müraciət vaxtı təsərrüfatın elektron kənd təsərrüfatı informasiya sistemində(EKTİS) qeydiyyatı ilə bağlı sənədin təqdim olunmaması, gömrük və idxala icazə sənədlərində çatışmazlıqlar və s) olduğundan müraciət maliyyələşdirilməmişdir. Məsələ ilə əlaqədar müraciətlər daxil olduğu tarixdən etibarən 15 iş günü ərzində sənədlərdə olan çatışmazlıqlar və baxılma statusu barədə MKT-yə məlumat verilmişdir. Qeyd olunanlaqrı nəzərə alaraq, müraciətlə bağlı xidmət göstərən müvəkkil kredit təşkilatına müraciət edilməsi tövsiyyə olunur. -İddiaçı MMC tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanan Prenteziyada göstərilmişdir ki, Kürdəmir Pilot" MMC-dən aldığımız 300 baş damazlıq iribuynuzlu heyvanın ödənişlə bağlı ortaya çıxmış problemlərə bundan əvvəlki yazılı müraciətimizdə nəzərinizə çatdırıb, gələcəkdə əlavə öhdəliklərlə üzləşməyib deyə, ödənişlə bağlı məsələnin tez bir zamanda həll edilməsinə köməklik göstərməyiniz xahiş edilmişdir. Müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunuzda ödənişin həyata keçirilmədiyinə səbəb kimi bir neçə iradlar o cümlədən, "ilkin ödənişin qaydaya uyğun olmaması, müraciət vaxtı təssərrüfatın EKTİS qeydiyyatı ilə bağlı sənəd təqdim edilməməsi, gömrük və idxal sənədlərində çatışmazlıqların" olduğu qeyd edilmişdir. Çatışmazlıqların aradan qaldırılması və müvəkkil kredit təşkilatına müraciət etmək tövsiyyə olunmuşdur. Müvəkkil kredit bankla əlaqə saxlanılmış. Qeyd olunan iradlardan mövcud olanı aradan qaldırılmış və təkrar müraciət olunmuşdur. Lakin bunun üstündən 5 ay keçməsinə baxmayaraq, ödənişlərin təmin edilməsi üçün tərəfdən heç bir tədbir görülməmişdir. Hazırda da hərəkətsizlikdə davam etməkdəsinız, xatırlatmağı vacib sayır ki, ölkəyə idxal edilən damazlıq heyvanların dəyəri 60% hissəsi güzəşt edilərək, ödənilməsı Aqrar Kredit və İnkişaf Agentliyinə aid edilir. Bu da, kiminsə istək, maddi və şəxsi maraqlar və münasibətə görə deyil, Qanunla müəyyən olunur və sizlərə vəzifə olaraq həvalə edilmişdir. Ödənişlərin vaxtında təmin edilməməsi təsərrüfat və biznes fəaliyyətinə mənfi təsir göstərən sərt amillərdən biridir. Buna yönələn hərəkət və hərəkətsizlik təsərrüfat fəaliyyətinə yönələn qəsddir Qaydalara görə bizə ödənilməli olan 828.000 manat məbləğin ödənilməınəsinə yönələn qəsdiniz müəssisəmızı böyük sıxıntıya və saksiyalara sürükləmişdir. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli 3-22-2/2-1326/2024 nömrəli məktubunda göstərilmişdir ki, damazlıq heyvanların güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"na (Qayda) əsasən həyata keçirilir. Damazlıq heyvanlar barədə müraciətlərin Qaydaya əsasən güzəştli şərtlərlə maliyyələşdirilməsi mərhələli şəkildə Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə həyata keçirilir. Hazırda Agentliyə dövlət büdcəsindən damazlıq heyvanların maliyyələşdirilməsi üçün ayrılan vəsait həcmində müraciətlər qəbul edilmiş və bu təyinat üçün cari il üzrə nəzərdə tutulmuş büdcə təyinatı üzrə istifadə olunmuşdur. Növbəti müraciətlərin maliyyələşdirilməsi məsələsinə isə bu məqsədlər üçün əlavə vəsait müəyyənləşdiriləcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq müraciətlərin tarixi ardıcıllığı nəzərə alınmaqla baxıla bilər. Müraciətə təkrar baxılması zamanı damazlıq heyvanların mövcudluğu, siğortalanması və ilkin müraciət zamanı tələb olunan digər hüquqi sənədlərin qüvvədə olması, Agentlik qarşısında öhdəliklərin icrası, heyvan idxalı ilə bağlı tələblərə riayət edilməsi, müraciət üzrə müəyyən edilmiş uyğunsuzluq barədə bildirişlərə cavab olaraq natamamlıqlarla bağlı təqdim olunmuş sənədlər nəzərə alınacaqdır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixli 3-22-2/2-293/2025 nömrəli məktubunda göstərilmişdir ki, təşkilat tərəfindən 300 baş Holşteyn cinsli damazlıq heyvanının alınması ilə bağlı Ziraat Bank ASC vasitəsilə daxil olan müraciət agentlikdə təhlil edilmişdir. Təsərrüfatın “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmədən xaricdən idxal olunmuş heyvanların maliyyələşdirilməsi üçün müraciət edildiyindən 2023cü ildə həmin müraciət maliyyələşdirilməmişdir. Eyni zamanda təhlil zamanı aparılmış monitorinqlərə əsasən "xxxx" ASC-dən kənd təsərrüfatı istehsal vasitələrini lizinq yolu ilə güzəştli şərtlərlə əldə etmiş sahibkarlıq subyekti və Vest Milk şirkətinin eyni ünvanda yerləşməsi, eyni hüquqi ünvana malik olması, eyni benefisiarı təmsil etməsi və təsərrüfatın Aqrolizinq ASC ilə bağlanmış lizinq müqavilələri üzrə dövlət dəstəyi ilə istehsal vasitəsi əldə etdiyi, lakin həmin müqavilələr üzrə icra edilməmiş öhdəliklərin olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar təşkilat tərəfindən alınan heyvanların maliyyələşdirilməsi məqsədəuyğun hesab edilməmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2022-ci il tarixli MİHO/1.2.2-2-2022-4097 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (Agentlik) vəsaitindən istifadə Qaydası"na uyğun olaraq damazlıq heyvan alışına dair müraciətləriniz Agentlik tərəfindən maliyyələşdirilmişdir. Vəsaitin ayrılması məqsədilə müvəkkil kredit təşkilatı tərəfindən təqdim edilmiş sənəd və məlumatlarda həmin damazlıq heyvanın 3 il müddətinə sığortalanması barədə sığorta müqaviləsi imzalanmış və müvafiq sığorta qrafiki formalaşmışdır. Eyni zamanda Agentlik sığorta şəhadətnamələrində faydalanan şəxs qismində tərəflərdən biri kimi nəzərə alınmışdır. Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, tərəfinizdən sığorta müqaviləsi üzrə 1-ci ildə sığorta ödənişi edilsə də, növbəti dövrlər üçün sığorta ödəmələri həyata keçirilməmişdir. Bu isə baş verə biləcək sığorta hadisələri halında damazlıq heyvanların itkisi ilə bağlı zərərlərin sığorta şirkətləri tərəfindən qarşılanmasını mümkünsüz edir. Bu da dövlət tərəfindən ayrılan vəsaitlərin və dövlət dəstəyi tədbirlərinin səmərəliliyinə mənfi təsir edir. Damazlıq heyvanların sığortalanması üçün bağlanmış sığorta müqavilələri üzrə sığorta haqlarının sığortaçıya ödənişinin təmin edilməsi, sığorta hadisələri zamanı sığortaçının məlumatlandırılması, habelə müvafiq hüquqi və inzibati tədbirlərin görülməsi ilə bağlı sığortalı məsuliyyət daşıyır. Belə ki, bir sıra hallarda sığorta hadisələri zamanı sığorta haqlarının vaxtında ödənilməməsi səbəbindən şəhadətnamənin qüvvədən düşməsi, müvafiq hüquqi və inzibati addımların atılmaması, habelə saxlanma şəraiti kimi digər səbəblərdən damazlıq heyvan tələfatları üzrə sığorta ödənişləri həyata keçirilmədiyi müşahidə edilir. Bildiririk ki, sığorta hadisələri zamanı sığortalının məsuliyyəti səbəbindən tələf olmuş və kompensasiya ödənişi həyata keçirilməyən heyvanlar üzrə ayrılmış güzəşt həddində vəsaitin dövlət büdcəsinə bərpasının siğortalıdan tələb edilməsi məsələsinə baxıla bilər. Qeyd olunanlar nəzərə alınaraq damazlıq heyvanların qanunvericiliyin tələblərinə uyğun saxlanmasının təmin edilməsi və damazlıq heyvanların siğortalanmasının təxirəsalınmadan həyata keçirilməsi, siğorta haqqı ödənişlərinin vaxtında aparılması üçün müvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixli 3-22-2/2-293/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təşkilatınız tərəfindən 300 baş "Holşteyn" cinsli damazlıq heyvanın alınması ilə bağlı "xxxx" ASC vasitəsilə daxil olan müraciət Agentlikdə təhlil edilmişdir. Bildiririk ki, tərəfinizdən təsərrüfatın "Elektron kənd təsərrüfatı" informasiya sistemində qeydiyyatdan keçmədən xaricdən idxal olunmuş heyvanların maliyyələşdirilməsi üçün müraciət edildiyindən 2023-cü ildə həmin müraciət maliyyələşdirilməmişdir. Eyni zamanda, təhlil zamanı aparılmış monitorinqlərə əsasən "Aqrolizinq” ASC-dən kənd təsərrüfatı istehsal vasitələrini lizinq yolu ilə güzəştli şərtlərlə əldə etmiş sahibkarlıq subyekti və Vest Milk şirkətinin eyni ünvanda yerləşməsi, eyni hüquqi ünvana malik olması, eyni benefisiarı təmsil etməsi və təsərrüfatın "Aqrolizinq” ASC ilə bağlanmış lizinq müqavilələri üzrə dövlət dəstəyi ilə istehsal vasitəri əldə etdiyi, lakin həmin müqavilələr üzrə icra edilməmiş öhdəliklərinin olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədər təşkilatınız tərəfindən alınan heyvanların maliyyələşdirilməsi məqsədəuyğun hesab edilməmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2022-ci il tarixli 1-2.2-2-2022-4097 nömrəli məktubununda göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (Agentlik) vəsaitindən istifadə Qaydası"na uyğun olaraq damazlıq heyvan alışına dair müraciətləriniz Agentlik tərəfindən maliyyələşdirilmişdir. Vəsaitin ayrılması məqsədilə müvəkkil kredit təşkilatı tərəfindən təqdim edilmiş sənəd və məlumatlarda həmin damazlıq heyvanın 3 il müddətinə sığortalanması barədə sığorta müqaviləsi imzalanmış və müvafiq sığorta qrafiki formalaşmışdır. Eyni zamanda Agentlik sığorta şəhadətnamələrində faydalanan şəxs qismində tərəflərdən biri kimi nəzərə alınmışdır. Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, tərəfinizdən sığorta müqaviləsi üzrə 1-ci ildə sığorta ödənişi edilsə də, növbəti dövrlər üçün sığorta ödəmələri həyata keçirilməmişdir. Bu isə baş verə biləcək sığorta hadisələri halında damazlıq heyvanların itkisi ilə bağlı zərərlərin sığorta şirkətləri tərəfindən qarşılanmasını mümkünsüz edir. Bu da dövlət tərəfindən ayrılan vəsaitlərin və dövlət dəstəyi tədbirlərinin səmərəliliyinə mənfi təsir edir. Damazlıq heyvanların sığortalanması üçün bağlanmış sığorta müqavilələri üzrə sığorta haqlarının sığortaçıya ödənişinin təmin edilməsi, sığorta hadisələri zamanı sığortaçının məlumatlandırılması, habelə müvafiq hüquqi və inzibati tədbirlərin görülməsi ilə bağlı sığortalı məsuliyyət daşıyır. Belə ki, bir sıra hallarda sığorta hadisələri zamanı sığorta haqlarının vaxtında ödənilməməsi səbəbindən şəhadətnamənin qüvvədən düşməsi, müvafiq hüquqi və inzibati addımların atılmaması, habelə saxlanma şəraiti kimi digər səbəblərdən damazlıq heyvan tələfatları üzrə sığorta ödənişləri həyata keçirilmədiyi müşahidə edilir. Bildiririk ki, sığorta hadisələri zamanı sığortalının məsuliyyəti səbəbindən tələf olmuş və kompensasiya ödənişi həyata keçirilməyən heyvanlar üzrə ayrılmış güzəşt həddində vəsaitin dövlət büdcəsinə bərpasının siğortalıdan tələb edilməsi məsələsinə baxıla bilər. Qeyd olunanar nəzərə alınaraq damazlıq heyvanların qanunvericiliyin tələblərinə uyğun saxlanmasının təmin edilməsi və damazlıq heyvanların siğortalanmasının təxirəsalınmadan həyata keçirilməsi, siğorta haqqı ödənişlərinin vaxtında aparılması üçün müvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının damazlıq heyvanlara görə güzəşt qismində pulun ödənilməsi ilə bağlı hərəkətlərin edilməsi öhdəliyin icrası haqqında iddiaya uyğundur. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçının qeyd edilən tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, “Vest Milk" MMC əsas fəaliyyəti südçülük olan hüquqi şəxs olmaqla "xxxx" MMC tərəfindən son sifariş əsasında 300 baş damazlıq iribuynuzlu cins inəklər gətirilmiş və satın almışdır. Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"na əsasən, damazlıq heyvanların satış məbləğin 60% güzəşt edilərək ödənilməsi Agentliyə, 40% hissəsinin isə heyvan alana aid edildiyi nəzərə alınaraq, alınmış 300 baş damazlıq heyvana görə ödənilmiş ümumi məbləğin cavabdehə aid edilən 60% hissəsi-828 000 manat güzəşt ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın: -1.2. Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir. -1.3. Güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə 24 fevral 2024-cü il tarixli 3-22/3-3-2/2024 nömrəli Qərar ilə təsdiq edilmiş "Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşdirilməsinin maliyyələşdirilməsi" xidmətlərinə dair Reqlamentin 13-cü hissəsinə əsasən Aşağıdakı hallarda müraciətə imtina edilir: -Tələb olunan sənədlər düzgün və ya tam təqdim edilmədikdə, o cümlədən sənədlərdə ziddiyyətli məlumatlar olduqda; -Maliyyələşmə üzrə ilkin monitorinq edilərkən maliyyələşməsi nəzərdə tutulan kənd təsərrüfatı istehsal vasitəsi mövcud olmadıqda; -Texnoloji avadanlıq dəstləri, suvarma sistemləri və soyuducu dəstlərinin quraşdırılma vəziyyəti qənaətbəxş olmadıqda; -Müraciətçinin təsərrüfatında aparılan monitorinqin nəticəsi müraciət tarixinə qeyriqənaətəxş olduqda; -Eyni predmetin daha əvvəl Agentliyin vəsaiti hesabına maliyyələşən predmet və ya onun hissəsi olduğu müəyyən edildikdə (təkrar müraciətlər); -Sənədlərdə damazlıq heyvanın cinsi, birka nömrəsi ilə əlaqədar uyğunsuzluq olduqda; -Alışı planlaşdırılan damazlıq heyvanlar üçün müvafiq saxlanılma şəraiti olmadıqda; -Maliyyələşmə anına damazlıq heyvanın tələf olması ilə bağlı məlumat daxil olduqda; -Damazlıq heyvanlar idxal edildikdə sahibkarlıq subyekti damazlıq heyvandarlıq təsərrüfatını “Elektron kənd təsərrüfatı” informasiya sistemindən (bundan sonra – EKTİS) qeydiyyatdan keçirmədikdə; -Müraciətçinin Agentlik qarşısında icra edilməyən və ya gecikdirilən öhdəlikləri olduqda; -Agentliyin vəsaiti hesabına əvvəllər alınmış istehsal vasitələrinin, habelə kredit və güzəşt vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması, aşkar edildiyi vaxtdan növbəti 3 (üç) il müddətində; -İltizam üzrə tələblərin və digər öhdəliklərin yerinə yetirilməməsi halları olduqda. Sadalanan normalardan müəyyən olunur ki, damazlıq heyvanlar idxal edildikdə sahibkarlıq subyekti damazlıq heyvandarlıq təsərrüfatını “Elektron kənd təsərrüfatı” informasiya sistemindən (bundan sonra – EKTİS) qeydiyyatdan keçirməklə təqdim edilməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı tərəf ilkin olaraq güzəşt məbləğinin əldə edilməsi üçün EKTİS üzərindən qeyiyyatdan keçmədən vaxtında təqdim etmımi buna görə də iddiaçının 2023-cü ildə müraciəti təmin edilməmişdir. Təkcə bu hal iddiaçının tələbinin təmin olunmamasının əsası kimi çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin təmin olunması güzəşt alınması üçün müraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi məsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, güzəşt verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxarır. (Oxşar hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-2478/2023 nömrəli iş üzrə qəbul etdiyi 3 ulduzlu qərarında da ifadə olunmuşdur.) Eyni zamanda Qaydaların tələblərinə görə güzəşti verilməsindən həm də güzəşt üçün tələb olunan sənədlər sənədlərdə ziddiyyətli məlumatlar olduğu halda da imtina olunur. Cavabdehin mövqeyi həm də ondan ibarət olmuşdur ki, aparılmış monitorinqlərə əsasən "xxxx" ASC-dən kənd təsərrüfatı istehsal vasitələrini lizinq yolu ilə güzəştli şərtlərlə əldə etmiş sahibkarlıq subyekti və Vest Milk şirkətinin eyni ünvanda yerləşdiyi, eyni hüquqi ünvana malik olduğu, eyni benefisiarı təmsil etdikləri və təsərrüfatın Aqrolizinq ASC ilə bağlanmış lizinq müqavilələri üzrə dövlət dəstəyi ilə istehsal vasitəsi əldə etdiyi, lakin həmin müqavilələrin üzrə icra edilməmiş öhdəliklərin olduğu müəyyən edilmiş, bununla da alınan heyvanların maliyyələşdirilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı istər bu barədə imtina cavabları aldıqda sonra, istərsə də məhkəmə icraatı zamanı cavabdehin qeyd etdiyi dəlilini təkzib edən əksi sübutları təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmamaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “güzəşt məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar